Seymur Baycanın və Günel Mövludun yerinə utanıram - Ulucay Akif

Seymur Baycanın və Günel Mövludun yerinə utanıram - Ulucay Akif
2 iyun 2026
# 13:00

Kulis.az Ulucay Akifin "İspan utancı" yazısını təqdim edir.

İndicə gənc yazıçı Əli Zərbəlinin yeni hekayəsini oxudum və utandığımdan yerin dibinə girmək istədim.

“İspan utancı” deyə bir ifadə var. Başqasının etdiyi əməldən utanmağımıza belə deyilir. Məsələn, hansısa verilişdə kimsə elə bir söz deyir, sən onun əvəzinə utanırsan, kanalı dəyişmək istəyirsən. Ya da hansısa tədbirdə kimsə çıxışı zamanı pis bir vəziyyətə düşür, qalxıb tədbirdən çıxmaq istəyirsən. Buna “ispan utancı” deyilir. Niyə “ispan utancı” deyildiyini özünüz araşdırın, mənim hövsələm yoxdur hər şeyi bircə-bircə yazıb sizə öyrətməyə.

Hə, Əli Zərbəlinin yeni hekayəsini oxuyub “ispan utancı”nın nə olduğunu iliklərimə qədər hiss elədim. Soruşa bilərsiniz ki, niyə utandın?

Deyim niyəsini.

Əli Zərbəli istedadlı, məncə, həm də savadlı bir gəncimizdir. Uzun illərdir ki, Mərkəzi Avropanın düz mərkəzində yerləşən Macarıstanın paytaxtı Budapeştdə yaşayır. Və belə bir ironik hekayə yazır, guya nələrisə lağa qoyur, hansısa tip yazıçıları məsxərə obyektinə çevirir.

Əlbəttə, Əli bu dediklərində haqlı ola bilər və yəqin ki də haqlıdır. Amma mənim demək istədiyim məsələ tamamilə başqadır. Bir azərbaycanlı yazıçı niyə belə mövzuda hekayə yazmalıdır? Xüsusən də bu, Avropanın göbəyində yaşayan bir gənc, potensiallı yazıçıdırsa...

Mən niyə gənc bir yazıçımızın hekayəsində “Qəşəm Qurtqaşın”, “Hətəm Türksoy”, “Əjdər Cahangir”... kimi obraz adları görməliyəm?

Mən niyə gənc bir yazıçımızın hekayəsində belə bir cümlə oxumalıyam:

“– Mənə Yazıçılar Birliyinin Ədəbi Ekspertiza şöbəsində iş təklifi olunub – qaşığını bozbaşın suyuna saldı”.

Kimsə kiməsə güldü, lağ elədi, məzələndi... Sonra?

Sonrası yoxdur.

Belə mövzuda feysbukda status yazarsan, ən uzağı, köşə qaralayarsan, amma ərinməyib 25 min işarəlik hekayə yazmaq ayıbdır, o lağ etdiyin obrazlardan, personajlardan fərqli olmadığın deməkdir. Özü də sən Avropanın düz mərkəzində yaşayıb belə qalmısansa, bu, lap ayıbdır.

Əlini bağışlamaq olar, gəncdir, ilk dəfədir belə “mövzuda” nəsə yazıb adını “hekayə” qoyduğunu görürəm. Ümid edirəm ki, daha belə şeylər etməyəcək və mən bir daha ona baxıb ispan utancı yaşamayacağam.

Amma uzun illərdir ədəbiyyatımızda olan elə imzalar var ki, onlara baxıb hər gün həmin utancı yaşayıram.

Məsələn, biri elə Seymur Baycan.

Seymur Baycana həm yazığım gəlir, həm də onun əvəzinə utanıram.

Əslində, özüm daxil bütün azərbaycanlı yazıçılara yazığım gəlir, çünki heç yaxşı gün-güzəranı olmayan bir ölkədə, cahil, savadsız bir toplumda yaşayırıq. Bu bir yana, yazıçı kimi dünyanı gəzə bilmirik ki, fərqli millətləri, cəmiyyətləri, toplumları görək, dünyagörüşümüz artsın, düz-əməlli mətnlər yazaq. Onda da məcbur qalıb belə düşük səviyyəli mövzulardan yazırıq. Bir də görürsən, kiminsə hekayəsindən Xoşqədəm tullandı, Elgiz boylandı, Rəqsanə oxudu, zurna səsi nağara dappadurubuna qarışdı... Anlayan üçün çox kədərli mənzərədir.

Amma yazıçılar heç olmasa, bədii mətnlərini bu zir-zibildən qorumalıdırlar.

Seymur Baycana isə başqa şeyə görə yazığım gəlir. Seymur Baycan artıq uzun illərdir ki, Azərbaycandan kənarda, Tiflisdə yaşayır. Onun mümkün qədər yazıçı şəxsiyyətini qorumağa çalışmağını çox bəyənirəm, alqışlayıram, amma di gəl, Seymur Baycan ədəbiyyat adına nəsə edirmi?

Bu illər ərzində Seymur Baycan Tiflisdən bizim saytlara, sosial şəbəkələrin Azərbaycan seqmentinə boylanıb yazısında türkçə sözlər işlədənlərə lağ etmək, “AYB, AYO, Anar...” mövzusunda “polemikalar” açmaq, buradakı üç-beş istedadlı gənc yazıçını da öz təsiri altına salıb belə lazımsız “müzakirələr”ə, dava-dalaşlara salmaqdan başqa neyləyib?

Mənə Seymur Baycanın Azərbaycan saytlarına köşə yazmağı lazım deyil. Mən Seymur Baycanın, heç olmasa, Tiflisin saytlarında, ya heç olmasa, Marneulinin hansısa yerli qəzetində çap olunmağını, oranın üç-beş adamın izlədiyi hansısa yerli kanalında çıxış etməyini istəyirəm.

Amma mən adım kimi əminəm ki, Seymur Baycan bu illər ərzində gürcü dilində uzağı mənim qədər danışa bilir:

“Bico, qamarcoba. Es ra ğirs?”. ( “Dostum, necəsən? Bu neçəyədir?”)

Seymur Baycan Azərbaycan ədəbiyyatını heç olmasa, Gürcüstanda təbliğ edə bilərdi. Demirəm, bizim hekayələrimizi o dilə tərcümə etsin. Özünü təbliğ edəydi. Gənclərə, hər kəsə mətnin necə yazılmalı olduğunu öyrədir. Özü yazaydı həmin mətnləri, üzü Azərbaycana doğru yox, üzü o tərəfə, lap dissident bir əsər. Yazdımı? Yazmadı.

Özü orda naşirlərlə, tərcüməçilərlə sağlam əlaqələr quraydı, bəlkə, bizim də mətnlər Gürcüstana ayaq açardı. Heç olmasa, ildə bir dəfə hansısa gürcü müəllifi bizə təqdim edəydi, oranın ədəbi-mədəni mühitindən bizi agah edəydi.

Seymur Baycan bunların heç birini etmədi. Edə bilmədi, yoxsa istəmədi?

Mən çox istəyərdim ki, bu sualın cavabı “edə bilmədi” olsun, amma bilirəm, elə deyil. Seymur Baycan bunu sadəcə istəmədi. Ona görə də hər Seymur Baycan adı qarşıma çıxanda, onun yerinə ispan utancı yaşayıram.

Mən Seymur Baycanın yerində olsam, ondan fərqlənərdimmi? Bilmirəm. Dəqiq olan odur ki, mən Seymur Baycanın yerində deyiləm, amma Seymur oradadır.

Avropa ölkələrində oturub bu cür “mövzularda” eşələnən yazıçıların xaricdə oturub buradakıları söyən, tənqid edən, günahlandıran siyasi aktivistlərdən, nəsə mənfəət güdənlərdən zərrə qədər də fərqi yoxdur. Bunlar da onların yazıçı versiyasıdır.

Məsələn, Günel Mövlud... Ömrümdə heç vaxt bir qadına görə ispan utancı yaşadığımı xatırlamıram, amma Günel Mövludun adı hər rastıma çıxanda utanıram. Bilirsiniz də, Günel Mövlud da uzun illərdir Norveçdə yaşayır... Norveç... Təsəvvür edirsiniz haradır ora? Qısaca belə deyim: Azərbaycanda söydüyünüz, tənqid etdiyiniz, bəyənmədiyiniz hər nə varsa, Norveçdə tam əksidir.

O gün Günel Mövludun bir videosu çıxdı qarşıma. Hansısa bir poeziya gecəsində iştirak edir, qırmızı libasda, əlində şərab... Necə gözəl mənzərə... On beş – iyirmi yaş gənc olsa, aşiq olardım, o dərəcə... Amma videonun davamında qəfil əlindəki vərəqdən Azərbaycan dilində hansısa şeirini oxudu... Bəli... Uzun-uzadı bir şeirini oxudu Azərbaycan dilində... Utanıb yerin dibinə girdim yenə... Mən Günel Mövludun bokmarsk ya ninorsk dillərini öyrənib norveçlilərlə öz dillərində danışmağını gözləmirəm, o potensialı görmürəm, amma ay Günel Mövlud, bu illər ərzində buradan apardığın “hello, yes, no”-nun yanına bir-iki söz də artırıb ingilis dilini öyrənə bilmədinmi ki, heç olmasa, şeirini ingilis dilində oxuyasan? Özün hamıya lağ edən adamsan, sonradan o videoya kənardan baxıb necə göründüyünü hiss etmədinmi? Onu da biz buradan görüb deməliyik?

Neçə ildir Norveçdə yaşayırsan, sən də gözünü zilləmisən bizim saytlara, sosial şəbəkələrin Azərbaycan seqmentinə, ordan-bura tükəzbanlıq edirsən, ancaq arvad-kişi söhbətləri, seks, ər-arvad, qaynana-gəlin, bakirəlik, yenə seks, ər-arvad... Xarab kaset kimi eyni şeylərin təkrarı... Bizə bilmədiyimiz, görmədiyimiz şeylərdən yazın, danışın, biz də bilək.

Ürəyim doludur, söz-sözü açar, səhifələrlə yazaram, danışaram bu mövzularda, amma istəmirəm ki, kimsə qərəzli olduğumu, hansısa məqsədlə bu şeyləri yazdığımı düşünsün. Açığı, belə düşünsələr də mənim üçün heç bir fərqi yoxdur, sadəcə gördüklərimi, fikirləşdiklərimi dedim.

Əli Zərbəliyə və onun timsalında digər gənc yazıçı dostlarıma da demək istəyirəm ki, belə avara, mənasız, lazımsız söhbətlərin başını buraxın, biz də özümüzdən əvvəlkilər kimi məhv olub getməyək, istedadımızı lazımsız şeylərə xərcləməyək.

Məsələn, ay Əli, elə üç-dörd gün qabaq sənin yaşadığın o şəhərdə, Budapeştdə Çempionlar Liqasının finalında ingilislərin “Arsenal”ı ilə fransızların “PSG” komandası qarşılaşdı. Yüzillik müharibənin yaşıl meydandakı davamı oldu. Oyundan sonra da azarkeşlər arasında ciddi dava-dalaş düşüb, 400-dən çox azarkeş saxlanılıb. Çox istəyərdim ki, sən yazdığın bu “hekayə” əvəzinə həmin oyuna gedəydin, lap tribunada olmasan da, o küçələrdəki hansısa açıq kafedə pivə içib ingilis və fransızların necə dalaşdığına baxardın, sonra heç nə yazmasan da, bizə danışardın. Şəxsən mən canla-başla sənə qulaq asardım...

# 196 dəfə oxunub

Oxşar xəbərlər

Alfa nəslinin ədəbiyyatı - Uşaqların diqqətini maraqsız mətnlə cəlb etmək mümkündürmü?!

Alfa nəslinin ədəbiyyatı - Uşaqların diqqətini maraqsız mətnlə cəlb etmək mümkündürmü?!

16:00 1 iyun 2026
"Ağlaya-ağlaya əlyazmalarımı yandırırdım..." - Anna Zegers ölüm düşərgəsi haqqında nə yazmışdı?

"Ağlaya-ağlaya əlyazmalarımı yandırırdım..." - Anna Zegers ölüm düşərgəsi haqqında nə yazmışdı?

13:30 1 iyun 2026
"Qarabağda doğulan azadlıq şəfəqləri Qərbi Azərbaycana da düşəcək" - Bəhruz Niftəliyev

"Qarabağda doğulan azadlıq şəfəqləri Qərbi Azərbaycana da düşəcək" - Bəhruz Niftəliyev

10:40 1 iyun 2026
"Atalar və oğullar" problemi həmişə oğulların lehinə həll edilmir... -  Tanınmış alim xatirələrində nə yazırdı?

"Atalar və oğullar" problemi həmişə oğulların lehinə həll edilmir... - Tanınmış alim xatirələrində nə yazırdı?

09:48 1 iyun 2026
Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

14:00 26 may 2026
"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

11:40 26 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər