Məni xatırlayır qədim Tbilisi - Moris Posxişvilinin şeirləri

Moris Posxişvili, şair

Moris Posxişvili, şair

3 iyul 2022
# 13:00

Kulis.az gürcü şairi Moris Posxişvilinin şeirlərini təqdim edir.


Ovçuluq


Ovçu tulası tüyünür,
Hey dalğalanır tarla.
Gəzir bildirçin otlaqda,
Uçsa vuralar, Vallah!

Pırıldamamış o quşa
Dəyən, dolaşan kimdi!
Bəlkə də mənim öz ömrüm
Buna bənzəyir indi.

Hələ ki yerdə gəzirəm,
Məndən razıdır hamı,
Elə ki, qalxdım göylərə,
Dolacaq nifrət camı.

Paxıllıq oxu qopacaq,
Pislər gələcək cuşa...
Hələ ki, gəzir otlaqda,
Heç kəs dəyməyir quşa...

Hava barıtlı saçmalı,
Hey dalğalanır tarla.
Mən uçmalıyam, uçmalı,
Nə olar olar, Allah!


Sonuncu faytonçu

(Vaxtanq Kikabidzeyə)

Məni xatırlayır qədim Tbilisi,
Qəmli ürəyim dindi.
Keçmişin məşhur bir faytonçusu
Piyada gəzir indi.

Çətindir, çətin vaxtsız qocalıq
Vaxtsız ölüm də ağır...
Yağışdı yağan, elə bilməyin,
Gözlərimdən yaş axır.

Bu güneylərdə qızır kürəyim,
Artıq qızmayır beynim...
Nə üçün gəldim, nə deyəcəkdim,
Yadıma düşmür, neynim...

Nə faytonum var, nə də atlarım...
Görünür, bəxtim yatır...
Soruşun, məni hara aparır
Fani dünyanın atı?

Gedirəm...Yamanca çətindir getmək,
Günahım varsa keçin ...
O son nəğmənin əvəzinə də
Süzün, son dəfə içim...

Dərdimi bağladım barxanam kimi,
Bükdüm dumana çənə...
Tbilisi, sonuncu qaraçuxalı
Əlvida deyir sənə!...


Doğmalıq balladası

Öz-özümə acıqlanıb
Ayağımı yerə vurdum.
Torpaq dindi, vurma, bala,
Mənəm sənin ana yurdun!

Ağac kəsdim...başqa ağac
dayandırdı səslə məni,
Dedi: ayə, tanımadın
Qardaşınam kəsmə məni!

Gül üzürdüm, qorxmuş çiçək
Gülümsündü acı-acı,
Dedi, qardaş, üzmə məni,
Mən bacınam, zərif bacın!

Çaya girdim, bulanırdı
su şüşə tək sına-sına.
Çay dilləndi, ədə, məni
Bulandırma qadınınam

Yol üstəydim, yolu azdım,
Gedib düşdüm bir dalana.
Yol uzatdı qollarını,
Atma məni, mən balanam!

Göyə şübhə daşı atdım,
Ah, az qaldı səma sına...
Göy açıldı, göy dilləndi,
Dönmə məndən, inamınam!

Yerə, göyə, ağaclara,
Çiçəklərə baş əyirəm.
Öz çayımdan su içərək,
Öz yolumda yaşayıram!


Bazar günü heyvanat parkında

Qəfəsdə döyüşür pələnglər, şirlər,
Qəfəs dönüb olub bir zindan qala...
– Ata, şirlər hər an nərildəyirlər?
– Hərdən bir şirlər də susurlar, bala

Bir meymun dırmanıb minir tavana,
Nilos intizarı timsaha yara...
– Ay ata, ay ata, kəpənək hanı?
– Kəpənəklər çöldə uçurlar, bala!

Uşaq qaçır, qaçır... Xoşbəxt quşların
Cəh-cəhi çevrilir susmaz bir tara.
– Ata quşlar daim oxuyurlarmı?
– Bəzən quş oxumur, ağlayır, bala!

Uşaq evi anır, axtarır yolu,
Birdən rəngi qaçır, çəkilir dala.
– Ata küçəmizdə canavar olur?
– Canavar küçədə nə gəzir, bala?!

Axşamdır. Uşağın dolaşır dili,
Heyvanlar, qəfəslər dönürlər lala...
– Ay ata, anası yatırdır şiri ?
– Şiri də anası yatırdır, bala!

Ötəri dəmin böyüklüyü

Ömür, doğrudan da, ötəri dəmdir,
Həmin kiçik dəmə sığır bu aləm.
Dünyada hər canlı bu dəmdə cəmdir
Lakin bəzən dəmə sığmır bir lalə...

Yerləşmir bir ana bir gül muradı,
Bəlkə çiçəkləri an boyda biçək...
Xoşbəxtlik deyilsə o anın adı,
Bir ana sığammaz bir azad çiçək...


Gürcü dilindən tərcümə edən: İmir Məmmədli


# 2372 dəfə oxunub

Oxşar xəbərlər

Hamı qol saatıynan aldadır yetim uşağı... - Ruzbeh Məmmədin yeni şeirləri

Hamı qol saatıynan aldadır yetim uşağı... - Ruzbeh Məmmədin yeni şeirləri

17:00 23 sentyabr 2024
Sağ əlim sənin başına – Yeni şeirlər

Sağ əlim sənin başına – Yeni şeirlər

14:00 28 fevral 2023
Yuxularıma gələndə də saçlarını topla - Güneydən şeirlər

Yuxularıma gələndə də saçlarını topla - Güneydən şeirlər

17:00 27 fevral 2023
Sevgi vardır ki, dodaqlarda açar güllərini

Sevgi vardır ki, dodaqlarda açar güllərini

12:05 14 fevral 2023
Kimə inanıram aldadır məni - Loğmandan yeni şeirlər

Kimə inanıram aldadır məni - Loğmandan yeni şeirlər

17:00 13 fevral 2023
Kişiləri Allah özü qorusun... - Nəriman Həsənzadənin şeirləri

Kişiləri Allah özü qorusun... - Nəriman Həsənzadənin şeirləri

17:00 9 fevral 2023
# # #