Kulis.az Zamin Hacının “Kosmik peşmanlıq” yazısını təqdim edir.
Hər il 12 aprel gələndə, dünya kosmonavtika gününü qeyd eləyəndə uca millətimizin də yadına Kərimov düşür. Yox, Əli bəyi nəzərdə tutmuram, o daima bizim xatirələrimizdə yaşayır. Kərim Kərimov adlı sovet mühəndisi vardı, Azərbaycanda doğulmuşdu, SSRİ-nin kosmik uçuşlarında, Baykonur kosmodromunda dövlət komissiyasının sədri imiş. Ta 1961-dən 1991-ə, SSRİ dağılana qədər bu kişinin “peçat”ı olmasa bir dənə raket göyə uçmazdı.
Ancaq işin tragikomik tərəfi odur ki, biz bu adamı elə SSRİ dağılana yaxın tanıdıq. Dövlət sirri olduğundan Kərim müəllimi tanımaq da qadağan imiş. Qaqarinin, Titovun, Musa Manarovun, canım sənə desin, Valentina xalanın, xülasə, bütün sovet və sosialist kosmonavtların (bolqarıstanlı kosmonavtı olub, soyadı Kakalov idi, sovetlər 1979-da onu məcbur olub yuxarıya İvanov soyadıyla göndərmişdilər) kosmosa uçuşdan qabaq əl sıxıb görüşdüyü, xeyir-dua aldığı adam Kərim Kərimov idi. Foto və video çəkilişlərdə Kərim müəllimin üzünü göstərmək qadağan idi, ancaq əli göstərilirdi. Bir növ, Kərim müəllim müqəddəs varlıq kimi olmuşdu. Ya da müstəqillik dövrümüzdə bəzi manıslarımızın sponsor “həcilərinin” yalnız əl-qol-dirsək nahiyələrinin fotosunu İnstaqramda paylaşdığı kimi. Kərim müəllim sovet hökumətinin kosmik “həcisi” idi, Allah rəhmət eləsin, qəbri ulduz tozuyla dolsun, bir az bəxti gətirmədi, tez öldü, yoxsa indilərə qalsa onu da gətirib Xiyabanda basdırardıq.
Mən sevgili xalqımızın bu aşağılıq komplekslərini sevmirəm. Kərim müəllim çox da Azərbaycanda doğulmuşdu, ancaq Azərbaycan üçün nə etmişdi? Heç Qarabağ davası başlayanda xeyrimiz üçün qımıldamadı belə. Başa düşürəm, kürəkəni erməni idi, araya girə bilmirdi. Lakin niyə hansısa kasıb, ancaq “üçün kruqunda” tanınan Mamed erməniylə ailə quranda onu daşqalaq edirik, ünlü azərbaycanlı olanda susuruq? Yanlış anlaşılmasın, mən sevgidə milli sərhəd tanımıram, sadəcə, riyakarlığa etiraz edirəm.
Kərim müəllimin əlində o boyda imkanlar ola-ola bir azərbaycanlı balasını kosmosa uçurtmadı. Hətta indi bu dəqiqə ağlıma gəldi ki, bəlkə, Kərim müəllim Qaqarini raketə buraxmaq üçün şirinlik olaraq bir sovet yüzlüyü qoparmamış olmaz. Əsl azərbaycanlıdırsa, belə etməliydi.
Özümüzün müstəqillik dövründə bu cür kosmik nailiyyətlərimiz ola-ola, niyə sovetin mənasız kosmik uğurlarına öyünək? Qəstum Finlandiyadan, taxıl Kanadadan, qənd Kubadan, ət talonla, siyasi dustaq kalonla... Sən də Yuri Qaqarinlə fəxr elə. (Sözgəlişi, Qaqarinin ən yaxın dostlarından biri Əbdürəhman Vəzirov idi, çoxlu fotoları var, ona “qaqa” deyirmiş). Ona qalsa bu saat kosmosda neçə dənə müstəqil peykimiz uçur, xeyrin də görürük, bir ara ermənilərin şəkillərini çəkmişdik.
Millətin özünə hansısa ziyalı təbəqəsi, qabaqda gedənlər, nə bilim, dünyada tanınanlar uydurması axmaq hərəkətdir, zərərlidir, rus imperiyasının, ondan da sonra sovetlərin qalığı, atavizmidir. Bunu ona görə edirdilər ki, millətin özünün səsi, sözü, fikri olmasın, formalaşmasın. Onun yerinə bir sürü avara-uvara qərar versin. Lenin demişkən, “intelligensiya millətin ...” Yaza da bilmirəm nəyidir. Bayaqkı bolqar kosmonavtı yardıma çağıraq. Leninin fikrincə ziyalılar xalqın kakalovudur.
Hələ mühəndis, kompüterçi alim-zad cəhənnəmə, biz dünyada o azsaylı xalqlardanıq ki, milli düşüncəmizi... artistlər formalaşdırır. O adamlar ki, peşə özəlliyi gündə bir dona, bir cildə girməkdir. Nə qədər yaxşı cildə girsə, o qədər güclü artistdir. Biz də bu adamı efirə çıxarıb ondan təlim-tərbiyə, mərifət öyrənməyə çalışırıq. Medal veririk, ev veririk, əvəzindən oynayırıq, teatr çıxarırıq (yazının bu yerində dəyərli həmkarım Samirə Əşrəfə efirdə çıxan hoqqalar haqda son yazısına görə minnətdarlığımı yollayıram, mümkünsə saytı işlədən yoldaşlar linkini bura da qoysunlar).
Manıslar xalqa ekrandan yol göstərir. Anam-bacım, sənin uzağı soprano səslə tenor səsin fərqini izah eləmək qabiliyyətin olmalıdır axı. Sən kimsən tərbiyə verirsən, yol işarəmiz olursan?
Bir dənə Xalq yazıçısı da var, adını çəkmirəm, çünki mən onun haqqında faktla, “subutalnı-dokumentalnı” yazanda o ancaq söyüş söyür. Məcbur qalıram mən də onu söyüm, lakin oxucularımız yazıq deyilmi? Niyə iki ağızdan yavanın söyüşməsini oxusunlar, onsuz həyatları gülüstan deyildir. Xülasə, bu yaxında bir nəfər həmin bu Anar müəllim haqda yazıb ki, əgər başqa xalqda belə adam olsa onu ta bilmirəm neyləyərmiş, biz isə qədrini bilmirik.
Əcəb işdir. 40 ildir ittifaqı vermişik, mərkəzdə ofis, rayonda restoran, uşağın birinə səfirlik, o birinə dükan, hər il dövlət büdcəsindən maliyyələşmə, Xalq yazıçısı, təqaüd proqramları, ölkənin ən yuxarı səviyyəli ordeni bunda... Daha millət nə etməlidir? Nobeli alaq verək, sakitləşin. Payızda dövlət büdcəsinə salarıq.
Başqa bir Xalq şairi də var, iki dəfə millət buna ev verib. O millət ki, ucuz ev siyahısına düşmək üçün aylarla proqramçı tutub məşq edir, lakin 500 evi 4 saniyədə satırlar, qalır suyu süzülə-süzülə. Ancaq buna iki dəfə pulsuz-parasız ev vermişik. Halal xoşu olsun. Allah o dünyada evini rahat eləsin, ilahi, amin. Özü də dammayanından olsun. Fəxri xiyabanda mənzərəli yeri də hazırdır, mən biləni. Bəs bu qədər xeyirxahlığın qabağında şair nə yazır? Bəlkə, xalqı yeni qələbələrə səsləyir? Yox. Deyir, ey vətən, ümid edirəm məni bir daha peşman eləməzsən.
Peşman ey... Vətən, ax yazıq vətən...