Modernizm kultu - III YAZI

Modernizm kultu - III YAZI
13 noyabr 2015
# 21:00

Kulis tənqidçi Elnarə Akimovanın “Azərbaycan poeziyasında yeni təfəkkür kultu – Modernizm” məqaləsini təqdim edir.

III YAZI

XIX əsrin sonu - XX əsrin əvvəllərindən etibarən bir sıra cərəyanların dünya ədəbi-mənəvi məkanını istila etməsi, elmi nüfuzun güclənməsi, insana marağın önə keçməsi prosesi başladı. Azərbaycan da xaotik proseslər burulğanında çalxalanan dünyanın bir hissəsi idi və təbii ki, baş verən dəyişikləri özündə ehtiva eləməsi mütləq idi. Digər tərəfdən, o, bu proseslərə tam fərqli rakursdan dönüşərək qoşulurdu. Bildiyimiz kimi, XX əsrin ilk iki onilliiyi xalqın milli təfəkkürünün və daxili enerjisinin, intellekt və emosiya potensialının oyandığı və pərvəriş tapdığı zaman hüdudu kimi çevrələnir. Həmin dövrün tədqiqatçısı A.Bayramoğlu yazır ki, “… nisbətən üzdə olub qabarıqlığı ilə nəzərə çarpan milli özünüdərk və milli istiqlaliyyət arzusu və idealından irəli gələn vətənpərvərlik hissinin bədii əksi dövrün poeziya və nəsrində özünün dolğun bədii əksini tapmış, hətta poeziyada tərənnüm və milli özünüdərkdən doğan milli ləyaqət və şərəfin vəsfi digər mövzu və problemləri kölgədə qoymuşdur". (Ulduz” jurnalı, 1990, №5). Sovet rejiminin zorən tətbiqi isə başlanan bütün prosesləri yarımçıq qoymaqla bahəm, xalqın milli oyanış əzminə güclü zərbə vurdu. Bir tərəfdən, yaşadığı iki dünya müharibəsinin fəci nəticələri, digər tərəfdən, rejimin antimilli təbliğat kompaniyası xalqı öz kökündən, milli kimliyindən, keçmişindən, tarixi statusundan məhrum etmək siyasəti Azərbaycan insanını dünya müstəvisində təklənməsinə gətirib çıxardı. Öz genetik kodu və milli müəyyənliyi ilə bağlı düşüncələrinin bədii mətnə köçürülməsinin qadağalarını yaşaması, həmçinin dünya məkanında gedən proseslərdən təcrid olunaraq qapalı məcrada fəaliyyət göstərməsi ona sosial stasusunu fərqləndirmə və fərdiləşdirmə imkanı vermədi. Yalnız 1960-cı illərdən başlayaraq bu insanın özünə dönüşünə, boylanıb dünyaya baxmasına, dünya insanını ədəbiyyata gətirib planeter düşüncə sərgiləməsinə yol açıldı. Əlbəttə sovet ideologiyasının hakimi-mütləq olduğu dövrlərdə belə ədəbiyyatın insanı düşündüyünü vurğulaya, müxtəlif şairlərin poetik nümunələri əsasında bu tendensiyanın mövcudluğunu iqrar edə bilərik. Amma söhbət ümumən, zərrədən deyil, bu baxışı yaradıcılığının qayəsinə çevirmiş əsərlərdən gedirsə, belə bir hərəkat məhz, 1950-ci illərin sonu, 60-cı illərin əvvəllərindən başlayaraq funksionallıq qazanmışdır. Fəqət burda bir incə məqam da var. Azərbaycan ədəbiyyatında modernizm hadisəsindən bəhs ediriksə bunu modern anlayışı ilə qarışdırmamalıyıq. Azərbaycan ədəbiyyatında modernləşmə həmişə yeniliklərlə səciyyələnən, özü ilə yeniliklər gətirən hadisədir. Məsələn, Axundovun modernləşməyə xidməti onun ağıl kultunu ədəbiyyatın məhvərinə gətirməsi oldu. Bütün maarifçi-realist ədəbiyyatın missiyası bu kultun prinsiplərindən çıxış eləməklə səciyyələnir. Burdan modernizm cərəyanına, yəni fərdin maraqlarına çıxışsa hələ mümkün deyildi ona görə ki, toplum olaraq millətin özünün özünü tanıması gərəkirdi. Bunun üçünsə romantizm cərəyanının milli ədəbiyyatımıza açılması lazım idi. Ə.Hüseynzadənin, H.Cavidin, M.Hadinin bütün çabalarının məğzində bu amilin nisgili dururdu: “Yox millətimin xətti bu imzalar içində” (M.Hadi). Milləti ilk olaraq özünə tanıtmaq, özünə dərk etdirmək. Yalnız bundan sonra fərdin özünüdərki başlaya bilərdi. Özünü dərk etməyən fərd heç vaxt içinə enə bilməz, özü ilə dialoqa müvəffəq olmazdı. Çünki qeyd etdiyimiz modernizm hadisəsi burdan başlayır: fərdin içinə enişi ilə.

90-cı illərdən başlayaraq poeziyanın yeni estetik mündəricəsi daha çox gənc nəslin şeirlərində təzahür etdi. Dünyaya və ölümə münasibətin dəyişməsi, şeirdə ekspressiv boyaların üstünlük təşkil etməsi, çöküş, tənəzzül məqamlarının başlanğıc götürməsi əsas məzmun keyfiyyətləri kimi meydana çıxdı. Poeziyanın estetik çaları, onun zövq yaşatmaq xüsusiyyəti daha çox şüuraltını oynatmaq, fikri dolaşdırmaq, çaşdırmaq kimi oyun estetikası ilə əvəzləndi. “Oyun” simvolikasına köklənmiş poeziyanın zatən ciddi təsir bağışlamaq gücü də zəifləməyə başladı. Ölüm, tənhalıq kimi məqamlarda poeziyanın nüfuzu daha dərinlərə işləsə də, bu artıq vahimə, xof yaratmır, təbii çalarından uzaqlaşıb bəlkə daha çox “qurulmuş” nəsnə təəssüratı doğurduğundan “ürək hadisəsi” olmaq orbitindən çıxıb “məntiqi oynatmaq” hadisəsi kimi təzahür edirdi. Daha dəqiq desək, 90-cı illər şeirində şeirdə yaranmağa başlayan forma dəyişiklikləri məzmun hadisəsini də doğurur, dəyişdirir, onun da yeni biçimdə meydana çıxmasını şərtləndirirdi. Həmin forma dəyişiklikləri hansılar idi?

90-cı illər şeirində forma dəyişiklikləri daha çox dünya cərəyanlarının poeziyaya tətbiqi fonunda baş verirdi. “Poetik təfəkkürü vizual və virtual təsir “uçurumuna” uğratmaq, forma yeniliyi əldə etmək üçün (dünya ədəbiyyatının keçdiyi, amma bizim ədəbiyyatda yeni olan) eksperimentlərin tətbiqinə çalışmaq, müasir rus və keçmiş sovet məkanından olan bir çox ölkə ədəbiyyatlarının maraq göstərdiyi “poeziyada parnoqrafiya elementləri”nin az da olsa tətbiqinə çalışmaq kimi meyllər” (N.Cabbarlı), - yeni nəsil poeziyasında əsas əlamətlər kimi mənalana bilər. Müstəqillik dövrü poeziyasında daha çox konstruktiv şeir və epik şeir üslubları hakim mövqeyə keçir. Bu dövrdən başlayaraq poeziyada geniş intişar tapan konstruktiv şeir çağımızadək funksionallığını qoruyub saxlayan əsas yaradıcılıq istiqamətidir.

Milli müstəqillik illəri şeirində poeziyaya əsas forma dəyişikliyi Salamın şeirləri ilə adladı. İlk baxışda bu şeirləri Ramiz Rövşən poeziyasındakı fəlsəfi, mənəvi-psixoloji yaşam halı ilə tutuşdurmaq, bəlkə eyniləşdirmək də mümkündür. Lakin bu ilk baxışda belədir. Salamda poetik yaşamdan daha çox poetik qurama – konstruksiya var. Şeirlər sanki sövq-təbii içdən gəlmir, müəllif onu qurur. Bunu şairin özü də etiraf edir. Konstruksiyalı şeirdə daha çox məntiq oyunu üstünlük təşkil edir, fəlsəfə də, mənəvi-psixoloji yaşam da məntiqə, düşüncəyə tabe tutulur. Məsələn, “Sac üstə qıvrılan qar dənəsiyəm / Bilmirəm yaydımı, ya qışmı indi”; “Bir uzaq yol gəldi bu baxt mənəcən. / o da gələn kimi yoruldu yatdı”; “Baxdım, nə qapısı, nə bacası var. / baxdım çöl-bayırı görməyən evə:/Bəs axşam haradan girir qaranlıq / gündüz gün işığı girməyən evə?”

Bu şeirlərdə təzad başlıca amil olaraq şeirin onurğa sütununu təşkil edir. Bir-birlərinə zidd hisslər, fərqli məntiqlər, süjetsizlik, fikir, düşüncə ardıcıllığının olmaması konstruktiv şeirin mahiyyətindən doğur. “Gəl sənə təsəlli verim/ Darıxma, düzəlməyəcək”. Qarşı-qarşıya qoyulan iki xətt, iki sistem, iki fərqli ovqat bütün şeirlərin əsas özəlliyinə çevrilir. Şairlər söz oyununa o qədər aludə olurlar ki, hisslərin hansı halda təzahür etməsinin fərqinə varmırlar. Hər şey müəllifin qurduğu sistemə - sözlərin məna çalarlarının bir ortamda görünməyinə tabe tutulur.

Salam Sarvanın şeirində güclü ironik çalarlar şeirin əsas məzmun keyfiyyəti kimi gerçəkləşdi. Dünyaya, həyata ironik, barmaqarası yanaşılan bu mətnlərdə insan, şəxsiyyət amili milli insanın böhranı kimi boşluqlardan nəşət tapmağa başladı. Dünənə qədər didaktik, maarifçi, tərbiyəçi, pafoslu tərənnümçü, intellektual şair statuslarında poetik dövriyyəyə qatılan şeirimiz bu dəfə Salamın yaradıcılığı ilə ironik yanaşmanın hüdudlarında var-gəl eləməyə başladı. Bu ironiyada cəmiyyət də, onun neqativləri də aydın görünürdü. Əhməd Cavad şeirlərinin birində “Böylə göz yaşıyla keçən ömrümün, / Sonunda bir acı güləcəyəm bən!” – yazırdı. 90-cı illər şeirinin üsyan, barışmazlıq, ruhun çıxılmazlıq əzablarına qarşı etirazı həmin “acı gülmək” formasında üzə çıxırdı. Sükutun səsi, əzabın səssiz fəryadı, susdurulmuş hayqırışlar şəklində. Gərdişə, taleyə, həyata, dünyaya, ölümə, hətta Tanrıya belə ironiyanın pik həddinə çatmış bu poeziya özündən sonrakı bütün prosesə təsir göstərmiş oldu. Bəlkə elə bir təsir ki, bunu yalnız A.Səhhətin Sabir haqqında söylədiyi fikirlə ifadə etmək olar: “Sabir köhnə şeirləri ilə yeni şeirləri arasında bir əsrlik qədər uçurum açdı ki, bir daha geri dönüb o uçurumdan atılmağa kimsədə cürət qalmadı”. Salam şeiri də 90-cı illərin şeir havasına həmin nəfəslə daxil oldu, bütün poetik havanı dəyişdirdi, poeziyanın ritmini, ahəngini, bədii mənzərəsini, ovqatını başqa səmtə yönəltdi. Düzdür, bəzən həmin pozitiv təsir gələcək neqativlərin də doğuluşuna yol açdı. Bu şeirlərin təsirinə qapılmaların sayı getdikcə artmağa başladı, şeir daha çox eyni havanın iqlimində dolaşmağa səmtləndi. Bunu təbii hal saymaq lazımdır. Bütün yenilikçi addımlar nəhayətində, ona dönüşləri, ona qapılmaları, ətrafında dövr olunmaları labüdləşdirir. Füzuli şeirinin sehrinə tutunan nə qədər epiqonçu şair yetişmişdi?! Ki, üç əsr sonra belə bu tilsimi qırmağa Axundov dühasının gücü çatmış, istəyinə müvəffəq olmuşdu. Demək istədiyimiz odur ki, yeni şeir ardınca böyük bir ordunu gətirmiş, gəlişdirmiş olur. Poeziyanın Salam hadisəsindən sonra bir çox şairlərin şeirlərində konstruksiyaya meylin əlamətləri, fikrin konstruksiyası ilə şeir yazma meylləri əsas üslübi keyfiyyətlər kimi önə keçməyə başladı. Poetik detalların eyniliyi, oxşar məcaz və epitetlərdən yararlanma, eyni simvollara müraciət – mahiyyət olaraq başlanğıc məqama dayanıqlı idi, yeni forma və məzmun keyfiyyətində hasilə gələ bilmirdilər. Bu tendensiya hətta yeni minilliyin poeziyasında belə dominantlığını əldən vermirdi.

Müstəqillik dövrü poeziyasında əsas forma xüsusiyyətlərindən biri epik şeirin önə çıxması ilə əlaqədar idi. Şeirdə daha çox təhkiyə elementlərinin yer alması, epik vüsət, təsvirə meyllilik əsas üslubi əlamətlər kimi qabarmağa başlamışdı. Şairlər həyati müşahidələrini, bəzən hədsiz dərinlərə işləyən şüur oynaqlıqlarını təhkiyə elementlərinin gücü ilə verməyə çalışırlar. Bu elə bəlkə də, həmin səbəbdən hasilə gəlirdi, şairlərin daha çox həyatın dərinlərə, bütün qatlarına baş vurma çabalarından. Yazılan şeirləri içdə yaşanılan ideyaların bədii təcəssümünə çevirməyə çalışırdılar və təsadüfi deyil ki, bu cəhd əsərlərin poetik strukturunun fərqli olması ilə nəticələnirdi. Zənnimizcə, müstəqillik dövrü şeirində nəzm və nəsr hissələrinin növbələşməsi məsələsi də məhz bu ayrıntı ilə bağlıdır. Çünki bədii mətndə ideya axtarışları kəskinləşdikcə, daha doğrusu dərinləşdikcə əsər, daha çox öz forması ilə danışmağa üstünlük verir.

Müstəqillik dövrünün poeziyasındakı yeniliklərdən bəhs etmək müəyyən hallarda etirazla qarşılanır: Avropa cərəyanlarının milli şeirimizə süni şəkildə tətbiqinin civarında yeni poeziya yarandımı ki?! Zənnimcə, yarandı. Bütün uğursuz cəhdlərə, qərb cərəyanlarına ifrat meyllərinə baxmayaraq, müstəqillik dönəminin poeziyası öz keçmişi, gələnəkləri, zəmin aldığı fəlsəfi-psixoloji notlara qədər yeni xarakterli poeziya idi. Ən azı bu poeziyadakı obrazın yaşamları, keçib gəldiyi gerçəklər, fəci yaşantılar sırası, içinin təbəddülatları, əzabları başqa idi və o, poeziyaya yeni bir dünyanın İnsanı kimi qədəm qoyurdu. Ədəbiyyat isə bütün hallarda yeni İnsanla təzələnir.

# 1057 dəfə oxunub

Müəllifin son yazıları

# # #