Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?
7 may 2026
# 14:00

Bu gün tanınmış fransız filosof, yazıçı və feminist Olimpiya de Qujun (Olympe de Gouges) doğum günüdür.

Kulis.az ədibin həyat və yaradıcılığı haqqında materialı təqdim edir.

Olimpiya de Qujun həyatı, 1748-ci ildə Fransanın cənubundakı Montoban şəhərində, bir qəssabın və camaşırçının ailəsində "Meri Quj" olaraq başladığı andan etibarən, əslində bir dövrün inqilab salnaməsinə çevrilmişdi.

1765-ci ildə Luis Öbri ilə qurduğu və Pier adlı bir övlad bəxş edən evliliyi cəmi bir neçə ay sonra yoldaşının ölümü ilə nəticələnəndə, o, təkcə soyadını deyil, bütün taleyini dəyişmək qərarına gəldi.

"Olimpiya" adını götürərək Parisə üz tutan bu gənc qadın, dini nikahın buxovlarını rədd edən, cinsi azadlığı və fərdi iradəni müdafiə edən cəsarətli bir intellektual kimi sənət və siyasət dünyasında parladı.

Təhsilinin çatışmazlığına və bəzi mənbələrdə qeyd edildiyi kimi, oxuma-yazma qabiliyyətinin zəifliyinə baxmayaraq, o, daxilindəki fırtınalı fikirləri katiblərinə diktə edərək 1784-cü ildən etibarən romanlar, manifestlər və pyeslərlə dolu bir miras yaratmağa başladı.

Onun yaradıcılığının ilk böyük sədası "Zəncilərin köləliyi" əsəri ilə gəldi; o, hələ Fransa inqilabının ayaq səsləri eşidilmədən müstəmləkələrdəki qulların azadlığı üçün haray çəkirdi. 1789-cu il inqilabı partlayanda Olimpiya böyük bir coşğu ilə meydanlara atılsa da, çox keçmədən acı bir həqiqətlə üzləşdi: yeni qurulan rejim "insan" deyəndə yalnız kişini nəzərdə tuturdu.

Bu ədalətsizliyə dözməyən Quj, 1791-ci ildə "Sosial çevrə" dərnəyinə qoşularaq qadınların siyasi səhnədəki yerini tələb etməyə başladı. Elə həmin il yayımladığı "Qadın və vətəndaş hüquqları haqqında Bəyannamə" ilə dövlətin rəsmi sənədlərindəki "insan" kəlməsini "qadın"la əvəz edərək, bəşər tarixinə ən kəskin bərabərlik mesajını yazdı.

O, eyni zamanda Jan Jak Russonun "Cəmiyyət müqaviləsi" əsərinə öz eyniadlı əsəri ilə cavab verərək, qadın və kişi arasındakı bərabərsizliyin sivilizasiyanın ən böyük yarası olduğunu ifşa etdi.

Olimpiyanın mübarizəsi yalnız qadın haqları ilə bitmirdi; o, edam cəzasının ləğvi, məhkəmələrdə xalq heyətinin qurulması, evlilikdən kənar doğulan uşaqların hüquqi tanınması, övladlığa götürmə prosesinin asanlaşdırılması və vergi sistemindəki ədalətsizliyin aradan qaldırılması üçün vuruşan bir sosial islahatçı idi.

Lakin onun bu sarsılmaz prinsipləri, xüsusilə kralın edamına qarşı çıxması və radikal yakobinçiləri tənqid etməsi onu hədəfə çevirdi.

1793-cü ildə yazdığı "Le trois urnes" adlı siyasi traktatına görə həbs edilən Olimpiya, üç aylıq zindan həyatından sonra, noyabrın 3-də Parisdə gilyotinlə edam edildi.

O, "Qadınlara dar ağacına çıxmaq hüququ tanınırsa, kürsüyə çıxmaq hüququ da tanınmalıdır" deyərkən bəlkə də öz ölümünü təsvir etmişdi.

Bu gün Olimpiya de Quj, qurban verdiyi canı ilə müasir feminizmin və insan haqlarının ən parlaq simvollarından biri kimi unudulmazlıq qazanıb.

# 474 dəfə oxunub

Oxşar xəbərlər

Kadir İnanır vəfat etdi

Kadir İnanır vəfat etdi

20:30 26 iyun 2026
Onun portreti 1.7 milyon dollara satıldı

Onun portreti 1.7 milyon dollara satıldı

15:22 26 iyun 2026
Mehriban Nağıyevanın “O sehrli söz” kitabı işıq üzü gördü

Mehriban Nağıyevanın “O sehrli söz” kitabı işıq üzü gördü

14:25 26 iyun 2026
“Azərbaycan ordusu: Şücaət və qələbə”  adlı tədbir təşkil edildi

“Azərbaycan ordusu: Şücaət və qələbə” adlı tədbir təşkil edildi

12:39 26 iyun 2026
Cahangir Cahangirovun 105 illiyi münasibətilə musiqi axşamı

Cahangir Cahangirovun 105 illiyi münasibətilə musiqi axşamı

11:38 26 iyun 2026
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il ötür

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il ötür

11:00 26 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər