Kulis.az Zamin Hacının “Bəxti gətirməyən Nizami Gəncəvi” yazısını təqdim edir.
“Ey şeyx Nizami, ey nizamı dağılan,
Ey Gəncədə izzü ehtişamı dağılan!
Olmuşmu səninlə mən kimi aləmdə
- Beyti, evi, məktəbi, kəlamı dağılan?”
(Seyid Əzim Şirvani, 19-cu əsr)
Azərbaycan torpağında yaşamış şairlərdən ən bəxtsizi Nizamidir. Bilirəm, bunu oxuyanda çoxları təəccüblənəcək. Axı Nizami Gəncəvi bizdə az qala “şairlərin oliqarxı” kimi bir zatdır. Adına rayon, küçə, metro varmı? Var. Kitabları, bəlkə, milyonlarla tirajda çıxıb. Özü də içində hər cür bər-bəzəyiylə. Hər yubileyi olanda dövlət səviyyəsində qeyd edilir. Elə bu içində yaşadığımız 2021-i hələ yanvar ayının 5-də “Nizami ili” elan etmişik, lap ən yuxarı orqanların möhür-ştampıyla. O bir lətifədə deyilən kimi, Nizami müəllim, nəyin çatışmır, yaşa da özün üçün...
Ancaq bütün bu bəzək şairin ölkəmiz, xalqımız arasında yaşadığı faciəni gizlətmir. Kişinin 5 poemasını ana dilimizə elə bərbad çeviriblər ki, oxuyanda zənn edirsən bunları Namiq Qaraçuxurlu yazıbdır – Aygün Kazımova ilə bərabər oxumaq, klip çəkdirmək üçün. Ümid eləmək olardı heç olmazsa, adını verdiyimiz bu il o poemaların yüksək səviyyədə tərcüməsi istiqamətində (qəsdən bu sözü yazdım – son vaxtlar “istiqamətində” sözündən ləzzət alıram) hansısa işlər görülərdi. Görülmədi. Yenə bizə təhrif olunmuş, tərcüməçilər tərəfindən ixtisar və artırmalar (!!!) edilmiş poemaları oxumaq qalır. Əruzda yazılmış poemanı heca vəznində tərcümə eləyiblər, bu da ayrı dərddir.
Yeri gəlmişkən, ortada bir maraqlı fakt var ki, Nizaminin öz dilimizə tərcüməsi problem olaraq qalarkən 2019-cu ildə biz dövlət səviyyəsində, Azərbaycanın pullarını xərcləyərək “Xəmsə”nin... özbək dilinə tərcüməsini maliyyələşdirmişik. Bakıdakı Ədəbiyyat Muzeyində Rafael müəllimin başçılığı altında bu tərcümənin böyük təqdimat törəni də olmuşdur. Halal olsun, nə deyə bilərik. O da bir Oğuz elidir, eybi yoxdur.
“Aləmi bəzər, özü lüt gəzər” tapmacasının cavabını bizə yazın. Doğru cavabı yazan ilk 3 oxucuya Rəsul Rzanın “Xosrov və Şirin” poeması hədiyyə ediləcəkdir.
Muzey demişkən, Bakının lap göbəyindəki o bina da dahi şairin (adətən Nizamidən danışanda, yazanda “dahi”, “böyük”, “nəhəng”, “möhtəşəm” tipli sözlərdən çox yararlanmaq lazımdır, sanki “Vasmoy” maşın bazarında “Galenvagen” satmaq istəyirsən) adını daşıyır. Ancaq xalq arasında daha çox Rafael müəllimin şəxsi ofisi kimi tanınmaqdadır. Haçan ürəyi istəsə muzeyi açır, haçan istəsə qıfıllayır, açarı da atır bağdakı fontanın içinə.
Hələ o muzeyin beş metrliyində şairin heykəlini də qoymuşduq. Ancaq Bakının bərbad plansızlaşdırılması illərində heykəlin böyründə çoxqatlı maşın qarajı tikdilər. Həmin qarajı o yerdə tikmək Bakının yeddi arxa dönəninə söymək kimi bir şey idi. Nəticədə indi Nizami qaraja söykənib, sanki maşınların qarovulçusudur. Şairi o cür qısnamaq olmazdı. Birdən hirslənib qarajı uçurtsa? Seysmik zonadır.
Şairin adına Bakıda rayon var, ancaq xalq ora “Vasmoy” deyir. (Diqqətli oxucular artıq yuxarıdakı işarədən bu sözün mətnimizdə nahaq işlədilmədiyini anlayıblar). Adına küçə var, lakin ora da “Tarqovı”dır. 1982-ci ildə Eldar Quliyev İsa Hüseynovla birləşib “Nizami” kinosu çəkib, ancaq filmi baş rol ifaçısının Müslüm Maqomayev olması və Qara Qarayevin musiqisi də xilas edə bilməyib. (İsa Hüseynov ssenarini elə yazıb, sanki “Nəsimi” filminin pis remeykinə baxırsan). Film o qədər bərbad bir şeydir ki, hətta Azərbaycan sovet kinosunun istedadsız bataqlığında belə fərqlənir – televiziyalar bu biabırçılığı efirlərinə adətən çox həvəssiz çıxarırlar, ya da düz eləyib heç çıxarmırlar.
Rəhmətlik dostum Vaqif İbrahimoğlunun təkrarlamağı sevdiyi tərzdə yazsam, amma və lakin bunlar hamısı deyilmiş. Biz Nizami ilə məzələnməkdə sərhəd tanımazmışıq.
Yuxarıda yazdım, bu il Nizami ilidir. Bəs ilin sonuna ay yarım qalmış, hansı tədbirlər keçirilmişdir? Buyurun: oktyabr ayının 15-16-da şairin yubileyi işıq şousuyla qeyd olunmuşdur. Mədəniyyət Nazirliyi səviyyəsində. Ədəbiyyat Muzeyinin divarlarına lazer proyektorla işıq salınıb. Pah-pah... Görünməmiş şeydir. Mən də hərdən 1 manatlıq lazerdən işıq salıb pişiklərimi oynadırdım. İndi yaramazlar işdən hali olublar, daha işığın dalıyca qaçmırlar.
Ən möhtəşəm tədbir isə noyabrın 15-də Qobustan qoruğu tərəfdə keçirildi. Yenə rəsmi şəkildə. Orada tərəkəmə festivalı oldu. Çobanlar qoyunları, dəvələri otardılar. Mərəzədən gətirilən nənələr sacda yuxa saldı, cız-bız bişirildi. Kəndirbazlar atılıb-düşdülər, pəhləvanlar mismar əydilər, başlarında kərpic qırdılar. Qeyd olundu ki, bu tədbir Nizaminin 880 illiyi münasibətiylədir. (Həm də - orda başqa səbəblər də var, bir növ “optavoy” tədbir idi). Bilmirəm orda qayaya belində dana çıxaran gəlinlər olmuşmudur. Amma Nizamini kəndirbaz və lavaşla qeyd eləmək çox postmodern hərəkətdir. Nazirliyə təşəkkür düşür. Şair də artıq yerini bilsin. Yoxsa bunun əlindən camaat misra yaza bilmir. Basıb gözümüzü çıxarır.
Bütün bunlara baxanda 2019-da ili adına bağladığımız Nəsiminin bəxtinin hardasa gətirdiyini düşünürəm. Nizamini tərəkəmə şousu ilə qutlayan toplum, Nəsiminin yubileyi münasibətiylə Dərnəgül yolundakı qəssabların ət-dəri tamaşasını düzənləyərdi.