Bu günlərdə “Əli və Nino” kitab mağazasının hazırladığı bir layihə sosial şəbəkələrdə marağa səbəb oldu. Klassik yazıçı və şairlərimizi modern həyatda əks etdirən qrafik təsvirləri...
Qulaqlıqla musiqi dinləyən şlyapalı Füzuli, smartfon telefonlu və müasir geyimli Hüseyn Cavid, velosiped sürən Nəsimi, kofe içən Natəvan, başına bandana taxıb motosiklet sürən Nizami, skuterə çıxan Sabir, dəbli geyimi və gün eynəyi ilə göz qamaşdıran Xaqani Şirvani və s.
Həmişə olduğu kimi bu layihə də birmənalı qarşılanmadı.
Təsvirləri karikatura kimi dəyərləndirib klassiklərimizə qarşı hörmətsizlik olduğunu düşünənlər və bu addımı şiddətlə qınayanlar, tənqid edənlər lap çox oldu.
Hətta bəzi mütəxəssislər də belə işlərin yolverilməz olduğunu açıqladı.
İlk olaraq onu demək istəyirəm ki, bu qrafik təsvirləri karikatura adlandırmaq olmaz. Çünki bu rəsmlərdə heç bir satira, ironiya, ya sarkazm işartısı belə yoxdur.
Şəxsən mən bu fotolarda yazıçı və şairlərimizi aşağılayacaq hər hansı bir nüans görmədim. Əksinə, çox xoşuma gəldi. Həmin yazarları özümə daha yaxınmış kimi hiss elədim. Onları dostum kimi gördüm.
Etiraz edənlər isə yəqin ki, öyrəşiblər bu cür şəxsiyyətlərin bütləşdirilərək bizdən uzaqlaşdırılmasına, aramızda süni yollarla məsafələr yaradılmasına.
Füzulini, Nəsimini başa düşmədiyi üçün dahi sayan adamları şəxsən öz gözlərimlə görmüşəm. Həmin adamlar elə bilir ki, Füzulini, Nəsimini anlaya bilməmək onların dahiliyinə dəlalət edir. Ya da adamlar elə bilir, əgər biri dahidirsə, deməli, onu başa düşə bilmərik, ya da o, bizim kimi ola bilməz.
Həmin şəxsləri cəmiyyətdən mümkün qədər uzaqlaşdırıb bütə çevirirlər və anlamamağımız üçün əllərindən gələni edirlər.
“Gilası mürəbbə, quzunu kabab, şairi də heykəltək” xoşlayan bizlər də bundan heç narazı qalmırıq. Əksinə, onları anlamamağımızla fəxr edirik.
Əslində biz onlara mümkün qədər yaxınlaşmalı, müasir dövrümüzə uyğunlaşdırmalıyıq. Məsələn, Nizamini uşaqlar üçün daha anlaşılan etməliyik. Asan başa düşülən cizgi filmləri, filmlər çəkməliyik.
Dünyada bu cür addımlar çox atılır. Avropa ölkələrində, Rusiyada, Türkiyədə bu cür şəxsiyyətləri uşaqların sevimlisinə çevirirlər, insanlar üçün daha anlaşılan edirlər.
Biz isə Qurani-Kərimi parçaya bükdüyümüz, şkafın ən hündür yerinə qoyub “Əl vurma!” dediyimiz kimi görkəmli şəxsiyyətlərimizi də bütləşdirib funksionallığını azaldırıq.
Nizami də, Xaqani də, Nəsimi də, Füzuli də, Sabir də bizə yaxındır, bizdən biridir.
Onlar zamanımızda yaşasa, yəqin, dostluq edər, elə bu kreativ təsvirlərdəki kimi çağdaş zamanın harmoniyasına düşərdik.
Çünki əsərlərini oxuduqca bu insanları soyuq və əlçatmaz heykəldən çox canlı insan kimi hiss edirik.
Kitablarda onlar daha doğmadırlar.
Bizimlə dostdurlar.
Bizimlə dərdlərini bölürlər.
Lütfən, kimi olsa da yazıçı və şairləri sadə insanlardan və sadə həyatdan qorumayın.
Buna ehtiyac yoxdur!