"Qarabağda doğulan azadlıq şəfəqləri Qərbi Azərbaycana da düşəcək" - Bəhruz Niftəliyev

"Qarabağda doğulan azadlıq şəfəqləri Qərbi Azərbaycana da düşəcək" - Bəhruz Niftəliyev
1 iyun 2026
# 10:40

Kulis.az sənətşünaslıq üzrə fəlsəfə doktoru Bəhruz Niftəliyevin "Bizim evin açarı" yazısını təqdim edir.

Soyuq buz kimi kəsirdi... Maşından düşəndə qət etməli olduğum yola baxdım... Qar bəyaz xalısını örtmüşdü... Ordan keçənlər yağan qarın altında sanki qorxa-qorxa rəqs edən adamlara bənzəyirdi. Mənimlə birgə gələnlər, o yolu keçməli olanlar xəfif gülümsəyib addım atmağa başladılar. Yıxılmadan ünvana çatmaq lazım idi. Tanımadığım xanıma da kömək etdim, əslində bir-birimizdən tutunub o yolu keçdik. Parkın içində irəliləyib “təhlükəsiz yer”ə çatanda sevindik ki, bunu bacardıq-yıxılmadıq... Halbuki mart ayının biri, bahar fəslinin ilk günü idi.

Yaza təslim olmaq istəməyən qış son çırpınışlarını edirdi. Beləcə, Sumqayıt Poeziya evinə yetə bilmişdik. Bizi bura gətirən əziz Natəvan Dəmirçioğluya olan hörmət və sevgimiz idi. Çöldə qarın tüğyan etməsinə baxmayaraq içəriyə çoxdan yaz gəlmişdi...Danışdıq, müzakirə etdik, ürəyimizdəki arzuları dilə gətirdik.... Söhbətlərimizin sarı simi də, nəqarəti də Vətən oldu, yurd oldu... Elə Natəvan Dəmirçioğlunun qəlbindən qələminə, ordan da kitaba süzülən “Açar” romanının əsasını da müqəddəs Vətənə, onun əvəzsizliyinə duyulan hisslər təşkil edir və biz bu əsərin işığına gəlmişdik...

Sözün açığı qışı sevmirəm... Elə bilirəm hamı, hərkəs, ağaclar belə üşüyür, şikayətçidi... Elə bilirəm bütün evsizlər, yuvasız quşlar, çöldəki pişiklər də mənim fikrimdədir. Birdəki qarlı qış o soyuq fevral ayını – Xocalı faciəsini xatırladır mənə, 1988-ci ilin noyabrında Qərbi Azərbaycandan zorla sürgün və deportasiya edilən soydaşlarımızı düşündürür təkrar-təkrar... Əlimizdə əlcək dözə bilmirik soyuğa, amma onlar... Bir də səngərdəki əsgərlər...

Bilirəm gözəl fəsildir qış... Bilirəm təbiətin qanunları var... Bəlkə indi ana yurdum Zəngəzurda gözlərimi açsaydım, oranın qışına, soyuğuna öyrəşsəydim, o gözəlliklər mənim də qanıma-canıma hopsaydı soyuğu-sazağı ilə birgə, yəqin mən də sevərdim bu fəsli... Sevdiklərimin çoxu da qarda-qışda, soyuq havalarda tərk edib dünyanı... O gedənlərdən , o köçənərdən çox xatirə qalıb. Onlardan biri də EVİMİZİN AÇARIDIR!...

Natəvan Dəmirçioğlunun “Açar” romanını açar-açmaz Qurandan bu cümlələr qarşılayır bizi: “Göylərin və yerin açarı Onun əlindədir... O hər şeyi biləndir.” Uşaqlıq illərindən bu deyimlər hafizəmə hopub. Elə o illərdə yaşanan hadisələr - Qərbi Azərbaycandan soydaşlarımızın haqsız deportasiyası, Şərqi Zəngəzurun, Qarabağımızın işğalı, 20 yanvar faciəsi, Xoalı soyqırımı və daha nələr, nələr... bu deyimə - “Allah hər şeyi bilir, görür” həqiqətinə şüphə yaratmışdı məndə... Axı Xocalıda olanlara nə ad vermək olardı, tanrı necə susa bilərdi...

Açar... Qapımızı, evimizi üzümüzə açan, həm də onu qoruyan, bağlı tutandır... Açar sahib oluğumuz mal-mülkümüzün simvoludur. Açar həm də arxayınlıqdır. Sənə aid bir komanın, bir küncün olduğunu göstərir. Yuxarıda xatırladığım hadisələrdən sonra isə Açar həm də ağrımıza, narahatlığımıza, acımıza çevrildi... O sürgünlər, o qovğalar, o qovhaqovlar zamanı neçə anamız, neçə nənəmiz qoynunda qoruyaraq evinin açarını gətirmişdi... Beləcə Açar həm də ümidimizin simvoluna döndü - “Bir gün ora- doğma elimizə, evimizə geri qayıdıb qapımızı açacağıq”ın işarəsi, işartısı idi o açarlar...

Natəvan Dəmirçioğlunun “Açar” romanı ona görə oxunaqlı, ona görə dərdimizə təndir ki, bu əsər çoxumuzun kədərindən, yaşadığı duyğulardan xəbər verir.

Belə bir hissə var romanda:

Yerdə təzəcə tökülmüş suyun izi vardı, qapı açıq idi. Gəlin dəhlizdə əlində boş kasa sakitcə dayanmışdı. Suyu tökəndən sonra heç tərpənməmişdi.

Onu görüb:

- Nəyi unutdun? - dedi.

- Səni.

- ...

- Yaxşı, sağ ol.

- Mən heç... uşaqla görüşmədin. - Gəlin kədərli gülümsündü, dodaqlarını çarəsizcə büzdü.

- Hə... - ayaqlarına baxdı, zabit çəkmələri uzun-uzadı iplə çəkilib bərk-bərk bağlanmışdı.

- Ayaqqabılı keç. Palazları yığıb təmizləmişəm, hələ salmamışam. Döşəməni silərəm.

- Əziyyət olacaq.

- Keç-keç, əziyyət olmaz,- hətta sevincək dedi.

Uşaq öz çarpayısında arxası üstə yatmışdı. Qolunun birini başından yuxarı, əyri oraq kimi qoymuşdu, əli yarıyumulu idi.

"Allaha əmanət ol, bala" - ürəyində dedi. Bilmədi uşağı necə öpsün. Ayağı ədyaldan bayıra çıxmışdı, əyilib ayağından öpdü, sonra dodaqlarını yarıyumulu əl barmaqlarına sürtdü.

Yenə ayaq izləri qoya-qoya geri - qapıya qayıtdı, elə orada:

- Səninlə sağollaşmıram, tez qayıdacam - dedi - bundan münasib söz tapmadı - və getdi...

Tanış mənzərədir, elə deyil? Neçə igidimiz, necə oğullarımız bax beləcə vidalaşdı ailəsiylə, sevdiyi ilə, valideyini, oğlu, qızı ilə... İşğalda inildəyən torpaqlarımız qayıtdı, amma onların çoxu yox... Bu vida bəzilərinin son görüşü oldu. Romanda belə məqamlar xeylidir. Yazıçının qələmi elə bil közdən güc alır, dərddən yoğrulur... Bir də qayıdaq o dialoqa:

“- Nəyi unutdun? - dedi.

- Səni.”

Necə həlim, necə yumuşaq etirafdı bu.. “Səni sevirəm” i deməyin o an üçün ən gözəl formasıdı. Yazıçı bunu tapa bilmişdi. Bu məhəbbətin qarşılıqlı olduğunu da ifadə etməyi bacarıb Natəvan xanım:

“- Ayaqqabılı keç. Palazları yığıb təmizləmişəm, hələ salmamışam. Döşəməni silərəm.

- Əziyyət olacaq.

- Keç-keç, əziyyət olmaz,- hətta sevincək dedi.”

Mərd bir Azərbaycan kişisinin həm də nə cür bir həssas ata olduğunu Natəvan xanım necə tam verib bu dialoqda: “Allaha əmanət ol, bala" - ürəyində dedi. Bilmədi uşağı necə öpsün. Ayağı ədyaldan bayıra çıxmışdı, əyilib ayağından öpdü” Bəli, atalar övladlarının Vətən torpağına rahat qədəm qoya bilməyi üçün bəzən öz ayağını, əlini, qolunu, sağlamlığını, beləcə canını qurban verdi. Elə atalar da oldu ki, həyatdakı tək dayağını itirdi bu müharibədə... Dayağını itirdi ki, başımız üzərində dayanan üç rəngli, ay-ulduzlu bayrağımız Şərqi Zəngəzurumuzda, Qarabağımızda, Xankəndimizdə dalğalana bilsin.

Filologiya elmlər doktoru Esmira Fuad haqlı olaraq bildirir ki,“ Natəvan xanım sanki bu romanı yaşadığı dövr və insanlar haqqında tarixi, bədii və psixoloji həqiqət kimi qələmə alıb.” Bu həqiqətin bir üzü də daxilimizdə yaşadığımız təlatümlər oldu. Qürur və narahatlığı, sevinc və kədəri eyni günlərdə, eyni anda yaşatdı bizə müharibə. Müəllif də bu hisslərlə qol-boyun yaşa dolub. “Mən anamı çox erkən - onun 37, mənim 12 yaşım olanda itirdim. Beləliklə, ailəmizin xoşbəxt, sevimli günləri ağır günlərlə əvəzləndi. O hadisədən hələ dörd il əvvəl anam xəstələndi və tam dörd il xəstə yatdı. Bu mənə ciddi təsir etdi. Mən altı qızı tək saxlayan atanın övladı olmuşam. Atam ixtisasca tibb işçisi olsa da, ədəbiyyat sevdalısı, aşıq ədəbiyyatını əzbərində saxlayan, şeir yazan və ağac oyma sənətinin mahir ustası idi. Həmin günlərdə biz həyatımıza kitablarla rəng qatırdıq, əsərlərlə ovunurduq, həm də o vaxt deyildiyi kimi, asudə vaxtımızı səmərəli keçirirdik”. Elə Natəvan xanımı həssas yazıçı kimi formalaşdıran da bu illər olub məncə. Altı bacıdan biri olan ədibimiz həm də atasına oğul əvəzi idi. Elə adı ilə tən etdiyi “Dəmirçioğlu” təxəllüsü də bu missiyadan qaynaqlanır. Dəmir iradəli, oğul nisbətli, təhkiyəsi və təxəyülü ilə alnının yazısını əsərlərə çevirən ədəbli ədib xanımımız. Beləliklə, həyatın özü, Tanrının rizası ilə müasir ədəbiyyatımzın parlayan simasına çevrildi Natəvan Dəmirçioğlu. O parlaqlığın, o yüksəlişin arxasında isə necə yuxusuz gecələr, hansı kədər və ovuntular var. Hardandır məndə bu əminlik? Çünki, Natəvan xanımın mən təkcə əsərlərini oxumamışam, onu həm də çox dinləmişəm, duymuşam... O ən səmimi müsahibəsini də mənə verib. Bu barədə özü də tez-tez xatırlatma edir. Mədəniyyət telekanalında yayımlanan, müəllifi və aparıcısı olduğum “O” sosial-psixoloji proqramın qonağı olanda bütün suallara səmimi və dürüstcə verdiyi cavablar məni məmnun etmişdi. Ona görə məmnun idim ki, ürəyinin dərinliyində gizlətdiyi, çox vaxt susduğu, dilə gətirmədiyi məqamları demək, bəyan etmək şəraiti yaranmışdı onun üçün. Çünki yazıçıların yazmaqları ayrı, danışmaqları isə bir başqa gözəllikdir. Amma hər insan onların könül dəftərini vərəqləyə bilmir. Bu da mənə qismətmiş...

Natəvan xanım deyir ki, “Yalnız Tanrı şahiddir ki, bu romanı ürəyimin qanı ilə yazmışam. Necə şəhidlərimizin, qazilərimizin Vətən torpağına qanı tökülüb, bu sətirlərə də mənim göz yaşım və ürəyimin qanı tökülüb. Bəzən çox ağırlıq çəkdim, dözülməz anlar yaşadım. Bir qadın yazıçı üçün bu mövzuda və bu masştabda əsər yazmaq, bilənlər bilir, çox çətindir. Taleyimə minnətdaram ki, onu tamamlaya bildim” Mənə elə gəlir ki, Natəvn xanımın oxuculara təqdim etdiyi “Açar” romanı əsərin hələ birinci hissəsidir. Bu ədəbi nümunənin növbəti səhifələri də yazılacaq. Çünki qoynunda evinin açarını naçar gətirən analarımız hələ də gözləri yolda, qulaqları səsdədir. İnanırlar ki, Qarabağda, Şərqi Zəngəzurda doğulan azadlıq günəşinin şəfəqləri tezliklə Qarakilsəyə, Dərələyəzə, Göyçəyə , bütün Qərbi Azərbaycana da düşəcək. Bax onda o toz basmış, bəlkə də pas tutmuş o açarların taleyi də açılacaq.

Bilirsiz, Natəvan xanım, bizim evin açarı da o möhtəşəm günü gözləyir... Nənəm doğma yurdundan, Uruddan zorla deportasiya ediləndə, evinin açarını da özü ilə gətiribmiş. Hətta kənd sakinlərini qarlı havada dərəyə atıb gedəndə də o açarı soyuqdan-sazaqdan qoruyubmuş... Nənəm Gözəl o ağır günlərdən sonra çox yaşamayıb... Təəssüf ki, üzünü , cizgilərini ancaq şəkillərlə tanımışam nənəmin... Açar isə yerindədir... Od kimi, köz kimi...

Romanı oxuduqca kədər, sevgi, hüzn, qəhər, sevinc, məğrurluq, inam hisslərini yaşadım. Bu roman uşaqlıq illərindən üzü bəri böyüdüyümüz ab-havanın bədii inikasıdır. Bu əsər qəlbimizin, düşüncəmizin daha çox ümidimizin o illərdə necə haldan–hala düşdüyünü bizə göstərir.... Bəli, bəzən inamımız qırılsa da inancımız azalmayıb. Bilmişik ki, haqq nazilər, amma üzülməz! Belə də oldu... Çoxu didərginlik vaxtı köksündə gizlədib, gətirdiyi açarlarla öz evinə dönə bildi... Elə müəllif də əsərində yazıçı uzaqgörənliyi ilə bu ümidini, inamını dəfələrlə ayrı-ayrı obrazlar vasitəsi ilə dilə, qələmə gətirib:

“Kənan Aydına tərəf gələrək gülümsündü. Tapdıq da Kənana baxaraq “Gənc alimin zəkasına bərəkallah! Hələ professor deyənlər də olacaq. Professor necə deyirdi?! “Qarabağın açarı... Qarabağ özü açar olacaq Naxçıvana quru yolun açılmasına, Zəngəzura, Göyçə gölünə...” Kənan eyni gülümsər və həm də qayğılı gözlərlə baxaraq yavaş səslə dedi: ”İrəvanın qapıları, Dəmir Qapı Dərbənd, hələ Təbriz var...”

# 150 dəfə oxunub

Oxşar xəbərlər

"Atalar və oğullar" problemi həmişə oğulların lehinə həll edilmir... -  Tanınmış alim xatirələrində nə yazırdı?

"Atalar və oğullar" problemi həmişə oğulların lehinə həll edilmir... - Tanınmış alim xatirələrində nə yazırdı?

09:48 1 iyun 2026
Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

14:00 26 may 2026
"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

11:40 26 may 2026
50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

10:15 26 may 2026
Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

10:00 26 may 2026
"Hər şeyinizi sevgiyə verin..." -  Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

"Hər şeyinizi sevgiyə verin..." - Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

15:00 25 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər