Azərbaycan ədəbiyyatının canlı əfsanəsi - Əli Zərbəlinin yeni hekayəsi

Azərbaycan ədəbiyyatının canlı əfsanəsi - Əli Zərbəlinin yeni hekayəsi
2 iyun 2026
# 10:00

Kulis.az Əli Zərbəlinin "Azərbaycan ədəbiyyatının canlı əfsanəsi" felyeton-hekayəsini təqdim edir.

Vidadinin doktorantura müdafiəsi gözlədiyindən qat-qat uğurlu keçdi.
İyirmi dəqiqəlik müdafiə çıxışını bitirdikdən sonra üzərinə qırmızı məxmər parça çəkilmiş masa arxasında oturan yaşlı professorların simalarına bir-bir gözucu baxdı. Simalarda təmkinlə gizlədilmiş heyranlıq sezilirdi. Barmaqlarını ovuclarına sıxaraq alimlərin üz ifadələrində oxuduqlarını belə yozdu ki, onlar yəqin bu vaxta qədər hələ belə möhtəşəm dissertasiya təqdimatı görməyiblər.
Alqışlardan sonra şura sədri ayağa qalxıb ona təşəkkür etdi. Sonra üzünü opponentlərə tutaraq doktoranta suallarını ünvanlamalarını xahiş etdi.
Birinci opponent Ənvər Qorqud idi. 1987-ci ildə “Mifopoetik strukturun dekonstruktiv analizi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdi. Uzun illər rayon təhsil sistemində müxtəlif metodik vəzifələrdə işləmişdi. İki ildir, Andorra Elmlər Akademiyası Mingəçevir regional nümayəndəliyinin Göyçay bölməsində saathesabı mühazirələr oxuyurdu.
Ənvər Qorqud ayağa qalxıb eynəyini çıxardı, mavi ipək parça ilə tələsmədən sildi, eynəyini yenidən taxıb üzünü Vidadiyə tutdu.
– Əvvəla bunu qeyd edim ki, dissertasiya özündə çox ciddi bir elmi araşıdrmanı ehtiva edir. Bunu elmi işin adından da görmək mümkündür.
Vidadi dissertasiyanın adını ürəyində özü üçün təkrarladı. “Xudayar Dumanoğlu nəsri kontekstində müasir Azərbaycan ədəbiyyatında postmüstəmləkə narrativlərinin intertekstual-komparativ təhlili.”
Opponent davam etdi:
– Xüsusilə müəllifin metodoloji yanaşması diqqətəlayiqdir. Tədqiqat işinin əsas üstünlüyü ondadır ki, burada postmüstəmləkə travmaları semiotik müstəvidə də araşdırılır.
Opponent dissertasiyanın məziyyətlərini uzun-uzadı sadaladıqdan sonra suallarına keçdi. Vidadi təcrübəli professorun suallarını özünə əminliklə, detallı şəkildə cavablandırdı.
Opponent cavablardan mütəəssir görünürdü. Vidadi danışdıqca, professor Ənvər Qorqud arabir əlində tutduğu avtoreferata ötəri nəzər salır, sonra yenidən başını qaldırıb eşitdiklərini təsdiqləyirdi.
İkinci opponent Qəşəm Qurtqaşın idi. 1989-cu ildə “Mətn və yaddaş arasında interdiskursiv əlaqələr” mövzusunda dissertasiya müdafiə etmişdi. Gənc yaşlarından müxtəlif mədəniyyət müəssisələrində çalışdıqdan sonra Ağcabədi Regional Mədəniyyət İdarəsində elmi-metodiki sektorun müdiri vəzifəsinə yüksəlmişdi. Səkkiz il əvvəl “Söz və İnsan” jurnalını təsis etmişdi.
Professor Qəşəm Qurtqaşın ayağa qalxdı. Qalstukunu tumarlayıb pencəyinin düyməsini bağladı və asta səslə, aram-aram danışmağa başladı. Tez-tez boğazını arıtlayır, cümlələrini tamamlamadan tamam başqa mövzuya keçir, az qala hər dəfəsində fikirlərini “amma məsələ bu deyil” deyə bitirirdi. Qəşəm Qurtqaşın Vidadinin performansından ümumilikdə razı qalmışdı. Yalnız sonda yeganə iradını bildirməyi özünə borc bildi:
– Dissertasiya yüksək nəzəri səviyyədə yazılıb, buna söz yox. Amma ikinci fəsildə postmüstəmləkə zədələrinin ideoloji qatları daha geniş şəkildə verilə bilərdi.
Vidadi ürəyində professorla razılaşmasa da, üzünə düşüncəli ifadə verib başı ilə onun fikirlərini təsdiqlədi.
Komissiya üzvləri əlavə suallara ehtiyac görməyəndə Vidadinin elmi rəhbəri ayağa qalxdı. Tələbəsinin çalışqanlığından, perspektivindən və dissertasiya mövzusunun aktuallığından danışdı.
– Belə gənclər Azərbaycan filologiyasının gələcəyidir, – nitqini sonlandırdı.
Vidadinin sevinci dodaqlarına sığmırdı. Təbəssümünü boğmaqdan üz əzələləri ağrıyırdı.
Sonra şura üzvlərindən başqa hamı dəhlizə çıxdı.
Qapalı qapılar arxasında keçən müzakirə Vidadiyə həddindən artıq uzun göründü. Tez-tez saatına baxır, pencəyinin düyməsini açıb-bağlayırdı.
Nəhayət qapı açıldı və hamı yenidən içəri çağırıldı.
Professorlar akademik təmkinlə yerlərinə əyləşdilər. Şura sədri elan etdi:
– Şuranın qərarıyla Vidadi Balaşova filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilsin.
Vidadi təzimə bənzər yöndəmsiz bir jestlə sevincini bildirdi. Boynunu qaz kimi uzadıb hamının əlini sıxdı, hər təbrikə iki dəfə “çox sağ olun” dedi.
Kollektiv xatirə fotosundan sonra, şura üzvlərindən biri əlində vizitkartla Vidadiyə yaxınlaşdı.
– Yazıçılar Birliyinin Ədəbi Ekspertiza şöbəsində sənin kimi kadrlara ehtiyac var. Gəl, bir yerdə işləyək.
Vidadi təklifi böyük sevinclə qəbul etdi. Vizitkartı əlində dartışdıra-dartışdıra əzilib-büzüldü.
Professor sağollaşmazdan əvvəl pencəyinin iç cibindən talış dilində yazdığı “Dıl bə dınyo” adlı balaca şeirlər kitabı çıxarıb Vidadi üçün imzaladı. Vidadi ağır-ağır uzaqlaşan professorun arxasınca baxıb düşündü ki, bu kitab haqqında sanballı bir yazı yazmasa, ayıb olacaq. Özünə iki ay vaxt verdi. Əvvəlcə talış dilini öyrənməli idi.

***


Yolboyu avtobusun pəncərəsindən səhifələnən mənzərələrə tamaşa edə-edə beynindən min xəyal keçdi. İllər sonra haqqında yazılacaq kitabları, monoqrafiyaları təsəvvür etdi. Bir anlığa ürəyinə qəribə bir arxayınlıq yayıldı. Düşündü ki, gün gələcək, mütləq dekan olacaqdı. Təbii ki, ilk öncə dekan müavini olmaq lazım idi.
Evə çatanda anası yenicə nahar hazırlamışdı. Oğlunu görüb qabağına tələsdi. Vidadi ayaqqabılarının bağını açıb dikəldi və qollarını yana açaraq ucadan dedi:
– Filologiya elmləri üzrə fəlsəfə doktoru Vidadi Balaşov!Ay maşallah! – anası oğlunu qucaqladı
– Ay maşallah! – anası oğlunu qucaqladı, – gəl, gəl, yemək hazırdır, acından birtəhər olmusan yəqin indiyə.
Vidadi masaya keçməzdən əvvəl müdafiənin necə keçdiyini uzun-uzadı, əl-qolunu ölçə-ölçə nağıl etdi. Danışdıqlarının çoxunu anasının başa düşməməsi Vidadini qətiyyən narahat etmirdi, əksinə, onu daha da həyəcanlandırırdı.
– Ye, soyutma, – anası Vidadi üçün çəkdiyi küftə bozbaşa işarə edib dedi.
Vidadi əsas xəbəri sona saxlamışdı. Qollarını çırmalaya-çırmalaya nəhayət anasına günün ən bomba xəbərini çatdırdı:
– Mənə Yazıçılar Birliyinin Ədəbi Ekspertiza şöbəsində iş təklifi olunub – qaşığını bozbaşın suyuna saldı.
– Ay maşallah! – anası dedi və oğlunun seyrəlmiş saçlarını sığalladı, – Xeyirli olsun!


***


Anası qabları yuyanda üzünü ona çevirdi:
– Hə, bir də… Səidə ilə nə vaxt görüşəcəksən?
Vidadi dodaqlarına yaxınlaşdırdığı armudu stəkanı masaya qaytardı. Qaşları çatıldı. Yaddaşını işə salanda həmişə qaşları çatılırdı.
– Vidadi, səninləyəm. Deyirəm Səidə ilə nə vaxt görüşəcəksən?
Vidadi birdən xatırlamışdı ki, onların görüşü məhz bu gün baş tutmalıdır. Başqa cür alınmmırdı. Səidə sabah rayona rəfiqəsinin nişanına getməli idi.
– Bu gün. Bu gün görüşəcəyik, – Vidadi saata baxa-baxa dedi və telefonunu çıxarıb mesajları yoxladı. Səidədən yeni mesaj gəlməmişdi.
– Get görüş daha qızla, uzatma.
Səidəni ona anası tapmışdı.
Tərbiyəli, savadlı qızdır. ASAN Xidmətdə işləyir. İstəyəni çoxdur, ailəsi heç kimə razı olmur. Hə, bir də əsl kitab qurdudur (bunu anasına qız yəqin ki, özü haqqında danışanda demişdi). Anası bu məlumatları oğluna bir-iki həftə əvvəl vermişdi. Vidadinin kitab qurdu ifadəsindən zəhləsi gedirdi. Qızın şəkillərini görəndən sonra Vidadidə qıza qarşı ciddi maraq oyanmışdı.
– Ağıllı gözləri var, – Vidadi şəkillərə baxa-baxa anasına demişdi.
– Ağıllı, savadlı qızdır. Bir az qısa geyinir, ancaq olsun, evlənəndən sonra düzələr, – anası fotodakı qızın qısa ətəyinə qaşlarını qaldırmışdı.
Anası Vidadiyə qız axtarmaqdan yorulmuşdu. Vidadi anasına xüsusi olaraq tapşırmışdı ki, ona ədəbiyyatla maraqlanan qız tapsın. Əgər tapdığı qız ədəbiyyatla maraqlanmırsa, alınan iş deyil.
Bir həftə idi ki, “Whatsapp”da qızla iş müsahibələrini xatırladan söhbətlər edirdilər. Hələ görüşə bilməmişdilər. Vidadi qonaq otağına keçib divana uzandı. Səidəyə mesaj yazmağa başladı. Mesajı göndərməmişdən əvvəl dəfələrlə yazıb sildi. Səidənin təyin etdikləri görüşü unutmadığından əmin olmaq istəyirdi. Cavab mesajı gözlədiyi müddətdə “Ədəbiyyat qəzeti”nin ən son sayını vərəqlədi. Əjdər Cahangirin “Görkəmli ziyalıya mənəvi abidə” adlı yazısını xüsusi ləzzətlə oxudu.


***

Nizamidə görüşəcəkdilər. Xüsusi bir planları yox idi. Yəqin, bir az gəzib çay içəcəkdilər. Vidadinin kofedən zəhləsi gedirdi.
Vidadi üzünü səhər qırxmağına baxmayaraq görüşdən əvvəl yenə lezva ilə qaşıdı. Əynini geyinib boynuna, biləklərinə, qulaqlarının dibinə ətir vurdu. Anası ilə sağollaşıb evdən çıxdı.
Həddindən artıq həyəcanlı idi. Sonuncu dəfə mərhum şair Sadəddin Şahmaroğlundan müsahibə almağa gedəndə sinəsində bu qədər həyəcan hiss etmişdi. Həmin günü xatırladı. Gözəl gün idi. Müsahibədən sonra şairin kabinetində şokoladla “Şirvan” konyakı içib poeziyadan danışmışdılar.
Vidadi Səidə ilə görüşdə sözə necə başlayacağını, özünü necə təqdim edəcəyini beynində dəfələrlə məşq etmişdi.
Salam.Vidadi. Məmnun oldum.
Sonra fikirləşmişdi ki, əslində buna heç ehtiyac yoxdur. Bir həftə yazışandan sonra özünü niyə təzədən təqdim etməliydi? Bəs axı bu onların real həyatda ilk görüşü olacaqdı. Mesajlaşmaq ayrı, üz-üzə ünsiyyət ayrı. Düşündükcə daha da gərginləşirdi, özünü daha da çaşqın hiss edirdi.
Metrodan çıxanda güclü külək qopmuşdu. Külək ona mərhum şair Sadəddin Şahmaroğlundan məşhur bir misra xatırlatdı. “Çılğın külək, hanı mənim eşq payım?” Misranı xatırladıqca riqqətə gəldi, poeziyanın sirli, heyrətamiz nəfəsi onu yüngülləşdirdi.
Səidəni bir az qarşıda, adamların arasında seçib tanıdı. Yataq dəstləri satılan mağazanın qarşısında dayanıb onu gözləyirdi. Telefonun kamerasında havada uçuşan saçlarını səliqəyə salmağa çalışırdı.
Səidə elə şəkillərdəki kimi idi. Dik qaməti, xumar gözləri vardı. Vidadi ona yaxınlaşdıqca düşündü ki, Səidə şəkillərdə olduğundan daha mehriban görünür.
Kiminsə ona tərəf addımladığını görəndə Səidə başını qaldırıb Vidadini gördü, cəld telefonunu çantasına atıb əlini ona uzatdı. Salam verib gülümsədi. Vidadi qızın əlini ehtiyatla sıxıb çəkingən səslə dedi:
– Salam. Vidadi. Vidadi Balaşov…
Qız gülümsədi.
– Bilirəm, – dedi.
Bu gözlənilməz cavab Vidadinin beynində əvvəlcədən hazırladığı ssenarini yerlə-yeksan etdi.
Araya bir neçə saniyəlik sükut çökdü. Vidadi hıqqanıb söz tapana qədər Səidə vəziyyəti nəzarət altına aldı, doktorluq müdafiəsini uğurla başa vurduğuna görə Vidadini təbrik etdi. Sonra bu günkü iş günü haqqında danışaraq araya çökmüş naqolay ab-havanı dağıtmağa çalışdı.
Bir az gəzişdilər. Vidadi həyəcanlı idi, əllərinin içindən tər damcılayırdı. Tez-tez ayağının altına baxırdı, içində elə bir hiss var idi ki, addımlarını hara atdığını yoxlamasa harasa ilişib yıxılacaq.
– Çay? – Vidadi birdən dedi.
Səidə yaxınlıqdakı pizza restoranına getməyi təklif etdi. Vidadi düşünmədən razılaşdı.
Restorana girəndə Vidadi məkanın interyerinə maraqla göz gəzdirdi. Tavandan sallanan sarı lampalara, süni kərpic divarlara, rəflərə dekor kimi düzülmüş şərab şüşələrinə baxdı. Burnuna təzə bişmiş xəmirin və pomidor sousunun qoxusu doldu. Vidadinin transmilli kulinariyadan zəhləsi gedirdi. O, yalnız Azərbaycan yeməkləri yeyirdi. Pizza, burger, avokado salatı, suşi kimi yeməklərə ağzının suyunu axıdanları heç vaxt başa düşə bilmirdi.
Restoranın dizaynı, masalardakı insanların üzündən yağan özündən müştəbeh ifadə onda ikrah hissi oyatdı. Açıq mətbəxdə uzun saplı kürəklə sobaya pizza sürüşdürən ağ papaqlı oğlana baxaraq mızıldandı:
– Transmilli mətbəx estetikasının uğursuz adaptasiyası.
Səidə üzünü ona tutdu:
– Necə?
– Heç, – Vidadi gülümsəməyə çalışdı.

Pəncərənin kənarındakı masada yer tutdular. Bir neçə dəqiqə sonra Səidə menyunu vərəqləyə-vərəqləyə başını qaldırmadan soruşdu:
– Nə seçdin?
Menyuda Vidadinin ürəyinə yatan, iştahını çəkən bir şey yox idi. Bir tərəfdən də həyəcandan iştahası qaçmışdı. Hər dəfə Səidənin xumar gözlərinə, dolu dodaqlarına baxanda bədənindən qıjıltı keçirdi.
– Pepperoni – Vidadi menyudakı təsadüfi sətirə barmağını qoyub tələffüz etdi.
– Aaa! Mənim də ən sevdiyim pizza pepperonidir, – Səidə uşaq kimi sevindi.
Ofisiant qız sifarişlərini qeyd edib uzaqlaşdı. Sifarişləri hazırlandığı müddət ərzində havadan-sudan danışmağa başladılar. Vidadi bu günkü müdafiəsindən təzə söz açmışdı ki, Səidəyə zəng gəldi.
– İşlə bağlıdır, götürməliyəm, üzrlü say, – Səidə telefonu qulağına tutdu.
Vidadi başını tərpədib üzünü pəncərəyə çevirdi.
Paltar dükanlarına girib-çıxanlara, əlində bazarlıq torbası ilə küləyə qarşı çətinliklə addımlayan adamlara, yol kənarında müştəri düşürdən taksilərə tamaşa elədi. Sonra restoranın pəncərəsində bulanıq görünən əksinə fokuslanmağa çalışdı. Qalstuklu, perspektivli filologiya üzrə fəlsəfə doktoru Vidadi Balaşov - özü haqqında düşündü.
Səidə telefonla danışdıqca Vidadi onun plastik borucuqdan “Coca-cola” əmən dodaqlarına, tarım ağ köynəyinin altında görünən ağ lifçiyinə oğrun-oğrun nəzər salırdı. Kişi gərək emosional impulsların əsiri olmasın, öz-özünə düşündü. Üzr istəyib ayağa qalxdı, ayaqyoluna üz tutdu. Bədənini ağuşuna almış hormonal gərginlik tənzimlənməli idi. İçəri girib qapını kilidlədi. Çak.
Bir qədər sonra bioloji impulslarını minimuma endirib kabinetdən çıxdı. Sağ qoltuğu tərləmişdi. Düşüncələri indi daha aydın, daha kəskin idi, hiss edirdi ki, artıq ünsiyyət bacarıqlarının keyfiyyəti xeyli artıb.
Geri qayıdanda pizzalar masada idi. İştahası açılmışdı. Keçib yerinə oturarkən Səidə ona gülümsədi. Səidə artıq bir az əvvəlki qədər sığallı, tumarlı görünmürdü. Lifçiyi də maraqsızlaşmışdı, Vidadinin gözünə qrotesk bir detal kimi dəyirdi.
Səidə dissertasiya müdafiəsi haqqında yarımçıq qalmış söhbətə qayıtdı, Vidadiyə elmi işi barədə sual verdi. Nəhayət münasib bir məqam gəlib çatmışdı. Vidadi boğazını artıladı. Növbəti yarım saat ərzində Səidə yalnız başını tərpətdi.
– ...Yəni, mənim əsas məqsədim Azərbaycan nəsrində bir növ postmüstəmləkə narrativlərinin intertekstual-komparativ oxunuşunu etmək idi. Yüz iyirmi səhifə boyunca postmüstəmləkə travmalarını həm psixoloji, həm də kollektiv şüur qatlarının qarşılıqlı transformasiyası kontekstində təhlil etmişəm. Məncə istədiyimə nail oldum. Ən azından elmi rəhbərim və sonradan komisiya üzvlərinin təəssüratlarına əsasən deyirəm bunu. Mətni estetik struktur kimi təhlil etməkdən əlavə həm də işarə sistemi kimi analiz etmək asan məsələ deyil. Xüsusilə Xudayar Dumanoğlu nəsrindəki narrativ elementləri semiotik müstəvidə araşdıran bu vaxta qədər olmamışdı...
Vidadi nitqini yekunlaşdırdı. Pizzasının dörddə üçü hələ də qabağında idi.
– Maraqlıdır, – Səidə dedi.
Qızın üzündə heç bir ifadə yox idi. Vidadi nə qədər çalışsa da Səidənin beynindən hansı düşüncələrin keçdiyini təxmin edə bilmədi. Lap məəttəl qalmışdı. Necə olmuşdu ki, özünü kitab qurdu adlandıran bir insan bu qədər maraqlı mövzuya nə fikir bildirmiş, nə də xırda bir reaksiya vermişdi. Sonra düşündü ki, ola bilsin bir az çox danışıb, qızı ürküdüb. Özünü toplayıb mövzunu dəyişmək qərarına gəldi, qoy bir az daha yüngül şeylərdən danışsınlar. Səidədən gələcək planları ilə bağlı suallar soruşdu. Evlənmək, ailə, uşaq. Qız sevindi. Ağzındakı loxmanı çeynəyib qurtardı və həvəslə danışmağa başladı. Ancaq çox keçməmiş Vidadinin fikri yayındı, söhbətdən qopdu, gözlərini iri pəncərələrə dikdi.
Küçənin o tayında beş-altı kişi gülə-gülə yolu keçirdi. Vidadi diqqətini onlara cəmlədi. Yaxınlaşdıqca üzlər daha da aydınlaşdı. Hamısını tanıyırdı. Bu adamlar Azərbaycan ədəbiyyatının sütunları idi. Vidadi udqundu. “Ustadlar”, deyə öz-özünə düşündü.
Xüsusilə Hətəm Türksoyu onların arasında görəndə çiçəyi çırtladı.
Hətəm Türksoyun “Gecikmiş nida işarəsi” dastan-romanı bütün dünyaya ün salmışdı. İllərlə Qırğızıstanda, Özbəkistanda əlbəəl gəzmişdi. Almatıda çap olunan “Jas Qalam” qəzeti romanı “post-sovet insanının metafizik faciəsi” kimi qiymətləndirmişdi. Daşkənddə nəşr olunan “Adabiyot va Tafakkur” jurnalı müəllifi “şərq ekzistensializminin çırağı” adlandırmışdı. Hətəm Türksoy ədəbi mühitdə Azərbaycanın Selinceri kimi tanınırdı. Ədəbi çevrələrdə Selincerin adı keçəndə Selincerdən çox Hətəm Türksoy yada düşürdü. San Marinoda fəaliyyət göstərən “Beynəlxalq Humanitar Araşdırmalar Akademiyası”na həqiqi üzv seçilmiş yeganə azərbaycanlı adını qazanmışdı. Əslən Zərdabdan idi.
Vidadi gözünü gördüyü mənzərədən çəkə bilmirdi. Onlar yolu keçib köşkün qarşısında ayaq saxladılar, iki-üç dəqiqə qızğın müzakirə apardılar. Bir az sonra Hətəm Türksoy yazıçı dostlarından, digər sənətkarlardan ayrılıb tək yeriməyə başladı.
Vidadinin ürəyi sürətlə döyünürdü. Bu fürsəti əldən vermək olmazdı. İmpulsiv qərarla yerindən sıçradı. Səidənin bərəlmiş gözlərinə, yarımçıq qalmış cümləsinə zərrə qədər də əhəmiyyət vermədən küçəyə şığıdı.
Özünü Hətəm Türksoya çatdırdı. Təngnəfəs idi.
– Axşamınız xeyir, ustad, – dedi. Səsi həyəcandan titrəyirdi.
Hətəm Türksoy ayaq saxlayıb gözlərini ona zillədi.
– Salam, cavan oğlan. Nə lazım idi?
– Bağışlayın, narahat edirəm… Sizi gördüm, dedim bir salam verim. Siz Azərbaycanın ən böyük yazıçısısınız.
Hətəm Vidadinin qoluna astaca vurub təkəbbür və təvazökarlıq arasında vargəl edən gülüşlə güldü.
Vidadi əlavə etdi:
– Bəlkə xatırlayarsınız, biz əslində bir dəfə görüşmüşdük.
– Üzün tanış gəlir, cavan oğlan. Yorğunam bir az, yadıma sal görüm kimsən.
Vidadi bir il əvvəl baş tutmuş qısa, ayaqüstü söhbətlərini nəzərdə tuturdu. Yazıçılar Birliyinin “Xətai” klubunda keçirilən kitab təqdimatlarının birində elmi rəhbəri onu ustad yazıçı ilə şəxsən tanış etmişdi.
Vidadi özünü ona təqdim etdi və dərhal keçən ilki görüşlərinin təfərrüatlarını bir-bir xatırlatmağa başladı.
– Hə, nə gözəl, nə gözəl… – Hətəm Türksoy dedi. Sərxoş görünürdü. Baxışları dalğın, hərəkətləri astagəl idi. Başı maşından asılmış oyuncaq kimi dayanmadan asta-asta yırğalanırdı.
Vidadi əzilib-büzülərək sənətkarın ən son romanı haqqında geniş bir resenziya yazdığını da bildirdi.
Hətəm Türksoy qaşlarını çatdı.
– Bəlkə də oxumuşam…Yəqin ki, oxumuşam.
Vidadi yazdığı məqalənin adını çəkdi:
– Azərbaycan nəsrinin post-mimetik transformasiyası. “Qönçə” romanında ontoloji fraqmentasiya və narrativ dekonstruksiya.
– Həə… nə gözəl, nə gözəl… – Hətəm Türksoy siqaret yandıraraq dedi və siqaretindən nasiranə bir qullab alıb əlavə etdi - Hara gedirdin belə?
Vidadi bir anlıq özünü itirdi. Səidə yadına düşdü. Arxaya, restoran tərəfə boylandı, sonra üzünü yenidən qocaman ustada çevirib dedi:
– Elə-belə gəzirdim. Sizi gördüm, dedim hal-əhval tutum. Siz ədəbiyyatımızın yaşayan əfsanəsisiniz.
– Qabaqda yaxşı bir kafe var, əti ancaq Bərdədən gətirirlər, gəl gedək yüngülvari… – Hətəm Türksoy sözünü yarıda kəsib barmağı ilə boğazına çırtma vurdu.


***


Pilləkənlərlə kafeyə düşdülər. İçəri boğanaq və küylü idi. Siqaret tüstüsü sarı işığın altında duman kimi asılı qalmışdı. Hətəm Türksoy ofisiantla köhnə tanış kimi salamlaşdı, aralarında nəsə danışdılar. Ofisiant başını hörmətlə tərpədib onları boş kabinetlərdən birinə ötürdü.
Vidadi elə bil yuxu görürdü. Hər şey gözlənilməz və sürətlə baş vermişdi. Böyük sənətkarla eyni masa ətrafında oturmuşdular. Özü də ikisi tək yeyib-içəcəkdilər.
– Ustad, bu gün mənim həyatımın ən xoşbəxt günüdür, – Vidadi dedi.
– Hə? – Hətəm Türksoy astadan hırıldadı.
– Həqiqətən, düz sözümdü.
Bir neçə dəqiqədən sonra ofisiant masanı kabab, göy-göyərti, pendir, turşularla doldurdu. Kabinetdən çıxdı və əlində araq butulkası ilə geri qayıtdı.
– Bəs eləyər? – Hətəm Türksoy butulkaya işarə edib qımışdı.
– Mən çox içən deyiləm, – Vidadi əzilib-büzüldü.
– Olmadı ki!
Ağızsulandıran təamları nuş etməyə başladılar. Hətəm Türksoy üzərində işlədiyi yeni romanı haqqında danışmağa başlamışdı.
– İmişlidən bir oğlandı. Əsgərliyə yollanır. Gedəndən sonra sevgilisini başqasına verirlər. Oğlan xidmətini başa vurub qayıdanda bunu öyrənir. Aylarla özünə gələ bilmir. Özün bilirsən də, ilk sevginin uğursuzluğu adamın ağlını başından çıxarır. Sonra necəsə Amerikanın Pensilvaniya ştatına gedir. Orasını hələ fikirləşəcəm. Orda pasportunu cırıb qeyri-qanuni yaşamağa başlayır. On il… düz on il qara-qura işlərdə işləyir, restoranlarda qab yuyur, zirzəmilərdə yatır. Bir gün küçədə bir qız görür. Qız ona ilk sevgisini xatırladır. Elə bil illərdir ununduğunu sandığı keçmişi toz basmış qapıları aşırdıb qəfil bunun yaxasından yapışır. Həmin an qərara gəlir ki, geri qayıtmalıdır. Amerikadan çıxanda anlayır ki, Amerika artıq onun üzünə birdəfəlik bağlanıb. Aydındır ki, qeyri-qanuni yaşadığı illərə görə ona uzunmüddətli qadağa qoyulacaq. Azərbaycana qayıdandan sonra başlayır həmin qızı, ilk sevgisini axtarmağa. Nə başını ağrıdım, məlum olur ki, qız keçən ildən Amerikanın Pensilvaniya ştatına köçüb.
Vidadinin ağzı açıq qalmışdı.
– Necə unikal! – Vidadi əlini üzünə qoyub dedi.
Hətəm Türksoy qədəhləri doldurdu.
– Səbirsziliklə gözləyirəm bu romanı. Haqqında ilk yazını özüm yazacam, – Vidadi qədəhlərə dolan şəffaf mayeyə baxa-baxa elan etdi.
Qədəhlərini toqquşdurub başlarına çəkdilər. Vidadi qədəhi başına çəkib üz gözünü turşutdu, bir neçə saniyə eləcə üz-gözü turşumuş vəziyyətdə heykəl kimi qaldı. Əlini çörək səbətinə atıb sözə başladı:
– Bilirsiniz, sizin mətnlərinizdə mən ən çox bunu sevirəm. Elə indicə haqqında danışdığınız bu sujetdə post-sovet insanının ekzistensial ağrılarının ironik dekonstruksiyasını görməmək mümkün deyil. Yəni personaj həm faciənin içindədir, həm də öz faciəsinə kənardan baxa bilir. Bu, çox nadir bir şeydir. Xüsusilə “Yetim qalmış eşq”də o ontoloji didərginlik hissi… insanın öz həyatına gecikməsi məsələsi… məncə, müasir Azərbaycan nəsrində bunun analoqu yoxdur.
– Rahat ol, – Hətəm Türksoy göy göyərtidən çəngələyib ağzına dürtərək Vidadiyə göz vurdu.

– Olar, sizə bir sual verim? – bir az sonra Vidadi ehtiyatla dilləndi.
Ustadın ovurdları dolu idi. Çeynədikcə gicgahındakı damar gur işığın altında qabarıb-itirdi.
– İkisini ver, – Hətəm Türksoy dedi.
– Sənətkar… deyirlər yazıçılar iki yerə bölünür. Həyatdan gələnlər və kitablardan gələnlər. Siz hansısınız?
– Mən? - Hətəm Türksoy əlindəki antrikodun o tərəf bu tərəfinə baxdı - Mən həyatdan gəlirəm. Kitablardan gələn yazıçıların əsərlərində həmişə nəsə çatışmır.
– Nə çatışmır?
– Həyat, – Hətəm Türksoy yağlı barmaqlarını iştahla yaladı.
Vidadi ustadın sözünə davam edəcəyini gözlədi. Lakin Hətəm Türksoy susdu.
Bir müddət heç kim heç nə demədi, təkcə marçıltı səsləri eşidildi.
Vidadi bir az düşünüb sükutu pozdu:
– Ustad, ən sevdiyiniz əsəriniz hansıdır?
Hətəm Türksoy araq butulkasını götürüb qədəhləri doldura-doldura halsız gözlərini ona dikdi:
– Özüm haqda danışmağı sevmirəm. Dərhal deyirlər ki, özünü tərifləyir, özündən razıdır. Haqqımda yazı çıxan kimi başlayırlar ki, özünü dostlarına təriflədir filan. Bax, o gün gənc dostlardan biri mənim mətnlərimi süni intellektə göndərmişdi. Süni intellekt əsərlərimdə bir dənə də olsun nöqsan tapmadı. Tərif dalınca tərif. Uşaqlar mənə göstərəndə lap xəcalət çəkdim.
Vidadi heyranlıqla gülümsədi.
– Amma nə etmək olar? Adam gərək öz istedadından utanmasın, – Hətəm Türksoy gözlərini ciddiyətlə qıyıb başını tərpətdi və sözünə davam etdi, – İndi gəl əyri oturaq düz danışaq. Süni intellekt mənim dostum, qardaşım, nə bilim, işçim deyil ki, yalandan tərifləsin. Deməli, ortada nəsə həqiqət var da. Düz deyirəm, ya yox?
– Əlbəttə ki, – Vidadi çənəsini qabağa verib dedi, – İkincisi də ki, sizin artıq özünüzü kiməsə sübut etməyə ehtiyacınız yoxdur. Saysız mükafatlar, fəxri adlar almısınız. Kitablarınız xaricdə böyük tirajlarla satılır.
– Götür, – Hətəm Türksoy başı ilə dolu qədəhə işarə etdi.

Növbəti yarım saat ərzində Hətəm Türksoy təzəlikcə qonaq çağırıldığı məclisdə yediyi ayı ətindən danışdı. Dedi ki, insan ömründə heç olmasa bir dəfə ayı əti yeməlidir.
Butulkada cəmi iki qədəhlik araq qalmışdı. Vidadi qədəhləri dolduranda Hətəm Türksoyun telefonu zəng çaldı. Əlinin yağnını salfetə tələsik silib telefonu cibindən çıxardı. Çeçələ barmağı ilə zəngi açdı.
Təxminən beş dəqiqə çəkən danışıqdan sonra telefonu söndürüb ağır-ağır ayağa qalxdı.
– Getməliyəm. Bir məclisə dəvət ediblər. Getməsəm ayıb olar.
– Əlbəttə… – Vidadi dərhal dilləndi – Siz Azərbaycanın ən böyük yazıçısısınız.
Hətəm Türksoy bic-bic güldü. Kabinetdən çıxhaçıxda birdən dayanıb Vidadiyə çevrildi:
– Üstündə nağd var?
– Nə? Hə, əlbəttə… – Vidadi çaşqın halda əlini cibinə saldı.
– Bunlar kart götürmürlər.
Vidadi hesabı verdi. Küçəyə çıxıb Bakının tər-təmiz axşam havasını ciyərlərinə çəkdilər. Əks istiqamətlərdə getməli idilər.
Sağollaşdılar.
Vidadi yolboyu beynində bu görüş haqqında təəssürat yazısı yazdı. Müasir Azərbaycan ədəbiyyatının canlı əfsanəsi ilə təsadüfi bir axşam. Yazının başlığı da hazır idi.

# 114 dəfə oxunub

Oxşar xəbərlər

Bir nəslin xəzan çağı - Bahar Bərdəlinin hekayəsi

Bir nəslin xəzan çağı - Bahar Bərdəlinin hekayəsi

16:05 1 iyun 2026
"Dərindən sevdiyimiz hər şey bizim bir hissəmizə çevrilir" - Amerikalı yazıçıdan sitatlar

"Dərindən sevdiyimiz hər şey bizim bir hissəmizə çevrilir" - Amerikalı yazıçıdan sitatlar

12:30 1 iyun 2026
"Paxıllıq qabiliyyətin yoxluğundan doğar..." - Abbasqulu ağa Bakıxanovun aforizmləri

"Paxıllıq qabiliyyətin yoxluğundan doğar..." - Abbasqulu ağa Bakıxanovun aforizmləri

15:00 31 may 2026
Dirilmə - Xuan Karlos Onettinin hekayəsi

Dirilmə - Xuan Karlos Onettinin hekayəsi

12:30 30 may 2026
“Vəhşi istedad”: bağışlanılmaz və unudulmaz

“Vəhşi istedad”: bağışlanılmaz və unudulmaz

12:00 30 may 2026
Qlobus -  Zaur Bayramoğlunun hekayəsi

Qlobus - Zaur Bayramoğlunun hekayəsi

11:30 29 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər