Kulis.az Aslan Quliyevin "Tanınmamış yazıçı ilə müsahibə" adlı yeni hekayəsini təqdim edir.
Kim haqda yazırdısa, əvvəlinə bir “tanınmış” yarlığı yapışdırırdı. Bir dəfə bu başına oyun açmışdı. Redaktor ona demişdi, qəzet batır, sən oğrulardan silsilə yazılar yaz, indi adamlar belə yazıları çox oxuyurlar. O da yazmış, amma qəzeti xilas eləmək əvəzinə, bir az da batırmışdı. Oğrular haqda da “tanınmış” yazmışdı. Redaktor bostanlarına daş atıldığını güman eləyən imkanlı adamların qəzəbinə gəldi, adam da redaktorun. Redaktoru cəzalandırdılar, redaktor da onu. Üç aylıq qonararını kəsdi.
Üç ay pis yaşadı. Dükandan nisyə çörək və ucuz pendir alır, kəkotu çayı içirdi. Borclularından gizlənmək üçün şapkasını gözünün üstünə basıb gəzirdi. Üç aylıq embarqodan sonra şapka əvəlki yerinə qayıdanda sifəti ala bəzək görünürdü. Gözlərinin üstünə qədər ağappaq, aşağısı isə qapqara.
Çoxdandı məndən müsahibə almaq istəyirdi. Hər dəfə bir bəhanə ilə yaxamı qurtarırdım. Mənim bəhanələrim bitdi, onun təkidləri, telefon zəngləri bitmədi. Razılaşmağa məcbur oldum.
Bir payız günü görüşdük. Adamlardan, evlərdən payız qüssəsi və xiffəti yağırdı. Hava da tutulmuşdu, adamlar da. Qara geyinmiş tutqun adamların içində bircə onun gözləri gülürdü.
Şərtimi dedim:
- Adımın qabağına tanınmış yazmayacaqsan!
- Niyə? – gözlərini bərəltdi.
- Tanınmış yazıçı deyiləm, ona görə.
Mənimlə razılaşmadı:
- Yox, səni tanıyırlar.
Qolundan yapışdım, deyirəm, ölkədə mən adda yazıçını tanıyan yoxdur. Beş yüz tirajla kitabım çıxır, satılsın deyə, Şahbaz bəy onu yarmarkalarda bir manata oxuculara təklif eləyir, yenə də alan olmur. Bu yay sularımız kəsiləndə su idarəsinin möhtərəm rəisi mənə elə belə də dedi: “Ölənlərimizin goruna and olsun, dünya ədəbiyyatını o üzə də aşırdım, bu üzə də, orda sən adda yazıçıya rast gəlmədim”. Mən də ona dedim: “Ölənlərinin goruna and olsun ki, dünya ədəbiyyatını nahaq yerə o üzə, bu üzə aşırıbsan. Azərbaycan ədəbiyyatını da o üzə, bu üzə aşırsaydın mən adda yazıçıya rast gəlməyəcəkdin”. Bu bəxt məsələsidir. Bir az da şans. Adam dünya ədəbiyyatını o üz-bu üzə aşıranda adımı tapsaydı, su verərəcəkdi. Tapmadı, su da vermədi. İnanmırsan, adamları saxlayaq, soruşaq, görək Aslan Quliyev adlı yazıçını tanıyan varmı?
Mən bunu başa salmaq üçün dedim, bu isə ciddi qəbul elədi. Soruşaq, dedi və qarşıdan portfelini yelləyə-yelləyə gələn birisinin qabağını kəsdi. Əllərini ovuşdurdu, boynunu burdu, gülümsədi və soruşdu:
- Sizi bir dəqiqəliyə olar?
- Olar, - portfelli vətəndaş gülümsəmədən dedi.
- Siz Aslan Quliyev adlı yazıçını tanıyırsınızmı?
- Əlbəttə! – portfelli vətəndaş gözləmədiyim cavabı verdi.
- Əla! – dostum dönüb mənə tərəf baxdı, yəni gördün də, deyirdin tanımırlar, amma adam tanıdı! - Hansı əsərlərini oxuyubsunuz?
- Mən qırğız ədəbiyyatını çoxdan oxuyuram. Bu dostlarımız təkcə gözlərini qıymaqla kifayətlənmirlər, yaxşı da yazırlar. Aslan Quliyev onların ən yaxşı yazıçılarındandır. Onun bir romanını oxumuşam, “Ağlayan günəş”. İnanmazsan, oxuyanda özüm də ağlamışam. Adam təkcə günəşi yox, məni də ağladıb.
Vətəndaş ara vermədən danışırdı, dostum isə hövsələsizcəsinə qulaq asırdı, axır dözmədi. Vətəndaş, sağ olun, dedi, gedin, portfelinizi başqa istiqamətlərdə yelləyin.
Vətəndaş ona tərəf əyildi:
- Nəyimi yelləyim?
Dostum aşkar tərəddüdlə dilləndi:
- Portfelinizi.
- Mən, yelləyim?
- Fikrin nədir, sənin portfelini mən yelləməliyəm?
Vətəndaş getmək istəmirdi, dostuma baxır, boynunun dalını qaşıyırdı. Yəqin düşünürdü, buna birin şaxarrasam, başım ağrıyarmı? Ucuz qurtarram, ya mənə baha başa gələr? Sonda bunun ona baha başa gələ biləcəyi qənaətinə gəldi və şeytanı lənətləyərək çıxıb getdi.
Dostum yanıma gəldi. Nəyə görəsə məni diqqətlə nəzərdən keçirtdi və birdən soruşdu:
- Sən qırğız deyilsən ki?
- Yum çənəni! – hirslə dedim.
- “Ağlayan günəş” adlı romanın var?
- Yox!
- Burdan belə nəticəyə gəlirik. Portfelli öküz səni tanımadı.
Ruhdan düşmədi. Dörd gözlə küçədən keçən qaşqabaqlı adamlara baxır, kitab oxumaq, yazıçı tanımaq halı olan birisini axtarırdı. Tapdı, cavan oğlandı, portfeli yox idi, amma qoltuğunda kitab var idi. Cavan oğlanın qabağını kəsib, onunla nəzakətlə salamlaşdı və məlum sualını verdi:
- Aslan Quliyevi tanıyırsan?
Cavan oğlanın sifəti işıqlandı:
- Əlbəttə!
Dostum şübhə ilə təkrar soruşdu:
- Tanıyırsan?
- Tanıyıram! – oğlan növbəti dəfə təkrar elədi. - Yaxşı müğənnidir, amma heyif oxuyanda çox atılıb düşür. Sən jurnalistsən, yəqin müğənnilərlə də görüşürsən. Ona denən, tullana-tullana oxumasın.
Dostum qaşqabağını tökdü:
- Vızqırd!
- Necə? – oğlanın sifəti əyildi.
- Çıx get. Tullana-tullana!
Öğlan tullana-tullana getmədi, dostumun üstünə tullandı. Onu oğlanın əlindən almaq üçün xeyli səy göstərəsi oldum. Ciddi zədə almamışdı, amma hər halda ona xəbərdarlıq elədim, bir də kimləsə tutaşsan, mənə ümid eləmə. O isə məni heyrətlə süzür, çiyinlərini çəkirdi, sanki nə baş verdiyini anlamırdı, birdən soruşdu:
- Sən müğənni olubsan?
Ona susmasını dedim, azından başının salamatçılığı üçün, adamın isə susmaq fikri yox idi, üyüdüb tökürdü: “Burda utanılası bir şey yoxdur, millət yazıçısından çox müğənnisini tanıyır. Mənə nə, amma oxuyanda niyə atılıb düşəsən? Adam kimi oxuya bilməzsən? Dayan görüm, deyəsən burda nəsə qaydasında deyil. Burdan belə nəticəyə gəlirik. Bu kötük də səni tanımadı”.
Hələ də fikrindən daşınmamışdı, adamların qabağını kəsir, məlum sualını verir, bir qayda olaraq yox cavabı alırdı. Adamlar başqa peşə sahib olan Aslan Quliyevlərin hamısını tanıyırdılar, bircə yazıçı Aslan Quliyevi tanımırdılar. Ədalət naminə lopa bığı sifətinin yarısını tutmuş birisi dumanlı halda olsa da xatırladı, əlini çənəsinə qoydu, sifətinə müdrik ifadə verdi. Bilirsiz, mən nə vaxtsa, hə, nə vaxtsa adını qeyd elədiyiniz yazıçının hekayəsini oxumuşam. Qatıl gedir, biznesmenin otağına.
Belə dedi, sifətinə daha ciddi ifadə verərək başını əsdirməyə və əlləriylə qəribə hərəkətlər eləməyə başladı. Adam qatilin biznesmenin otğına gedişini təsvir eləmək istəyirdi, amma bu onda alınmırdı. Bu sahədə, yəni təsvir eləmək sahəsində qabiliyyətsiz adamdı. Dostum hövsələsizləşmişdi.
- Niyə gedir ora?
- İş görməyə də!
- Hansı işi?
Lopabığ hirsləndi:
- Eh, əl çək! İmkan ver xatırlayım da!
- Xatırla, amma tez xatırla! – dostumun səsindən təhdid yağırdı.
Adam isə xatırlamaq əvəzinə hədələdi:
- Əngini əzərəm!
Bu dəfə də dostum lopabığın üstünə tullandı. Kimin tullanmağının məsələyə elə bir aidiyyatı olmurdu, mən yalnız dostumu onların, - yəni üzərinə tullanan və üzərinə tullandığı adamların əlindən almalı olurdum. Tullanır, amma elə ilk yumruq dəyən kimi, ləsəlib gedirdi. Bu dəfə xeyli səy göstərməli oldum. Ən çox da adamı normal halına qaytarmaq üçün səy göstərdim. Deməyinə görə lopabığ iki-üç dəqiqənin içində qarnına azından əlli yumruq vurmuşdu.
Dostum alnının tərini sildi, sonra ayaqyolu axtardı, qarnına dəyən yumruqlar indi-indi təsirini göstərməyə başlayırdı. Ayaqyolunu tapdı, cumdu ora, ildırım sürətiylə. Ordan geç çıxdı, həm də addımlarını sürüyərək.
İnanılası deyil, hələ də ümidini itirməmişdi. Yenidən iş başındaydı. Bu dəfə də tələbə qızların qarşısını kəsdi, sualını verdi, amma qızlar ona yazıya alınası mümkün olmayan sözlər dedilər. Adamı küçənin ortasında abırdan saldılar. Elədilər heç nə.
Sonda isə yekəpər birisinin qabağını kəsdi. Sualını verdi. Yekəpərin gözləri işıqlandı: “Tanıyıram da sözdür! Əlbəttə tanıyıram! Moskvanın ən məşhur kriminal avtoritetlərindəndir. Mafiya başçısıdır. Ona Ded Hasan da deyirlər.
Sonda bizimkilər alnının ortasından vurdular”.
Adam çıxıb gedəndən sonra məni şübhəylə süzüb soruşdu: “Bizimkilər Moskvada alnının ortasından vurublar? Yox, bir halda yanımda sağ-salamat durubsansa, demək, vurmayıblar, amma vursaydılar yaxşıydı. Azından sənin ucbatından lopabığ qarnıma öldürücü zərbələr vurmazdı. Burdan belə nəticəyə gəlirik ki…
Ona sözünü sona qədər deməyə imkan vermədim:
- Mən tanınmamış yazıçıyam!
Həvəssiz halda təsdiq elədi: - Elədir, səni tanımırlar.
Yaxınlıqdakı kababxanaya getdik. Çantasından bir şüşə ərik arağı çıxardıb qoydu masanın üstünə, mən də kabab sifariş verdim. Yeyib içdik və mən onun suallarına cavab verdim. Məni əmin eləyirdi, sən heç narahat olma, mən həqiqəti yazacağam. İri hərflərlə: “Tanınmamış yazıçımızla müsahibə!”
Şeh qonmuş pəncərədən yağışın çiskinlədiyi küçəyə baxırdım. Küçədə artıq qara rənglər azalmışdı, yağışdan qorunmaq üçün qızlar ala-bəzək, güllü çətirlərini başları üzərinə tutmuşdular. Bu payız günündə bu payız küçəsi nəyə görəsə mənə yaz çölünü xatırladırdı, yaz yağışı xallı lalələri, çöl çiçəklərini döyəcləyir, külək yağışlı çölü dalğalandırırdı. Eynən bu payız küçəsindəki güllü çətirləri dalğalandırdığı kimi.
Qapının ağzında cavan, arıq, zənci kimi qapqara bir oğlan göründü. İçəridə adam çox idi, amma nəyə görəsə bizim masaya yaxınlaşdı. Əyilib astadan soruşdu:
- Sizin üçün “Gülpəri”ni oxuyum.
Mən dedim:
- Oxuma.
Dostum dedi:
- Oxu!
Deməklə qalmadı, boş stulu oğlana tərəf itələdi, oxu, dedi, zər qədrini zərgər bilər. Oğlan onun təklif elədiyi stulda əyləşdi, boğazını arıtladı və ucadan oxumağa başladı:
Gülpəri, ay Gülpəri,
Gəl bəri, ay, gəl bəri.
Gülpəri, gəlməsən bəri
Çəkərəm çəpəri,
Gülpəri.
Adamlar dönüb bizə tərəf baxırdılar. Dostuma göz-qaş eləyirdim, yəni, bunu yola sal, getsin. Gedib Gülpəriyə o tərəflərdə çəpər çəksin. Dostum oğlanın qolundan yapışdı, amma belə məlum oldu ki, oğlanı yola salmaq heç də asan olmayacaq. Dartınır, mahnının yarımçıq qaldığını deyirdi. Dostum onu yola sala bildi, çətinliklə də olsa.
Küçəyə çıxdıq. Yağış çiskinləyirdi. Mən yağışdan qorunmağa ehtiyac duymurdum. Dostumsa nimdaş gödəkçəsinin boyunluğunu qaldırdı. Vidalaşıb ayrıldıq.
Arxadan məni səslədi, gözlə burda, bir şüşə də araq alım gətirim. Yox, dedim, bəsimdir. Əslində içmək olardı, amma ürəyimə dammışdı, biz kafeyə keçən kimi də oğlan gələcək, gözlərini döyüb soruşacaq: “Gülpəri”ni oxuyummu? Əlbəttə, mən deyəcəyəm, oxuma, bu isə deyəcək, oxu. Əslində oğlanın “Gülpəri”sindənsə, mənə bunun “Zər qədrini zərgər bilər” deməsi daha çox yer eləyirdi.
***
Yalan deyirmiş. “Tanınmış yazıçı Aslan Quliyevlə müsahibə” yazmışdı. Zəng elədi, deyir, mən sənə söz verdiyim kimi də yazmışdım, amma redaktor elə bilib, səhvən yazmışam, dəyişdirib. Deyir, küçə süpürənə də tanınmış yazırsan, yazıçıya gələndə canını azar alır. Mən də etiraz eləyə bilmədim, bilirsən, onun çox alçaq cəzalandırmaq üsulu var.