Sağ əlim sənin başına – Yeni şeirlər

Sağ əlim sənin başına – Yeni şeirlər
28 fevral 2023
# 14:00

Kulis.az Hafiz Hacxalılın yeni şeirlərini təqdim edir.


Torpağın

Adına Vətən deyirik,
Bu qaragözlü torpağın.
Uğrunda can veririk,
Bu qaragözlü torpağın.

Ana deyib ağlayırıq,
İtirsək yas saxlayırıq.
Öpürük, qucaqlayırıq,
Bu qaragözlü torpağı.

Türk oğluyam, yurdum odur,
Turan deyən qurdum odur.
Ölsəm yenə yurdum olur,
Bu qaragözlü torpağım.


***

Sağ əli Şuşada qalan əsgər qardaş,
Sən sevinəndə daha kimsəyə deyə bilməyəcəksən:
“Sağ əlim sənin başına”...


Anama

Boş qalan otağın soyuqdur buztək,
Taxtında kədərin uyuyur indi.
Nəfəsin hopsa da daşa, divara.
Bu evdə sənsizlik böyüyür indi.

Hardasan, qapını gəlib özün aç?
Hardasan, ay mənim səsi sehrlim?
Qalmışam özünə, sözünə möhtac.
A könlü nəğməlim, dili şeirlim.

Sənin yoxluğuna bələnib hamı.
Dindikcə yer yanır, göy inildəyir.
Xatirən dil açır “Segah” misalı,
Kaman sızıldayır, ney inildəyir.

Nə vaxtdır gün çıxmır, ay dəymir gözə.
Sənsizlik yanıqlı ötən qu imiş.
Hara baxırıqsa dərd verir bizə,
Demə, anasızlıq elə bu imiş.

Getdin, sənlə getdi, o səs, o soraq,
Dumanda itirəm, çəndə azıram.
Ay ana, bir mənim təsəllimə bax,
Özümü unudub şeir yazıram.


Ana

Çöhrəndən gülüşün, dilindən sözün,
Elə bil göylərə çəkilib, ana.
Kimi gözləyirsən, gələninmi var?
Gözlərin yollara dikilib, ana.

Bələnib zülmətə aydın sabahlar.
Axan göz yaşını kim axı saxlar?
Susuz dodağından qopan o ahlar.
Mənim ürəyimə tökülüb, ana.

Göylərin dumanı, çəni ağlayar.
Torpağın sünbülü, dəni ağlayar.
Bacımız da yoxdur, səni ağlaya.
Atamın beli də bükülüb, ana.

Dönmüşəm yanıqlı bir simə, sənsiz.
De, kimə sığınım, mən kimə sənsiz?
Özümə, sözümə, hissimə sənsiz,
Bir kədər libası tikilib, ana.

***

Durub yarpaq ömrümün,
Qəsdinə payız kimi.
İlahi, cəllad yoxdu,
Dünyada bu qız kimi.

Əli bir yana dursun,
Telləri tətikdədi.
Dinsəm, dilim qurusun.
Başım lal kötükdədi.

Hörüyündən asılıb,
Neçə günahsız baxış.
Elə gözəl öldürür,
Vallah bu canıyanmış.

Asan ölüm gəzirəm,
Qorxma deyir, mənlikdi.
Ona can verməyənin,
Canı cəhənnəmlikdi.


İlk məhəbbətim

Alnımda qırışa, saçımda dənə,
Dönüb, bilməmişəm ilk məhəbbətim.
Elə bilirdim ki, dili, ağzı yox.
Dinib, bilməmişəm ilk məhəbbətim.

Gileyi zil oldu, naləsi pəsdə.
Gəldi durna kimi dərd dəstə-dəstə.
Üzərlik misalı başımın üstə,
Yanıb, bilməmişəm ilk məhəbbətim.

Nəyi qoyacaq ki, zaman yerinə,
Çevrilə bilmədi güman yerinə.
Sinəmdə dağların duman yerinə,
Sinib, bilməmişəm ilk məhəbbətim.


Mən onu sevirdim öz adım kimi.
Göylərə ucalan qanadım kimi.
O gəlin köçəndə inadım kimi,
Sınıb, bilməmişəm ilk məhəbbətim.


Gətirib

Yerini, yurdunu itirib deyən,
Bu yarpaq masama pənah gətirib.
Gözünün, könlünün kökü saralıb.
Dilində yüz giley, min ah gətirib.

Talemi günahkar, bəxti yazanmı?
Sarala-sarala ölmək asanmı?
Kim deyir, təbiət savab qazanmır?
Quşlar qanad taxıb sabah gətirib.

Qutaran olarmı bu canı dardan,
Üzməyib əlini ötən bahardan.
Qərib durna kimi qalıb qatardan.
Vallah onu bura Allah gətirib.


***

Nə əkmişəm ömür adlı.
Bu şuma, Allah, bu şuma.
40-dan sonra nə gələcək,
Başıma, Allah, başıma.

Həsrət odu qucaq-qucaq.
Sinəmdə gül-gül açacaq.
Hələ çoxmu qar yağacaq,
Qışıma, Allah, qışıma.

Qəlbim qəmə odacıqmı?
Xoş üz göstər, ya da çımxır.
Etdiklərim niyə çıxmır,
Qarşıma, Allah, qarşıma.

Qəfil olsun, birdən gəlsin.
Yerdən çıxsın, göydən gəlsin.
Elə ölüm göndər gəlsin,
Xoşuma, Allah, xoşuma.

# 3329 dəfə oxunub

Oxşar xəbərlər

Hamı qol saatıynan aldadır yetim uşağı... - Ruzbeh Məmmədin yeni şeirləri

Hamı qol saatıynan aldadır yetim uşağı... - Ruzbeh Məmmədin yeni şeirləri

17:00 23 sentyabr 2024
Yuxularıma gələndə də saçlarını topla - Güneydən şeirlər

Yuxularıma gələndə də saçlarını topla - Güneydən şeirlər

17:00 27 fevral 2023
Sevgi vardır ki, dodaqlarda açar güllərini

Sevgi vardır ki, dodaqlarda açar güllərini

12:05 14 fevral 2023
Kimə inanıram aldadır məni - Loğmandan yeni şeirlər

Kimə inanıram aldadır məni - Loğmandan yeni şeirlər

17:00 13 fevral 2023
Kişiləri Allah özü qorusun... - Nəriman Həsənzadənin şeirləri

Kişiləri Allah özü qorusun... - Nəriman Həsənzadənin şeirləri

17:00 9 fevral 2023
Bir dostumuz olsaydı, satardıq – İlqar Fəhminin yeni şeirləri

Bir dostumuz olsaydı, satardıq – İlqar Fəhminin yeni şeirləri

17:00 30 yanvar 2023
#
#
# # #