Kulis.az Zamin Hacının mətbuatla bağlı yazdığı “Başlıqsız yazı” məqaləsini təqdim edir.
Mən Azərbaycan mətbuatında çoxdan çalışıram. İndi ilk yazımı yadıma salmağa çalışdım. Deyəsən Füzulidə çıxan “Araz” qəzetində, həmkəndlim, şəhid Müşfiq Abbasov haqda olmuşdu. Müşfiqin atası Telman kişi sadə, el dilində desək, fəhlə baba idi. Traktor sürərdi, ancaq toyuq korluğu xəstəliyindən əziyyət çəkirdi. O üzdən gecələr maşın sürməsi əzab idi.
Bir neçə il qabaq Telman kişini bir qohumumuzun yasında gördüm. İndi heç gündüzlər də görmürdü, qolundan tutub mərasimə gətirmişdilər. Əgər o biri dünya varsa, Telman kişinin oğlu Müşfiqi əl havasına tapması çətin olacaq.
Bunları niyə yazdım heç bilmirəm, çünki mövzu başqadır. Kulis saytında yazıların reklam olunması üsulundan yazmaq istəyirəm. Bunu kim fikirləşib, Şərif Ağayarın öz ideyasıdırmı, hər dəfə başlıqları təkcə müəyyən edirmi – xəbərim yoxdur.
Saytın mətbəxindən yetərincə uzağam, bu sirri də açım. (Guya oxucular üçün çox böyük əhəmiyyət daşıyır). Ancaq köhnə qəzetçilərdən biri olaraq bu başlıqla oxucu tutmaq siyasətini öncələr bəyənmirdim. Hətta zarafat üçün Kulis-ə bəzi başlıqlar fikirləşmişdim. Məsələn, 20-ci əsr poeziyamızın şah əsərlərindən biri burada yəqin belə başlıqla çıxardı:
“Qızı ağaclığa çağırdı, belindən qucaqlamaq istədi, qardaş-bacısı araya girdi – Azərbaycan poeziyasının ən yaxşı sevgi şeirlərindən biri
(Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeiri haqda).
Buradakı cümlələrdən hansına yalan deyə bilərik? Hamısı şeirin içində var!
Hələ bir ayrısına baxın, məncə pis fikirləşməmişəm:
“Afrikadan quşları gəldi, acqarına üzüm şirəsi çəkdi, atı qan-tərə batdı – Vətən haqda hamının əzbər bildiyi şeirimizin gizlinləri
(Səməd Vurğunun “Azərbaycan” şeiri haqda)
Yazdığım kimi, öncələr bu başlıq siyasətini bəyənmirdim, Şərif bəy kimi söz adamını ürəyimdə qınayırdım. Ancaq sonralar fikir verdim, camaat bu başlıqlar sayəsində dəyərli yazıları məcbur olub oxuyur. Başlıqlar bir növ tərtibat, qablaşdırma üsuludur.
Bizim iqtisadi sektorda da qabaqlar qablaşdırmada ciddi problemlər yaşanırdı. Baxırdın, çox dəyərli, dünya bazarına çıxacaq məhsulu satmaqda çətinlik çəkirik. İndi nisbətən pis deyil, ancaq heç yaxşı da deyil, çünki iqtisadiyyatımızın, marketinqimizin yaradıcı təfəkkürlü adamlarla əlaqə zənciri zəifdir, çox yerdə qırılmışdır.
1990-cı illərdə Azərbaycan mətbuatında uğurlu başlıqlarla oxucu yığan, tiraj toplayan qəzetlər vardı. Məsələn, “Yeddi gün” qəzeti. İndi mən bu rəhmətlik qəzeti xoş xatirə ilə yad edirəm, baxmayaraq çoxlu mənasız və hətta ziyanlı yazıları da olardı .
Yad eləmişkən, onun əməkdaşlarından Qeyrət Quliyevi də yada salaq. Fanatik mətbuat adamlarından biri idi. Bakının hansısa küçəsində, yanılmıramsa Şeyx Şamildə, İçərişəhərə enən yolda qəribə şəkildə ölmüşdü: sürdüyü maşında infarkt keçirmiş, sükan arxasında canını tapşırmışdı, avtomobili isə Bakı şəhər İcra Hakimiyyətinin hasarına çırpılmışdı.
1995, ya da 1996-cı ildə mən Azərbaycan Tərcümə Mərkəzinin “Yol” qəzetiylə əməkdaşlıq edir, baş redaktor Vaqif Bayatlının tapşırığıyla qəzet üçün müsahibələr, reportajlar-filan hazırlayırdım. Bəzən uydurma şeylər cızma-qara edirdim.
Məsələn, bir dəfəsində Ermənistanı dəhşətli zəlzələ gözlədiyini yazmışdım. Guya yapon alim bunu xəbər verib, ayın tarixinə qədər dəqiqliklə... Xəbər İrəvanda təşviş doğurub, yapon isə İrandakı dağıdıcı zəlzələni öncədən görməsiylə məşhurmuş və daha nələr...
İndi əlinizin altında internet var, xoşbəxt adamlarsınız. 90-larda belə şeyləri yoxlamaq üçün oxucunun heç bir variantı yox idi. Həmin uydurmanı xüsusi xatırlamağımın səbəbi isə bir neçə ay sonra başqa bir qəzetimizin onu plagiat etməsiydi. Sanki böyük matah imiş, oğurlayıb eyni materialımızı təkrar çap etmiş, yalnız ağılları kəsmişdi, zəlzələnin “olacağı” tarixi dəyişmişdilər. Qalan mətn sözbəsöz eyniydi.
Həmin il biz İrəvanı düz iki dəfə alt-üst eləmişdik. Yəqin qəzəbimizin şiddətindən idi, axı işğal yarası isti idi, qaysaq bağlamamışdı, qanı axırdı.
Həmin qəribə günlərin birində Vaqif bəy “Yol”un manşetinə belə cümlə yazmağımı tapşırdı: “Bakı polisi Salman Rüşdini həbs etməyib”. Deyəsən, axırında yekə bir nida işarəsi də vardı, dəqiq xatırlamıram. Qəzet səhəri gün elə o manşetlə çıxdı, tirajın hamısı uçmuşdu – başlıq necə diqqət çəkmişdisə, xalq qəzetin hamısını almışdı.
Ancaq işin tragikomik tərəfi bu idi ki, o xəbər eləcə başlıqdan ibarət idi, ardı, mətni, yazısı-zadı yox idi. Başlıqdan ibarət bir “mətnin” qəzeti necə aldırdığına mən o gün əyani şahid oldum.
Ancaq proses bununla bitmədi, həmin gün Bakı Şəhər Polis İdarəsindən Vaqif bəyə zəng vurub narazılıq bildirmiş, təkzib verməyimizi tələb eləmişdilər. “Niyə belə şey yazmısınız? Axı Rüşdü Bakıya gəlməyib ki, biz də onu həbs eləyək!?” – məntiqli iradlar idi. Vaqif bəy hiyləgərliklə qımışıb demişdi: “Biz orda Rüşdinin Bakıya gəldiyini harda yazmışıq?” Dəstəyin o başında polisin əli üzündə qalmışdı.
İndi mən bu yazıya qəsdən başlıq qoymuram. Çünki mənə maraqlıdır, intizarla gözləyirəm, görəsən, Şərif Ağayar buna hansı başlığı qoyacaq...