Kulis.az təbrizli yazıçı, şair Əli Çağla ilə müsahibəni təqdim edir.
– Güney Azərbaycan ədəbiyyatı deyəndə ağlımıza ilk gələn mövzular həsrət və milli kimlik axtarışıdır. Sizcə, bu gün Güneydə yaranan mətnlər ancaq bu ənənəvi xətt üzrə inkişaf edir, yoxsa artıq tamamilə yeni estetik və fəlsəfi axtarışlar ön plandadır?
– Məşhur avstriyalı psixiatr Viktor Frankl deyirdi ki, insanın əlindən hər şeyi almaq olar, amma onun öz yolunu seçmək azadlığını heç cür almaq olmaz. Tarix boyu belə olub; o taydakı azərbaycanlının əlindən ana dilində təhsil aldığı məktəbini, kitabını, bir sözlə, hər şeyini alsalar da, onun öz ana dilində düşünmək azadlığını ala bilməyiblər. Ola bilər ki, şahların hamısı gəlib qılınc çalıb, at oynadıb, vurub, yıxıb, çıxıb gedib... Amma əvvəl-axır hamısı tarixə məğlub şah kimi düşüb.
İndiki dövrə nəzər salanda görürük ki, milli kimlik məsələsi o tayda yaşayan insanlara, xüsusilə ədəbiyyat adamlarına, ictimai fəallara çoxdan aydındır. Onlar artıq öz kimliklərinin axtarışında deyillər. Çünki onların dilində – ərəb qrafikasında – artıq kitablar, jurnallar, mətnlər çap olunur və bunları çox rahatlıqla əldə edib oxuya bilirlər. Bu, bir insanın kimliyini dərk etməsi üçün ən təməl materialdır. Məhz bu materialların sayəsində o taydakı ədəbiyyat adamı yeni estetik və fəlsəfi axtarışlara çıxmağı bacarır. Təəssüf ki, 30-40 il əvvəl o taydakı azərbaycanlılar şeirləri, ədəbi mətnləri təkcə Bakıdan yayımlanan radio və televiziya verilişlərində dinləyə bilirdilər. Elə adam tanıyıram ki, 30-40 il əvvəl bu tayda səslənən hər bir şeiri dəftərinə köçürüb, ətrafındakı Azərbaycan dilinə və ədəbiyyatına marağı olan insanlara çatdırırdı.
– Ana dilində yazıb-yaratmağın özü bir fədakarlıq və müqavimət formasıdır. İranda farsca yazıb daha böyük auditoriyaya və qonorara çıxış imkanı olduğu halda Azərbaycan türkcəsində yazmaq yazıçı üçün nə kimi problemlər yaradır?
– Yazıçılar bir çox problemlərlə üzləşirlər. Onları saysam, bu, ayrıca bir müsahibənin mövzusu olar. Buna görə də yalnız bir problemi qeyd etmək istəyərdim: Azərbaycan türkcəsində yazmaq yazıçını senzuraya, boykota məruz qoyur və nəticədə, o, xəlvətə çəkilməyə məcbur olur.
– Senzura və qadağalar şəraitində ədəbiyyat yaratmaq yazıçının dilini simvollara, ezop dilinə öyrəşdirir. Sizcə, bu qapalı dil mətnin estetik dəyərini, dərinliyini artırır, yoxsa oxucu ilə araya sədd çəkir?
– Senzura yalnız qadağalar sistemi deyil; o, həm də dilin taleyinə müdaxilə edən görünməz mexanizmdir. Tarix göstərir ki, təzyiq altında yaranan ədəbiyyat çox zaman iki istiqamətdə inkişaf edir: bir tərəfdən söz birbaşa mənasını itirərək simvolların, eyhamların, susqunluqların içində gizlənir, digər tərəfdən isə məhz bu gizlənmə mətnə ikinci, hətta üçüncü qat qazandırır. “Ezop dili”nin estetik qüdrəti də buradan doğur. Açıq şəkildə deyilə bilməyən fikir metaforanın, alleqoriyanın və çoxmənalı obrazların içində yaşayaraq daha uzunömürlü olur. Azərbaycanın sovet dövrü mədəniyyəti bu baxımdan son dərəcə maraqlı və paradoksal təcrübədir. Siyasi məhdudiyyətlərə, ideoloji nəzarətə baxmayaraq, Azərbaycan ədəbiyyatı, teatrı və xüsusilə kinosu qeyri-adi dərəcədə parlaq bir estetik enerji yaratdı. Məhz buna görə həmin filmlər bu gün də yaşayır. Əminliklə deyə bilərəm ki, indi Arazın o tayında – Güney Azərbaycanda da məhdudiyyətin kölgəsində parlaq əsərlər doğulur.
– Dilinizin özünəməxsus koloriti, xüsusi leksik qatı var. Fars dilinin hegemonluğu altında Azərbaycan dilinin saflığını, ədəbi tutumunu qorumaq üçün daxili senzorunuz necə işləyir?
– O tayda yaşayan bir çox yazıçı və şairin əksinə, xoşbəxtlikdən, mən həmişə azərbaycanca düşünüb, azərbaycanca yazmışam. Axı o tayda bu gün yaşayıb yaradan bəzi ədəbiyyat adamları farsca düşünüb azərbaycanca yazırlar! Onların yazılarını oxuyanda fars məfkurəsini, ideyasını sətir-sətir sezmək olur. Bu isə mənim üçün ən böyük imtiyaz sayıla bilər. Çünki hələ 12 yaşım tamam olmamış Xalq yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanını əllə dəftərə köçürmüşdüm. Bu, Azərbaycan dilini səlis öyrənməyimə çox böyük kömək etdi. Hətta uşaqlıq illərimi xatırlayıram: məktəbdə müəllimin sualına heç vaxt farsca cavab verməzdim, şifahi imtahanlarda həmişə azərbaycanca danışardım. Çox vaxt buna görə tənbeh olunardım, dərs bitənə qədər lövhənin qarşısında ayaq üstə dayanardım.
– Həm şeir, həm də nəsr fəaliyyətiniz var. Bəzən deyirlər ki, Şərq adamının ağrısı ancaq şeirlə ifadə oluna bilər. Sizin nəsrə keçidiniz hansı ehtiyacdan doğdu? Şeirin gücü çatmayan nələri nəsrlə ifadə edirsiniz?
– Qabriel Qarsiya Markes kubalı jurnalist Manuel Pereyraya verdiyi müsahibənin bir yerində deyir ki, yazıçı olmaq üçün ilk növbədə şeiri bilməlisən. Mən formalaşmağımı, əsasən, şeirə borcluyam. Çünki mən ədəbiyyata şeir vasitəsilə gəlmişəm.
Markesin bu fikri çox qiymətlidir. İnsan ilk dəfə ağrını da, sevgini də, qorxunu da ritm şəklində hiss edir. Elə buna görə düşünürəm ki, böyük nəsrin damarlarında da görünməz şəkildə şeir axır. Şeir yazıçının sözlə münasibətini sərtləşdirir, onu dilə qarşı məsuliyyətli edir. Şərq insanının ağrısına gəlincə, məncə, o ağrının təbii dili həqiqətən də şeirdir. Bizim yaddaşımız laylalarla, ağılarla formalaşıb. Lakin həmin ağrının tarixini yazmaq üçün şeir kifayət etmir. Mən hər iki janrı bir-birindən ayrı yox, eyni ruhun iki fərqli nəfəsi kimi görürəm.
– Müasir Güney poeziyasında sərbəst şeirlə heca və əruz vəznlərində yazılan şeirlər arasındakı mübarizə necə gedir? Gənclər hansı formaya daha çox meyl edirlər?
– Əruza heç zaman inanmamışam, inanmayacağam da. Çünki əruz mənim xalqımın daxili harmoniyası ilə uyğun gəlmir. Bu gün dünya sərbəstliyə, sərbəst şeirə doğru gedir. Dünya avanqardlaşır, biz isə hələ də dizimizə döyüb Füzulinin ah-naləsi ilə kef çəkirik. Keçmişi bilmək pis deyil, amma ayaqqabımızın keçmişin yapışqanına yapışıb qalması və ondan dartılıb çıxmamağımız tənbəllikdir. Bəli, bir şair ilk olaraq mütləq öz mühitinin vəznli şeirlərini bilməlidir. Çünki həmin heca vəznli şeirlər şairin şeir dilini, intonasiyasını formalaşdırır.
– Tərcümə məsələsi hər zaman aktualdır. Dünya ədəbiyyatını Güney oxucusu öz ana dilində yetərincə oxuya bilirmi? Əgər prosesi izləyirsinizsə, bu gün dünya nəsrinin hansı tendensiyaları Güney ədəbi mühitinə sirayət edir?
– Bu baxımdan Azərbaycanın quzeyinin çox böyük köməyi olub. Çünki bizdə latın əlifbasından ərəb əlifbasına köçürülən kitabların sayı çoxdur, amma sırf tərcümə olunmuş kitablara nadir hallarda rast gəlinir. Güney Azərbaycanda rus, türk, alman və s. xalqların dünya ədəbiyyatı nümunələrini əlifbamıza köçürüb çap edərək oxuculara çatdırmışıq. Digər tərəfdən də etiraf etməliyəm ki, farsların tərcümələri çox güclü və aktualdır. Hansısa kitabı Azərbaycan dilində tapa bilməyəndə fars dilində çox rahat tapmaq olur. Özüm də dünya ədəbiyyatının bir çox müəllifini fars dilində oxumuşam, çünki onlar bizim dilə yetərincə tərcümə olunmayıb.
– Kulis.az olaraq tez-tez Quzey və Güney ədəbi əlaqələrini müzakirə edirik. Sizcə, Arazın bu tayındakı oxucu və tənqidçilər Güney ədəbiyyatını yetərincə dərk edib qəbul edə bilirlərmi, yoxsa hələ də baxış bucağımızda bir "folklorik-siyasi" stereotip qalmaqdadır?
– Ümumiyyətlə, dərk etmirlər. Hətta o tayın yeni yazarlarını, yeni şairlərini belə tanımırlar. Bu tayda hələ də Şəhriyardan, Həbib Sahirdən, Söhrab Tahirdən, Bulud Qaraçorludan və s. keçmişdə qalmış ədəbiyyat adamlarından başqa heç kimi oxumayıblar, oxumurlar və tanımırlar. Bəlkə də deyərdim ki, son illərə qədər o tayın müasir, gənc, avanqard yazıçı və şairlərini tanıtmağa imkan yaradılmırdı.
– Bəzi tənqidçilər hesab edir ki, Güney ədəbiyyatı hələ də sosial-siyasi şüarlardan tam xilas olub "sənət üçün sənət" mərhələsinə, yəni qlobal mətn yaratmaq səviyyəsinə keçə bilməyib. Bu iradla razılaşırsınızmı?
– Xeyr, razılaşmıram. Bu gün Güney ədəbiyyatı dünya ölkələrinin siyahısına daxil olaraq özünü rəsmi şəkildə tanıtmağa çalışır. Əminliklə deyərdim ki, o taydan dünya ədəbiyyatına çıxaracaq adamımız var, amma hələ kifayət qədər tanınmayıb, oxunmayıb.
– Bu tayın ədəbiyyatından kimləri mütəmadi oxuyursunuz və bizim müasir yazarların Güney ədəbi mühitinə, gənc nəsillərə təsiri varmı?
– Azərbaycanın quzeyindəki ədəbiyyatdan, demək olar ki, hamını oxuyuram. 60-cılardan üzü bəri bu tayın ədəbiyyatı o tayda həmişə öz təsirini göstərib. Açığı, o tayda tənbəllik etmirlər, məhdudiyyətlərə baxmayaraq, bu tayı oxuyurlar. Heç bir maddi qazanc gözləmədən, işləyib öz hesablarına Quzey yazarlarının, şairlərinin kitablarını çap edirlər. İddia edirəm, bu tayın ciddi ədəbiyyat adamlarının 70 faizinin kitabı o tayda çap olunub. Amma əksinə, bu tayda...
– Farsdilli mühitlə münasibətləriniz necədir? Güneyli yazıçı olaraq o mühitə inteqrasiya edirsiniz, onların ədəbi diskursunda iştirak edirsiniz, yoxsa aranızda görünməz bir divar var?
– Məlum məsələlərə görə, mən şəxsən o tayda keçirilən nə farsdilli, nə də azərbaycandilli ədəbi konfranslarda, dərnəklərdə iştirak etmirəm. Amma onu da deyim ki, farsca yazan heç kimlə dərdim, münaqişəm yoxdur. Çünki onlar öz istiqamətini müəyyənləşdirib, yolunu tutub yazır, əlini qaldırıb deyir ki, mən buyam və bu dildə yazıram. Mənim əsas mübarizəm farsca düşünüb azərbaycanca yazan dostlarımladır. Onların hələ də hansı dinə qulluq etdiklərini bilmirəm.
– Rəqəmsal dövr, sosial şəbəkələr Güneydə müəllif və oxucu arasındakı maneələri nə dərəcədə dəf edə bildi? İndi ədəbi mətni yaymaq və oxucu reaksiyası almaq əvvəlki illərə nisbətən asandır, yoxsa bu bolluq özü bir vizual xaos, oxucu diqqətsizliyi yaradıb?
– Qətiyyətlə deyərdim ki, oxucu diqqətsizliyi yaradıb. Siz sosial şəbəkələrə daxil olursunuz; orda bir bloqer də şeirini paylaşır, bir şair də. İndi seçimi özünüz edin!
– Əsərlərinizdə məkan faktoru həmişə xüsusi yer tutur. Təxəyyülünüzdəki Təbrizlə reallıqdakı Təbriz arasında hansı təzadlar var?
– Düzünü desəm, təxəyyülümdəki Təbrizlə real Təbriz arasında elə də ciddi münaqişə yoxdur. Sadəcə yazıçının beynindəki şəhər həmişə gerçək şəhərdən bir az ərköyün olur. Ümumiyyətlə, yazıçılar şəhərlərə qarşı bir qədər ədalətsiz olurlar. Şəhəri olduğu kimi yox, görmək istədikləri kimi yazırlar. Mənim Təbrizim də, yəqin ki, real Təbrizdən bir az romantik, bir az da inadkardır. Bir sözlə, real Təbrizlə mənim Təbrizim arasındakı fərq odur ki, birini bələdiyyə idarə edir, o birini isə mənim yazıçı təxəyyülüm...