"Mətnlərə bərbər kimi yanaşan redaktorlar..." - Yaxşı roman necə ərsəyə gəlir?

"Mətnlərə bərbər kimi yanaşan redaktorlar..." - Yaxşı roman necə ərsəyə gəlir?
11 iyun 2026
# 12:00

Kulis.az Ulucay Akifin Sara İbrahimin “Çəhrayı çobanyastığı” romanı haqqında yazısını təqdim edir.

Məndən soruşsalar ki, bir yazıçının ən böyük bədbəxtliyi nədir, çox rahatca bunu deyərəm:

“Yazıçı bir müddət sonra oxucu olmaq xoşbəxtliyindən məhrum qalır. Oxuduğu hər əsərdə, hər cümlədə ya qüsur axtarır, ya da oradan texniki, üslub baxımından nələrsə öyrənməyə çalışır”.

Yəni fərz edin ki, bahalı bir restoranda qarşına çox ləzzətli bir yemək qoyulur və sən çəngəl-qaşığınla yeməyin içində eşələnirsən ki, görüm, buna nələr vurulub, nələr yox?

Sara İbrahimin “Çəhrayı çobanyastığı” romanını oxumağa başlayanda da beynimin içində bu mərəz zəncir gəmirirdi, amma beş-on səhifəni geridə qoyandan sonra yavaş-yavaş saf oxucu kimliyimə qayıtdığımı hiss elədim.

Etiraf etməliyik ki, qadın yazıçılara qarşı içimizdə müəyyən dərəcədə qərəz (türkiyəlilərin dilində daha dəqiq səslənir: önyarğı) var. Təhtəlşüurumuzda bu qərəzin kök salmağının bəzi tutarlı, həmçinin əsassız səbəbləri var. Əksər qadın yazıçıların uğursuzluğunun səbəbi bilmədikləri dənizdə üzmək cəhdləri olub. Halbuki qadın yazıçılar aşina olduqları mövzularda yazsalar, daha çox diqqət çəkərlər və bizə də maraqlı gələrlər. Bu mövzuda bir neçə dəfə yazdığım üçün təkrarçılığa yol vermək istəmirəm. Bu romanda isə müəllif öz gücünü zərif şəkildə diqtə edərək oxucunu ram etməyi, ələ almağı bacarıb.

Bəli, “Çəhrayı çobanyastığı” romanı ona görə uğurludur ki, burada müəllif bildiyi sulara baş vurur.

Romanda müxtəlif yaş sinfinə, müxtəlif sosial təbəqələrə aid qadın obrazlar var və müəllif o obrazların xarakterini roman ərzində mərhələ-mərhələ uğurla açır. Yəni heç bir obraz natamam qalmır. Obrazın natamam qalmamağı oxucuda daha sonra sualların yaranmamağı üçün çox vacibdir. Elə suallar yarananda, müəllif də kitab səhifələrindən kənarda – müsahibələrdə, məclislərdə, söhbətlərdə – öz obrazlarını izah etməyə, onların hansısa əməllərinə haqq qazandırmağa məcbur qalır. Bu mənada, müəllif “Çəhrayı çobanyastığı” romanındakı obrazların arxasında durmaq ehtiyacı hiss etməyəcək.

Romanda qadın obrazların psixoloji portretləri dəqiqliklə çəkilib deyə kağız üzərində yaradılmış qəhrəman təsiri bağışlamırlar. Ancaq kişi obrazlara (Timurçin istisnadır) yetərincə işıq tutulmadığını da deməliyəm. Buna isə müəllifin ehtiyac duymadığını düşündüm, çünki roman qadınmərkəzli yazılıb.

Ən bəyəndiyim məqamlardan biri müəllifin təxminən beş-altı yaşlı Zamirənin dilindən yazdığı, danışdığı məqamlarda çox rahatlıqla uşaq psixologiyasına enməyi (yəqin buna “enmək” yox, “qalxmaq” deməyimiz daha dəqiq olar) və uşaq dilindən, təfəkküründən lazımlı cümlələri tapıb bizə təqdim etməyi bacarmağı oldu.

Uşaq qorxuları, uşaq sevincləri, uşaq məyusluqları, uşaq arzuları inandırıcı yazılıb. Bu inandırıcılıq romanda xoş bir atmosfer yaradır və oxucunu da saflaşdırır. Dediyim bu atmosferi 2013-cü ildə, birinci kurs tələbəsi olduğum vaxt oxuduğum “Zəncirotu şərabı” romanında hiss etmişdim ilk dəfə. 2013-cü ildə oxumağımı ona görə vurğulayıram ki, Rey Bredberinin həmin romanındakı atmosferin məndə necə qalıcı təəssüratlar yaratdığını deyim. “Çəhrayı çobanyastığı” və “Zəncirotu şərabı” romanlarındakı atmosfer oxşarlığını duyduqdan sonra adlarındakı oxşarlığın da fərqinə vardım.

“Zəncirotu şərabı” romanı heç bir xüsusi hadisənin olmadığı, yayı, uşaqlığı, həyatın xırda detallardan ibarət sehrini təsvir edən, poetik dillə yazılmış romandır.

Əsərin baş qəhrəmanı 12 yaşlı Duqlas Spauldinqdir.

Məsələn, Duqlas köhnəlmiş ayaqqabılarına baxıb düşünür:

“Ayaqqabım qocalıb. Ağzı da açılıb. Gərək ayaqqabım ölməmiş babama deyim, mənə təzə ayaqqabı alsın”.

Bir oğlan uşağının düşüncələrinin, hadisələrə münasibətinin mənə maraqlı gəlməyində təəccüblü nəsə yoxdur, amma “Çəhrayı çobanyastığı” romanında balaca qızcığazın fikirlərinin, düşüncələrinin mənə maraqlı, fərqli görünməyi çox xoşuma gəldi.

Məsələn, Zamirə əzazil nənəsi Aççıdan qurtulmaq üçün Allaha dua edir:

“Ay Allah... səndən xahiş edirəm, əgər həqiqətən, eşidirsənsə, mənə kömək et, Aççını yanına apar, qoy o, buradan getsin. O getsə, atamla anam dalaşmaz, məni heç kim cəzalandırmaz. Əgər onu aparmaq istəmirsənsə, onda pəncərədən gördüyüm o ağ təyyarəni göndər, bizi buradan aparsın”.

Sara İbrahim bu cür uşaq ağlıyla düşünülə biləcək, deyilə biləcək fikirlərlə romanda dediyim o saf atmosferi yaratmağı bacarıb. Və bunu “Zəncirotu şərabı” romanından fərqli olaraq daha gərgin, daha böyük hadisələrin baş verdiyi bir romanda edib.

“Böyük hadisələr” deyəndə nəyi nəzərdə tutduğumu dəqiqləşdirməliyik. Biz çox vaxt bədii mətnlərdə, xüsusən də romanlarda böyük mətləblərdən danışmaq, onları həll etmək istəyinə qapılırıq. Əksərən də həmin böyük söhbətlərin altında qalıb mətnimizlə bərabər əzilirik. Burada nəzərdə tutduğum böyük mətləblər yox, elə hadisələrdir, süjetin dinamikasıdır.

Spoiler verməmək üçün mümkün qədər romanın mövzusu haqqında yazmamağa çalışıram. Sadəcə onu deyim ki, romanda hadisələrin bir qismi Nalçik şəhərində, bir qismi isə Bakıda baş verir və o dövrün siyasi hadisələri fonunda bir qumuq ilə evlənmiş azərbaycanlı gəlinin ailə hekayəsindən bəhs edilir.

Mənə və çoxumuza yad olan qumuq məişətini, Şimali Qafqazın həmin qanlı dövrlərini yarıazərbaycanlı bir ailənin gözündən görmək maraq yaradır. Obrazlar bəzən qumuq, bəzən rus, bəzən də bizim dilimizdə danışır. Müəllif romanın dil qatında müşahidə olunan bu çoxdilli dialoqları süni effekt yaratmadan, təbii kommunikativ situasiyaların məntiqinə uyğun şəkildə təqdim edir. Bunun hesabına iki fərqli etnik-mədəni mühitin dil reallığı inandırıcı şəkildə əks olunur və həm personajların sosial kimliyi oxucuya aydın olur, həm də mətnin bədii autentikliyi güclənir. Buna görə də oxucu nəyin inandırıcı olub-olmamağı haqqında düşünmür.

Mətnin dili, təhkiyəsi xoşuma gəldi. Sara İbrahim romanı bəzənmiş, süni şəkildə mürəkkəbləşdirilmiş qəliz cümlələrlə doldurmayıb.

Qüsurlar yox idimi? Təbii ki, var idi.

“Divanın üstündə oturdu” – məsələn, belə bir cümlə var idi. Məncə, divanın altında oturmaq olmur. Kimsə deyə bilər ki, divanın qoltuğunda, söykənəcəyində də oturmaq olar, amma orada oturulmayıbsa, müəllif bunu yazmamalıdır.

Bu çox cüzi, xüsusi əhəmiyyəti olmayan qüsuru nümunə kimi göstərdim. Mən belə səhvlərə “yazıçının texniki xətası” deyirəm və yaxşı ki, bu romanda belə xətalar yox dərəcəsində idi. Romandakı cümlələri bu cür zərrəbinlə oxuyub təhlil etməyin, bir qənaətə gəlməyin doğru olmadığını düşünürəm. Belə xırdaçılığı, bəlkə, kiçikhəcmli əsərlərdə etmək olar, çünki böyük əsərdə müəllifin diqqətsizliyindən edilmiş səhvlər redaktorun da nəzərindən yayına bilir.

Romanın redaktoru isə yazıçı Ataqamdır. Açığı, romanda yaradılmış atmosferin hadisələrin gedişatına rəğmən qorunmasında redaktorun da ciddi əməyinin olduğunu düşünürəm. Atmosfer kəsilmir, hadisələr zənciri qırılmır, mətnin bütün hissələri arasında axan çayların üstündən lazımi körpülər salınıb, keçidlər səliqəlidir.

Universitet illərində “Bədii redaktə” fənnini mənə mərhum Ayaz Musayev tədris etmişdi. Xalq yazıçısı Qılman İlkinin oğlu idi Ayaz müəllim.

Bədii redaktə haqqında danışarkən tez-tez təkrarladığı bir fikir var idi.

“Bədii mətni öz dilin, öz təfəkkürünlə yox, müəllifin dili və təfəkkürü ilə redaktə etməlisən”.

Bizim redaktədə yaşadığımız ən böyük problemlərdən biri də buna əməl etməməyimizdir. Redaktorların əksəriyyəti mətnləri öz dil və təfəkkür “stanok”larının altına verib eyni görkəmə salır.

İkimininci illərin əvvəllərində bərbərlərimiz elə idi. Hərə bərbərə fərqli saç düzümü istəyini deyirdi, o da razılıq əlaməti kimi başını yelləyirdi, amma yekunda hamı bərbərxanadan “poluboks” saçla çıxırdı.

İndi də mətnlərə həmin bərbərlər kimi yanaşan redaktorlar var: cümlələri düzəldirlər. Biz hər fürsətdə dilin canlı orqanizm olduğunu deyiriksə, cümlələrə də canlı varlıq kimi yanaşmalıyıq. Canlı olmayan nəyisə düzəldərlər. “Ağacı kəsmək”lə “ağacı budamaq” kimi böyükdür “cümləni redaktə etmək”lə “cümləni düzəltmək” arasındakı fərq.

Əksər redaktorlar dilin şablonlarını əsas tutur və mətnləri bəlli qəliblərlə redaktə edir, dilin potensialını nəzərə almır, müəllifin dilinin özünəxaslığını həmin potensial çərçivəsində qorumağa çalışmır.

Bu mənada, onu deməliyəm ki, Ataqam bu romanı layiqincə redaktə edib və yekunda uğurlu mətn ərsəyə gəlib.

Roman struktur olaraq da uğurlu qurulub. Hadisələr səliqəli şəkildə sapa düzülüb, məntiqi ardıcıllıq qırılmır.

Bəyəndiyim digər məqamlardan biri isə o oldu ki, bu gərgin hadisələrin fonunda müəllif oxucuya nəfəs almaq üçün xeyli fürsət yaradır, təngnəfəs halda yazıçının, hadisələrin dalınca qaçmırsan. Bəzən oxuduğun bir neçə səhifədə heç bir əlahiddə hadisə baş vermir, amma maraqla oxuyursan.

Bu üsulla müəllif oxucunun hadisələrə rəğmən həmin atmosferdən, həmin əhval və tonusdan çıxmamağına kömək edir, mətnin daxili ahəngini, ritmini qoruyur. Kiçikhəcmli əsərlərdə əvvəldən axıra kimi atmosferi qorumaq daha asandır, amma romanda bunu bacarmaq məharət tələb edir. Bunu adətən xarici müəlliflərin romanlarında görürük. Həmin romanları oxuduqdan sonra hadisələrdən çox əsərdə yaradılan atmosfer bizi bir müddət təsiri altında saxlayır. Sevindim ki, Sara İbrahim də bunu bacarıb.

“Çəhrayı çobanyastığı” son dövrlərdə yazılmış ən uğurlu romanlarımızdan biridir. Bu münasibətlə müəllifi təbrik edirəm.

# 241 dəfə oxunub

Oxşar xəbərlər

"Sən də bilmə, Lavinia..." - Özdemir Asaf məşhur şeirini kimə yazmışdı?

"Sən də bilmə, Lavinia..." - Özdemir Asaf məşhur şeirini kimə yazmışdı?

12:30 11 iyun 2026
Adı əlindən alınan tatar şair - O, niyə Sibirdə çobanlıq etməyə məcbur olmuşdu?

Adı əlindən alınan tatar şair - O, niyə Sibirdə çobanlıq etməyə məcbur olmuşdu?

14:00 10 iyun 2026
"Moizə xalqı avam saxlamaq üçündür!" - Məmməd Cəfər ruhanilər barədə nələri yazmışdı?

"Moizə xalqı avam saxlamaq üçündür!" - Məmməd Cəfər ruhanilər barədə nələri yazmışdı?

12:00 10 iyun 2026
Ruhun dirilişi və insan ləyaqətinin qayıdışı - Günah yalnız bir nəfərin boynundadırmı?

Ruhun dirilişi və insan ləyaqətinin qayıdışı - Günah yalnız bir nəfərin boynundadırmı?

10:00 7 iyun 2026
"Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur?

"Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur?

14:50 3 iyun 2026
Unudulmuş Nobel mükafatçısı - O, reenkarnasiya haqqında hansı şah əsəri yazıb?

Unudulmuş Nobel mükafatçısı - O, reenkarnasiya haqqında hansı şah əsəri yazıb?

17:05 2 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər