Azərbaycanlı rejissor beynəlxalq mükafata layiq görüldü

Azərbaycanlı rejissor beynəlxalq mükafata layiq görüldü
22 may 2026
# 16:00

Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən nüfuzlu “Gümüş Karyera Ödülləri” beynəlxalq mükafatının təqdimetmə mərasimi bu il də ictimai-siyasi, media, mədəniyyət, sənət və akademik sahələrin tanınmış simalarını bir araya gətirib.

Kulis.az xəbər verir ki, artıq IV dəfə təşkil olunan tədbirdə Türkiyənin müxtəlif dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, tanınmış media təmsilçiləri, ictimai xadimlər, sənət adamları və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Azərbaycanı bu nüfuzlu beynəlxalq platformada teatr və kino rejissoru Saida Haqverdiyeva təmsil edib. O, “Gümüş Karyera” mükafatına kino və teatr sahəsində uzunillik səmərəli yaradıcılıq fəaliyyəti, milli-mənəvi dəyərlərin sənət vasitəsilə təbliği, eləcə də Qarabağ müharibəsinin ağrılarını və insan talelərini əks etdirən Köhnə çamadanlar tammetrajlı bədii filminin uğurlu beynəlxalq təqdimatına görə layiq görülüb.

Xüsusilə filmin Ankara şəhərində keçirilən premyerası qardaş ölkənin media məkanında böyük maraq doğurub. Türkiyə mediasında film haqqında geniş məqalələr, müsahibələr və süjetlər yayımlanıb. Müxtəlif media qurumları ekran əsərini müharibənin insan talelərində buraxdığı dərin izləri həssas və emosional dillə təqdim edən uğurlu sənət nümunəsi kimi qiymətləndiriblər.

Təltifetmə mərasimində çıxış edən Saida Haqverdiyeva bu mükafatı yalnız şəxsi yaradıcılığının deyil, ümumilikdə Azərbaycan mədəniyyətinin və qadın sənətkarlarının uğuru kimi dəyərləndirdiyini bildirib.
O qeyd edib ki, fəaliyyəti boyunca insanın mənəvi dünyasını, xüsusilə qadınların daxili duyğularını, cəmiyyət içində yaşadığı psixoloji və sosial mübarizələri sənətin dili ilə ifadə etməyə çalışıb:

“Mənim üçün sənət sadəcə peşə deyil. Sənət insanın ruhuna toxunmaq, onu düşündürmək, hiss etdirmək və bəzən də susaraq danışmaqdır. İllərdir teatr və kino vasitəsilə qadının daxili aləmini, onun cəmiyyətlə münasibətlərini, ağrılarını, sevgisini və gücünü göstərməyə çalışmışam. Bu gün belə bir beynəlxalq mükafata layiq görülmək mənim üçün böyük qürur və məsuliyyətdir”.

Rejissor çıxışında Azərbaycan və Türkiyə arasındakı mədəni bağların önəmini də xüsusi vurğulayıb:

“Qardaş Türkiyədə Azərbaycan sənətinə göstərilən diqqət və sevgi bizi daha böyük işlər görməyə ruhlandırır. İnanıram ki, mədəniyyət xalqları bir-birinə daha da yaxınlaşdıran ən böyük körpüdür. Bu mükafatı ölkəmin sənət cameəsi, teatr və kino mühitində çalışan bütün yaradıcı insanlar adından qəbul edirəm".

S. Haqverdiyeva həmçinin bildirib ki, Qarabağ mövzusunun beynəlxalq auditoriyaya çatdırılması onun yaradıcılığında xüsusi yer tutur:

“Bizim yaşadığımız ağrıları, keçdiyimiz yolları və qazandığımız Zəfərin mənəvi tərəflərini sənət dili ilə dünyaya anlatmaq vacibdir. ‘Köhnə çamadanlar’ filmi də məhz insan taleləri üzərindən yaddaş, həsrət və Vətən anlayışını təqdim etməyə çalışır”.

Məlumat üçün bildirək ki, Gümüş Karyera Ödülləri müxtəlif sahələrdə fərqlənən şəxslərin təltif olunduğu beynəlxalq ictimai-mədəni layihədir. Mükafatlandırma BY Media şirkətinin “Protokol” dərgisi tərəfindən həyata keçirilir və siyasət, biznes, media, sənət, elm və ictimai fəaliyyət sahələrində uğur qazanan şəxsləri əhatə edir.

# 352 dəfə oxunub

Oxşar xəbərlər

Səlahəddin Əyyubi qalasında kəşf - Məscid və qədim su sistemi tapıldı

Səlahəddin Əyyubi qalasında kəşf - Məscid və qədim su sistemi tapıldı

11:40 8 iyun 2026
Kusturitsa Rusiya vətəndaşlığı almaq planlarından danışdı

Kusturitsa Rusiya vətəndaşlığı almaq planlarından danışdı

10:30 8 iyun 2026
Azərbaycan kinosunun Qəmlosu -  Şöhrətin arxasındakı kədər

Azərbaycan kinosunun Qəmlosu - Şöhrətin arxasındakı kədər

12:00 7 iyun 2026
Van Qoqun dostu, Taiti gözəllərinin vurğunu – Pol Qogen kim idi?

Van Qoqun dostu, Taiti gözəllərinin vurğunu – Pol Qogen kim idi?

11:00 7 iyun 2026
"Həddindən artıq gerçək!" - Papanın rəsmini çəkən dahi

"Həddindən artıq gerçək!" - Papanın rəsmini çəkən dahi

14:09 6 iyun 2026
Dünyaya təqdim olunan 50 sovet şairi arasında Səməd Vurğun niyə yoxdur?

Dünyaya təqdim olunan 50 sovet şairi arasında Səməd Vurğun niyə yoxdur?

12:51 6 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər