Bu da bizim evin yeri

Bu da bizim evin yeri
1 iyul 2021
# 09:01

Kulis.az Zamin Hacının doğulduğu Füzuli rayonunun işğalı ilə bağlı vaxtıyla qələmə aldığı “Göz dağı” yazısını təqdim edir.

Mən də qorxaq bir kişiyəm,
Elə ki, arvadım yatır,
İnternet dadıma çatır,
Çıxıb Şuşaya gedirəm,
Google-un xəritəsində,
Google anamı ağladır,
Mən hər gecə ağlayıram,
Düz Şuşanın ortasında…

Zülfüqar Rüfətoğlu, “Şuşaya gedirəm” şeirindən

Uşaqlarım balacadır, birinin 8, o birinin 2 yaşı var. Hərdən istəyirəm onlara doğulduğum, uşaqlığımın keçdiyi kənddən danışım. Söz tapa bilmirəm. Həm də qorxuram onlar bunu başa düşməsinlər. Axı indi müharibənin dağıtdığı o uşaqlıq xatirələrini özüm də anlamağa çətinlik çəkirəm.

Göz dağı bilirsinizmi nə deməkdir? Mən bilirəm. Sözün əsl mənasında. Bizim kəndi ermənilər 1993-cü ilin avqustunda işğal elədilər. 1994-cü ilin qışında ordumuz bir həftəlik kəndi geri aldı, ancaq saxlaya bilmədilər. 18 ildir cəbhə xətti düz kəndimizin aşağısından keçir. Yüksək təpələrin üstünə çıxanda kəndin xarabalıqlarını görürsən. Ancaq çox yaxın getmək olmaz. Mən bir dəfə icazə veriləndən qabağa getmişdim, bir zabitimiz yaxınlaşdı. Hirslə soruşdu ki, kiməm, burda nə gəzirəm? Ona dedim, bax, o görünən kənddə doğulmuşam. Üzündəki hirs yox oldu. Köks ötürüb dedi, burda çox dayanmaq olmaz, snayperlə vurarlar. İşğal edilmiş yurdunu görə bilməyənləri xoşbəxt sayıram.

Ancaq bizim ev kəndin yuxarı başındadır, onu cəbhə xəttinin bəri üzündən görmək mümkün deyil. Bu işdə mənim köməyimə Google, onun məşhur “Yer planeti” proqramı çatır. Orda Yerin relyef fotoları var. Düzü, bunu kosmosdan, ya yüksəklikdə uçan təyyarədən çəkirlər – dəqiq bilmirəm. Bu proqram qarabağlı köçkünlər arasında populyar proqramdır. Neçə qohumum kompüterdə işlədiyimi görəndə deyiblər: “Kəndi tap, baxaq”. Öz evini salamat tapan olmayıb indiyə qədər. Bizim kəndi isə Google lap tutqun çəkib. Bəlkə cəbhə xətti olduğu üçün, səngərlər görünməsin deyə hansısa razılaşma var, kim bilir...

Tutqunluğa görə mən ilk dəfə kəndimizi çox çətinliklə tapdım. Hətta buna görə rayon mərkəzinin xarabalıqlarına qədər “getməli” oldum. Oriyentir üçün. Ora daha böyük ərazi olduğuna görə asan tapılır. Rayon mərkəzini tapandan sonra üzü cənuba doğru yolla çıxıram. Birinci kəndi, çayın o biri üzündəki obanı tanıdım. Orda bir dükan var idi, atam ordan mənə xarici köynək almışdı. 9-cu sinifdə oxuyanda. Bir də su bəndi vardı burda. İndi bəndin qalıqları görünür. Su, nədənsə yoxdur. Yola davam edirəm.

Aha, bu, bizim qonşu kənd olmalıdır, çünki burdan kəndimizə dönən yol aydın görünür. Ermənilər cəbhə xəttinə bu yolla gəlirlər yəqin. Başqa yollar çoxdan bozarıb, itib. Tələbə vaxtı çox zaman paytaxtdan gələn avtobusdan burda düşərdim, kəndə qədər 5 kilometr yolu ləzzətlə piyada gedərdim. Ancaq arada bir kənd də var. O, mənim nənəmin, anamın doğulduğu kənddir. Nənəmi 5-6 il qabaq, Google-dan baxmağa ehtiyac olmayan yerdə dəfn elədik.

Budur, nəhayət qobuya “çatıram”. Onu mən kosmosdan da tanıyaram. Uşaqlığım onun qırağında keçib. Sevdiyim qıza ordan bənövşə yığmışam. Sinif yoldaşım, Salehin oğlu Mehralı 94-ün yazında burda itkin düşüb. Mehralı gücünə nisbətdə çox sakit oğlan idi. Ancaq impulsiv hərəkətləri vardı. Bir dəfə başqa siniflə futbol oynayanda onlar nəsə cığallıq eləmişdilər, Mehralı heç kimin gözləmədiyi halda cibindən qatlama bıçaq çıxardıb topu cırmışdı, mübahisə beləcə bitmişdi. Bir az uzunsov, qarayanız sifətindən hindu qəbiləsinin sakininə oxşayan oğlan idi.

No description available.
Mehralı

Mehralı qobunun yuxarısında, Göl yerinin yanında dumanlı havada yox olmuşdu. Əsgərlər deyirdilər ki, yaralanmışdı, geri çəkildik, onu dumanda itirdik. Orda çox qatı dumanlar olduğunu xatırlayıram. Hərdən fikirləşirəm ki, haçansa dava bitəcək, yenə gedəcəyəm qobunun qırağına, Mehralı dumandan çıxıb yanıma gələcək.

Adamın sinif yoldaşları ilə eləmədiyi, həmişə nisgilini çəkdiyi o qədər söhbətlər olur ki...

Asfalt yol qobunu keçəndən sonra solda qonşu kəndin üzüm sahəsi vardı. Orda yolun altı çox aşağı olduğundan həmişə su yığılardı. Atam Bakıdan portağal almışdı bir dəfə, mən də orda dayanıb portağalı yeyir, qabığını suya atırdım. Uşaqlığımın narıncı xatirələrindən biridir bu...

Deyəsən, mausun düyməsini çox basdım – təsvir anlaşılmaz şəkildə böyüdü. Hansısa ölçüdə, necə deyərlər, meqapikseldə çəkilmiş fotonu inadla böyütməyə çalışanda təsvirin daha da itməsini mənə izah eləməyə ehtiyac yoxdur. Mən kəndimizi nə qədər böyütməyə, aydın görməyə çalışmışam, alınmayıb. Meqapiksel – bu sözdən zəhləm gedir.

“Portağal gölü”nün bir az aşağısında Sarıtəpədir. Orda su anbarının qalıqları ağarır. Sarıtəpənin bərisi dərədir. Dərəni keçən kimi solda xırda-xırda torpaq hissəcikləri görünür. Hə, bu, bizim qəbiristanlıqdır. İşğaldan az öncə ata nənəmi orda basdırdıq, qəbrinin üstünü götürməyə vaxt olmadı. 20 ildə qəbir itər yəqin.

“Nənəm işğal sayəsində əsl müsəlman oldu” - Rafiq Tağı hekayə yazsa, yəqin belə cümlə işlədərdi. Kəndin ilk şəhidi Fətəlinin də qəbri ordadır. Fətəlini yayın istisində, taxıl zəmisindəki döyüşdə vurmuşdular. İndinin özündə də günəşdə dalğalanan taxıl zəmisi mənə xoş təsir bağışlamır. Məktəbimiz onun adına idi. Fətəli öləndə müharibə kəndimizə ilk dəfə girdi. Sonra Şövqini, Müşfiqi, Cahidi... vurdular. 10 nəfərdən çoxdular. Mən ilk qəzet yazımı deyəsən Müşfiqin həlak olmağından yazmışdım. Rayon qəzetinə.

Qəbiristanlığı keçəndən sonra yol kəndə girir. Birinci, sola dönən küçədə Ələhət kişigil yaşayırdı. Üzümlüyün qoruqçusu... 93-ün yayında kəndimizdən aralıda artilleriya atəşinə düşəndə təsadüfən Ələhət kişi ilə yanaşı idik. Hamımız yerə uzanmışdıq, mərmilər yaxınlıqda partlayırdı, Ələhət kişi Allahı köməyə çağırırdı. Yadımdadır, mənə qışqırırdı ki, sən də dua elə. Mən eləmədim. O vaxt sağ çıxdıq. Ələhət kişinin sağ olub olmadığını bilmirəm. Gərək sabah qardaşımdan soruşum – o, kəndlilərimizlə Google ilə yox, daha yaxın ünsiyyətdədir.

Yaxınlaşırıq. Türkmangilin, Elza xalanın evləri, solda təpənin üstündə Gülü nənəgilin evi vardı. Gülü nənə yaxın qohumumuz idi. Oğlu İlyas həkim mənə balaca vaxtı çox iynə vurub. Deyirdi, ağlama, sənə təyyarə alacağam, mən də inanıb kiriyirdim. Uşaq vaxtı heç təyyarə oyuncağım olmadı...

İndi mən İlyas həkimin evinin yerinə təyyarə hündürlüyündən baxıram. İlyas həkim aran rayonunda hamamda yaşadı. Sonra Bakıda göyərti satan köşk açmışdı. Çoxdandır onu da görmürəm.

Bir dəqiqə, axı bu çoxlu ağ ləkələr nədir? Anladım, bu, bizim məktəbin xarabalığıdır. Başqa heç bir tikilinin bu qədər daşı ola bilməzdi. Məktəbin yanındakı qocaman çinarlar da yoxdur. Mən bu Google-nin bir bicliyini də öyrənmişəm - əgər hansısa tikili bütövdürsə, böyük ağac salamat qalırsa yuxarıdan çəkilən fotoda onun kölgəsi də görünür. Bizim kənddə kölgə yoxdur.

Axırdan-axıra o məktəbdə tankçılar və minatəmizləyənlər yerləşmişdi. Bir gün orda mina partladı, iki əsgər öldü. Adyalın arasında aparılan əsgərin bükülmüş boynu gözümün qabağındadır.
Tankçıların arasında bir qadın da vardı, deyirdilər, əri döyüşdə həlak olub, qadın onun qisasını almaq üçün döyüşür. Tankların üstünə “Xaqani” yazılmışdı – qadının yoldaşının adı.

Bu da bizim evin yeri. Orda nəsə ağ-qara ləkə var. Fokusu nə qədər böyütsəm də aydın görünmür. Bu, ya bizim evdir, ya da əmimgilin qonşuluqdakı evi. Atam işğaldan iki il sonra, əmim isə keçən il öldü. Heç biri 60 il də yaşamadı.

Kompüteri bağlamaq lazımdır. Mən “Yer planeti”ni belə görmək istəmirəm. Uşaqlara bunu danışmaq olmaz.

27 aprel 2012

# 5675 dəfə oxunub

Müəllifin son yazıları

# # #