Həyatda, sosial şəbəkələrdə hər hansı məsələyə söyüşlə cavab verən adamları görürük. Maraqlıdır, söyüş söymək hansı ehtiyacdan yaranır? Niyə insanlar söyüş söyür? Ümumiyyətlə, söyüş normaldırmı? Ədəbiyyatda söyüşə, vulqar ifadələrə yer verilməlidirmi?
Kulis.az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.
Yazıçı Aqil Abbas
- Bütün hallarda söyüş normaldır. Amma bunun bir səbəbi var axı. İnsan elə bir vəziyyətə gəlir ki, söyüşsüz dura bilmir. Məsələn, futbolu götürək. Sən televizordan baxırsan, futbolçulardan uzaqdasan, əlin onlara çatmır, meydançada elə bir hadisə olur ki, istər-istəməz səndən söyüş çıxır. Özü də söyüş Azərbaycan dilində yaxşı səslənir. Azərbaycan dili bu mənada zəngindir. Doğrudur, söyüş pis şeydir əslində, qəbul olunmazdır. Ancaq bu anla bağlıdır. O an gələndə söyüşsüz alınmır. Söyüşü çox işlətmək də ziyandır. Bu həyatda da, ədəbiyyatda da belədir. Bir yazıçının zəifliyidir. Ancaq burda da bir məsələ var. Obrazın dilində səndən asılı olmadan istədin-istəmədin söyüş çıxır. Tutaq ki, sən əlbəyaxa döyüşü təsvir edirsən. Orda “bağışlayın”, “icazənizlə” kimi sözlər işlətməyəcəksən ki? Yazacaqsan ki, ay əclaf, ay vicdansız... Təbii ki, yazıçı bu yerləri üç nöqtənin köməyiylə də verə bilər. Məsələn, mənim “Dolu” romanımda söyüş var. Onu mənə irad tuturdular ki, söyüş olmaz, yazıçıya yaraşmır. Mən də deyirdim ki, o obrazın dilindəndir, mənim deyil. Bir əsgər ölüm ayağında erməniyə söyüb. Nə deməliydi ki başqa? Bədii mətndə yerində olanda söyüş lap ləzzətli çıxır. Artıq olarsa artıq bu ədəbiyyat deyil. Çox da tanınmayan bir türk yazıçısı var. Nihad Gənc adında gözəl bir yazıçıdır. Çox qeyri-adi hekayələri var. Onun mətnlərindən söyüşləri çıxarsan bədii əsərin bütün ləzzəti itəcək.
Filosof Müşfiq Şükürov
- Söyüşdən yerində istifadə etmək üçün insandan böyük mərifət tələb olunur. Ağıl, taktika lazımdır. Təəssüf ki, insanlar nəzakət sözlərini yersiz işlətdikləri kimi, adətən söyüşləri də yersiz işlədirlər. Söyüşü normal hadisə sayıram. Özüm nadir hallarda istifadə etsəm də. Son nəticədə söyüş də ifadə vasitəsidir. Baxır, sən nə ifadə edəcəksən o söyüşlə. Ustalıq da bundan ibarətdir. Ədəbiyyatda da, elə fəlsəfədə də. Məsələn, bir filosof var - Aydın Əlizadə. Bəzən vulqar ifadələrlə bol olan yazılar yazır. Mən o yazıları son dərəcədə fəlsəfi buluram. Hərçənd mənimlə razılaşmayanlar da çoxdur.
Şair Aqşin Yenisey
- Bütün mədəni xalqlar bizdən daha çox söyüş söyürlər. Vaxtilə İngiltərə parlamentində yüngül söyüşlərə icazə verilirdi, müxalifət rahatlıqla Çörçillin üzünə “donuz” deyə bilərdi. Bəzən tərbiyə pərdəsi altında çox böyük əxlaqsızlıqlar baş verir. Brodskini içki düşkünlüyündə ittiham edənlər, Bodleri, Maneni ictimai əxlaqı pozmaqda suçlayanlar kimlər idilər, daha betərləri. Puşkin nəyə görə duelə çıxdı? Aristokratik nəzakət qaydaları altında gizlənmiş əxlaqsızlığa görə. Nəsiminin dərsini soyanlar nə qədər günahsız idilər? Azərbaycan tarixində Sabir və Axundov qədər söyülən ikinci, üçüncü şəxs tapmaq mümkünmü? Niyə Sabirdə, Axundovda söyüşlərə cavab olacaq bir cümlə belə yoxdur? Çünki şəxsiyyətin və hədəflərin miqyası o qədər böyükdür ki, bütöv bir xalqın söyüşləri belə bu miqyasın yanında qarışqa çığırtısına bənzəyir. Vaxtilə yəhudi icması Spinozanı gecə-gündüz söyürdü, ölümlə hədələyirdi, amma o, bunların heç birini eşitmirdi, çünki onun qulaqları daha böyük bir yəhudi qəbahətinin pıçıltılarına şəklənmişdi. Söyüşü və tənqidi problem kimi görənlər içiboş adamlardır. Gündəlik hədəflərin və qazancların peşində olan adamlardır, cəmiyyətlərdir. Söyüşdən və tənqiddən qorxan tərəf daha böyük qəbahətlərin içində olduğunun fərqindədir. Nəzakət qaydalarına o yerdə ehtiyac var ki, orada nəzakətsiz adamlar oturublar. Əxlaq başqa şeydir, orada Da Vinçinin bakirə "Mono Liza"sına da, Manenin lüt "Olimpia"sına da yer var, amma tərbiyədə yalnız bakirə Madonna ərə gedə bilər.
Şair Rasim Qaraca
- Yerində işlənməyən hər söz vulqardır, vulqarlıqdan qaçmaq lazımdır. Söyüşlər, latayır, arqoleksika dilin bərabər hüquqlu vahidləridir, ayrı-seçkilik edilməməlidir. Ümumən, dil incə sferadır, bütün hallarda incəliyi gözlənilsə yaxşı olar. Mədəni adam söyüş söyəndə xoşa gəlir, mədəni olmayan adamın adi danışığı da söyüş təsiri bağışlayır. Necə ki, bir avropalı rejissor erotik film çəkəndə bu sənət olur, biz çəkəndə pornoqrafiya.
Yazar Etimad Başkeçid
- Bu barədə bir dəfə yazmışam.
Ədəbiyyatda söyüş və küfrün yer alması bu günün məsələsi deyil. Ədəbiyyat vaxtilə ona pərçimlənmiş didaktik funksiyasını itirdikdən bu yana söyüşlərə və bu semantik yuvadan olan digər “janr”lara (folklorda buna ayrıca janr kimi baxırlar) geniş qucaq açıb.
Bu yaxınlarda ruscada Uelşin “İynəyə oturmaq” əsərini oxudum. Bu yüksək sənət əsərindən zövq almamaq mümkün deyil. Buradakı küfr kitab personajlarını canlı insanlara çevirmək vəsiləsidir yalnız. Dünya ədəbiyyatının klassiklərindən tutmuş müasir yazıçılara qədər saysız-hesabsız yazıçılar bizim həyayla “qeyri-normativ” leksika adlandırdığımız tərkibdən həvəslə istifadə ediblər.
Bunların sırasında Puşkin, Tolstoy, Bulqakov, Coys və s. də yer alır. Coysun “Uliss”ini oxuyanlar bilir ki, buradakı yağlı söyüşləri hələm-hələm Azərbaycan dilinə tərcümə etmək indiki bir az başıpozuq zamanımızda belə müşkül iş kimi görünür.
Avropada, ümumiyyətlə, Qərbdə qeyri-normativ leksikadan istifadə ilə bağlı problemlər çoxdan zamanın arxivinə verilib.
Orada “ədəbli, söyüşsüz, mərifətli” mətnin yazılması sənələr öncə şərt olmaqdan çıxıb. Söyüş söymənin üstündə bir-birini bıçaqlayan yurddaşlarımız məni düzgün anlasın. Gerçək, xəyali olmayan həyatı qələmə alarkən yazıçının qeyri-normativ leksikadan yararlanması nomaldır.
Baxmayaraq ki, yazıçı istənilən halda gerçəkliyin estetik obrazını yaradır və bir növ onu modelləşdirir. Viktor Yerofeyevin Qərbdə də məşhurlaşmış “Moskva – Petuşki” əsərində bu leksika bütöv səhifələrlədir. Ancaq buna görə onu söyüb-yamanlayan yoxdur.
Bu gün Hollivudda çəkilən filmlər açıq-saçıq söyüşlərlə zəngindir. Doğrudur, bunlar əsasən “böyüklər üçün” çəkilmiş filmlərdir. Qoy heç kəs məni inandırmağa çalışmasın ki, söyüş söymək və küfr söyləmək bizim mentalitetimizə, mədəniyyətimizə-filana yaddır. Heç olmasa, öz “Oğuznamələr”imizdəki yağlı-buğlu arqolara nəzər salın. Adət-ənənədən, varislik-vərəsəlikdən danışarkən “Oğuznamələr”i görməzlikdən gəlməyin yeri yoxdur.
Şəxsən mən bu həyatda rafinələşmiş, heç zaman söyüş söyməyən insanların səmimiyyətinə çox da bel bağlamıram.
Yazar Rəbiqə Nazimqızı
- Ümumiyyətlə, söyüşü sevmirəm, dilimizdə söyüş söymədən də adamın yeddi qatından keçən sözlər demək olar, insanların zəif yerlərini bilmək kifayətdir ki, ordan vurasan. Söyüş söymək hansı ehtiyacdan yaranırsa, mən bunu bilmirəm, çünki məndə bu ehtiyac olmur, qışqıra bilərəm, ağır sözlər deyə bilərəm, əsəbimdən ağlayaram, nə bilim, boş həyətdə şüşələri sındıraram, amma söyüş... Hərçənd, bir-iki dəfə olub. Fikirləşdim ki, bəlkə, qarşımdakına bu, təsir edər, amma faydasız oldu və anladım ki, bu effekti də ala bilmədimsə, söyüş ümumiyyətlə mənim üçün deyil. Söyüş söymək vərdiş, mühit, tərbiyə məsələsidir. Mən sevmirəm, deməli, mənim üçün normal deyil. Ədəbiyyata gəlincə, vulqar ifadələrə münasibətim yaxşı deyil. Bircə məqam var. Məsələn, “Çərpələng uçuran”da bir məqam var. Əsgərlər yanlarından keçən uşağın anası haqqında danışırlar və orada bircə vulqar cümlə işlənir. O cümləni oxuyanda düşündüm ki, burada uşağa bu qədər sarsıntı yaşada biləcək hansı cümləni vermək olar? Tapmadım. Yazıçı burada söyüşdən “priyom” kimi istifadə edir. Başqa bütün hallarda həyatda da, ədəbiyyatda da söyüşə qarşıyam.
Psixoloq Murad İsayev
- Söyüş söyməyə psixoloji tərəfdən baxanda, burda insan psixikasındakı problemlərin olduğunu görərik. Statistika göstərir ki, aktiv işlərdə çalışan, gərgin işlərdə işləyən insanların söyüş söymək məqamı daha çox olur. Söyüş daxili gərginliyi aradan qaldırmaq üçün ən qısa bir variant kimi qəbul olunur. Söyüş söyən keçici olaraq rahatlaşır. Araşdırmalar göstərir ki, psixoloji gərginliyi az olan insanlar söyüş söyən insanlardır. İnsan beyni həmin gərginliyi korreksiya edir. Ancaq məsələnin digər tərəfi də var. Söyüşün aqressiv formaya keçidi, onun çıxış yolu olduğunu müdafiə etmək, buna görə qarğışdan və söyüşdən daha çox istifadə etmək – bu, emosiyaları daha da pis hala gətirir. İnsan söyüşü vərdiş halına çevirir. Bu artıq aqressiyanın artmağına gətirib çıxarır. Hər gün söyüş söyən adam söyüşü reallaşdırmağa çalışır. Həmin şəxs kiməsə xəsarət yetirə bilər, maşınla getdiyi yerdə, yolun ortasında kimisə vura bilər. Bu aqressiyanın kiçikdən başlayıb böyüyə doğru artmağıdır. Artıq emosiyaların kontrolu mümkün olmur və daha böyük fəsadlara yol aça bilir. İstər sosial şəbəkələrə, istərsə də real həyata bunu misal kimi çəkmək olar. Müəyyən vaxt rahatlaşdırıcı kimi qəbul edilən söyüş daha sonra ən böyük aqressiv hala çevrilir. Qarğışı da buna aid etmək olar. Bu insanın özünü təsdiq etmə formasıdır. Söyüş anidir və xırda bir şey kimi görünür. Ancaq ona tələbat yarananda zərər vura bilər. Mən ona görə həmişə deyirəm ki, aktiv fəaliyyətdə olan 40 dəqiqə piyada yerisinlər. Bu ən gözəl terapiya forması, müalicə üsuludur.