Milyonlarla dollar dəyəri olan məşhur əsər oğurlandı

Milyonlarla dollar dəyəri olan məşhur əsər oğurlandı
2 iyun 2026
# 12:20

Fransanın şərqindəki bir muzey italyan rəssam Mauritsio Kattelanın milyonlarla dollar dəyərində olan məşhur əsərinin bir hissəsinin – bananın oğurlandığını elan edib.

Kulis.az xəbər verir ki, divara bantla yapışdırılmış bir banandan ibarət olan və "Komediyaçı" adlanan əsərin mərkəzindəki meyvənin yoxa çıxdığını şənbə günü bir mühafizəçi görüb.

Parisdəki məşhur "Centre Pompidou"nun bir qolu olan "Pompidou-Metz" muzeyi naməlum şəxs və ya şəxslər barəsində oğurluq ittihamı ilə prokurorluğa müraciət edildiyini bildirib. Muzeydən, həmçinin oğurlanmış bananın yenisi ilə əvəz olunduğu açıqlanıb.

Bu, incəsənət əsərinə zərər dəyən ilk hadisə deyil. Tez xarab olan bir meyvə olduğu üçün əsərdə istifadə edilən banan onsuz da hər üç gündən bir yenilənir. Ötən ilin iyul ayında bir ziyarətçi muzeydəki bananı yemişdi. Mühafizəçilər qısa müddətdə müdaxilə edərək onun yerinə yeni bir banan yapışdırmışdılar.

O vaxt Kattelan məsələyə münasibət bildirərkən ziyarətçinin yalnız bananı yeməyindən məyus olduğunu deyərək, "Kaş ki, bantı da yeyərdi" deyə zarafat etmişdi. Muzey isə o hadisə zamanı heç bir hüquqi tədbir görməmişdi.

Lakin bu dəfə şəxsin kimliyi məlum olmadığı üçün rəsmi şikayət edilib. Muzey rəhbərliyi bunun əsərə qarşı ikinci belə hadisə olduğunu və sənət əsərinə hörmət məsələsi kimi yanaşdıqlarını ifadə edib.

Sənətin nə olduğunu və dəyərinin necə müəyyənləşdiyini sorğulamağı hədəfləyən "Komediyaçı" ilk dəfə 2019-cu ildə Mayami Biçdəki "Art Basel" sərgisində nümayiş olunarkən 120 min dollarlıq qiyməti ilə böyük mübahisələrə səbəb olmuşdu. Elə həmin il performans sənətçisi David Datuna da sərgidəki bananı yeyərək gündəmə gəlmiş və bunu sadəcə "ac olması" ilə izah etmişdi.

İllər keçdikcə əsərin dəyəri daha da artıb. Kriptovalyuta sahibkarı Castin San (Justin Sun) 2024-cü ildə əsərin bir versiyasını 6,2 milyon dollara satın aldıqdan bir neçə gün sonra kameralar önündə bananı yemişdi.

Qeyd edək ki, Kattelan "Komediyaçı"dan başqa, ABŞ prezidenti Donald Trampa ilk prezidentliyi dövründə təklif edilən, tamamilə işlək vəziyyətdə olan 18 əyarlıq qızıldan hazırlanmış "Amerika" adlı unitaz əsəri ilə də tanınır. 2020-ci ildə İngiltərədə sərgilənən bu qızıl unitazı oğurlayan iki nəfər isə mart ayında təqsirli bilinmişdi. Əsər parçalanmış və qızılların heç birini tapmaq mümkün olmamışdı.

# 420 dəfə oxunub

Oxşar xəbərlər

FİFA-ya sərt etiraz: Dünya Kubokunun finalındakı şouya "Çörək və tamaşa" dedi

FİFA-ya sərt etiraz: Dünya Kubokunun finalındakı şouya "Çörək və tamaşa" dedi

17:11 17 iyul 2026
“FotoBax”  milli fotomüsabiqəsinə müraciət davam edir

“FotoBax” milli fotomüsabiqəsinə müraciət davam edir

16:30 17 iyul 2026
“Musa Cəlil ömürlüyü…”  kitabı çap olundu

“Musa Cəlil ömürlüyü…” kitabı çap olundu

16:15 17 iyul 2026
Sovet fəhləsindən ispan kralına qədər... - Yeni muzeyimizdə nələr var?

Sovet fəhləsindən ispan kralına qədər... - Yeni muzeyimizdə nələr var?

16:10 17 iyul 2026
Həkim səhlənkarlığının qurbanı olan Telman Adıgözəlov

Həkim səhlənkarlığının qurbanı olan Telman Adıgözəlov

15:00 17 iyul 2026
İçərişəhərdə Numizmatika Muzeyi açıldı - FOTO

İçərişəhərdə Numizmatika Muzeyi açıldı - FOTO

13:50 17 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər