"Mən müraciət ediləcək son ünvanam..." - Artur Konan Doyl

"Mən müraciət ediləcək son ünvanam..."  - Artur Konan Doyl
22 may 2026
# 10:40

Bu gün İrlandiya əsilli ingilis yazıçısı Artur Konan Doylun doğum günüdür.

Kulis.az onun "Beş portağal çəyirdəyi" əsərindən bir hissəni Cəlil Cavanşirin tərcüməsində təqdim edir.

82-90-cı illər arası Şerlok Holmsun macəraları ilə bağlı apardığım qeydlərə baxanda, o qədər qəribə və maraqlı hadisələrin içindən birini seçməkdə çətinlik çəkirəm. Bəziləri qəzetlərdə yayımlandı, bəziləri isə gün işığına çıxa bilmədi. Mənim məqsədim də danışmaqdır. Bəziləri Holmsun nağıletmə qabiliyyətinə görə, bəziləri isə yazılması mümkün olmadığına görə yarımçıq qaldı. Bəzilərində isə heç bir məntiqi sonluğa çata bilmədiyim üçün, yazmadım. Lakin bir hekayə var ki, bəzi nöqtələri aydınlaşmadığı üçün, bəlkə də heç bir zaman aydınlaşmayacağı halda detallar ilə, o cümlədən maraqlı olması və sonluğu ilə o qədər çaşdırıcı idi ki, bu hadisəni danışmaqdan özümü saxlaya bilmirəm. 87-ci ildə qeydlərini yazdığım əhəmiyyətli və əhəmiyyətsiz bir çox hadisə baş verib. Bu on iki aylıq zaman ərzində qeydlərimi yığdığım başlıqlar arasında, Paradol Çamber əhvalatı, bir mebel atelyesinin aşağı mərtəbəsində lüks bir klubları olan “Həvəskar Dilənçilər Birliyi” əhvalatı, İngilis gəmisi “Sofi Anderson”un itməsi, Uffa adasında Kris Patersonların əhvalatı və son olaraq da Kambervel zəhərlənmə hadisəsini saya bilərəm. Sonuncu əhvalatda yadımda qaldığı qədərilə Şerlok Holms, ölü adamın saatını yoxlayaraq, iki saat əvvəldən qurulduğunu və mərhumun yatağa bu saatda girdiyini isbat etmişdi. Bütün bunları da nə vaxtsa mütləq danışaram, amma hər halda bunların heç biri indi qələmi əlimə alıb yazmağa başlayacağım hekayədəki qədər qəribə hadisələr zəncirinə aid deyil.

Gecə-gündüz bərabərliyi fırtınalarının başladığı sentyabrın son günlərindəydik. Gün boyu külək fit çalır, yağış pəncərələrə çırpılırdı, insan, bu böyük müasir Londonda belə, bir anlıq da olsun həyatın təkrarlarından xilas olaraq, qəfəsində vəhşi heyvan kimi sivilizasiyanı, bəşəriyyətə kükrəyən bu böyük təbiət güclərini düşünmədən dayana bilmirdi. Axşam olanda fırtına daha çox şiddətləndi və külək, bacalarda fit çalmağa başladı.

Şerlok Holms, buxarının bir tərəfində oturmuş, dalğın-dalğın cinayətlər haqqında qeydlərini araşdırarkən, mən də o biri başda oturub, Klark Russelin dəniz macəralarından birini oxumağa çalışırdım. Çöldəki fırtınanın və yağışın səsi, oxuduğum kitabdakı dəniz dalğalarına qarışırdı. Arvadım, bir neçə günlüyə anasını görməyə getmişdi; buna görə mən yenə Beyker küçəsindəki köhnə evimdə qalırdım.

-Hmm.. - dostuma baxaraq dedim, - bu zəngin səsi deyilmi? Bu saatda kim ola bilər ki? Bəlkə də dostlarından biridir?

-Səndən başqa dostum yoxdur, - deyərək cavab verdi. - Qonaqları çox sevmirəm.

-Müştəridir o zaman.

- Əgər elədirsə, ciddi bir məsələ olmalıdır. Yoxsa, heç bir qüvvə bir adamı belə bir gündə və saatda evdən çölə çıxara bilməz. Bəlkə də bizim ev sahibəsinin yaxınlarından biridir. Şelok Holms, təxminində yanılırdı, çünki koridorda eşidilən ayaq səslərindən sonra qapımız döyüldü. Uzun qoluyla lampanı çevirərək, qonağın oturacağı boş kürsülərdən birini işıqlandıracaq şəkildə yerləşdirdi.

-Girin, dedi. İçəri, iyirmi iki, iyirmi üç yaşlarında, yaxşı geyimli və zərif görünüşlü gənc bir nəfər girdi. Üstündən su süzülən çətiri və uzun, parlaq plaşı, çöldə nə qədər pis hava olduğunu göstərirdi. Lampanın işığında narahat gözləri və solğun üzü görünürdü. Böyük bir dərdin altında əzilmiş adama bənzəyirdi.

-Sizə üzr borcluyam, - dedi, qızıl kəpənək eynəklərini gözlərinə taxaraq.

- Ümid edirəm ki, narahat etmirəm. Görürsünüz, otağınıza çöldəki fırtınadan və yağışdan izlər gətirdim .

-Paltonuzu və çətirinizi götürüm, dedi Holms. Asqıda qalsalar dərhal quruyarlar. Belə başa düşürəm ki, cənubqərbdən gəlmisiniz.
-Bəli, Horşamdan.
-Bu, ayaqqabılarınızdakı gil və palçıqdan aydın olur.
-Bir mövzuda tövsiyənizə ehtiyacım var.
-Bu asan məsələdir.
-Və köməyinizi…
-Baxın bu həmişə asan olmur.
-Sizin haqqınızda deyilənləri eşitdim. Mayor Prenderqast, onu “Tankerville klubu” qalmaqalında xilas etdiyinizi danışdı.
-Ah, təbii. Hiylə işlədir deyə səhv yerə günahkar çıxarmışdılar.
-Hər şeyi həll edə biləcəyinizi söylədi.
-Bir az şişirdib.
-Əsla məğlub olmadığınızı dedi.
-Dörd dəfə məğlub olmuşam - üç dəfə kişilərə, bir dəfə də qadına.
-Amma müvəffəqiyyətlərinizin sayıyla müqayisə etsək nədir ki?
-Ümumiyyətlə müvəffəqiyyət qazanmağım doğrudur.
-O zaman mənim problemimdə də eyni müvəffəqiyyəti göstərə bilərsiniz.
-Lütfən, stulunuzu ocağın yanına gətirin və hekayənizi bütün detallarıyla danışın.
-Mənim hekayəm adi hekayə deyil.

-Heç bir hekayə adi deyil. Mən müraciət ediləcək son ünvanam onsuz da.
-Bütün bu təcrübələrinizə baxmayaraq, ailəmin başına gələnlər qədər sirli hadisələr zənciriylə qarşılaşıb-qarşılaşmadığınıza şübhəylə yanaşıram.
-Maraqla qarşılayaram. - dedi Holms. Lütfən, indi də ən başından etibarən lazımlı məlumatları verin ki, sonra, əhəmiyyətli hesab etdiyim bəzi detallar haqqında suallar verə
bilim sizə.
Gənc adam, kürsüsünü yaxınlaşdıraraq yaş ayaqlarını oda yaxınlaşdırdı.
-Adım Con Openşoudu, amma bəlayla adımın heç əlaqəsi yoxdur. Atalarımdan gəlmə bir məsələ olduğundan, yaxşı başa düşülməsi üçün də ən başından izah etməliyəm.

Babamın iki oğlu vardı - əmim Elias və atam Cozef. Atamın, Koventridə, velosipedin icadından sonra böyütdüyü kiçik bir fabriki vardı. Openşou partlamayan rezin şinlərinin patentini aldıqdan sonra işi o qədər böyümüşdü ki, patenti satdıqdan sonra əlinə böyük miqdarda pul keçmişdi. Əmim Elias, gənc ikən Amerikaya köçmüş və Floridada əkinçiliklə məşğul olmuşdur. Müharibə zamanı, əvvəl Ceksonun, sonra da Hudun ordusunda olmuş və polkovnikliyə qədər yüksəlmişdi. Li tərkisilah edildikdən sonra əmim də ferma işlərinə geri dönərək üç-dörd il də bu işlə məşğul olmuşdur.

1869-cu ildə və ya 1870-ci ildə Avropaya geri dönmüş və Horşam yaxınlarında, Sussexdə kiçik bir ərazi almışdı. Amerikada böyük bir sərvət əldə etməsinə baxmayaraq, geri dönməsinin səbəbi, zəncilərə və onlara torpaq verən Respublikaçı siyasətə qarşı olmasıymış. Hiddətli, tez əsəbiləşən bir adam idi; əsəbiləşdiyində, ağzından elə sözlər çıxardı ki, ətrafındakılar utancdan yerə girərdi. Horşamda yaşadığı müddətdə bir dəfə belə olsun şəhərə enmədiyinə əminəm. Bir bağçası və iki-üç tarlası vardı. Burada çalışardı, amma bəzən həftələrlə otağından çıxmazdı. Hədsiz konyak içər və siqaret çəkərdi. İzdihamdan xoşu gəlmədiyi üçün yoldaş istəməzdi; hətta öz qardaşını belə sevməzdi.

Mənim yanında olmağımdan narahat olmazdı; hətta xoşu gələrdi, çünki məni ilk dəfə görəndə hələ on iki yaşında bir uşaq idim, yəni əmimin İngiltərəyə gəlişindən səkkiz, doqquz il sonra, 1878-ci ildə doğulmuşam. Atama, onun yanında qalmağım üçün yalvarardı. Mənimlə həmişə yaxşı davranardı. Ayıq olanda nərd və dama oynamağı sevərdi. Bir müddət sonra xidmətçilər və ticari əlaqələrlə bağlı işləri mənə tapşırdı. On altı yaşıma çatanda az qala evin ağası olmuşdum.

Açarlar məndə olduğu üçün, onu narahat etmədiyim müddətdə istədiyim hər yerə girə bilərdim. Çardaqdakı kilidli otağa isə icazə vermirdi. Ora mən də daxil kimsənin girməsinə icazə verməzdi. Uşaq marağıyla açar dəliyindən baxardım amma elə bir otaqda olması gözlənilən köhnə sandıqlar və əşyalar xaricində bir şey görə bilməzdim. Bir gün – 1883-cü ilin mart ayında–xarici bir ölkədən bir məktub gəldi polkovnikə. Ona məktub gəlməsinə çox alışmamışdıq, çünki çekləri nağd ödəyərdi və heç bir yoldaşı yox idi. Məktubu götürüb baxandan sonra:

-Hindistandan gəlib! dedi. Möhürlüdür. Nə ola bilər ki?

Məktubu tələsik açdı və içindən beş dənə, kiçik, qurumuş portağal çəyirdəyi çıxdı. Bunu görüncə gülməyə başladım, amma əmimin üzünün ifadəsini görüncə gülüşüm dondu. Dodaqları sallanmış, gözləri bərəlmiş, rəngi əhəng kimi dümağ olmuşdu. Əlləri titrəyərək məktuba baxdı və “K. K. K.” deyə qışqırdı, “Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” -Niyə əmi? - deyə soruşdum.

-Ölüm, - dedi, və masadan qalxaraq, otağına çəkildi. Yerimdə donub qalmışdım. Zərfi əlimə aldığımda tam yapışqanın üstünə qırmızı mürəkkəblə üç dənə “K” hərfinin yazıldığını gördüm. İçində beş dənə qurudulmuş portağal çəyirdəyindən başqa heç nə yox idi. Bu böyük qorxunun səbəbi nə ola bilərdi ki? Nahar masasından qalxaraq, pilləkənləri çıxırdım ki, əmimin bir əlində çardaqdakı otağa aid olduğunu düşündüyüm paslı açar, digər əlində də pul qutusuna bənzər qutuyla aşağı endiyini gördüm.

İstədiklərini etsinlər, onlarla hələ bacararam, deyirdi. Mariyə de, otağımdakı buxarını yandırsın və Horşamdan vəkili çağırsın. Dediyini etdim. Vəkil gələndən sonra məni də otağa çağırdılar. Ocaq gur yanırdı və tam ortasında kağız yanığına bənzər bir kül yığını, yanında da qapağı açıq, içi boş qutu qoyulmuşdu. Qutuya diqqətlə baxdığım zaman qapağında, səhər zərfdə gördüyüm “K” hərflərinin yazıldığını gördüm və heyrətləndim.

-Con, - dedi əmim, vəsiyyətimə şahid olmağını istəyirəm. Ərazimi, olduğu kimi qardaşıma, yəni atana vəsiyyət edirəm. Şübhəsiz, o öldükdən sonra da sənə qalacaq. Hüzur içində dadını çıxara bilsən, yaxşı olar. Amma əgər bacarmasan oğlum, tövsiyəmə qulaq as və onu ən qəddar düşməninə ver. Sənə belə bir şey verdiyim üçün təəssüf edirəm, amma işlərin hara gedəcəyini bilmirəm. İndi lütfən cənab Fordhamın göstərdiyi yeri imzala. Deyildiyi kimi imzaladım və vəkil, sənədi götürüb getdi. Təxmin edəcəyiniz kimi bu qəribə hadisə üzərimdə dərin bir təsir yaratdı, amma olanları dəfələrlə hərtərəfli düşünməmə baxmayaraq bir nəticə çıxara bilmədim. Yenə də omüəyyən naməlum qorxu duyğusunu üstümdən tamamilə ata bilmədim. Hərçənd həftələr keçdikcə təsiri yüngülləşir və gündəlik həyat davam edirdi. Amma əmimdə dəyişikliklər yaranmağa başladığını fərq edirdim. Əvvəlkindən daha çox içməyə və cəmiyyətdən daha da çox uzaqlaşmağa başlamışdı. Zamanının çoxunu, qapısını içəridən kilidlədiyi otağında keçirirdi. Amma bəzən sərxoş kimi dəlicəsinə otaqdan bayıra atılır, əlində tapançası, evi alt-üst edərək bağçaya çıxır və kimsədən qorxmadığını, heç kimsənin onu bir qoyun kimi yerə soxa bilməyəcəyini söyləyirdi. Əsəbi keçdikdən sonra evə girir və ruhunun dərinliklərindəki qorxuya təslim olan adam kimi qapını kilidləyir və mürgüləyirdi. Belə zamanlarda, ən soyuq günlərdə belə, üzü tərdən islanırdı. Səbrinizi daha çox sınağa çəkmədən məsələnin özünə gəlsək, cənab Holms, bir gecə yenə sərxoş şəkildə evdən atıldı və daha geri dönmədi. Onu axtarıb bağçanın aşağısındakı hovuzda üzü suya atılmış halda tapdıq. Zorakılıq əlaməti olmadığından və hovuz da yalnız yarım metr dərinliyində olduğu üçün, məhkəmə əmimin qəribə davranışlarını da nəzərə alaraq “intihar” qərarı verdi. Mən, onun ölümün düşüncəsindən belə qorxduğunu bildiyimdən, bunu necə etdiyini anlaya bilmədim. Lakin məsələ zamanla unuduldu və atam ərazini və bankdakı 14000 sterlinqi əldə etdi.
-Bir dəqiqə, deyərək Holms onun sözünü kəsdi. - Bu, dinlədiyim ən maraqlı hekayələrdən biridir. Lütfən, əminizin məktubu aldığı və intihar etdiyi iddia edilən tarixləri söyləyərsinizmi?
-Məktub 10 Mart 1883-cü ildə gəldi və əmim yeddi həftə sonra, 2 may gecəsi öldü.
-Təşəkkür edirəm. Lütfən davam edin.

-Atam, Horşamdakı ərazini aldıqdan sonra, mənim istəyimə görə, hər zaman kilidli olan çardaqdakı otaq diqqətli şəkildə araşdırıldı. İçindəkilər yox edilmiş olmasına baxmayaraq, qutu orada idi. Atam həmişə qardaşına gülürdü, amma indi, eyni şey onun da başına gəlincə, çox qorxmuş və çaşqın görünürdü.
-Bu nə deməkdir Con? - deyə kəkələdi.
-Tamam donmuşdum. “K. K. K.” dedim.
-Zərfin içinə baxdı. Eynidir, deyə qışqırdı. “Hərflər eynidir. Amma üzərlərində yazılanlar nədir?
-“Kağızları günəş saatının üstünə qoy”, atamın çiyininin üstündən oxudum.
-Nə kağızları? Nə günəş saatı deyə soruşdu.
-Bağçadakı günəş saatı. Başqası yoxdur, dedim, amma bəhs edilən kağızlar yox edilən kağızlardır yəqin.
-Yaxşı görək, dedi cəsur görünməyə çalışaraq. Mədəni bir ölkədə yaşayırıq; belə axmaqlıqlara inanası deyilik. Haradan gəlib bu?
-Dundidən, deyə cavab verdim markaya baxaraq.
-Çox axmaq zarafatdır, dedi. Günəş saatıyla, kağızlarla nə işim var? Belə axmaqlıqlara baş qoşmaram.
-Polislə danışmalıyıq, dedim.
-Sonra da lağ hədəfi olaq eləmi? Mümkün deyil belə şey!
-Elə isə icazə ver mən özüm tək məşğul olum.
-Xeyr sənə də icazə vermirəm. Belə bir axmaqlığa görə ortalığı qarışdırma.
-Onunla mübahisə etmək boş-boşuna vaxt itkisi idi. İnadçı bir adamdır. Amma mənim içim rahat deyildi. Məktub gəldikdən üç gün sonra, atam, Portsdovn Hilldə vəzifədə olan dostu, mayor Fribodyu görməyə getdi. Getməsinəsevindim, çünki evdən uzaq olduğu müddətcə təhlükəsiz likdə olacağını düşünmüşdüm. Amma yanılmışam. Getdikdən iki gün sonra, mayordan, dərhal gəlməmi xahiş edən bir teleqraf aldım. Atam çuxura düşüb, kəllə sümüyünü qırmış, yatağa düşmüşdü. Təəssüf ki, mən ora çatmadan dünyasını dəyişdi. Deyilənə görə qaranlıqda Farhamdan dönürmüş və yolu yaxşı bilmədiyindən və ətrafında işarə olmadığından çuxura düşmüşdü. Məhkəmə “qəza nəticəsində ölüm” qərarı verdi. Ölümüylə əlaqədar bütün gerçəkləri araşdırdım, amma cinayət olduğuna dair heç bir dəlil tapa bilmədim. Hər hansı bir şiddət əlaməti, ayaq izləri, soyğun, ətrafda görülən yad adamlar və s. yox idi. Heç nəyə baxmayaraq, düşüncələrimin heç də rahat olmadığını söyləməmə ehtiyac yoxdur, məncə. Bunun sui-qəsd olduğuna aşağı-yuxarı əmin idim. "Mirası
belə xoşagəlməz bir şəkildə aldım. Niyə imtina etmədiyimi soruşa bilərsiniz, cavab verim; bu bəlanın hansısa şəkildə əmimin keçmişindən qaynaqlandığını və təhlükənin məni, başqa bir yerdə də olsam, tapacağına əmin idim. Yazıq atam 85-in yanvarında taleyin toruna düşdü və o günün üzərindən iki il səkkiz ay keçib. Bu müddət boyunca Horşamda xoşbəxt şəkildə yaşadım. Qəfildən, bu lənətin ailəmin üzərində olduğunu və son nəsillə birlikdə sona çatdığını düşünməyə başlamışdım ki, dünən səhər, atama gələn şeyin
eynisi mənə də gəldi. Gənc adam pencəyinin cibindən qırışmış bir zərf çıxardı. Masaya yaxınlaşaraq, zərfi yellədi və içindən beş dənə kiçik portağal çəyirdəyi düşdü...

# 93 dəfə oxunub

Oxşar xəbərlər

"Pul xatirinə alçaqlıq etməyə ehtiyac yoxdur..." -  Balzakın "Qobsek" novellasından bir hissə

"Pul xatirinə alçaqlıq etməyə ehtiyac yoxdur..." - Balzakın "Qobsek" novellasından bir hissə

10:00 20 may 2026
"Bacara biləcəyin şeyləri etməmək cinayətdir..."  - "Kubanın müstəqillik həvarisi"ndən aforizmlər

"Bacara biləcəyin şeyləri etməmək cinayətdir..." - "Kubanın müstəqillik həvarisi"ndən aforizmlər

15:00 19 may 2026
Bir dəfə Rustavidə - Vüqar Vanın yeni hekayəsi

Bir dəfə Rustavidə - Vüqar Vanın yeni hekayəsi

12:00 19 may 2026
"Bu dünyada xoşbəxtlik təsadüfən gəlir..." - Nataniel Hotorndan sitatlar

"Bu dünyada xoşbəxtlik təsadüfən gəlir..." - Nataniel Hotorndan sitatlar

11:00 19 may 2026
Kiçik qardaşıma - Hvanq Sokyonqun hekayəsi

Kiçik qardaşıma - Hvanq Sokyonqun hekayəsi

10:31 19 may 2026
"Şekspir və Milton olmasaydı..."  - Əhməd bəy Ağaoğlunun "Sərbəst insanlar ölkəsində"

"Şekspir və Milton olmasaydı..." - Əhməd bəy Ağaoğlunun "Sərbəst insanlar ölkəsində"

10:00 19 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər