Məzar daşın nida kimi dikəlmiş... - Məcnun Göyçəlinin şeirləri

Məzar daşın nida kimi dikəlmiş... - Məcnun Göyçəlinin şeirləri
2 iyun 2026
# 13:30

Bu gün şair Məcnun Göyçəlinin doğum günüdür.

Kulis.az onun şeirlərini təqdim edir.

GÖZ YAŞIMDAN GÖYÇƏ KEÇDİ

Zaman ötür, tarix laldı, –

Gözyaşımdan Göyçə keçdi!

Əllərim göylərdə qalıb, -

Gözyaşımdan Göyçə keçdi!

Aşıq sındı, saz ağladı,

Kəlmə yandı, söz ağladı,

Məni görüb, yaz ağladı! –

Gözyaşımdan Göyçə keçdi!

Qəribliyin sınmaz oxu,

Ələmdi hər gələn yuxu.

Qocalmamış köçür çoxu! –

Gözyaşımdan Göyçə keçdi!

Payıza xına qatdılar,

Nənələri "oynatdılar!"

Bayramda papaq atdılar

Gözyaşımdan Göyçə keçdi!

Gülçü gülünnən danışır,

Dilçi dilinnən danışır,

Hamı elinnən danışır, -

Gözyaşımdan Göyçə keçdi!

Məcnun, sünbülsüz zəmiyəm,

"Zarıncı"yam, "Dilqəmi"yəm.

Mələmiş quzu kimiyəm, -

Gözyaşımdan Göyçə keçdi!

BİRCƏ KƏLMƏ SÖZƏM MƏN

Yaman yerdə qəza vurdu, yıxıldım,
Elə billəm qəm-qüssəyə izəm mən.
Sahil uzaq, ümman dərin, zaman dar,
Bir yol qalır - qəmdən-qəmə üzəm mən.

Qəfəsdəyəm, ney könlümdə köklənib,
Mətləbimə zaman yükü yüklənib!
Ah-amanım buludlara söykənib,
İllər boyu yaş tökəsi gözəm mən!

Məzar daşın nida kimi dikəlmiş,
Yan-yörənə qərib güllər səpilmiş.
Bala, dərdin ciyərimə çəkilmiş!
Bir də çətin bu ağrıya dözəm mən.

Göyüm tutqun, həyalanmır hələ dan,
İliyimdə sızıldayır ötən an.
Dil-dodaqda "yazıq" adı yaşadan
Məcnun yoxdu, bircə kəlmə sözəm mən!

Qızım Ayselin xatirəsinə

Neyləmişdim yerə, göyə?!
Çökdü qəsrim, qalam mənim.
Haqq axtarıb, Allah gəzir,
Göydən enmir nalam mənim!

Dinim yandı qibləgahda,
Görkə döndüm qopan ahda!
Çıxdaş olub çəməngahda
Nə tez soldu lalam mənim?!

Fələyin çərxi sökülsün,
Sınıx könlümə tökülsün.
Daşa dönmüş atan ölsün,
Daşa dönmüş balam mənim!

# 803 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

17:00 3 oktyabr 2026
"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

16:00 3 oktyabr 2026
Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

15:00 3 oktyabr 2026
Bakıda “Avropa Təamları” Kulinariya Festivalının  4-cü buraxılışı keçirilir

Bakıda “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışı keçirilir

13:12 3 oktyabr 2026
Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

13:00 3 oktyabr 2026
İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

12:00 3 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər