Kulis.az Zamin Hacının “Filmlərimizdə ulayan bayquşun sorağında” yazısını təqdim edir.
“Yay gələndə cırcır böcəklərinin, qurbağaların konserti başlardı, ağacdələn köhnə teleqraf dirəyini döyəcləyər, sağsağan anamın seçki qutusunda böyütdüyü sarıdimdik cücələri oğurlamağa çalışardı. Mən cücələrin keşiyini çəkirdim”.
Müəllifin şəxsən özündən yazıya lirik epiqraf.
Görəsən bizim ədəbiyyatımızda yayı təsvir edən əsərlər niyə azdır, yox kimidir? İndi yadıma təkcə biri düşür: Eyvaz Əlləzoğlunun “Ölü yay” hekayəsi. Bu adda kitabı vardı. 90-cı illərdə mənə də bağışlamışdı. Kim istəsə kulis.az-dan tapıb oxuya bilər – keçən il dərc eləmişdilər. Az təbliğ edilən, lakin incilər yaratmış ədiblərimizin təbliği Kulis-in çox qiymətli projelərindən biridir. Şahmarı, İsi Məlikzadəni, Eyvaz Əlləzoğlunu çap ediblər. Davamlı olsun. Axarıncı olsun.
Rejissor Çingiz Rəsulzadənin yay başlayanda evində ölü tapılması bəlkə kinomuzun üstünə çökmüş ölü bürkünü tərpədib dirildəcək, ona yağış təravəti gətirəcək. (Pafosun, boşboğazlığın şiddətindən özüm də xəcalət çəkdim). Axı Əlləzoğlunun hekayəsində də belə bir yer vardı: adamlar uzun müddət yağış gözləyirdi, quraqlıqdan əldən düşürdülər, Məmti kişi öləndə isə ümidləri yaranır: “Həmişə adam öləndən sonra yağış yağır”.
Hekayədə də yağış yağırmı? Niyə deyirəm ki!
Bu yaz Qarabağda da çox quraqlıq olub. Dostum Şükran Füzulidə buğda, taxıl əkib becərir. Deyir, apreldə bir damcı yağmadı, çörəyimiz az olacaq. Hamı dad, aman eləyir.
Bəlkə, dostumun adına uyğun olaraq şükür eləməyini istəyim?
Bununla bir şey dəyişməyəcək.
Elə Çingiz Rəsulzadə də 2010-cu ildə “Kuklalar” filmini çəkəndən sonra demək olar söndü. İddia etmirəm, “Kuklalar” şedevr film idi, ancaq hər halda o filmdə nəsə vardı. Bizdə hamının bir atımlıq barıtı olur. Davamını gətirməyə imkan vermirlər. İmkan vermirik. İmkan tapmırıq.
Nəsə, zəhrimara qalmış bu imkanla bağlı məsələdir – mənsubiyyətini özünüz düzün-qoşun.
Bu yaxında maliyyə naziriylə mədəniyyət nazirinin maraqlı və virtual deyişməsini izlədik. O, dedi, səkkiz min manat pul vermişik, oynamaqlarına bax, bu dedi, oğruları düzgün yerdən axtarmırsınız, nəticədə həqiqət üzə çıxdı. Zarafat edirəm, heç zad çıxmadı. Yenə kinoya beş-on qəpik ayıracaqlar, gənc prodüserlərimiz də həmin vəsaiti “Hammer” almağa sərf edəcək.
90-cı illərdə bir “İnterturan” (bəh-bəh, əsl indiki Ərgənəkon ruhumuza uyğun ad idi) şirkəti vardı, müdirinin adı Saday. Hardansa ağlına yerləşmişdi, kinoşünas Ayaz Salayevin yaradıcılıq siftəsini – “Yarasa” filmini maliyyələşdirmək fikrinə düşmüşdü.
Bu arada “maliyyələşdirmək” sözündən zəhləm getdiyini yazım. Xalq ən yaxşısını deyir: pul buraxmaq.
“Yarasa” filminin əzəldən başı bəlalı oldu. Məsələn, orda bir yüngülayaq qadın obrazı vardı, ərini buraxıb oteldə yad kişilərin altına yıxılırdı, səhv eləmirəmsə, bizim milli kinoda ilk seks səhnəsini də o filmdə Ayaz müəllim yaratmışdı.
Ancaq bəla səhnə ilə bağlı deyildi, qəhrəmanın ismi-şərifi dövrlə tam ziddiyyət təşkil etmişdi: Surət! Təsəvvür elə. 1993-cü ildə kino çəkməyə girişirsən. Əliağa Vahid demişkən, “o soxasoxda möcüzə icad eləyirsən” və tərslikdən bu filmdə sözün əsl mənasında alta salınan qadın elə həmin il ölkəni altına salan mənfi və real “qəhrəmanla” adaş çıxır. Ayaz müəllim məcbur olur, çəkiliş gedə-gedə Surəti döndərib Turan eləsin. Qadının adı Turan olur. Dəli şeytan deyir bu da Ayaz müəllimin prodüserdən qisas üsulu imiş. (Şirkətin adını yada salın). Çünki başabəla prodüser iki il ərzində rejissorun başına itin oyununu açmışdı, hətta bir dəfə lenti yarımçıq alıb seyfinə qoymuşdu.
İndi mən fikirləşirəm ki, bəlkə Ayaz müəllimin siftəsini korladıqları üçün o, film çəkməyə davam eləmədi? Bu yaxında intervüsündə acı təəssüfü oxunurdu. 25 ilə bir film nə deməkdir axı? Hələ arada bir “Üçbucaq TV” deyilən əsrar da oldu, onu isə Əbülfəs müəllim seyfinə basmışdı, ya başqaları – dəqiq bilmirik.
Bizim kino aləmi mistika ilə doludur!
Azərbaycan kinosunun qarşıdan gələn, 2 avqust neçəncisə ildönümü münasibətiylə sənətkarlarımızı təbrik edirəm, arzu edirəm onlar yurdumuza kilo-kilo Oskar, şələ-şələ Kann budağı, canım sənə desin, Berlin ayısının əlindən aldıqları meşə armudları daşıyıb gətirsinlər.
Düzdür, hələlik sənədli kino çəkməyi öyrənirik, onu da kimin haqqında çəkək, davasını eləyirik. Eybi yoxdur, hamısı düzələcək. Dünyanın ilk kinolarından bir neçəsi də elə bizdə, sənədli formada çəkilib.
1898-ci ildə Aleksandr Mişon tərəfindən.
Neftin çıxarılması, oynamaq, gəzmək, oğrunu tutmaq mövzularında...
Gördüyümüz kimi, cəmiyyətimizi narahat eləyən əsas gündəm mövzularını qardaşımız tam əhatə etmişdir. Yəqin, o vaxt Qarabağ problemi olsa, onu da çəkərdi.
Ancaq mənim ən böyük arzularımdan biri Azərbaycan filmlərinin çoxunda ulayan bayquşun haqqında filmi izləməkdir.
O, dəhşətli quşdur.