Böyük Britaniyada muzey rəhbərliyinin işçilərə ingilis ədəbiyyatının klassiki Çarlz Dikkensin irq və imperiya ilə bağlı baxışlarını ziyarətçilərə necə izah etmələri barədə verdiyi təlimat yerli tarixçi tərəfindən "gülünc" adlandırılıb.
Kulis.az xəbər verir ki, Roçesterdəki "Guildhall" muzeyinin işçilərinə heç bir şikayət qeydə alınmamasına baxmayaraq, ziyarətçilərin müəllifin fikirləri ilə bağlı suallarını necə cavablandırmaq barədə xüsusi məsləhətlər verilib.
Təlimatda işçilərə Dikkensin bu gün böyük narazılığa səbəb ola biləcək fikirlərə malik olduğunu etiraf etmələri və muzeyi təəssüf doğurucu hesab edilən hər hansı fikirdən uzaqlaşdırmaları tövsiyə olunur.
Muzeyi idarə edən "Medway" Şurası bildirib ki, məqsəd onun əhəmiyyətini azaltmaq deyil, işçilərin ziyarətçilərlə söhbət zamanı tarixi məsələləri dəqiq və həssas şəkildə həll etməyə hazır olmalarını təmin etməkdir.
Qeyd edək ki, sözügedən təlimat 2022-ci ildə Kraliça Kamilla tərəfindən açılan Roçester muzeyindəki "Cənab Dikkensin yaranması"adlı daimi sərgi ilə bağlıdır.
On ildir ki, Roçesterdə turlara rəhbərlik edən yerli tarixçi Şeyn Uoterman bu qərara kəskin reaksiya verib:
"Onun 170 il əvvəlki baxışlarını bu günlə müqayisə etmək, həqiqətən, gülüncdür."
Tarixçi əlavə edib ki, uşaqlığını bu şəhərdə keçirən və 1870-ci ildə 58 yaşında vəfat edən Dikkens yoxsulları müdafiə etməsi və liberal siyasi mövqeyi sayəsində öz dövründə mütərəqqi bir şəxsiyyət kimi qəbul edilirdi.
Muzeyin daxili nizamnaməsində bildirilirdi ki, Dikkens imperiyanı dəstəkləyir, bunun dünyanı daha çox ağdərili, orta sinif İngiltərəyə bənzətməyin ən yaxşı yolu olduğuna inanırdı və əsərlərinin bəzi hissələrində irqlə mənəvi dəyər arasında əlaqə yaradırdı.
Təlimatda "Oliver Tvist" və "Böyük ümidlər" kimi unudulmaz əsərlərin müəllifi olan Dikkensin 1857-ci ildə minlərlə britaniyalının öldürüldüyü Hindistan üsyanından sonra verdiyi və intiqam tələb etdiyi şərhlərə istinad edilir.
Uoterman isə bu məqama belə aydınlıq gətirib:
"Tez-tez sitat gətirilən bu fikirlərin bəziləri kontekstdən çıxarılıb. Onların çoxu öz oğlu Uolteri 1857-ci ildə Hindistana göndərməsi ilə bağlıdır. Zaman irəliləyir, biz baş verənlərdən dərs alırıq".
O əlavə edib ki, Dikkensin şəxsi məktubları onun ümumi irsini müəyyən etməkdən çox müstəmləkəçilik dövründə narahat bir atanın qorxularını əks etdirirdi.
Muzey rəhbərliyi isə Dikkensin xarici adətləri ələ saldığı və irqi mənəvi dəyərlə əlaqələndirdiyi hissələri ön plana çıxararaq təlimatda qeyd edib:
"Bu gün biz onun baxışlarını rədd edirik, lakin o vaxt belə irqindən və mənşəyindən asılı olmayaraq bütün insanların və mədəniyyətlərin bərabər dəyərə malik olduğunu müdafiə edən bir sıra mühüm şəxsiyyətlər var idi".
"Böyük ümidlər" və "Edvin Drudun sirri" əsərlərindəki səhnələrə və məkanlara ilham verən Roçester şəhərinin sakinləri yazıçını müdafiə ediblər.
Lorna Povi adlı sakin "Düzünü desəm, mənə elə gəlir ki, hər şey bir az həddini aşıb" deyərək tarixi şəxsiyyətlərin yalnız müasir standartlara görə mühakimə olunmamalı olduğunu bildirib.
Su Nayt və Kristina Smit də Roçesteri müəyyən mənada təmsil edən bir şeyi sarsıtmağa çalışmağın axmaqlıq olduğu ilə razılaşıblar.
Nayt əlavə edib:
"Onun haqqında yazdığı şeylər bu gün də aktuallığını qoruyur və Dikkens bizim qeyd etdiyimiz dəyərlərin böyük bir hissəsidir".
Fred Riper adlı digər sakin isə tanınmış şəxsiyyətləri uğurlarını qeyd etməklə yanaşı, qüsurları ilə birlikdə təqdim etməyin doğru olduğunu bildirib:
"Onun fərqli bir dövrdən gəldiyini və bizdən fərqli düşündüyünü anlaya bilərik, lakin niyə onun bütün tərəflərini görməməliyik? O, məşhur bir müəllifdir. Sırf bu gün bəzi insanların dediklərinə və ya etdiklərinə uyğunlaşdırmaq üçün keçmişdə baş verənləri yenidən yaza biləcəyimizi düşünmürəm."
Qeyd edək ki, Çarlz Dikkens həyatı və yaradıcılığı hər il on minlərlə ziyarətçi cəlb etməyə davam edən Midvey bölgəsi ilə hələ də sıx bağlıdır.