Kulis.az Nriman Qasımoğlunun şeirlərini təqdim edir.
***
Mən
səni mənimsədim təkliyimdən keçirəm.
Sən
məni səninsədin təkləndik bir can içrə.
O
da mənəm kənardan göz qoyan bu təkliyə.
Biz
Təklik sevdalısı göylərdə çiçəkləyən.
Siz
mələklər qoxlayın, ətrimiz göylərdədir,
Onlar
yer adamları, sanırlar yaz yerdədir...
***
Doldun, doldun, doldun mənə
damla-damla, gilə-gilə.
Möhkəm dur gəlir üstünə
dalğalı dəli sevgilər.
Dəniz çəkilər, qabarar,
səni endirər, qaldırar.
Min yol dadsam yenə qalar
bakirə gəlin sevgilər.
Açar sübhü günəş çöhrən,
baxar, baxar məhrəm-məhrəm,
yenə məni salar sehrə
yosun ətirli sevgilər.
***
Anıram səni, anıram,
bu sevgili an nə gözəl.
Dartınır məndən sanıram
sənə sarı can, nə gözəl.
Qanadlanır ucalara,
uçur, uçur ilk bahara,
alqış, alqış ucarlara -
göylərdə cövlan nə gözəl.
Köçür məndən bir gözələ,
döndərir məni xəzələ,
mən də müsibət mənzərə –
qızıla çalan nə gözəl.
***
Bax gözümün içinə,
hə utanma, bir, iki...
Bax bir nələr görürsən,
səninkidi bu sərgi.
Görürsən hisslərimi,
di seç bəyəndiyindən,
sahmana sal özünü,
götür as ürəyindən.
Tax birini telinə,
sal birini gözünə,
vur xoşuna gələni
yanağına, üzünə.
Duraq bir an göz-gözə,
sonra zillənək göyə.
Tanrıya da xoş gedər
göz qoysa bu sərgiyə.
Səni deyib durmuşuq,
İlahi, bax seyr elə.
Sən də bizdən ilham al
ikimizi bir eylə.
Sən
Gözümdən içimə axdın qəfildən,
baxdım ki, qəlbimdə, qələmimdə
Sən.
Uçan xalça təki bir ağ vərəqin
qonursan üstünə, səmalar
Sənin.
İşıqlar, zülmətlər dalır seyrinə,
nə gözəl yaraşır bu uçuş
Sənə.
Aşırsan göylərin uca səddini,
dövrəyə alırlar mələklər
Səni.
Açılır düyünlər gözüm önündə,
bütün caduların açarı
Səndə.
Bir yol da en yerə, tut qələmimdən,
sındır bu tilsimi qurtulum
Səndən.
***
Çəkdim sənsizliyi ağlaya-gülə,
eh, ötən günlər...
Sarmışdı içimi şirin duyğular,
eh, uyğular, uyğular...
Coşdu dalğaların, batdı gəmilər,
eh, ümidlər, ümidlər...
Aldım səni qafiyəli yazıya,
eh, poeziya, poeziya...
Hanı o bəsləyib dərdiyim güllər,
eh, sevgilər, sevgilər...
Öldü cəmi üşşaq məndən savayı,
eh, Əzrayıl, Əzrayıl...
***
Bu da ürəyimdi sərdim önündə,
varmıdır böylə bir sevginin tayı.
Bir də görərsən ki xalıya döndüm,
di uzan üstümdə, sonra yat bayıl.
Qarışar naxışlar baxışlarına,
qamaşar gözlərin xumarlanarsan,
gözlərim güzgütək gələr karına,
baxarsan özünə, tumarlanarsan.
Alıb qələmini sürmələnərsən,
gözlərin bir az da parlayıb gülər,
gözəl olmağınla qürrələnərsən,
sonra təkəbbürün sınıb tökülər.
Sevgim naxış vurar duyğularına,
zülmət saçlarında əllərim gəzər,
şirinlik gətirər yuxularına
sehrli sözlərim nağıla bənzər.
Namaz əvəzimi bu vüsal anı,
Tanrı sevindirər hər ikimizi.
Önündə sərdiyim həmin xalının
üstündə göylərə ucaldar bizi.
***
Göy üzündə vurhavur futbol dəmi,
mən mələklər taqımında kapitan.
Oynadıram yer kürəsin top kimi,
vururam, vururam keçir qapıdan.
Ulduz-ulduz qapı toru nə yaxşı
qoymur yer kürəsi uça boşluğa,
baxıram sevincdən donur baxışım,
vurmuşam dünyanı düz doqquzluğa.
Rəqib qapısına varıb keçirəm,
alıram əlimə yer kürəsini.
Bu, zəfər topudu kəhkəşan içrə,
bir baxın necə də gözəl görsənir.
"Qol" sədası mələklərin dilində,
göylər əks eyləyir "qol" nərəsini.
döyünür, dillənir bu top əlimdə,
sıxıram sinəmə yer kürəsini.
***
Bu bir ulduz yağışı,
yağır başıma, yağır.
Açıram çətirimi,
yağır qarşıma, yağır.
Bu süzülən meydimi,
heyif, yerə dağılır.
Bir qədəh də yox tutum
altına bu çaxırın.
Büküb tolazlayıram
çətiri bir kənara.
Göylər özü təşnədi
açılan dodaqlara.
Mələklər məni söz-zöz
içir, içir, dinləyir.
Dua dolu dilimdə
bir çaxır şirinliyi.
***
Tut əlimdən, bax gözümə, duyduğum nə, söyləgil.
Könlümü ram etmədinmi, uyduğum nə, söyləgil.
Vəslinə ac qaldı tənim, ruhunu nuş eylərəm,
Yediyim nə, içdiyim nə, doyduğum nə, söyləgil.
İldırımmı xilqətində, çaxdı, söndü gözlərin,
Zülmət içrə aldığım nə, qoyduğum nə, söyləgil.
Bax necə öz könlü içrə həmdəmin həşirdədir,
Eşdiyim nə, qazdığım nə, oyduğum nə, söyləgil.
Fani oldu mutluluqlar, ani oldu arzular,
Nəymiş o tutqun bənizin, qıydığım nə, söyləgil.
Fikrə daldı Qasımoğlu, bərkə qaldı sevgilər,
Səndədi həpsi hesablar, saydığım nə söyləgil.
***
Çatdırırsan kamıma, Rəbbim, məni hər dəm yenə,
Can atır dərgahına canım qopur təndən yenə.
Vəhylərindən dəm alır canım, süz onu camına,
Ver qoy içsin canını qüsl eyləyən hərdən yenə.
Eylərəm hər canı öylə pak ki tam şəffaf ola,
Ta ki görməz ollam örtər çün onu pərdən yenə.
Pərdəni qaldır, məni sal qeybinə, bəsirətim
Tuşlanıb hər cana salsın nurunu birdən yenə.
Nurun içrə aldığın canlar qəfildən canlanır,
Agah oldum ayətinlə İsa sirrindən yenə.
Ayətin açmış gözümü aləmə, hər nəsnədə
Gördüyüm öz canım imiş vergitək Səndən yenə.
Canıma bax kam alırkən qoy taxılsın gözlərə,
Sərgilənsin Qasımoğlu sərgitək Səndən yenə.