Kulis.az Elmir Həsənin Xalq yazıçısı Afaq Məsudun yaradıcılığı haqqında yazısını təqdim edir.
Bəzən ədəbiyyatşünasların, ya da oxucuların mətndə axtardıqları müəllif olur. Bu, birtərəfli yanaşmadır. Qeyd etmək lazımdır ki, əsər yazıçı qələmindən ərsəyə gəlmiş yaradıcılıq məhsuludur. Buna görə həm də yazıçı xarakteri ilə onun yaratdığı əsər birbaşa əlaqəlidir. Əsərlərdə müəllif birbaşa olaraq iştirak edir. Bu mənada Afaq Məsudun yaratdığı qadın obrazları özünün prototipidir desək, yanılmarıq. “Sərçələr” hekayəsində bu oxşarlıq daha qabarıqdır.
Fantastik, detektiv, fentezi janrlarında da yazıçı fərdi olaraq hansısa obraza pərəstiş duyur. Fəqət bəzən yazıçı əsərinin sonunda gözlənilməz dilemmalar qarşısında qalır, bu zaman müəllif “Fan-fiction” üslubundan istifadəyə yönəlir.
Xalq yazıçısı A.Məsudun “Sərçələr” və “İzdiham” hekayəsində isə modernizmin fərqli texnikası hesab olunan “şüur axını”na bulanıq ahəngdə təsadüf olunur. Şüur axınında proseslər daim dəyişir, buna görə də yeni fikirlər, duyğular və təsvirlər meydana çıxır, bu da obrazların hər birinin düşüncəsinin və daxili dünyasının incəliklərini açmağa kömək edir.
Dünya ədəbiyyatında Samuel Bekketin “Molloy”, Doroti Riçardsonun “Həcc ziyarəti”, Vircinya Vulfun “Missis Dellouy”, Ceyms Coysun “Uliss”, Marsel Prustun “İtirilmiş zamanın sorağında” romanları bu priyomdan istifadə edilərək yazılmış məşhur nümunələridir. Azərbaycan ədəbiyyatında isə Anarın “Ağ liman”, Elçinin “Baş”, Mövlud Süleymanlının “Dəyirman”, Şərif Ağayarın “Haramı”, Seymur Baycanın “Quqark” əsərlərində bu izlərə rast gəlmək mümkündür.
“İzdiham” hekayəsində isə hadisələri bir gecəyə, daha doğrusu bir yuxuya sığdırmaq olar. Bu yuxu hər kəsə tanış yuxudur. A.Məsud ədəbiyyatımızda xarakterlərin sözlərlə ifadəsini verən ən aktual müəlliflərdən hesab oluna bilər. Xüsusən də bu keçidlər sürrealistik plazmadan edilirsə;
“Nənəsi güldükcə ağzından bir-birindən aralı uzunsov, metal dişləri görünürdü. Nənəsi gülümsünüb-gülümsünüb axırda dəmir dişlərini bir-birinə vura-vura:
- Anan çox qudurmuşdu, - dedi.
- Elə demə... – dedi və hiss elədi ki, boğazına dolan qəhərdən ağzı büzülür, - anam ölüb axı?!..
- Ölsün elə!.. – nənəsi ilan kimi fışıldadı...
Nənəsinin çiynindəki boz sərçə də ağzını açıb ilan kimi fışıldadı, boynuna dolanan çəhrayı, kor soxulcan da başını qaldırıb o yan-bu yana yellədə-yellədə fısıldadı…”.
Son cümlədəki bənzətmə obrazın tempramentinin oxucu təsəvvüründə aydınlanması üçün ideal şəraitdir.
Əsərdə şüuraltı təzahürlər personajların iç dünyalarındakı gərginliklər, qorxular və arzular, reallıqdan uzaq təsvirlər vasitəsilə üzə çıxır. Məsələn, qəhrəmanın iç səsilə apardığı dialoqlar və simvolik obrazlarla qarşılaşması, şüuraltının təzahürü kimi izah oluna bilər;
“...Babası oturub əsnəyə-əsnəyə ona baxırdı... Sonra hardansa babasının, noxud boyda arvadı gəldi, atılıb babasının çiynində oturdu, balaca qollarını havada yelləyib civildəyə-civilədyə, hələ də dizi üstə dayananlara nə isə başa salmağa başladı…
Nənəsi sözünü bitirib babasının qolu boyu yeridi boynuna, ordan başına çıxdı, qulağına girib yox oldu”.
Parçada real elementlərlə fantastik elementlər sıx şəkildə bir-birinə birləşir. Babasının noxud boyda arvadının gəlməsi və babasının çiyninə oturması təsviri reallıqla fantaziyanın iç-içə keçdiyini göstərir. Ümumiyyətlə, müəllif düşüncələr arasında assosiasiyalar yaradaraq bir-birinə bağlı olmayan mövzular arasında şiddətli əlaqələr qurur. Xarakter ardıcıl və məntiqi sıra ilə deyil, qarışıq və pərakəndə şəkildə təqdim olunur. Keçmiş xatirələr, hazırkı düşüncələr və gələcək narahatlıqlar bir-birinə xaotik formada qarışa bilir.
“İzdiham” hekayəsi şüuraltı məntəqəyə sərt cızığ salır. Lirizm və təhkiyənin qarışığından yaranan əsər oxucu təfəkkürünü dinamikliyə kökləyir.
“Sərçələr” hekayəsinin sonuna çatan oxucunun mənəvi aləminə zəhmli bir ağırlıq dolur. Bu ağırlıq öz anlamı etibari ilə zəngin idealların təcəssümüdür.
Əsərin ideyasından məzmununa konsentrik bədii mil uzanır.
Dünyanın heç bir yerində insanlar bərabər güzəran, bərabər mədəniyyət sahibi deyillər. Mədəniyyətin əsas göstəricilərindən ən birincisi fərqli toplumlarda müxtəlif zənginliyə məxsus olmasıdır. Tanınmış filosof F.Nitşe “Zərdüşt belə deyirdi” əsərində belə fikir var;
“Bir xalqın yaxşı dediyi şey başqasında eyib və rüsvayçılıq sayılır: belə gördüm. Burada lənətlənən çox şeylər orada dəfnə çələngi ilə bəzədilir” .
Bu fikiri ən minimalist şəkildə miqyasını kiçiltsək belə maddi olan şeylərin məğzində fərqli mənalar anlayacağıq. A.Məsudun qəhrəmanı artıq yetkin həyata, ləyaqətə sahibdir. Onun ana olaraq qarşısında xüsusi məsuliyyət dayanır. Ancaq yazıçı Ana obrazının öz tənhalığında sərçələrə tapınması fonunda onun ruhi çırpıntılarını göz önünə gətirir;
“Əli əsdi, ya fikri dağıldı, nə oldusa, yenə çayla dolu fincan apardığı yerdə əlindən sürüşüb ağzı üstə döşəməyə dəydi. Fincanla bir ürəyi də döşəmənin işıltılı üzünə deyib çilik-çilik oldu... Dağılan yenə şirin çay idi”.
Hekayənin başlanğıcından aydın olur ki, uşağın təntiməyi onun özünü itirməsindən irəli gələn hadisədir. Sanki hekayənin bu cür başlanğıcı ilə müəllif otağa qaranlıq ab-hava, sükut qərq edir;
“Dağılan yenə şirin çay idi.
Dəhlizin o biri başında anasının əsəbilikdən əyilmiş üzü göründü.
Anasının üzü əsəbiləşəndə elə vahiməli olurdu, adamın az qalırdı bağrı yarıla”.
A.Məsud qadının daxili aləmini xüsusi dolğunluqla təsvir edən ən maraqlı müəlliflərdəndir. Çox nadir qadın müəlliflər var ki, öz qadın həmcinsinə daosistik fəlsəfəylə yanaşsın. A.Məsudun qadın obrazları məişət səviyyəsində deyil, onların daxili hiss-həyəcanları daha çox idealist masştabda həll olunur.
Onun sadə sözlərlə təsviri əsərə ekspressionist meyil qazandırır. Müəllif ananın simasındakı emosional cizgiləri sanki sadə, qara qrafitli karandaşla cızır.
Emosiaların bu cür punktual və rasional təsvirini vermək isə ekspressionist rəssamlara daha rahat fürsət qazandırdığını görmüşüksə, (Edvard Munqun “Qışqırıq” əsəri) A.Məsudun “Sərçələr” hekayəsində təsvirin gücü bədiiliyin praqmatik əhatəsindədir. Amma ananın bu cür təsviri yalnız oxucu üçün qadının simasını aydınlatmır, eyni zamanda onun üzündəki əhvalla, xarakterindəki qarşılıqlı simmetriya nəzərə çarpır. Bədii portret üzərində qurulmuş əsas başlanğıc hadisələrin təlatümlü olacağına işarə etsə də, amma əksinə elə təsvirlər olur ki, reallıq əsnasında təsvir mayasını reallığın tam şəxsində almış olur;
“Fikirləşdi ki, ölsəydi, anası sevərdi onu”.
Müəllif bu ifadə ilə qadının ən estetik, ən mahiyyətli, rasional tərifini verir. Hekayədəki hadisələr və personajlar, gündəlik həyatın reallıqlarını əks etdirir.
Müəllif, ətraf mühitin və personajların psixoloji vəziyyətlərini konkret və dolğun təsvir edir.
Sərçələr əsərdə azadlıq, mübarizə, hərəkətlilik simvolikasının ifadəçisidir. Müəllif, bu simvolik detallarla hekayəyə dərinlik qatır. Xüsusən isə bu mənalar qadın zərifliyinin fövqündə rənglənir. Bu əsərdəki qadın obrazını tanınmış xanım yazıçmız Ələviyyə Babayevanın həyat mənzərəsi ilə müqayisə etmək olar.
Hər şeydən ilk isə əsərdə qəhrəmanların personallığı aydın səviyyədə gözlənilib. Realizm, modernizm, simvolizm və psixologizmin təsiri altında olan bu hekayə, həm məzmun, həm də forma baxımından zəngindir və oxucunun düşüncələrini və hisslərini dərinləşdirməyə, psixoloji fikir əhatəsini genişləndirməyə xidmət edir;
“Anasını bir dəfə lap dəhşətli görmüşdü yuxuda. Yuxu ondan başlayırdı ki, anası üzü pəncərəyə, arxası ona oturmuşdu. O da barmaqlarının ucunda arxadan ona yaxınlaşırdı, anasını çağırırdı... Anası isə hay vermirdi, əlləri dizlərinin üstə, gözünü qırpmadan pəncərədən harasa uzaqlara baxırdı...”
A.Məsudun əsərində qadın ona pessimist, mənəvi təkliyin ağuşunda təkəmseyrək şəkildə səssizliklə çırpınır. Ömürlərini sorğulamaqla keçirən insanlar üçün uzaqlar ən yaxın ziyarət arzusunun bucağıdır. İnsan həyatından gileyli düşən zaman ruhi gərginliyin dərəcəsi fikirləri sərgərdan etdiyi dönəmlərdə, yaxud təkliyin, daha doğrusu hansısa uzaqlarda sakitlik, günəşli günlər axtarışında olur. Həyatı ömür kimi yaşayanlar az olduğundan ömür onlara Vaqif Səmədoğlunun dili ilə desək, vaxt itkisi gəlir. Ancaq A.Məsud təkliyin mənasını, uzaqların arzusunu qadının simasında qoymaqla uzaqlara, darıxmağa, təkliyə də xüsusi şirin bir məna qazandırır. Onun qadın qəhrəmanları da bu cəhətdən fərqlənirlər;
“Bir dəfə anasının otağına, beləcə sakitlik düşəndə, barmaqlarının ucunda getmişdi, qapını azca aralanmışdı, gördüyündən ayaq üstə donmuşdu...
...Anası stolüstü güzgünün qabağında oturub dinməz-söyləməz özünə baxırdı. Anası uzun müddət özünə baxdı, sonra başını qoluna qoyub sakitcə ağladı”.
Əlbəttə ki, uşaq üçün anlaşılmaz qalmışdı bu səhnə. Qapalı dörd tərəfinə kölgə düşən divarların əhatələdiyi otaq da yalnız bayırdan ağacların əhatələdiyi pəncərə var, o da uzaqlara baxmaq üçündür. Ananın güzgüyə saatlarla uzun uzadı baxıb ağlaması onun yaşadığı həyatın məyusluğundan, tənhalığından doğur. O, həyatının və görünüşünün dəyişdiyini, keşmiş gözəlliyini itirdiyini anlayır. Güzgü insanın necə dəyişdiyini göstərən ən estetik və gözəlliyin vizuallaşdırılması üçün önəmli əşyadır. “Sərçələr” hekayəsində də anaya reallığı göstərən vasitə kimi tərənnüm olunur. Özünü ümidsiz hiss edən, həyata keçməyən arzuları qadının daxili aləmində sərt məyusluq hissi yaradır.
“Sərçələr” hekayəsində sərçələr simvolik bir məna daşıyır. Sərçələrin təbiətin və azadlığın məna tərəzisidir. Onların azad şəkildə uçuşu sərbəst sadəliklə yaşamaq arzusunu şəkilləndirir.
Hekayədə qadının yazı prosesində makinasının çıqqıltısı uşağın zərif qəlbində hönkürtü yaratsa da, sərçələrin cikkiltiləri ilə harmoniya təşkil edir. Əsərin sonu insanı düşünməyə səbəb verir. Əsərdəki qadın öz təkliyini, tənhalığını introspeksiya edir.
Əsərin sonunda uşağın sərçəni öldürməsi insanların içərisindəki aqressiyanın təzahürüdür. Bu mənzərənin uşağın əli ilə törədilməsini onun içərisində olduğu cəmiyyətin sosial-psixoloji aqressiyasının və ziddiyyətlərinin uşaq ruhuna təsirini göstərən qabarıq detal kimi səciyyələndirmək olar. Ananın sərçələrə qoşulub getməsi mənəvi və psixoloji qurtulma sayılır. Bu qaçış onun içində yaşadığı dünyadan uzaqlaşaraq mehrini saldığı xəyali bir azadlıq axtarışıdır. Müəllifin azadlıq anlayışı bayağılıq və bəsitlikdən çox uzaqdadır. A.Məsudun yazıçılıq uğurunun səbəbləri müxtəlif olsa da, bu hekayədə azadlıq məhz qadın üzərində qurulub. Bu azadlıq axtarışı şəxsi münasibətlərdən doğmur. Bu anlayış qadının həyatda ruhani oyanış yaşama prosesinin nəticəsidir. A.Məsud feminist qadın yazıçıları qədər dayazlığa çıxmır, onun üçün qadın leksikası unikal müstəvidə dayanır.
“O” və “İzdiham” hekayələrinin mərkəz xəttində qadın obrazı dayanır. “O” hekayəsində mənəvi hisslərin yorğunluğundan, hətta ömrün təqlidçi, dünyanın dejavuşəkilli aynasından boğaza yığılan qadının daxili dünyasının cəmiyyətin aparıcı intizamı olduğu göstərilir. Onlar heç də psixologiyalarında impulsiv və preaqonal vəziyyət yaşamırlar, fəqət ictimai həyatın güzgüsü kimi çıxış edirlər. Əsəri oxuyan oxucunun təfəkkürü qaranlıq və tutqun fikir axtarışları ilə üzbəüz dayanır. Onların heç birinin həyata mistik yöndən baxmaq kimi məqsədləri də yoxdur.
“İzdiham” hekayəsində, əsas qəhrəman izdihamın içində itir və zaman-məkan anlayışlarından məhrum olur. Əslində bu izdiham həyatın, maddi və mənəvi problemlərinin çökəkliyə yığılıb bataqlığa çevrilməsidir.
“İzdiham” ərəb sözüdür – bir yerə çoxlu insanın yığılmasıdır. Hiss olunur ki, müəllif də təkliyə meyillidir. Təklikdən “qurtulmaq” isə yalnız fikirlərin haçalanması deyil, həm də fiziki cəhətdən parçalanmaqdır. Hekayənin reallıq və irreallıq arasındakı sərhədləri bulanıqdır.
“O” hekayəsində iki obraz – Kişi və qadın arasında münasibətlərin mürəkkəbliyi və çoxşaxəliliyi göstərilir. “...Əli arvadının buruq saçına dəyəndə dik atıldı... sinirləri qıc oldu, çəkilib öz yerinə girdi, yorğanı başına çəkib ürəyi döyünə-döyünə gözlədi”. Əsərə bu cür “oval” başlanğıc etməklə müəllif, kişi və qadın münasibətlərində mənəvi çöküntünun dərinləşməsini göstərir. Ümumiyyətlə, “Sərçələr”, “O”, “Qəza”, “İzdiham” hekayələri bir-birilə mövzu cəhətdən çox oxşar əsərlərdir. Hekayələrin hər birində mərkəz xətt qadındır, onun daxili dünyasının tör-töküntü halında olmasının təsvirini xüsusən müəllifin bu əsərlərində aydın formada müşahidə etmək mümkündür. “Arvadı səhər yeməyində onunla üzbəüz oturmadı, hardasa o biri otaqlarda hövsələsiz hərəkətlərlə nələrisə yığıb açmaqla məşğul oldu...”. Əsərlərin hər biri yaxın illərdə, eyni dövrdə yazılıb. “Sərçələr” – 1990, “O”- 1992, “Qəza” – 1988, “İzdiham” – 1990. Bu əsərlərin yazılma tarixi yaxın illəri əhatə etdiyi kimi, eyni zamanda o dövrün sosial həyatında baş verən proseslərlə birbaşa bağlıdır. İlk baxışdan düşünürsən ki, Afaq Məsudun qadın qəhrəmanları hansısa hadisənin travmasındadır. Amma bu belə deyil. Həmin obrazlar özlərində “dünya-insan” münasibətlərini, sosial dəyərləri tərənnüm edir. Ümumilikdə, azadlıq anlayışı ilk növbədə qadın təbiəti ilə, onun əxlaqi baxış bucağı ilə bağlıdır. Bütün dövrlərdə azadlığa qadın gözü ilə baxılıb. A.Məsud müstəqilliyə gedən yolda xalqın spiritual emosialarını, pessimist və optimist xarakterini adı çəkilən hekayələrində birmənalı şəkildə dolğunluqla təsvir edir.
Dünyaya nəzər saldıqda isə 19-cu əsr ABŞ-da qadınlar üçün böyük transformasiya dövrü idi. Bu dövrdə qadınların rolları, qadının fəzilətinin təqva, itaətkarlıq və evdarlıqla bağlı olduğu “evdarlıq kultu” ilə əlaqəli idi. Bu dövrdə qadınlar və kişilər ayrı-ayrı sferalarda qərarlaşmışdılar.
Həmin dövrdə qadınların bir çox məhdudiyyətləri var idi. Evləndikdə, qanuni olaraq, kişi və arvadın bir şəxs olduğu gizlilik altında sayılırdılar. Beləliklə, qadınların bütün hüquqları mahiyyətcə ərləri tərəfindən udulurdu. Mülk sahibi ola bilmirdilər, səs verə bilmirdilər, övladları üçün qanuni hüquqları yox idi, onları evdən kənarda işləməkdən çəkindirirdilər və bunu etdikdə maaşları oxşar vəzifədə işləyən kişilərin qazanacaqlarının bir hissəsi idi. Onlardan ərlərinə itaət etmələri tələb olunurdu və beləliklə, demək olar ki, tamamilə kişilərdən asılı qalırdılar. Məhz bu səbəbdən 19-cu əsrin əvvəllərində bir çox qadın təvazökarlıq hərəkatının və ya spirt istehlakını ləğv etmək hərəkatının arxasında dayandı. Qadınlar alkoqolun kişilərin sağlamlığına və ailə həyatına mənfi təsirini rədd edirdilər. Onlar alkoqolun yoxsulluğa və məişət zorakılığına səbəb olduğunu iddia edərək bu və ya digər eybəcərliklərə qarşı əsaslı mübarizə aparırdılar. Bu narahatlıq xüsusilə qadınların məişət zorakılığı baş versə belə, ərindən boşanmaq üçün qanuni hüquqlarının olmadığı bir vaxtda aktual idi.
Bundan əlavə, o dövr qadınları özlərini əxlaqın keşikçiləri hesab edirdilər. Qadınların “təşkilatçılıq etmək, pul yığmaq və ictimai yerlərdə səmərəli danışmağı öyrəndikləri” kilsə daxilində formalaşan təşkilatlar sayəsində onlar bərabərlik uğrunda mübarizəni təşkil edə bildilər.
İntibah dövründə İtaliyada isə durum bir qədər fərqli idi. Əsl Renessans qadınının sənətə həvəsi var idi. Bu məqamda italyan qadınları mədəniyyətlə yaxından bağlı idilər. Qısası elit həyatın nümayəndələri sayılırdılar.
Romantizm dövrünün tanınmış tarixçilərindən olan Jül Mişle hesab edirdi ki, qadınların təvazökar, iffətli və vətənpərvər olmaları onları ideal edir. Buna görə də inqilabi dövrlərin yetişdiyi zamanlarda azadlıq məsələsi qadın simasında ortaya gəlməyə başlamışdı. Məşhur fransız heykəltaraş Ejen Delakruanın “Azadlığa aparan yol” rəsmində yarıçılpaq qadın inqilabın aparıcısı kimi təsvir olunur. Uolter Kreinin “Azadlıq” rəsmində isə qanadlı qadın (mələk simasında) azadlığa çıxacaq məhbusun qarşısında dayanaraq onu bağrına basıb öz qanadları ilə göylərə daşıyacaq şəklində təsvir olunub(Göylər bütün zamanlarda azadlığın xəyali yaşam məntəqəsi olub). Köləlikdən və ya həbsdən qurtuluşun ifadəsi kimi həmin əsər xüsusi maraq kəsb edir. Bundan əlavə, Cim Uorrenin “Canlı heykəl” adlı rəsmində ABŞ-da yerləşən “Azadlıq heykəli” də təsvir olunmuş şəxsin üzünün yarı hissəsi rəngləndirilmiş qadın siması ilə təsvir edilib.
Qadın dünyanın əksər ölkələrində azadlıq tərənnümçüsü kimi çıxış edib. Təbii ki, qeyd etdiyimiz azadlıq anlayışı təfəkkür cəhətdən bugünkündən fərqli olaraq yüksək mənəvi dəyərlərin ölçüsündə idi.
Bu, bizim Şərq ölkəsi – Azərbaycanda da belə idi. Sovet dövründə heykəltaraş Fuad Əbdürrəhmanov tərəfindən inşa edilmiş və Azərbaycan qadınının əzab və sıxıntılardan uzaqlaşaraq ölkənin ictimai-sosial həyatında iştirakı, təhsil haqqı, işləmə hüququnu ifadə edən “Azad qadın heykəli” buna sübutdur. Azərbaycan rəssamlarından T.Nərimanbəyov, S.Bəhlulzadə, T.Məmmədov, T.Salahov və s. başqaları tərəfindən qadının həyatda, məişətdə əhəmiyyəti rolu və mübarizliyi mövzusunda bir çox dəyərli rəsm əsərləri yaradılmışdır.
Ədəbiyyatda isə C.Cabbarlı, Y.V.Çəmənzəminli, C.Məmmədquluzadə, M.S.Ordubadi, M.İbrahimov, İ.Əfəndiyev, İ.Məlikzadə, Ə.Hacızadə, Anar, Elçin, Ç.Abdullayev, Gülşən Lətifxan, Alpay Azər, Azər Qismət, Rasim Qaraca və s. müəlliflərin yaradıcılığında bir-birindən seçilən maraqlı qadın obrazlarına, xarakterlərinə və onların müxtəlif ölçülərdən poetik təsvirinə rast gəlmək mümkündür. Həmin əsərlərdə qadınların fərqli vəziyyətlərdən ictimai-sosial, mənəvi əhəmiyyətləri qabardılmışdır.
Bu gün isə zaman hamımız üçün qəribə və özgə olan istiqamətə yön alıb, buna uyğun olaraq qeyri-adi olan nəsnələr insanların gözündə adiləşdi. Fəqət, həm də zaman dəyişdikcə mədəniyyətin tərifi – qadın da öz imicini itirməyə başladı, siyasi və mənfi xüsuslu ideologiyalar azadlıq anlayışının sükanını iyrənc istiqamətə çevirdi. Bu cəhətdən demək olar ki, “xoşbəxt ailə” anlamı bütə döndü. Uzun müddət əsarət altında yaşamış insanlarımız üçün müasir yeniliklər, metamodern fikirlər baş hərlənməsi yaratdı. Təfəkkür cəhətdən inkişaf etməməyimizin səbəbi məlum problemləri, qısqanclıqları kişi, yaxud qadın zorakılığında axtarmaq oldu.
Bu anlamda A.Məsudun hekayələrində bu qarmaşa problemlər əsasən qadının daxili və xarici mənasında – onun nitqində, kədərində, düşüncəsində, introvertliyində özünü biruzə verir. Buna görə də yazıçının “Sərçələr”, “İzdiham”, “O” və “Qəza” hekayələri cəmiyyətlə bağlı yenidən düşüməyə vadar edir.
Sonda qeyd etmək vacibdir ki, Sovet dövründə “Azərbaycan qadını” adlanan deyim var idi. Bu anlayış vaxtilə özündə cəsarəti, zəhmətkeşliyi, qorxmazlığı, əxlaqı, zəngin estetikanı tərənnüm edirdi. Bu gün bu anlayışı ümumi şəkildə istifadə etmək, reallıq hissindən uzaq olduğumuzu göstərərdi. Əsrin əvvəllərində qadınların təhsilsizliyi uğrunda maarifçilər şiddətli mübarizə aparırdılar, bu gün isə hər iki cinsin mənəvi yoxsulluqlarına qarşı mübarizə aparmaq ehtiyacı var. İnsanlarımız müxtəlif dövrlərdə fərqli-fərqli, mürəkkəb yol ayrıclarında qalıblar, məhz hazırki zaman gəlib dayandığımız növbəti yol ayrıcıdır – idrak cəhətdən sabitləşmək üçün bu yolu doğru seçmək lazımdır.