#

Hamı qol saatıynan aldadır yetim uşağı... - Ruzbeh Məmmədin yeni şeirləri

Hamı qol saatıynan aldadır yetim uşağı... - Ruzbeh Məmmədin yeni şeirləri
23 sentyabr 2024
# 17:00

Kulis.az Ruzbeh Məmmədin yeni şeirlərini təqdim edir.

On üç il öncə darıxmaq fəslində


Payız olmasaydı, yarpaqlar indi
Hələ düşməmişdi budaqlarından,
Quşlar kəndimizdən köç etməmişdi,
Arılar hələ də gül axtarırdı
Mən də ki, oturub darıxmamışdım
Külək də döymürdü pəncərələri
Amma gördük ki, payız qapıda
Kəndinsə üstündən bir sürü leylək,
Səs-səsə veriblər buludlar altda
Gedirlər hardasa böcək tapmağa
Ümidli leyləklər axışdı getdi
Ağac başındakı ətcə qarğalar
Bir axşam qəfildən yığışdı getdi
Elə bil əbədi susdu təbiət...
O qədər çəkilib onda xəlvətə
Ağladım o gedən qarğalar üçün
Ağladım, yarpaqsız budaqlar üçün...
Kəndi də bürüdü hər yandan duman
Sonuncu kəpənək torpağa düşdü
Öldü böcəklərin güllüsü öldü
Bizim cücələrin əllisi öldü
Anamın barmağı dəyən cücənin
Qisməti tuş gəldi ala pişiyə
Hamını bürüdü qanqaraçılıq...
"Onsuz da havalar sərt keçəcəkdi
Cücə ölməyib də nə öləcəkdi?"-
Anamı beləcə təsəlli etdim
Anamı ötürdüm qocalığına.
Payıza min lənət oxudu hamı
Qəfildən anamın yarpaq əlləri
Qocaldı əkdiyi çiçəklər üçün...
Mənim arzularım heykələ döndü
Heykəldən özümə ümid düzəltdim
Sonra ümidlərim qopdu, puç oldu
Barmağı qatlayıb hesab etdiyim
Bütün saydıqlarım sonda heç oldu
Ən gözəl adamlar öldü qəfildən
Ən yaxşı adamlar uzağa getdi
Daha heç düşmədi sahmana həyat;
Payız da qayıtdı, leylək qayıtdı
Yarpaq də qayıtdı, böcək qayıtdı
Bircə qayıtmadı əclaf arzular
Bircə qayıtmadı ümidlər geri...

***

Çətini dünən idi - sevdiyim kino bitdi, həm də pis, ayrılıqla
Bu yayı da keçindim, sərgərdan küçələrdə, bir də ki, tənhalıqla...

Göyərçinə dən atdım, küçədən zibil yığdım, başım qarışdı işə
Zülüm-zülüm darıxdım, miskin mənzərə idi, döndüm bir az keçmişə...

Amma yağış yağmadı, zəng çalmadı telefon, it də pişik qovmadı.

Külək yenə torpağı səmalara uçurdu, köynəyimi buladı
nədənsə ayrılmalı, qəfil aşiq olmalı qəribə bir havadı...

Tarixə də baxmıram, təqvimlərdə it ili, bilmirəm hansı bürcdü?
Mənim yerim tənhadı, boş-boş xarabalıqdı, evdə də tozlu küncdü...

Elə bil ki, bilmirəm
kimsə qarğış eləyib: sənin ömrünə axır bayquş ulasın deyə
Axı indi kim dözər, boşluğa, tənhalığa, bu böyük səksəkəyə.

***

Klassika ömrü

Bircə qəmnən ölüm olmur
Ağlama, könül aşığı
Olur bəzən dünyadı da
əl yuxarı, əl aşağı...

Daşı daşnan, qanı suynan
Ölüm imiş pay atoynan
Hamı da qol saatıynan
Aldadır yetim uşağı...

Kül üfürdün gözə sən də
Nə tez durdun üzə sən də
İnanma hər sözə sən də
Söndürmə yanan işığı...

***

Bizi də aldatdı ki,
yuxular, yuxular...
Adam da öz qolu üstən
yıxılar, yıxılar?

Ürəyini bircə qoru
qəfil olar sıxılar, sıxılar...

Sən getmisən səndən sonra
məni də darıxdırır
səndən qalan qoxular, qoxular...

Bağışla ki, uzaqsan
bircə qalıb "axı"lar, "axı"lar...

***

Can sümükdən çıxar kimi
Elə çıxdın zalım səni
Heç sordunmu bir yol olsun
İncitdimi halım səni

Gözünü yum, keç bu dağı
Həzin-həzin oxu ağı
Harda olsam bir yol çağır
Öpüb, yola salım səni

Bu eşqdi - iç, istər içmə
Mən keçən yuxudan keçmə
Səni qaytarım içimə
Ovudaram, qalım səni

Səni heçdən var elədim
Üzüb hərdən, xar elədim
Hamıya aşkar elədim
...yoxsan gərək sanım səni

# 1158 dəfə oxunub

Oxşar xəbərlər

Sağ əlim sənin başına – Yeni şeirlər

Sağ əlim sənin başına – Yeni şeirlər

14:00 28 fevral 2023
Yuxularıma gələndə də saçlarını topla - Güneydən şeirlər

Yuxularıma gələndə də saçlarını topla - Güneydən şeirlər

17:00 27 fevral 2023
Sevgi vardır ki, dodaqlarda açar güllərini

Sevgi vardır ki, dodaqlarda açar güllərini

12:05 14 fevral 2023
Kimə inanıram aldadır məni - Loğmandan yeni şeirlər

Kimə inanıram aldadır məni - Loğmandan yeni şeirlər

17:00 13 fevral 2023
Kişiləri Allah özü qorusun... - Nəriman Həsənzadənin şeirləri

Kişiləri Allah özü qorusun... - Nəriman Həsənzadənin şeirləri

17:00 9 fevral 2023
Bir dostumuz olsaydı, satardıq – İlqar Fəhminin yeni şeirləri

Bir dostumuz olsaydı, satardıq – İlqar Fəhminin yeni şeirləri

17:00 30 yanvar 2023
#
#
# # #