Kulis.az Ulucay Akifin “Təvəkgül Boysunar, Təvəkgül Boysunar, Təvəkgül Boysunar...” adlı yazısını təqdim edir.
Bu gün içimdə səbəbini bilmədiyim bir xoşbəxtlik var, kefim əladı. Elə bu səbəbdən də yaxşılıq etmək qərarına gəlmişəm.
Düzü, kefim pis olanda da yaxşılıq etməyi sevən biri olduğumu etiraf etməliyəm, çünki əlimdə bunu iddia etməyə bəs edəcək qədər faktlar var.
Məsələn, keçən dəfə... Ötən gün... Yox, ondan qabaqkı... Yox e, bir həftə qabaq... Nəysə, yadıma düşmədi, amma əmin olun, bu yaxınlarda nəsə bir yaxşılıq eləmişdim. Yadıma düşən kimi deyəcəm.
İndi yaxşılıq etmək istədiyim isə dəqiqdir. Yaxşılıq etmək istədiyim şəxs də Təvəkgül Boysunardır.
Bilirəm, Təvəkgül Boysunarı tanımırsınız. Elə edəcəyim yaxşılığın mahiyyəti də budur: Təvəkgül Boysunarın tanınmasına kömək etmək.
Təvəkgül Boysunar, Təvəkgül Boysunar, Təvəkgül Boysunar...
Bu adı yazıda mümkün qədər çox çəkəcəm ki, yazını oxuyub bitirdikdən sonra tez çıxıb quqlın axtarış hissəsində “Təvəkgül Boysunar” yazıb adı çəkilən şəxsin kim olduğunu öyrənməyə çalışasınız.
Təvəkgül Boysunar gənc yazardır. Hekayələr yazır. Hə, yadıma düşmüşkən, elə ötən gün yaxşılıq edib Təvəkgülün “Vəsvəsə” hekayəsini oxudum. Ömrümün ən ağrılı, çətin keçən 5 dəqiqəsi idi.
Olsun. Yaxşılıq etmək asan məsələ deyil! İgid odu hər əzaba qatlana, igid odu Təvəgkül Boysunarın hekayəsini birnəfəsə oxuya!
Sonra “ta bu qələti eləmisən, axıra kimi elə də” düşüncəsi ilə qərara gəldim ki, Təvəkgül Boysunarın hekayəsinin müzakirəsində iştirak edim, bir-iki cümlə ilə fikrimi yazım. Ta bundan artıq nə yaxşılıq?!
Hekayə haqqında fikirlərimi bu cür yekunlaşdırmışdım:
“Bu mətn cansızdı, ölüdür, ana bətnindən dünyaya nəfəssiz çıxan körpə kimi və nə qədər şillələsən də ağlamayacaq, nəfəsi açılmayacaq”.
Qətiyyən Təvəkgül Boysunarın hekayəsini şillələmək fikrim yox idi, çünki bunun əbəs olduğunun fərqindəydim.
Hekayənin mövzusu çox köhnə, mətnin özü isə bütün digər bədii məziyyətlərdən xali idi.
Təvəkgül Boysunar tənqidləri oxuyandan sonra bizə cavab yazıb. Yazının böyük qismini də mənə həsr edib. Sağ olsun! Bir xeyli duyğulandım.
Hekayənin mövzusunun köhnə olmasını tənqid etmişdim. Onun özünü müdafiə üsulu məni xeyli güldürdü. Qeyd edirdi ki, müharibə hələ təzə başa çatıb, ona görə də bu mövzu köhnə deyil.
Düzünü desəm, gənc dostumuzun ədəbiyyatda mövzu anlayışının sadəcə zaman çərçivəsində köhnə, yaxud yeni adlandırıla biləcəyini düşünməsi məni həm də üzdü. Hələ bu iradında köməyə ədəbiyyatşünasları çağırması lap kədərli idi.
Müharibənin təzə bitməsi, ya da hekayədə dəfələrlə smartfon telefonu yandırıb-söndürmək mətnin yeni olmasına kömək etmir. Gənc yazara demək istəyirəm ki, o hekayədə uçan boşqabda yadplanetlilər də gəlib onu həmin hekayədəki taksidən oğurlasaydı, yenə də nəsə dəyişməyəcəkdi. Buna əminəm.
Çünki Təvəkgül Boysunar bu halda ən uzağı baş qəhrəmanın uçan boşqabda siqaret tüstülədərək Dünyaya baxdığını və fikrə getdiyini yazacaqdı.
Təvəkgül cavab yazısında əllərini aşağı endirmiş boksçuya bənzədi, amma mənim onun hekayəsini şillələmək niyyətim olmadığı kimi, cavab yazısını yumruqlamaq fikrim də yoxdu.
Sadəcə bir məqama toxunacam.
Təvəkgül Boysunarın tənqidlərə cavabında belə bir hissə var:
“Sorğuda iştirak edən üç gənc şair – Ramil Əhməd, Kazım Kazımoviç və Ulucay Akifin bu günə qədər yazdıqlarını toplayıb ələk-vələk etsək, onların “komple” yaradıcılığında mənim bircə bu hekayədə istifadə etdiyim bənzətmələrin canlılığı və uğuruna bərabər səviyyədə bir şey tapmaq mümkün olmaz, ona görə də gənc şairlərə ən azından bu cür hekayələrdən bir sıra məqamları öyrənməyi tövsiyə edərdim”.
Təvəkgül Boysunar hələ onun hekayələrindən öyrənəciyimiz çox şeyin olduğunu iddia edir. Nə gözəl, nə pakizə!
Etiraf edirəm ki, haqlıdır. Elə, məsələn, oxuduğum “Vəsvəsə” hekayəsindən necə yazmamalı olduğumu öyrəndim.
Tənqidlərə “sən kimsən ki?”, “sən özün nə yazmısan ki?” intonasiyasında cavab verən Təvəkgül Boysunara yenə yaxşılıq edib bir şey danışmaq istəyirəm.
Danışacağım bu əhvalat 19-cu əsrin ən ciddi tənqidçilərindən olan Vissarion Belinski ilə gənc yazarlardan birinin arasında baş vermişdi.
O vaxt Belinski gənc yazarlardan birini çox sərt tənqid edir. Gənc yazar da bu tənqidləri heç cür qəbul edə bilmir və Belinskiyə məktub yazır. O, məktubunda tənqidçinin ünvanına təhqiramiz ifadələr işlədir və deyir ki, Belinski özü heç nə yaza bilmədiyi üçün tənqidçiliklə məşğuldur və özü yaza bilməyən adamın kimisə tənqid etməyə haqqı yoxdur.
Belinskinin bu sözlərə cavabı belə olur:
“Gənc dostumuza deyin ki, mən yumurtlaya da bilmirəm, amma qayğanağın ləzzətini bütün toyuqlardan daha gözəl bilirəm”.
Hə, Təvəkgül Boysunar. İstəsən mən də sənə qayğanağın ləzzətini öyrədərəm.