Uydurulmuş adam - Sevgi haqqında hekayə

Uydurulmuş adam - Sevgi haqqında hekayə
11 iyun 2026
# 12:00

Kulis.az Şahin Səmədovun "Uydurulmuş adam" hekayəsini təqdim edir.

Sonradan xəncərin həqiqi olmadığı, hətta uydurma ola biləcəyi ehtimal edildi.

Həqiqət haradadır? - Bəlkə mənim beynimdədir, ya da onun qəlbinin dərinliklərində doğulmaq üzrədir. Yox, həqiqət biz özümüzük: iki sevən aşiq. Ən böyük həqiqət budur, biz belə yarandıq, kainat sevgiylə var oldu. Ən böyük həqiqət sevməkdir. Əsil sevgi böyük olmalıdır, hədsiz dərəcədə böyük...

Pəncərə çərçivəsilə divarın çöl tərəfdən birləşdiyi küncdə az miqdarda yığılmış toz - torpağın içindən boy verib özbaşına yetişərək açmaq istəyən gül özünü göstərən gündən diqqətimi çəkib. Aramızda olan bulanıq pəncərə şüşəsi onun görkəminə və təravətini xələl gətirə bilmir. Keçən illər ərzində daha əvvəl görmədiyim bu valehedici mənzərə mənə sevinc bəxş edib. Hətta hava qaraldıqdan sonra gözəgörünməz olsa belə öz yerində olacağı və yalnız mənə məxsusluğu fikri arxayınlıq verir.

Mən dörd cüt kədərli küncdən ibarət birotaqlı, təkadamlıq qapalı bir yerdəyəm. Əminliklə deyə bilərəm ki, künclər adamı qucaqlamır, divarlar isə danışa bilmir, onlar ancaq dinləməyi bacarır.

Əlbəttə, uydurmağı yaxşı bacarırıq. Ola bilsin özümüzü də uydurmuşuq. Əslində biz mövcud deyilik, qığılcım necə var ola bilər? Hansısa hadisənin əhəmiyyətsiz, gözəgörünməyən ani bir vəziyyətinin hissəsi kimiyik. Bəlkə bütün bu hadisələr də baş verməyib, onları da uydurmuşam, ola bilsin mövcudluğun nə olduğunu doğru düzgün dərk etmirik. Əsil həqiqətdə varlığın ən böyük mövcudluğu yoxluğundadır.

Bəli, sevgi tam başqa bir hissdir, bunu ilk dəfə ona qarşı yaşamışam . Bu yenilik məni və bütün dünyanı dəyişdi. Hara gedirdimsə və nə edirdimsə yalnız onun haqda düşünürdüm. Onu görməyib tanımaya bilərdim, onun gözlərindən baxan qorxulu və xoş təsirdən uzaq olmaq, əvvəlki həyatı yaşamaq, xoşbəxt gələcək arzulamaq istəyərdim. Ancaq reallıq başqadır.

Adı nədir, yaşı neçədir, gözlərinin rəngi necədir? Nə görkəmdədir? Bu haqda danışmağı gərəksiz hesab edirəm. Əgər istəsəniz növbəti hekayəmdə onun haqda geniş məlumat verə bilərəm. İndi yalnız deyə bilərəm ki, təbiət ona olduqca əliaçıq davranmışdı. Tanımağa başladığım ilk vaxtlar ona yaxınlaşıb söz deməyə belə cürət etməmişəm. Sonralar özümə qarşı hiss etdiyim soyuq, laqeyd münasibəti məni bezdirdi. Zaman keçdikcə anlamağa başladım ki, o artıq ikili ömür sürməyə başlayıb. Özü də bilmədən ikinci həyatını mənim fikirlərimdə yaşayır. Onun ikinci, gizli taleyi mənim əlimdə idi. Nəyi, necə və harada edəcəyinə məndən başqası qərar verə bilməzdi. Başına gələcək bütün hadisələrin səbəbi məndən asılı idi. Başa düşdüm ki, onu sadəcə uydurmuşam, təxəyyülümdə yaratmışam. Real həyatda qarşılaşmamaq üçün ondan uzaq gəzməyə üstünlük verirdim. Artıq həqiqi olanı yox, uydurduğum qızı sevməyə başlamışdım. Sevdiyim qız sadəcə fikrimdə təsvir etdiyim başqa biri idi, kim olduğunu tam olaraq bilmədiyim, həqiqətdə mövcud olmayan adam idi. Real həyatda isə necə və harada olması mənim üçün əhəmiyyət daşımırdı. Bəzən onun həyatdakı mövcudluğuna şübhə edirdim. Bəlkə də sizin belə bir adamın real varlığından xəbəriniz olub, ancaq mənim düşüncələrimdə yaşayan tam fərqli biri idi. Aramızda sevgi münasibətləri yaranmışdı, mən öz aləmimdə onunla hər gün görüşürdüm. Görüşə gedərkən gül almağı mənasız iş hesab etmişəm. Onsuz da gül-çiçəyin əhatəsində idi, olduğu hər yeri cənnətə çevirməyi bacarırdı.

Bir dəfə biz çəmənlikdə gül çiçəyin əhatəsində uzanıb səmanı seyr edirdik.
- Mən sənin yaratdığın xəyallar aləmində çox xoşbəxtəm,- o üzünü mənə tərəf çevirərək dedi.
- Çox şadam ki, səni xoşbəxt edə biləcək bir aləm yaratmışam,- dedim. Biz yavaş danışsaq da səsimiz əks səda verib ətrafa yayılırdı.
- Mən sənə aşiqəm və bu hər zaman belə olacaq- bir az keçdikdən sonra o dedi.
- Sənin sevgini qazandığım üçün qürur duyuram.
- Sən dünyada mənim sevgimə layiq olan yeganə insansan.
- Çox sağ ol. Bu sözləri eşitmək xoşdur,- dedim.
- Səni dünyalar qədər sevirəm.
-Mən də səni dünyalar qədər sevirəm.

Sizə qəribə gələ bilər, ancaq həqiqətən də aramızda belə söhbətlər olurdu və bu dialoq tez-tez təkrarlanırdı.
Real həyatda isə biz istəmədən hərdən qarşılaşırdıq. Onu ancaq imkan düşdükcə kənardan izləyirdim. Ona kənardan sakitcə və diqqətlə göz qoymağım xoş gəlmirdi. Bəzi vaxtlar isə o məni görmədən yanımdan keçib gedirdi. Bütün bunları qəbul etmək mənə olduqca çətin başa gəlirdi. Bunun heyfini çıxmaq üçün ikinci həyatında onu bir müddət danışdırmırdım. O üzündəki donmuş təbəssümlə mənə yaxınlaşır, mən isə üzümü yana çevirərək onun sual dolu baxışlarına fikir vermirdim. Xoş olmayan, əhəmiyyətsiz adi şeyləri beynimdə təkrar təkrar müzakirə etməklə özümə əzab vermişəm. Elə o vaxtdan başım pozulmağa başlamışdı. Növbəti real qarşılaşmadan sonra onun laqeyd üzünə baxıb yanında başqa birinin olacağı ehtimalını düşündüm. Hətta onların gülümsəyərək birgə yanaşı addımladıqlarını təsəvvürümdə canlandırdım. Necə oldusa bu dəfə birdən birə onun həqiqi olan varlığından qisas almaq fikrinə düşdüm. Ətraflı götür qoy etdikdən sonra məqsədimi həyata keçirmək üçün qəti qərar verdim. Buna baxmayaq qərar verdikdən sonra bir neçə gün onun xəyalı ilə yaşamağa davam etdim. Nəhayət sonuncu dəfə qarşılaşdığımız həmin o unudulmaz gün onu xəlvət yerdə yaxalamaq üçün bir müddət uzaqdan izlədim. Bəlkə də bu mənim onunla ünsiyyət qura bilmək üçün etdiyim ilk həqiqi cəhd sayılmalı idi. Heç vaxt olmadığı qədər həyəcan keçirirdim, o getdikcə ağlımı başımdan çıxarırdı. Onun mənə qarşı olan xoş davranışı fikirlərimdə köklü dəyişiklik yarada bilərdi. Amma çox heyif ki, bu baş vermədi. Onu addım-addım izləyərkən elə zənn edirdim ki, arxadan gəldiyimi bilmir. O isə gözlənilmədən rəngi qaçmış halda, dəhşət içində və üzündə qəribə bir ifadə ilə tələsik mənə tərəf baxdı. Bu vaxt aradan çıxmaq istədiyini anladım. Özünü elə aparırdı ki, güya məni tanımır.

-Dayan, - deyə qışqırdım.
O qaçmağa başladı. Yenidən "dayan, əlimdən qaça bilməzsən" - deyərək qəlbimdə artan bir hiddətlə arxasıyca qaçmağa başladım. Biz qaçdıqca aramızdakı məsafə azalırdı. Artıq ona yaxınlaşdığımı hiss edib ucadan, var səslə çığırıb çarəsiz bir vəziyyətdə özünü yerə yıxdı. Onun təslim olması məni daha da vəcdə gətirdi. "Başqa çarəm yoxdur"-deyə düşündüm və ona qarşı amansızlıq edərək xəncəri kürəyinə sancdım. Daxilən elə vəcdə gəlmişdim ki, ətrafda baş verənlərdən xəbərsiz idim. Yalnız sonda ətrafa nəzər yetirdim. Sonra onu sonuncu dəfə diqqətlə nəzərlərdən keçirdim: qımıldamadan uzanmışdı, artıq heç bir qorxu ifadə etməyən üzü həmişə olduğu kimi laqeyid vəziyyətdə qalmışdı. Onun üçün aldığım gülləri ehmalca sinəsinin üzərinə qoydum və yavaş-yavaş kənara çəkilərək oradan uzaqlaşmağa başladım. Uzaqda dayanmış adamlar isə əksinə olaraq ona tərəf cumdular. Hər şey sanki bir göz qırpımında baş verdi. Qaçıb aradan çıxdıqdan bir müddət sonra artıq nə etdiyimin fərqində olmağa başladım. Onu öldürməyib sadəcə həmişəlik unuda bilərdim.

Ancaq hər dəfə onun canlanan xəyalı unutmaq üçün etdiyim cəhdlərimin qarşısını almışdı. Onun ölümü mənə təsəvvüredilməz bir şey kimi gəlirdi. Bütün baş verənlərə baxmayaraq yenə onun xəyalı ilə yaşamağa davam edirdim, biz tez-tez görüşür və bir birimizə sevgi dolu sözlər deyirdik, mən onun xəyali görkəmilə əlaqədə olurdum. Bir müddət keçdikdən sonra onun ikinci ömrünə də son qoydum. Yalnız mənim üçün yaşayan, onun gerçək olmayan varlığını öldürmək daha çətin başa gəldi. Hər dəfə ona "çıx fikirlərimdən, məni rahat burax. Sən yoxsan, sən mövcud deyilsən" - deyərək qışqırırdım. O isə əksinə tərslik edib öz mövcudluğunu qoruyaraq mənim fikirlərimdə yaşamağa davam edirdi. Nəhayət, günlərin bir günü onun yoxluğunu dərindən dərk etdim. O gündən sonra uydurduğum yalanlara inanmaqda çətinlik çəkirdim, onun həqiqi varlığı gözlərim önündə canlanırdı.

Bəli, indi tam əminliklə deyə bilərəm ki, o artıq əbədi yoxluğa qovuşub və mənim üçün heç bir formada mövcud deyildir. Sadəcə olaraq hərdən onun haqda düşüncələrə dalıram. Əsil aşiqlər birgə ölürlər, ancaq mən sağ qaldım. İndi daxilən böyük bir boşluq duyuram, birotaqlı, təkadamlıq qapalı yerdə özümlə söhbətlər edirəm və vaxt olduqca onun haqda hekayələr uydururam. Hesab edirəm ki, bunu da etməmək ona qarşı haqsızlıq olardı.

# 95 dəfə oxunub

Oxşar xəbərlər

Şəlalə - Yaponiyanın ilk Nobel mükafatçısının hekayəsi

Şəlalə - Yaponiyanın ilk Nobel mükafatçısının hekayəsi

16:00 11 iyun 2026
"İnsan öz səhvlərinin məhsuludur..." - Tanınmış italyan romançıdan aforizmlər

"İnsan öz səhvlərinin məhsuludur..." - Tanınmış italyan romançıdan aforizmlər

14:30 11 iyun 2026
"Əgər ağlımı qaçırmışamsa, mənlik bir problem yoxdur..." - Nobel mükafatçısının "Hersoq" romanından sitatlar

"Əgər ağlımı qaçırmışamsa, mənlik bir problem yoxdur..." - Nobel mükafatçısının "Hersoq" romanından sitatlar

15:00 10 iyun 2026
«Salam, ağ gəmi, mənəm ey!" - Çingiz Aytmatovun povestindən bir hissə

«Salam, ağ gəmi, mənəm ey!" - Çingiz Aytmatovun povestindən bir hissə

10:00 10 iyun 2026
"Ümidlərin və arzuların buxarlanma xüsusiyyəti var..." - Tanınmış şotland yazıçıdan sitatlar

"Ümidlərin və arzuların buxarlanma xüsusiyyəti var..." - Tanınmış şotland yazıçıdan sitatlar

16:00 9 iyun 2026
"Dildən pərgarsan, nə əcəb parlamentə seçilməmisən?" - Çarlz Dikkensin "Yeni il nəğməsi"ndən bir hissə

"Dildən pərgarsan, nə əcəb parlamentə seçilməmisən?" - Çarlz Dikkensin "Yeni il nəğməsi"ndən bir hissə

10:00 9 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər