Məlik Dadaşovun yaratdığı erməni obrazı

Zamin Hacı, publisist

Zamin Hacı, publisist

20 oktyabr 2022
# 09:00

Kulis.az Zamin Hacının "Yüksək səviyyədə pislik" adlı yazısını təqdim edir.

İnsan gərək nə işlə məşğul olursa, olsun, o işi yüksək istedad və bacarıqla yerinə yetirsin. Ya da yetirməsin. “Bu çox önəmlidir”, İlbər Ortaylı demişkən.

Bu yaxınlarda Rusiya Ukraynada döyüşən qoşunlarına Surovikin soyadlı bir generalı komandan qoyanda jurnalistlər qurdalayıb tapdılar ki, sən demə onu rus ordusunda pis mənada “Armageddon” ləqəbiylə tanıyırlar. (Armageddon dini sözdür, Qiyamət günü, dünyanın sonu olanda hər yanı bürüyəcək döyüşün adıdır). Surovikin bundan qabaq Suriyada, Çeçenistanda, hətta Moskvada insan qanı axıtmaqda ad çıxarıbmış. Təsəvvür eləyin, 1991-ci ilin avqustunda, QKÇP qiyamı zamanı Moskvada 3 nəfər dinc sakini məhz Surovikinin batalyonu öldürüb.

Elə Ukrayna istiqamətinə təyinatında da general qanlı pəncələrini çox gizlətmədi, dərhal bütün Ukrayna fevraldan bəri görünməmiş raket, mərmi, bomba yağışına məruz qaldı.

Surovikinin komandan qoyulduğu ilk gün bir ukraynalı ekspertin şərhinə qulaq asırdım, marağımı çəkən söz dedi: “Siz onun sifətinə baxın, adama oxşamır”. Mən də Surovikini görməmişdim, baxdım gördüm keçəl, nəhəng, həqiqətən, pis sifətli bir adamdır.

Fizioqnomika adında uydurma elm var, insanların sir-sifətinə, üz quruluşuna görə onların xasiyyətini təyin eləyir. Bir növ, bizim Molla Nəsrəddinin lətifəsindəki kimi. Onu tam şəkildə bura yazıram, bəlkə, bilməyən olar:

“Günlərin birində Fərzəli bəy adlı bir nəfər Mollanın yanına gəlib deyir:

– Molla, mən özümə bir möhür qayırtdırmaq istəyirəm. Mənim üçün iki misradan ibarət elə bir şeir yaz ki, orada mənim həm adım olsun, həm şan-şərəfim olsun, həm də nişanələrimdən biri olsun. Yazdıracağam möhürün üstünə.

Molla baxıb görür ki, bu adamın gözləri göydür, saqqalı sarıdır, adı Fərzəli bəydir. Bir az fikirləşib yazır:

Gözü göy, saqqalı sarı, özü səy,
Eşşəyin dal ayağı Fərzəli bəy”.

Fizioqnomikadan faşizm iyi gəlir, çünki hitlerçilər də ari irqi fərqləndirmək üçün adamların başını xətkeşlə ölçürdülər.

Lakin Surovikinin şəklinə baxanda birdən ağlıma gəldi ki, ey dadi bidad, bu lap bizim Məlik Dadaşovun “Fəryad” filmində yaratdığı erməni komandir Armen Xaçaturyans obrazının özüdür!

Görəsən filmin rejissoru Ceyhun Mirzəyev erməni cəlladı rolunu niyə o cür sifətdə vermək qərarına gəlmişdi? Bu, təkcə Məlik bəyin yüksək istedadına arxayınlığa görə idimi? Axı millət həmin illərdə Qarabağ cəbhəsində həm də Məlik Dadaşovun dahicəsinə yaratdığı Qəmlo obrazını özünə ad, ləqəb qoyaraq döyüşürdü. Hər özündən deyən könüllü özünümüdafiə batalyonunda minimum bir Rembo var idisə, bir də Qəmlo olmalıydı. (Qafiyə kimi səslənməsi bir ayrı naxış).

Düşünürəm ki, cəlladı gonbul, keçəl, yekəpər şəkildə təsvir və təsəvvür eləməkdə sovet cəlladı Lavrenti Beriyanın xarici görkəmi, o cümlədən, sonradan dövlət başçısı olmuş Xruşşovun tipajı da hansısa rol oynamışdır. Yumşalma, azad 60-cı illər söhbətlərinə baxmayın, mən Xruşşovu səmimi-qəlbdən sevən bir nəfər sovet adamını da xatırlamıram. Nədənsə hamı ona nifrət edir, əksinə, çoxları Stalini sevməkdədir. (Rus məsəli “döyürsə – sevir”dən irəli gəlməsin? Xalqlar bəzən öz cəlladlarına daha çox rəğbət bəsləyir).

Sözümü ona gətirirəm ki, Məlik Dadaşovun yaratdığı o erməni rolu haçansa erməni və azərbaycanlı xalqlarının arasında yaranmasını istədiyimiz sülhə, barışığa böyük əngəldir.

Bizdə bir dənə də belə neqativ rol var. İndi yazacağam, bəlkə, heç vaxt ağlınıza gəlməyibdir: Nəsibə Zeynalovanın “Qayınana” filmində yaratdığı məşhur qayınana obrazı. Nəsibə xanım bu ortababdan da aşağı filmə elə rəng, elə istedad qatıb ki, qalan hər şey kölgədə qalıb. Və o vaxtdan bəri azərbaycanlı qadınlar, analar, qayınanalar belə qəti qənaətə gəliblər ki, qayınana məhz elə olmalıdır, gəlin də o cür tapdanmalıdır. Düşünürəm, Nəsibə xanımın həm o filmdə, həm də sonralar yaratdığı o cür yaşlı qadın obrazları cəmiyyətimizdə ailə münaqişələrinin, gender problemlərinin dərinləşməsində böyük rol oynamışdır. Rəhmətlik aktrisa Zərnigar Ağakişiyeva da Nəsibə xanımdan estafeti “uğurla” əldə etmiş, qadınlara nifrət oyadan xeyli sanballı rollar yaratmışdı.

Hər işi istedadla, yüksək keyfiyyətlə görmək olmaz. Bəzən bacarıqsızlıq bəşəriyyətə daha faydalıdır.

# 2951 dəfə oxunub

Müəllifin son yazıları

# # #