Həsən Bəy Zərdabinin qızının faciəvi həyatı

Qəribsoltan Məlikova

Qəribsoltan Məlikova

11 iyun 2026
# 11:40

Bu gün Azərbaycanın maarif xadimi, Azərbaycan SSR-nin əməkdar müəllimi, Həsən bəy Zərdabinin qızı Qəribsoltan Məlikovanın doğum günüdür.

Kulis.az onun haqqında materialı təqdim edir.


Qəribsoltan Həsən bəy qızı Məlikova 11 iyun 1896-cı ildə Göyçay qəzasının Zərdab kəndində (indiki Zərdab şəhərində), maarifpərvər ziyalı, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin ailəsinin altıncı övladı olaraq dünyaya gəlib.

***

Qəribsoltan orta məktəbi bitirdikdən sonra Tiflisdə rus qızlar gimnaziyasında təhsil alır. Atası Həsən bəy Zərdabinin vəfatından 3 il sonra onun arzusu ilə Bakıya köçməyə məcbur olub pedaqoji fəaliyyətə başlayıb. 1914-cü il 10 may tarixində ona ibtidai sinif müəllimi adı verilməsi haqqında şəhadətnamə təqdim edilib.

1915-ci ildən 1920-ci ilə qədər Bakıdakı rus-tatar qız məktəbində, Bakıdakı üçüncü rus qız gimnaziyasında, sonra isə ikinci rus-qız gimnaziyasında Azərbaycan dilindən dərs deyib, həm də pedaqoji kursda təhsilini artırıb.

***

Qəribsoltan Məlikovaya ibtidai məktəb müəllimi adı verilməsi haqqında 1938-ci il 4 noyabr tarixində attestat təqdim edilib.

***

Qəribsoltanın iki bacısı uşaq yaşda vəfat edib. Böyük bacısı Pəri xanım Topçubaşova isə Azərbaycanın ilk parlament sədri Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı olub. Fransada mühacirətdə olan Əlimərdan bəy Topşubaşov və Pəri xanım Topçubaşova orada da dəfn olunublar.

Onun böyük qardaşı Midhəd Məlikov Almaniyada ali mühəndislik təhsili alıb. Ermənilərin donosu və üzədurması ilə 1937-ci ildə qolları qandallı Bakıya gətirilərək güllələnib. 1990-cı ildə isə bəraət alıb. Mənbələrdə yazılan məlumata görə, Midhəd bəy Məlikov Lənkəranda öz hesabına Xanbulançay üzərində su elektrik stansiyası qurmaq niyyətində olub.

***

Qəribsoltanın digər qardaşı Safvet Məlikzadə itkin düşüb. Sonralar onun ailəsi ilə birlikdə Ankarada yaşadığı bəlli olub.

Həyatında baş verən amansız hadisələrdən, ata və anasının, qardaşının ölümündən sonra Gəncəyə köçərək bir müddət burada sakit həyat yaşamaq istəyən Qəribsoltan ikinci Dünya müharibəsi illərində görkəmli bəstəkar Rauf Hacıyevin anası Nanə xanımla tanış olub. Nanə xanım onun ata tərəfdən qohumu olub. Onlar birlikdə Zərdaba gedərək hər ikisi orta məktəblərdə müəllim kimi çalışıblar.

***

Uzun illər rəfiqəsi Nanə ilə birlikdə yaşayan Qəribsoltan Nanə ailə həyatı qurandan sonra da onların ailəsində yaşamağa davam edib.

Heç vaxt ailə qurmayan Qəribsoltanın övladı olmayıb. O, ömrünü Nanənin uşaqlarını və nəvələrini böyütməyə həsr edib. Nanə xanımın nəvəsi görkəmli bəstəkar Rauf Hacıyev müsahibələrinin birində bu haqda deyib:

“Məni də, bacılarımı da Qərisoltan nənə böyüdüb. Qəribsoltan nənə həmişə mənə qardaşının adını – Safvet deyirdi. Hətta o deyirdi ki, oğlunuz olsa adını Safvet, qız olsa isə mənim adımı qoyun. Bizim də qızımız oldu. Adını da Qəribsoltan qoyduq. Atam Rauf müəllim Qəribsoltan nənəni çox sevərdi. Hətta o öz anası Nanədən də çox Qəribsoltanı sevərdi. Nanə bir az erkən vəfat etdi. Onun uşaqlarını, yəni atamgili Qəribsoltan nənə böyüdüb. Qəribsoltanın özünün uşaqları yox idi. Biz onun övladları, nəvələri idik. Bildiyimə görə o, bir oğlanı həddindən çox sevib. Oğlan isə vəfasız çıxıb. Qəribsoltan da qəti qərarlı qadın idi. Bundan sonra həmin oğlanı həyatından həmişəlik silib. Və heç vaxt evlənməyib. Qəribsoltan nənə bizimlə birlikdə yaşayırdı. Hamımız bir evdə olurduq. Atamın da, Qəribsoltan nənənin də evi birlikdə idi. İki evi birləşdirmişdik”.

Azərbaycan elm və mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərinə görə Qəribsoltan Məlikovaya 1948-ci ildə “Azərbaycan SSR-nin Əməkdar müəllimi” adı verilib, Lenin ordeni ilə təltif edilib. Hətta bəzi tarixi mənbələrdə Qəribsoltan xanımın İmperator üçüncü Aleksandr adına Birinci Bakı kişi gimnaziyasının Pedaqoji Şurasında bütün sınaqlardan keçərək “Xalq məktəblərinin müəllimi” adına layiq görüldüyü də göstərilib.

***

Qəribsoltan Məlikova 1967-ci il mart ayının 9-da Bakı şəhərində vəfat edib. O, dünyasını dəyişməzdən əvvəl vəsiyyət edib ki, öləndə onu rəfiqəsi Nanənin yanında dəfn etsinlər. Belə də olub, dünyasını dəyişəndən sonra onu Nanə ilə eyni məzarda dəfn ediblər.

# 107 dəfə oxunub

Oxşar xəbərlər

Lətif Kərimovun irsinə həsr olunan innovativ təqdimat hazırlandı

Lətif Kərimovun irsinə həsr olunan innovativ təqdimat hazırlandı

12:27 11 iyun 2026
"Kişilərin niyyətləri nə qədər xeyirxah olsa da..." - İngilis feminist yazıçıdan sitatlar

"Kişilərin niyyətləri nə qədər xeyirxah olsa da..." - İngilis feminist yazıçıdan sitatlar

11:00 11 iyun 2026
Beren Saatla Kenan Doğulu saxlanıldı

Beren Saatla Kenan Doğulu saxlanıldı

10:20 11 iyun 2026
Xiyabaninin davamçısı, Təbrizin son ümidi - Pişəvəri necə milyonların qəhrəmanına çevrildi?

Xiyabaninin davamçısı, Təbrizin son ümidi - Pişəvəri necə milyonların qəhrəmanına çevrildi?

10:00 11 iyun 2026
"Yaşıl Teatr" Bakı Icra Hakimiyyətindən alındı

"Yaşıl Teatr" Bakı Icra Hakimiyyətindən alındı

10:00 11 iyun 2026
"Biz diplomu dəliyə verdik, yoxsa dahiyə?" - Qaudinin sirlərlə dolu həyatı

"Biz diplomu dəliyə verdik, yoxsa dahiyə?" - Qaudinin sirlərlə dolu həyatı

18:03 10 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər