Kulis.az Zamin Hacının “Doğranmış Ay” adlı yazısını təqdim edir.
Bugünlərdə gənc və perspektivli yazarlarımızdan biri ilə yazışırdım. Məni tanıyanlar bilir, həmişə gənclərə qayğı ilə yanaşıram. Onlardan daima öyrənməyə çalışıram. Çünki gənclik həyatın ən təravətli vaxtıdır. Adam gənc olanda fırtığını qoluna silir, lakin heç kim bundan narahat olmur. Mən özüm gənc olanda dişimdə fındıq sındırırdım, ancaq indi hər il diş həkiminin qapısında sürünürəm.
Uzun sözün qısası, yazışmanın şirin yerində bu gənc yazarımız soruşdu ki, mənim kitabım varmı, köhnə yazılarımı hardan əldə edə bilər. Açığı, çox şad oldum, elə bildim yazılarımı oxuyub nəsə öyrənmək istəyir. Lakin məqsədini dərhal açıqladı: “Kitabınız olsaydı köhnə yazılarınızı götürüb ora-burasını azca dəyişdirib öz adımdan çap etdirərdim”.
Bəli, gənclik budur. Hərçənd, bu nəslin başını bir qədər də Seymur Baycan pozubdur, çünki həmişə köhnə kitablardan, xüsusilə sovet ədəbiyyatından çırpışdırmağı təbliğ edir. Gənc yazıçılara məsləhət görür ki, Azərbaycan sovet yazıçılarının roman, hekayə, pyes, şeirlərini sözün əsl mənasında oğurlasınlar. Postmodernizmdə belə hərəkətlərə halallıq verilmişdir, səhv eləmirəmsə bu işi “pastiş” adlandırırlar. (Əlimizin altında Google dura-dura “səhv eləmirəmsə” yazmaq yəqin riyakarlıqdır. Mən baxdım, səhv eləmirəm. Sadəcə, pastiş stili kopyalamaqdır, mətni olduğu kimi köçürmək plagiatdır. Belə söylədi Zamin).
Doğrusu mən bilmirəm Sovet Azərbaycanı ədəbiyyatından nəyi köçürüb, üzərində bir zad qayırmaq olar. Birincisi, o əsərlərin özü plagiatdır, kimdənsə köçürmədir. Necə deyərlər, dovşanın suyunun suyunun suyu. Biri Anatoli Kuznetsovun “Mimans artisti” əsərini plagiat edib, başqası Bulqakovun “Master”ini, üçüncü Mayakovskinin cibinə girib, dördüncü Türkiyə şairlərinin rakı bardağına, beşinci, altıncı...
Amma mən bu çırpışdırma üsullarına müsbət yanaşıram, özüm bacarmasam da. (İstedad lazımdır, o isə məndə yoxdur, uşaq vaxtı evdə pis tərbiyə veriblər). Misal üçün, Süleyman Rəhimovun “Mehman” povesti var, prokurorun mübariz fəaliyyətindən bəhs edir. Oxuduğum azsaylı sovet ədəbiyyatımızdan yadıma ilkin bu düşdü, ona görə misalı onun üzərində qururam, üstəlik, Rəhimov ölüb, oğlu Şamo Arif ölüb, kimdir indi mənə etiraz edən və ya cızmaqaramıza blok qoyan? Yaz kefin istəyən qədər. Camaat Qaçaq Nəbini, Koroğlunu, Salur Qazanı tənqid edir.
Uzun sözün qısası, “Mehman”ın adını dəyişmədən, yalnız məzmuna qısa əl gəzdirib hansısa bloger haqda roman edə bilərik. Bu bloger dronla məmurların villasını çəkir, qarovulçu qaloşla onu vurur, sevgilisinə qızıl saat rüşvət verirlər, axırda da toy olur, Flora xanım gəlir oxuyur. Vəssalam. Ta ədəbiyyat üçün nə lazımdır? Ye, iç, kef elə. Toy mütləq olmalıdır, çünki bizim mədəniyyət və incəsənətdə toysuz heç bir süjetə yol verilmir. Bu haqda rəsmi sərəncam və qanun var.
Məmməd Rahimin “Leninqrad göylərində” poeması vardı, bunu “Sabirabad göylərində” edə bilərik. “Təhminə və Zaur”a artıq qayıdıblar, Əli Əkbərin “Artuş və Zaur” əsəri, məncə çox maraqlı romandır.
Biz təkcə ədəbiyyatda deyil, incəsənətin bütün sahələrində piratçılığa keçməliyik. Yeri gəlmişkən, bugünlərdə Rusiya beynəlxalq embarqodan yayınmaq üçün qeyri-qanuni idxala icazə verən qanun qəbul elədi. Açıqlaması budur: artıq xarici şirkətlərin hansı məhsulunu istəsən o şirkətin icazəsi olmadan Rusiyaya daşıya bilərsən. Apple, Samsung, Coca-Cola və sairə... Artıq Moskvada Qazaxıstanda buraxılan kola satırlar. “Makdonalds”ın adını “Vkusno. Toçka” (“Dadlıdır. Nöqtə” – ola bilər bu biznesdə Paşinyanın əli var) kimi dəyişdiriblər, menyu isə təxminən köhnə menyudur. Hərçənd, iki çörəyin arasına kotlet qoymağa, kartofu qızartmağa nə menyu?
Qayıdaq öz qoy..., üzr istəyirəm, sənətkarlarımızın yanına. Bu dəqiqə iki kino idarəsi parçalanıb, didişmə gedir. Nə ehtiyac? Hollivud kinolarını götürüb, adını dəyişib efirə verin, onsuz siz özünüzü cırsanız da onlardan yaxşı çəkə bilməzsiniz. “Yura dövrünün parkı” olsun “Biləcəridə dəmiryolçular parkı”. Qəhrəmanların da yalnız adını dəyişirsən. Tiranozavr olsun, misal üçün, kələ. Ver efirə, gör camaat necə baxır. Təcrübə də var. Vaxtilə ANS hansısa “Pixar” animasiyasını bizim dilə gözəl tərcümə eləmişdi, örnək üçün, orda akulalar Naxçıvan ləhcəsiylə, cupbulu balıqlar isə Şəki ləhcəsiylə danışırdı.
Hindistanlı bir kişi neçə vaxtdır Zaqatala meşələrində yoxa çıxıb. Kobo Abenin “Qumluqdakı qadın” romanını götür, plyajı Muxax meşəsi, qum daşıyanları tütün əkənlərlə əvəz elə, əsər hazırdır. Romanın adını da istəsən “Cimi Zaqatalada” qoy.
Başqa bir bizə də doğma, yaxın təcrübədən bəhs etmək istəyirəm. Türkiyənin, “Yeşilcam”ın 1982-ci ildə çəkdiyi “Dünyanı qurtaran adam” adlı film var. Baş rolda Cüneyt Arkın oynayır. Film ünlü “Ulduz savaşları” filmindən mahnı, süjet, xarakter və sairənin açıq-aşkar çırpışdırılmasına görə dünyada məhşurdur. Bəlkə dünyada heç bunun qədər tanınan türk filmi yoxdur. Camaat buna “Ulduz savaşları”nın parodiyası kimi də baxır. Ancaq nə dəxli? Əsas odur baxsınlar, müzakirə etsinlər.
Dünən mən bu cızmaqarada fasilə verəndə gördüm Polad müəllim Şuşada “Şən Azərbaycan” mahnısını oxuyur. Mil düzü, Muğan düzü, Bol bəhrəli Şirvan düzü... Və sairə. Sən də deyirsən pastiş pisdir. Camaat özünü pastiş eləyir, hamı da razıdır.
Ayın altında təzə nə var ki? Həm də təzə Ay çıxanda köhnə Ayı doğrayıb ondan ulduz düzəldirlər.