Kulis.az Gülyaz Əliyevanın "Bu sevda nə sevdadır?" adlı yeni yazısını təqdim edir.
İnsan yarananda onunla bərabər folkloru, şifahi ədəbiyyatı da yaranıb. Çətin işlərini asanlaşdırmaq, ağır zəhmətini yüngülləşdirmək məqsədilə insanın öncə əmək nəğmələrini yaratdığı güman edilir. Bu ənənə hələ də şüuraltımızda qalmaqdadır. Bir ağır daşı qaldırmaq üçün üç-dörd insan indi də bir yerə toplaşıb həmin işi görmək istəyəndə bir ağızla:
Ha, ha, bir də ha,
Bir də, ya Allah,
Obaaa! - deyə əməyini yüngülləşdirməyə çalışır. Beləliklə, bir əmək nəğməsi yaranmış olur. Bu sözlərlə sanki daşı daha asanlıqla qaldırır. Hər kəs bir ahəng altında güc verərək, çətinliyi birlikdə yenir.
Oturaq və köçəri həyat tərzi keçirən insanların da əmək nəğmələri əkinçilik və maldarılqla əlaqədar olaraq iki yerə bölünüb. Həm holavarlar, həm də sayaçı sözləri müraciətlə başlanıb. İnsan xeyirini, bərəkətini gördüyü heyvana məhəbbət bəsləyib, onu əzizləyib, oxşayıb. İllərin təcrübəsi ona göstərib ki, həyatın mayasını sevgi təşkil edir. Sevgi ilə görülən işdən gül iyi gələr. Bir işi sevgisiz, könülsüz, nəyinsə müqabilində görmək yaxşı nəticə verməz. O zaman həmin iş insana əzablı və cansıxıcı gələr, başqaları da ondan fayda görməzlər. Amma sevgi ilə dağı dağ üstünə qoymaq olar. Fərhada Bisütun dağını çapdıran, ona o gücü verən nə idi? Məcnuna susuz, isti səhralarda gül bağçasında gəzirmiş kimi rahatlıq verən nə idi? Sevgi olan yerdə bərəkət var, ürək rahatlığı var.
Nənəm, a ağbaş qoyun,
Qarlı dağlar aş, qoyun....
Ağır zəhmətini yüngülləşdirirdi insanın bu sözlər, bu müraciət. İşinə olan sevgisi onu yaradıcı edirdi...
Qara kəlim, gündə mən,
Kölgədə sən, gündə mən,
Sən yat qaya dibində,
Qoy qaralım gündə mən...
Heyvan da olsa, insanın xoş sözləri ona yaxşı təsir edir, bu nəvazişdən heyvanın da, sanki, yükü azalırdı, çətinliyi birlikdə sevgi ilə aşırırdı...
Cəlil Məmmədquluzadənin "Anamın kitabı" tragikomediyasında belə bir epizod var. Çobanlar söhbət zamanı deyirlər ki, Çoban Zaman bir ney çalır ki, su içməyə gedən qoyunlar belə o neyin, o "Çoban bayatısı"nın təsiri ilə geri qayıdır... Budur sözün-nəğmənin gücü... Yad təsirlərə düşüb, yad dildə danışan, ana dilini və anasını unudan qardaşlardan fərqli olaraq, bu sadə insanlar - çobanlar öz işlərini, peşələrini, hətta qoyunlarını sevir, onlara da bir şüurlu canlı kimi mərhəmət və məhəbbət bəsləyirdilər. Hətta Qəmbər nağıl edirdi ki, qoyunu canavar dağıdanda ona bir gün tütək çalıb yas saxlayıblar. Odur ki, bu sevgi onların qəlbində bir rəhm, bir insanpərvərlik əmələ gətirmişdi. Acların məsələsini oxumuşlar iki gün iclas çağırıb həll edə bilmədikləri, onların dərdini anlamadıqları halda, bu savadsız çobanlar bir andaca həll edirlər. Aclara nə lazımdır? Quru-quru sicilləmə, anlaşılmaz sözlərmi, ya çörəkmi? Bu sadə insanlar aclara çörək verməklə onların işini həll etdilər. Çünki onlar həyat dərsi alıblar, öz köklərindən ayrılmayıblar, doğma analarına bağlıdırlar, ana dillərində danışırlar. Yad təsirlərə düşməyiblər.
Biz çobanıq, dağdı, daşdı yerimiz,
Yoldaşımız qoyun, quzu sürümüz.
Dərs almayıb, haqdı ki, heç birimiz,
Amma zövqi səfalıdır çobanlar,
Qardaşlıqda vəfalıdır çobanlar...
Bəli, hər bir dərsdən öncə sədaqət, vəfa, qardaşlıq dərsi önəmlidir bu həyatda. İnsanı insan edən odur. Çörəklərini zəhmətlə, halallıqla qazanmaqdır önəmlisi.
"Sevgin mənə qənd olar,
Sevməyən namərd olar..."
Demək, sevməyi bacarmayandan olar namərd, sevən hər işdə mərd olar. Ən böyük dərdsə, sevərkən ayrılmaqdır...
"Bülbül də gül bağında bircə gülə bənd olar..." Hər gülə deyil...
İnsan gərək mərd ola, sevəndə də, sözün deyəndə də mərdana deyə. Çünki:
"Deməz oğul qorxağa
Qoçaq ata, mərd ana".
Atalar: "Keçmə namərd körpüsündən, qoy aparsın sel səni," - deyiblər. Çünki, "Namərd adam haqqı qoyub, nahaqqın dalınca gedər".
"Namərd gəlib mərd olmaz, yüz ətəklə, yüz yalvar". "Namərdi Allah da sevməz", ona görə də:
"Namərd namərddən kəsər, Allah da hər ikisindən".
Bu səbəbdən də həmişə: "Namərdə yaxa vermə, mərdə arxa ol".
"Namərdə möhtac olunca, dəryada qərq ol"mağı üstün tutublar mərd babalarımız. Zəhməti sevən, sözü, əməli düz atalar asanlıqla başa gələn işi bəyənməyiblər: "Ucuz ətin şorbası olmaz", - deyiblər. Yəni, az zəhmət çəkilən, tez başa gələn işin dəyəri olmaz. Bu fikri "Qazanılmış manat" nağılında daha qabarıq şəkildə nəzərə çatdırıblar. Tənbəl oğul əziyyət çəkmədiyi bir manatların yanmasını laqeydliklə seyr etdiyi halda, özü qazandığı qəpik-quruşu əl atıb, yanar odun içərisindən götürür. Niyə? Çünki ona əziyyət çəkib, zəhmətlə qazanıb. Necə ki, iqtisadiyyatda insan əməyinin dəyəri o işə ayrılan vaxta görə hesablanırdı, eləcə də, daha çox əmək sərf olunan, daha çox zəhmət hesabına başa gələn iş də daha keyfiyyətli iş hesab olunurdu. Həqiqətən də, ağır zəhmət hesabına qazanılan nemət daha dadlı olur. Ona görə: "Çörəyi bal dadanda ye",- deyə bir deyim də var.
Keçmiş insan, mənə elə gəlir, indikindən daha həssas, daha duyğulu idi. Ürəyi sevgi dolu idi. Bir iş görəndə yüz ölçüb bir biçər, ağzından çiy söz çıxarmaz, qırağına baxıb, bezini alardı. Söz sərrafı, insan sərrafı olardı... Ucundan tutub, ucuzluğa getməz, aslanın onu yeməsini tülkü kölgəsində yatmaqdan üstün tutar, dostluğu da, düşmənliyi də bilindirər, saman altından su yeritməz, ağır oturub, batman gələrdi. Öləndə də kişi kimi ölməyi üstün tutardı. İsmayıl Şıxlının "Namərd gülləsi"ndəki Niftalı koxa kimi, namərd Mürşüdün yox, mərd düşmən Qaçaq Kərəmin gülləsi ilə ölməyə üstünlük verərdi...
Əlbəttə, meşə çaqqalsız olmadığı kimi, hər dövrdə namərd, nanəcib insanlar da olub. Amma əvvəllər namərdliyi, haram tikə yeməyi, sevgisində dönüklüyü özünə rəva görənlər bostandakı alaq otları kimi az idilərsə, indi onların çoxluğundan bostan itib, alaqlar boy verib, bütün sahəni tutub. İndi cəmiyyətdəki saysız-hesabsız neqativ hadisələri eşitdikcə insan təəccüb edir. Niyə axı belə oldu? Azərbaycanın çox möhkəm, topdağıtmaz ailə ənənəsinə, adətlərinə, mənəvi kamiliyinə nə oldu? Niyə onlar birdən-birə, sanki, bir zəlzələ nəticəsində yerlə-yeksan oldu... Televizoru açırsan, fikankəs bacısını amansızlıqla öldürdü, bəşmənkəs sevgilisini qətlə yetirdi, iki uşaq anası uşaqlarını atıb qaçdı, zibillikdən körpə tapıldı, nəvə babasını öldürüb sərvətini oğurladı, ata uşaqların gözü qarşısında arvadını bıçaqladı, qonşu qonşunun uşağını oğruladı, oğul atanı öldürdü....
Sevgilisinin üzündəki göz izini, yad baxışı duyacaq, görəcək qədər həssas olan gənclər yetirən xalqın içindən indi niyə bu qədər nanəcib, ucuz həyatı, mənəviyyatsızlığı üstün tutanlar çıxdı?! "Əyil dəsmalın götür, mən götürsəm, söz olar",- deyə, sevdiyinə toz qondurmayanların törəmələri niyə belə dönük çıxdı? Axı onların əcdadları küçələrə su səpirdi ki, yar gələndə toz olmasın, elə gəlib-getsin ki, aralıqda pis, bir könül bulandıran, qəlb sındlran söz olmasın.
"Aman ovçu, vurma məni,
Mən bu dağın maralıyam...
Mən yarıma neyləmişəm,
Yarım məndən kənar gəzər?" - deyən insanlar necə oldu?
Necə ola bilər ki, onu:
"Öyrədərəm sevgi nədir,
Yanıma gəlsən altı-bazar" ,
"Gəl yanıma, yanıma, yanıma,
Al məni qollarına, qollarına", - deyənlər aldı?! Oxunan mahnılara sadəcə bir mahnı kimi baxmayın. Aradakı fərqi görün... Mənəviyyat ayaqlar altında, maddiyyat başa keçib...
Xalq mahnılarını yaradan insanlar indiki kimi məktəb oxumamışdı, elmi dərəcəsi yox idi, texnikadan istifadə etmir, internet vasitəsilə hər şeydən xəbər tutmurdu. Amma onun bəsirət gözü açıq idi. Ürəyi həqiqi sevgi ilə vururdu. Qəlbindəki hisslər həqiqi idi. Qəlp deyildi. Nə düşünürdü, onu deyirdi. İnsanı gözündən, quşu dimdiyindən tanıyırdı. Üzdəki naməhrəm göz izini sezəcək bir göz var idi onda. Baxış bucağından - insanın ayağamı, ya başamı baxmağından tanıyırdı dost-düşmənini. Süniliyi yox idi, üzdə bir, daldada bir olmurdu. O vaxtlar rentgen yox idi, amma insan gözü onu əvəz edəcək gücə malik idi, insan ürəyi hər şeyi: pisi də, yaxşını da duyurdu. Onlar ürəyə damırdı. Hər yeni texnika insanda olan o dərin hissetməni, bəsirət gözünün üstünlüklərini insandan aldı sanki. Rentgen, insandakı o rentgeni əvəz edəcək gözü, digər aparatlar qəlb duyumunu və sairəni aldımı? İnsanın əməyi yüngülləşdikcə özü də sanki yüngülləşdi, çəkisi-sanbalı azaldı. Az əmək sərf olunan, sevgi ilə görülməyən işlərin dadı qaçdı. Dəyirmanda üyüdülüb alın təri ilə qazanılmış nemətdən təndirdə bişirilən çörəyin iyimi qalıb, ya dadımı indiki zavod çörəklərində?...
Bir baxışdan ötrü saatlarla pəncərə qabağında duran, xumar gözdən yaş axıdan, canının qorxusu bahasına, pəncərəyə daş atan cavanın sevgisimi daha dözümlüdür, ya bir telefon zənginə yüyürüb onu sevib-sevmədiyinə əmin olmadan görüşə gələn qıza olan sevgimi?
Bir var eşq, sevgi, məhəbbət, bir də var sevda... Bu sevda ki var, bu, tam bir başqa şeydir, bu onların heç birinə bənzəməz... Hanı indi o sevda? Sevda deyəndə qarşısında yazılan bir "qara" sözü də yada düşür. Sevda, həm də ola qara sevda... Əlacsız sevən aşiq...
Bu dərənin uzunu
Çoban, qaytar quzunu
Nə ola bir gün görəm, nazlı yarın üzünü...
Arzuya, istəyə bax bir. Nə ola...
Hə qədər sevgi dastanları, nəğmələr qoşulub qara sevdaya...
Arpa çayı aşdı, daşdı,
Sel Saranı aldı, qaşdı...
Gedin deyin Xan Çobana,
Gəlməsin bu il Muğana
Muğan batdı nahaq qana,
Apardı sellər Saranı...
İndi varmı belə qara sevdalar?
"Bu sevda nə sevdadı, səni mənə verməzlər,
Neylim, aman, aman, Sarı gəlin..."
Məncə, cəmiyyəti məhvə, insanları uçuruma aparan sevgisizlikdir. İnsanın içində sevgi hissinin olmaması, onun yerini eqonun, özünübəyənmişliyin, mənəm-mənəmliyin, şöhrətpərəstliyin tutması, hər şeyin pulla ölçülməsidir. Sevgisizlikdir, istər işinə, istər eşinə-dostuna, istərsə də yar-yoldaşına olan sevgisizlik, insanı vəhşiyə çevirən budur! Bu nə sevgisizlik sevdasıdır cəmiyyəti sarıb, bilmirəm, aman, neylim aman, aman...