İstəmirəm həqiqəti məscidlərdə, kilsələrdə axtarım - İlkin Özün yeni şeirləri

İlkin Öz

İlkin Öz

28 mart 2025
# 15:30

Kulis.az gənc şair İlkin Özün yeni şeirlərini təqdim edir.

Hərdəmxəyal silsiləsi


İstəmirəm Adəm olum, günahı mən yaradım.
İstəmirəm həqiqəti məscidlərdə
kilsələrdə axtarım.
İstəmirəm güzgüyə baxıb
Allahı orda tapım.

***
Göz yaşının mənbəyi
Buza dönmüş ürəkdi,
Bəs sentimental adamlar
Onda kimə gərəkdi?

***
Ən optimal terapiya
və ən uğurlu motivasiya
Gözəl qızlarla
söhbət etməkdi.

***
Ağ Bayraqlar
Ölkəsində
Qırmızıya yoxdu yer!

***
İndi biz bir telefon məsafəsi qədər
Uzaqda olsaq da,
səsimiz bir-birimizə çatmır.

***
Artıq heç nə vecimə deyil,
Ağ şaxtaya meydan oxuyan
Pinqivinlərdən və ayaq altda qalan
qarışqalardan başqa...

***
Təfəkkürün fövqündə durmaq
məni, doğrudan, çox sevindirir.
Zaman, məkan, hərəkət — bir sözlə,
Bualodan zəhləm gedir...

***
Bu qədər problemin içində
Şagirdlər hələ riyaziyyatdan məsələ həll edir,
Hamının hər şeyi bildiyi yerdə
Kimə lazımdır yeni fikir?

***
Yerdə qalanlar
“Günəşə daş atır,
it hürür, karvan keçir” - deyə
ucuz şairlər bahalı qəfəsdə
hey fikirləşir...

***
Səni sevmək üçün gəldim dünyaya,
Heyif, başqasına vuruldum...

***
Demos yuxuda gördü ki,
Demokratiya, əslində, seçmək üçün yox
susmaq üçündü...

***
Qışa nifrət edirəm,
amma qarı sevirəm...
Dənizə nifrət edirəm,
amma balıqları sevirəm...
Qaranlığa nifrət edirəm,
amma gecəni sevirəm...
Sevgiyə nifrət edirəm,
amma səni sevirəm...

***
Nankorluq –
Günəş doğanda
Elektrik lampalarını
Söndürməkdi.

***
Qadın tanrı tək qurban tələb edir!
Məsələn, onlara gül alarkən
çiçəkləri uğruna
öldürdüyümüzü zənn edir...

***
Hər kəsin həyat fəlsəfəsi fərqlidir.
Yağış yağarkən kimsə axtarır çətir,
Kimsə torpaqdan gələn ətri
Ürəkdolusu içinə çəkir...

***
Bir gecə izləyirsənsə
Küləklərin rəqsini,
Bil ki, həmin külək
Səsindəki musiqini duyub...
Yox əgər qulaqlarına çatırsa
Qapqaranlığın qulaqbatıran səsi
onda bil ki, Zülmət belə
məni dinləməkdən yorulub...

Riyazi poeziya

Bəzi insanların mənası,
bəzi misalların həlli
yox idi.
Kəsr xətti:
Surətdə sənin qiymətin
Məxrəcdə “sıfır” kimi


İkilik

İkilik say sistemində
iki rəqəm:
Bir mənəm,
SIFIR sən.

Təklik

Biz əvvəl təkdik,
ikilikdə birləşdik.
Sonra ikiyə bölündük,
indi isə heçik...

Yaranış

Dostum P.Məmmədova
Tanrı həyatı,
həyat ədəbiyyatı,
ədəbiyyat mədəniyyəti
mədəniyyət isə bəşəriyyəti
yaratdı...

Absurd
Azər Ərziyə

Şair, hələ
əsas məsələ
doğru insanı tapmaq yox,
yalnış insanı sevməkdir.

Xülya

Bir yaz günündə
tanımadığım küçədə
göz-gözə gəldiyim
gözəl qız mənə
söz verə:
Söz verə ki,
hər səhər gözəlliyiynən öyünən
sarımtıl saçlı Günəşin acığına
uzaqlaşaq hər kəsdən...
Aylı gecə... sən və mən
söhbətləşək,
şeirləşək,
sözləşək...
isitsin bizi külək.
Üşüsün “bəlkə”lərimiz,
qovuşsun boz kölgələrimiz...

Üçlük
Sofiyaya

Görən, hansı qüvvəydi,
bizi o gün rast salan:
Tanrı, Taleh, yoxsa bəxt?

Eyni şəhər, eyni küçə,
eyni vaxt
Səni görcək birdən-birə
dəyişdi...

... Sonra əlimiz üstə
İtmi hürdü, bilmirəm...

Kənarlaşdım şəhərdən,
Küsdü küçə bir anda.

Düşdü əqrəblər qışa
Daşa döndü zaman da.

Görən, kimdi günahkar,
Tanrı, Taleh, yoxsa bəxt?

Həmin şəhər, həmin küçə,
həmin vaxt
Mənə yaddı, mənə yaddı,
mənə yad...

# 470 dəfə oxunub

Oxşar xəbərlər

Hamı qol saatıynan aldadır yetim uşağı... - Ruzbeh Məmmədin yeni şeirləri

Hamı qol saatıynan aldadır yetim uşağı... - Ruzbeh Məmmədin yeni şeirləri

17:00 23 sentyabr 2024
Sağ əlim sənin başına – Yeni şeirlər

Sağ əlim sənin başına – Yeni şeirlər

14:00 28 fevral 2023
Yuxularıma gələndə də saçlarını topla - Güneydən şeirlər

Yuxularıma gələndə də saçlarını topla - Güneydən şeirlər

17:00 27 fevral 2023
Sevgi vardır ki, dodaqlarda açar güllərini

Sevgi vardır ki, dodaqlarda açar güllərini

12:05 14 fevral 2023
Kimə inanıram aldadır məni - Loğmandan yeni şeirlər

Kimə inanıram aldadır məni - Loğmandan yeni şeirlər

17:00 13 fevral 2023
Kişiləri Allah özü qorusun... - Nəriman Həsənzadənin şeirləri

Kişiləri Allah özü qorusun... - Nəriman Həsənzadənin şeirləri

17:00 9 fevral 2023
# # #