“Mən Allahdan pul istəməyə utanıram” - Sevinc Elsevərin uşaq şeirləri

Sevinc Elsevər, şair

Sevinc Elsevər, şair

1 iyun 2026
# 12:00

Bu gün 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Kulis.az bu münasibətlə Sevinc Elsevərin "Böyüklər üçün uşaq şeirləri" silsiləsindən şeirlərini təqdim edir.



Beş yaşlı uşağın duası

israrla anasından bahalı oyuncaq istəyən
balaca oğlana
“Allahdan pul istə, pulumuz olsun, alacam”- dedi anası
“mən Allahdan pul istəməyə utanıram”- dedi
balaca oğlan
başını aşağı dikərək.


Sevilən uşaq

hardansa tapıb əyninə keçirdiyi
köynəyinin üstündə
ingiliscə "sevilən uşaq"
kəlmələri yazılıb
avtobusa dilənmək üçün minən uşağın...
bilmədiyi
yad dildə danışacaq
onunla dünya həmişə...

***

“gözlərim niyə tüpürür?” - soruşdu
ağlamaq istəməyən
ağlamağa məcbur olan uşaq
bəlkə də ən doğrusunu demişdi...
onun gözləri ağlamırdı
bu dünyaya tüpürürdülər ancaq.


Uşaqların dünyası

tısbağalar da sürətlə qaçır
cizgi filmlərində
canavar dovşanı
pişik siçanı tuta bilmir
tutsa da əldən buraxır
cizgi filmlərinin sonunda
dostlaşır itlə pişik
ilanla insan
uşaqların dünyası nə gözəldir, İlahi
böyüklərin də dünyasını o cür elə...


***

Metroda basabasda
Körpə elə ağlayır
Sanki ətini kəsirsən.
Adamlar qorxudur onu
Anasının qucağında da
Hiss eləmir özünü əmin-amanlıqda.
Dırmaşır gənc ananın başına
əlacı olsa qanadlanar,
uçar, qaçar.
Ana çar-naçar
Kiritməyə çalışır körpəni
Üzrxahlıqla adamlara baxaraq
Mənsə mat qalmışam
Körpənin duyumuna
Adamların ən qorxulu varlıqlar olduğu
Necə agah olub ona?!


***
tələyə düşən siçanla
cizgi filmindəki pişikdən də
amansız davranan
atasına
dördgözlə
ağzıayrıq baxan uşaq
ağzından çənəsinə
çənəsindən sinəsinə axan
bir damcı sudan diksinir...


Pişik bığları

pişikləri ələ salaraq
bığlarını kəsməklə
nələri əllərindən aldığınızı bilirsinizmi, uşaqlar?
təkcə pişik qüruruna toxunmursuz ki
onları məhrum edirsiz ağaca dırmaşmaq bacarığından
yolunu azanda evinə qayıtmaqdan
siçanların dalınca dəliyə soxulmaq hünərindən
itlərin hücumuna düçar olanda
dırmaşa bilmirlər ağaca
bığlarını qırxanda atalarınız kimi yaraşıqlı olmur pişiklər
yazıq olur onlara...

***


nə vaxt ki
evə əliboş qayıtdı
qollarını daha geniş açdı ata
daha çox sevgi verdi uşaqlara.


***


əlini dizinə atdın
şalvarındakı cırığı örtdün
şəkildə düşməsin deyə
feysbuka qoyacaqdın
aləm baxacaqdı
körpənin şəklinə...

üstündə güllər açan
bir ağac axtarmışdın
onu tapanacan
yapışmışdı ətəyindən balacan
ayaqqabıların palçıqla
şalvarın piş-pişəylə doldu
ürəyin fərəhlə
yaxşı bir şəkil çıxdı
hövsələdən çıxdın...

boynuna qaldırdın
qucağına götürdün
güldürdün, dindirdin
birtəhər əl-ayağın yığıb
şəkilə saldın...
gah sağa baxdı,
gah sola
istəyirdin üzü yumru düşsün
dodağı qaçsın
doğru ekrana baxsın
baxışları can alsın
təqvim şəkillərindəki uşaqlar kimi...

özünü unutdun
yenə başın düşmədi
uşağınla çəkdirdiyin şəkildə
ən yaxşı burda çıxmışdı balacan
başını itirmiş
başsız adam
sevinirsən
sabah bu şəkli feysbuka qoyacaqsan...
sonra götürüb duz hərləyəcəksən...
körpənin başına
bədnəzərlər dəyməsin
baha başa gəlməsin fərəhin sənə...

Günəşin rəsmi

səni xoxanla-moxanla
ayıyla-canavarla
atanla-babanla qorxutmadılar...
ev sahibiylə qorxutdular,
oğlum...
əl-ayağını bağladılar
görünməz bir bağla
ona toxunma, buna toxunma deyə

çözəmmədin heç cür
nə o bağı
nə də ev sahibinin
yaxud kim olduğunu
“buynuzu da varmı ev sahibinin?”
soruşdun bir kərə qorxa-qorxa
ata-anan xısınlaşdılar:
- “var, oğlum
quyruğu da var...
yekə-yekə dişləri də
ay sonunda qapıya dayanar
görərsən sən də”...
ilk rəsmini çəkmişdin divar kağızına
xəlvəti atanın cibindən götürdüyün
qələmlə
günəşdi yup-yumru
cəmi bircə saçağı vardı
yarımçıq qaldı
anan üstünə yüyürüb qələmini aldı

o hansı evdi
harda qaldı o rəsm
ata-anan belə xatırlamaz oldu
yaşlandılar
amma ev sahiblərinin
buynuzu və quyruğu
yekə-yekə dişləri
çıxmadı onların da yadından...

“evim olmadan evlənmərəm” deyə
gəncliyini ötürdün
yaşın qırxa, qırx beşə çatdı
öz doğma divarları olsun oğlumun deyirsən
istədiyi qədər günəş şəkli çəksin
çəkdiyi heç bir şəkil yarımçıq qalmasın
heç bir ev sahibinin qorxusundan
günəşi parıldasın həmişə
zaman gəlsin
günəşini öz oğluna göstərə bilsin o da...

bəyənmədimi səni təzə qonşu qızı
“saçları çoxdan ağarmış deyə”
üstəlik dayı deyir sənə...
o canıyanmışsa
uşaqlıq xəyallarında olduğu kimi qalmış...

Uşaqlar və divarlar

böyüklər hündür daş hasarlar
arzusundaykən
bu ölkədə
onları dustaq edən hasarların
alçaq qarğıdan olmağını istər uşaqlar
istədikləri vaxt üstündən
aşıb gedə bilsinlər
ordan dünyanı görsünlər deyə...

divarlara düşməndi uşaqlar
harda qarşılarına divar çıxar
bir təpik ilişdirərlər heç olmasa
divarlara qaş-göz çəkər
adam, ya bir heyvan sifətinə salarlar

divar kağızlarının qənimidirlər
barmaq-barmaq
dırnaq-dırnaq vuruşarlar
qarşılarındakı divarlarla
bağlı qapılarla
zaman keçər
daş divarları
ətdən divarlar əvəz edər...

özgə adamlar
doğma adamlar sərhəd qoyarlar
arzularına
istəklərinə
sevgilərinə
həyatlarına...

alçaq qarğı hasarların
arzusunda olan uşaqlar
böyüyəcəklər
yenə divarlara qarşı çıxacaqlar
onlara imkan verməyəcəyik
divarları aşsınlar
çocuqluqlarındakı kimi
özümüz divarları aşmadıq çünki
gedib azadlıqda dolaşmadıq
azadlıq nədi bilmədik
yalnız xəyal elədik...
“divar dibində yatmazlar, bala”-deyərdi nənəm
yumşaq yastıqlar düzərdi divarlarla arama
divar dibində təhlükə var!

divara adam şəkli çəkən
çəkdiyi şəkli eybəcər günə qoyan oğul
o şəkli o divardan poz
o şəkil dirilər qəfil!


Bacım olacaqdı

nənəm öldü
gəlinliyindən bəri
göz bəbəyi kimi qoruduğu
bir dəfə də altımıza salmadığı xalçaya
büküb apardılar...
elə bildim
bitdi atamla-anamın arasındakı
dava-şavalar...
o “elə bilməyim” indi ağrıdır məni
hər xatırlayanda

nənəmlə ölümün özünü qovurdular
nəyi var evimizdən çıxardılar...
gün gələcək
“ölüm” olacaq bizim də adımız
quş kimi ruhlarımızdan diksinəcəklər
üzünü örtəcəklər aynaların...

təkcə həyat mənbəyi deyil
qadının bətni
həm də qətl yeridi
şahiddi bu qətllərə
qadının iç orqanları
və ürəyi...
gün gələr o ürək
satar qatil qadını Allaha
bətnində ölüm gəzdirən qadın
əvvəlki tək baxa bilməz güzgülərə
bir daha
bir səhər
anamın qarşısını kəsmiş
buz kəsmiş aynabənddə
ona belə demişdi nənəm.

bacım olacaqdı
olmadı
ağladım ona
səkkiz yaşındaydım
böyükləri sözsüz də anlayırdım
yasa batdı həmin gün nənəm
məni də sevinməyə,oynamağa, gülməyə qoymadı...

indi həyat ağladanda
incidəndə qəlbimi
qibtə edirəm bacıma o zaman
bu zalım dünyaya doğulmadı o.
mən kədər içində
yasa batanda
anamı əfv edir
nənəm də
Allah da!


***

Quşu,
Böcəyi,
Kəpənəyi,
Çiçəyi
Bilmədən öldürən uşaq da
Qatil sayılarmı?
İnəyi fil zənn eləyən
O uşağın yeganə təəccübü
Filin xortumunun doğru yerdə olmamasına.
Quşu,
Böcəyi,
Kəpənəyi,
Çiçəyi beqafıl öldürən uşaq
Qəlbindən qorxar,
Özündən hürkər.
O quşu,
O böcəyi,
O kəpənəyi,
O çiçəyi unutmaz ömür boyu.
Böyüyüb qəlb sındırsa da,
Adam öldürsə də,
Evlər,
Körpülər yandırsa da.


Elinaya


Özünü oxuduğu məktəbin pəncərəsindən
ataraq intihar eləyən balaca qıza


Xəttimiz ilk müəllimimizin bizə yadigarıdır
onun bizə sevgisini
sevgisizliyini anladır
sənin xəttin necə idi, Elina?
“ilan-qurbağa” ydı, ya sədəf kimi?
ilk müəllimin əlindən tutub
necə tale yazdırdı sənə?
məktəb həyatına başladığın gün
necəydi hava?
günmü doğmuşdu
yağışmı yağmışdı?
əlində balaca çantan
gülün-çiçəyin
getdiyin küçədə
qarşından qara pişikmi keçmişdi?
Allahın bacısı oğlumu üzmüşdü səni,
şikayət etdin də
dinləmədi
dualarını eşitmədi?

Indi bütün pəncərələr səni xatırladır
sən ey yolunu azıb
daş binaların içinə düşən
otaqlarında vurnuxan
qəddar əllərdən canını qurtarmaq təlaşıyla
özünü pəncərələrə çırpan
balaca sərçə,
hara uçdun,
hara qaçdın,
yox oldun belə?!


***
kağızdan təyyarələr düzəldib uçurmaqları
gəmilər düzəldib üzdürmələri
uzaqlar arzusundandır uşaqların

yuvadan uçmaq
arzusundandır...

zaman olacaq
geri qayıdacaqlar
xəyallarda
yuxularda
onda nə gerçək uçaqlarla
nə də ən nəhəng gəmilərlə
qayıda bilməyəcəklər
tərk edib getdikləri uşaqlığa...


Sevgi

birinci sinif dərsliyindən
Hüseyn Arifin
“çox mehribandı anam”-sözləriylə başlayan şeirini
əzbərlədir oğluna ana
gah qışqırır
əzbərləməkdə çətinlik çəkən uşağa
gah çimdikləyir qolundan
“çox mehribandı anam”-kəlmələrini
dilə gətirir uşaq zorla
gözləri dola-dola
heç nəyin fərqində deyil ana

oxumağını
ancaq beş almağını
böyük adam olmağını istəyir oğlunun
belə yaralayır körpəsini
sevgisi onun
amma sevgilər zərər verməməli
ovutmalı
gözləri doldurmamalı
ürəyə qəm salmamalı
sevgilər bir az da böyük olmalı
sevdiyindən oğlunu incidən ananın sevgisindən
daha böyük, məsələn...

***
batmaqda olan gəmidə
uşaqları başı üstünə qaldırıb
xilasedici qayıqlara minməyə can atan
saman çöpündən yapışan adamları xatırladır mənə indi
sosial şəbəkələrdə
uşaqlarla şəkillərini paylaşan adamlar
o adamların
o uşaqlardan başqa
heç bir ümidi yoxdur
o adamlar o uşaqları da özləriylə batırmasalar yaxşıdı...


***
küçədə əlində böyük bir oyuncaq aparan
kişiyə
uşaqlardan çox
böyüklər qibtəylə baxır
bir uşağın o oyuncaq böyüklüyündə sevinci
bu kişini gözləyir deyə...


***
manatlıq taksinin arxa oturacağında
anasının qucağına sığmayan
darısqallıqdan sıxılan balaca
ana qarnında darıxırmış kimi əl-qol atır
təpiyi ilə basır böyrümü-başımı
anası mane olmaq istəyir ona
təpinir elə hey
mənəsə xoşdur
körpənin bədənimə məsafəli təması
onu bətnimdəymiş kimi hiss edirəm
qəribədir...
bətnimdə can daşıdığım zamanları xatırladır mənə
xoş hisslər keçirirəm
anasına “dəymə, uşaqdı, oynasın” deyirəm.


***


göyərçinlərin arasına soxulub dənləyən
tez-tez kənara sıçrayan
yenə dənə qayıdan sərçələr barədə
uşaqkən nə düşünürdüm
bilirsənmi?
onlar da nə vaxtsa böyüyüb
göyərçinlərə çatacaqlar.


***
atasıyla anasının savaşarkən
zədələdiyi qapıya
rəngli boyayla
rəsm çəkib balaca qız
atasının yumruğunun yerində
rəngarəng bir çiçək açmış


Qarışqalar

Hafizə nənənin xatirəsinə...

kədərli evlərə
hücum çəkər qarışqalar
kədərli və yoxsul evləri işğal edərlər
kədərli uşaqların şəkərlərinə daraşarlar
tənha və yorğun qocaların
sandığına doluşarlar
xəstələrin yuxusuna
unudulmuş ölülərin
qəriblərin məzarına
yığışarlar
şirini sevməkləri yalandır
dərdi, acını axtarıb taparlar hər yerdə qarışqalar...

anamın yaşlı nənəsini xatırlayıram
konfetə daraşmış qarışqaları görəndə

tez-tez bizə gələrdi
qarışqa daramış konfetlərlə
bəy qızı olmuşdu ulu nənəm
qızıldan kəmər bağlamışdı bir zamanlar
başına qızıldan tac qoydurmuşdu atası
bəy atasını, bəy qardaşlarını damlamışdılar
sürgün etmişdilər
kədərini bürüb-büküb toxuduğu xalılarda gizləmişdi ulu nənəm
toxuduğu xalılarla ayaqda qalmış
müharibədən çıxmışdı
xəstə və yorğun anasıyla

“harda gizlədirəm, qarışqalar yenə tapır” –
soyduğumuz konfetlərin arasından qarışqalar töküləndə
deyinərdi pərt olaraq...
qarışqaları çırpıb təpişdirərdim üzü daşdan möhkəm konfetləri
çünki anamın nənəsindən başqa
bizə konfet gətirən yox idi o illərdə
müharibə gedirdi
atalarımız-analarımız işsiz idi
qarışqalar da
qarışqalar da acıya gəlirdi...


***

nə qocadır
nə ortayaşlı
nə qadındır
nə kişi
əlləri toppuş
barmaqları şipşirin
məsum bir uşaqdır Tanrı
oturub qumsalda
qumdan yaradır
qurur, tikir, sökür...
oyunu yarımçıq qoyub evlərinə qaçır
o səbəbdən günlərlə unudur bəzən
hamımızı
yağışın, qarın, küləyin, tufanın altında...


Azadlıq

onurğası düzləşsin deyə
geyindirdikləri korseti soyunan kimi
gərnəşir balaca oğlan
bələkdən açılan körpə tək
“Azadam,azadam”- deyə sevinir ürəkdən
uşağın azadlıq duyğusuna qibtəylə baxır anası
kaş həmişə belə sadə ola
azadlığı hiss etmək...

Qar

qar yağdı
qardan heykəllər qoydular
xəyallarındakı xeyirxah adamlara
uşaqlar sevgiylə...


Qaraçı uşağın nəğməsi

oyuncaq tütəyində
ağzına gələni çalır
qarlı havada
musiqi məktəbinin yolunun üstündə
səkidə oturub pul yığan uşaq
mısmırığını sallayaraq gedir
bir uşaq da anasının yanında məktəbə
çiynində də tar

küçəboyu yayılıb
halalca öz nəğməsidir
don vuran əlləriylə çaldığı
Alim Qasımovun muğamları qədər yanğılı
amma adamlar
“qaraçı uşağıdır” deyib
biganə ötürlər yanından...


***
ayağını ağzına aparıb gəmirir
dadlı olduğunun özü də fərqindədir
böyüklərin oynatmaqdan doymadığı
duz kimi yaladığı körpə...

Böyümək

danlanırdıq
döyülürdük
böyümək istəyirdik
səhv eləməkdən
bir fincanı salıb sındırmaqdan
anamızın gülünün budağını qırmaqdan
müəllimimizə səhv cavab verməkdən
səs salıb atamızı yuxudan oyatmaqdan qorxub
böyümək istəyirdik
böyüklərin qəzəbindən qorxub
böyümək istəyirdik
əlimizdən dad edirdi böyüklər
böyüməyimizi
canlarını bizdən qurtarmağı arzu edirdilər
böyümək istəyirdik
azadlıq arzusuyla...

böyüdük böyüməsinə
qırx yaşa çathaçatda anladım ki,
arzusunda olduğumuz böyümək
bu deyilmiş əslində
böyüməmişik
əynimizin
ayaqlarımızın ölçüləri artmış
dişlərimizin sayı çoxalmış
qulaqlarımız yekəlmiş ildən-ilə bir az da
dərdlərimiz böyümüş ən çox
dərdlərimiz...


Qızım böyüyür...

hələ beşinci sinifdə oxuyan
qızımın
gündəliyi keçir əlimə
kitab şkafında
dəftəri açmaqdan saxlaya bilmirəm özümü
baxıram belədi ilk cümləsi:
“Bu dəftərə heç kim toxuna bilməz! Ancaq özüm”.
dəhşətli kədər bürüyür məni
gözlərim dolur hətta
qızıma toxunmağı qadağan edirlər sanki mənə...
əlimdə tutduğum balaca bəzəkli dəftərdədi
qızımın ürəyi
düşüncələri
amma toxunmaq yasaq mənə
hələ dünən
beşiyinin üstünə əyildiyim körpəmə...
böyüyür qızım
daha ətəklərimə sarılıb
budlarımı qucaqlayan o balaca çocuq deyil...
indi qızımı onun istədiyi kimi sevməliyəm
sevgi vərdişimdə yenilik eləməli
əl gəzdirməliyəm hisslərimə
elə çətin gəlir ki
bir də
hardan, necə başlamaq lazımdı bilmirəm...



***
filmlərdə təkcə zamanı ölçmək üçün
göstərmirlər uşaqları
epizodik rollarda
gerçək həyatda da
elə göz qırpımında keçir uşaqlıq
uşaqlarının boy-buxunu ilə ölçür ömrü-günü
analar-atalar...
dünən körpə olan
saçlarına ağ lent bağlayan qızın
toyuna dəvət alanda
öz yaşlarından xəbər tutur adamlar...
təkcə gələcəyi olmur uşaqlar adamların
həm də keçmişi olur o zaman...
xəyallarında çoxdan böyümüş bir uşağı canlandırırlar tez-tez...


Oğlumun doğum gününə


günəşi anası gizlədib sanır
durub açır dolabı, siyirtmələri
işığı yandırıb günəş axtarır
taxtın altında
pərdə dalında
günəş niyə gizlənib
qoy çıxsın deyir
qoy gündüz olsun
qoy mən oynayım
ayağın döyüb yerə

ana heyrətlə baxır
bilmir ki, niyə
uşaq günəşi ondan istəyir?!

ana hər sabah öpüşlə
oyadır onu
sonra pəncərəyə yanaşır şəstlə
əlini atıb pərdəni çəkir
günəş qıdıqlayır
uşağın üzün
uşaq cavab qaytarır
qıyaraq gözün

ana məhəbbətlə günəşi sunur:
“günəş doğdu, sabah oldu, qalx, oyan, oğlum!”

anaların hədiyyəsidir balalara
hər doğan günəş...
hər zaman
sənə hədiyyəm pırıl-pırıl sabahlar olsun, oğlum...

# 77 dəfə oxunub

Oxşar xəbərlər

Necə unudaram onu görəsən?! - Andrey Voznesenski

Necə unudaram onu görəsən?! - Andrey Voznesenski

11:20 1 iyun 2026
"Kim çağırdı bu ölümü?" - Fikrət Sadıqın şeirləri

"Kim çağırdı bu ölümü?" - Fikrət Sadıqın şeirləri

15:00 30 may 2026
"Kişi istəklərinin onda müti quluydum..." - Boris Pasternakın şeirləri

"Kişi istəklərinin onda müti quluydum..." - Boris Pasternakın şeirləri

14:30 30 may 2026
"Elə yenə səni sevərdim, qadın..." - Xuan Ramon Ximenesin şeirləri

"Elə yenə səni sevərdim, qadın..." - Xuan Ramon Ximenesin şeirləri

15:00 29 may 2026
"Onu da tərk edəcəksən, bilirəm bunu..." - Maya Anjelunun şeirləri

"Onu da tərk edəcəksən, bilirəm bunu..." - Maya Anjelunun şeirləri

14:00 28 may 2026
Dözümlü xalqıma heykəl qoyulsun - Söhrab Tahirin şeirləri

Dözümlü xalqıma heykəl qoyulsun - Söhrab Tahirin şeirləri

15:00 27 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər