- Əmi, siqaret gətirmisən - ŞEİRLƏR

- Əmi, siqaret gətirmisən - <span style="color:red;">ŞEİRLƏR
31 oktyabr 2017
# 21:00

Kulis.az şairə Esmira Məhiqızının şeirlərini təqdim edir

kəndimizdə bir dəli şair varıydı...

hirslənəndə deyirdi ki,

başımdan şeir töküb özümü odlayacam.

***

bir uçağan məktuba

bir qaçağan söz yazdım...

***

daha gözlərimdə

nə ulduz gəzdirə bilirəm,

nə bir qız.

daha gözlərimdə su daşıyıram...

şəkildə gözlərim buludlu çıxır.

***

hardasa bir qız var, hardasa bir qız...

hələ də budaqdan budağa çıxır.

gözümü bir anlıq qaçırdan kimi,

o saat gözümdən qırağa çıxır.

bilmir ki, hara var, hara yox, hara...

hər gün gün yandırır ayrılıqlara.

bir qız günlərindən sonra e, sonra...

qadın günlərini qırığa çıxır.

günnəmək istədi, yağış qoymadı,

bir qışa düşdü e, o qış qoymadı,

daha çıxmadığı dam-daş qoymadı,

indi də qələmnən varağa çıxır.

***

Atam deyirdi,

o uşaqlara dəyməyə gedəndə,

bir balaca oğlan çəkdi məni

yetimxana divarlarının küncünə...

On yaşı olardı, ya olmazdı...

apardığım pay-püşə baxıb ah çəkdi:

- Əmi, siqaret gətirmisən?

***

sonra... bir xatirə yada düşür,

və sonra kövrəlirəm...

sonra da...

şeirləri gözlərimdə suya çəkirəm.

***

gözəlim…

insanlar gülərkən mən ağlamışam,

bilirsən necə ağlamışam,

bənövşə kimi ağlamışam.

bilirsən, bənövşə necə ağlayır,

bənövşə barmaqlarımın ucu kimi...

şeir-şeir ağlayır.

gözəlim…

bir xatirə qaldı orda,

orda - Şuşada.

Şuşadan sonra sən başlayırsan,

sənnən sonra bənövşələr,

bənövşələrdən sonra yetim sevgilər…

sevgilərdən sonra bir oğlan başlayır,

o oğlandan sonra

taa... heç nə başlamır.

***

solğun havalarda

qəbirlər qədər avazıyıram.

nəfəsimi ayaz aparır,

baxışlarımı şaxta vurur,

gözlərimdə qırov bağlayır

baxdığım şeir də...

və ruhumu anlada bilmirəm

avtobus şüşəsində

başımı başına dirədiyim qadına...

beləcə baş-başa gedirik xeyli...

bir xeyli mən ona baxıram,

o mənə...

birdən ayılıram ki,

ruhum yerində yoxdu.

o qadın

məndən qabaq düşüb şüşədən.

***

bir şeir necə gözəl olmaya bilirsə,

elədi həyat.

bir quş necə uçmaya bilirsə...

bir uşaq necə böyüməyə bilirsə...

və... yarpaq yaşılsız,

gün qırmızısız

insanlar sevgisizdi.

bayaqdan sahildə oturub düşünürəm:

- onda dəniz mavi idi.

***

daha kəpənək ömrüdü ömrümüz...

daha bir-bir ölmürük,

topa-topa ölürük.

və ciyərimiz yanır.

ciyərimiz elə yanır ki...

kimsə üşüyəndə,

az qalıram deyəm ki,

götür ciyərimi geyin!

***

ağlıma gəldi ki, mən mən deyiləm,

mən orda qalmışam, oralar məndə.

ömür də bölünüb ağa, qaraya,

ağlar uzaqlarda, qaralar məndə.

heç mənlik deyilmiş bu yol, bu yöntəm,

hər karvan dalınca ulayan itəm,

bir az da qürbətəm, bir az da vətən,

haralar varıymış... haralar məndə.

dərdə diz basmaqdan, dizlərim yara,

izimə düşürəm, izlərim yara,

ayağım, ürəyim, gözlərim yara,

yeriyir, yüyürür yaralar məndə.

# 5199 dəfə oxunub

Oxşar xəbərlər

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti  müzakirə

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə

16:57 18 noyabr 2025
"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..."  - Nüşabə Hüseynli

"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..." - Nüşabə Hüseynli

16:39 17 noyabr 2025
"Əli ilə Ninonun münasibəti  mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

"Əli ilə Ninonun münasibəti mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

15:00 15 noyabr 2025
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

14:00 15 noyabr 2025
Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

15:00 14 noyabr 2025
"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

17:24 13 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər