Danışmaq ən böyük səhvidir insanlığın - Ulucay Akifdən YENİ ŞEİRLƏR

Danışmaq ən böyük səhvidir insanlığın - <span style="color:red;">Ulucay Akifdən YENİ ŞEİRLƏR
13 fevral 2017
# 15:28

Kulis.Az gənc şair Ulucay Akifin şeirlərini təqdim edir.

A-LE-LUU-YAAA...

Bir qız addımlayır
Bakının küçələrində...
Boyu balaca,
Ümidlərisə böyük bir qız...

Bir qız addımlayır
Bakının küçələrində...
Heç kəsi dinləmədən,
Ətrafa boylanmadan,
Buludları seyr edərək...

Qonur saçlarına qar dənələri,
üşümür, üzündə saf bir təbəssüm.
Açır əllərini, açır səmaya,
Ovcuna göylərdən xoşbəxtlik düşür.

Bir qız addımlayır,
həm də qorxmadan
O qızçün bu dünya şirin bir röya
Sakitcə bir mahnı zümzümə edir


Aleluuyaaaa!
Aleluuuuyaaaaaa!

Beatriçe...

Biz kiçik dərdlərdən xilas olub,

Böyük bəlalara düşəcəyimizi bilsək,

yəqin, böyüməzdik,

Böyüməzdik, Beatriçe...

90-cı illərin toz-dumanı

hələ də ciyərimizdədir,

ciyərimizdədir, Beatriçe...


Sənin çiynində ağ göyərçin,

saçlarında sünbül,

bizimsə bir ayağımız

hələ də cəbhədədir,

ayağını müharibədə itirmiş yaşlı veteran kimi.


İldırım dünyanı döyəcləyən kimi

döyəcləyir başımızı o qocanın əsası.

Qulağımızda orta əsr cəngavərlərinin

qılınclarının cingiltisi...

Xaç yürüşlərinə işarəydi,

Küçə itlərinin zingiltisi.

İndi "hər şey yaxşı olacaq" cümləsidir

təsəllilərin ən pisi.

Çünki biz böyümüşük,

böyümüşük, Beatriçe...


Qoca palıdın üstündə oturan

yaşlı qarğa qarıldayır:

"Hər kəs ölür, ancaq hamı yaşamır"

Hər kəs ölür, ancaq hamı yaşamır, Beatriçe...

Hə, Beatriçe...

İndi mən də ölməkdən yox,

Yaşamamaqdan qorxuram.

Yaşamamaqdan.

Depressiya qurbanı

Kaş,
37-də yaşayardım.
Müşfiq kimi,
qurban olardım
repressiyaya...
Təki görməzdim
Üçüncü minilliyi,
Düşməzdim depressiyaya.

Kaş,
Qandallayıb qollarımı,
Çatmamış
Otuz yaşıma,
Bir güllə sıxardılar başıma,
"Atəş!" əmrindən sonra,
Nargin adasında.

***

Uşağam,
Balaca uşaq.
Ona görə bu qədər
səliqəsizdir misralarım,
sözlərimsə bu qədər uzaq.

Sus...
Danışmaq
Ən böyük səhvidir insanlığın.
Bacarsan
Gözlərimdən kədəri sil,
Əllərimdən ayrılığı.

Arzularım
Uçmağı unudub.
Ümidlərimsə iməkləyir.
Bacarsan
Ürəyimdən ağrıları sil
Beynimdən də təkliyi...

Uşağam,
Balaca uşaq.
Ona görə bu qədər
səliqəsizdir misralarım,
sözlərimsə bu qədər uzaq.

Qapılar

Əvvəl hasarlar ucaltdıq,

evlərin,

həyətlərin,

şəhərlərin,

ölkələrin arasında.

Sonra hasarları keçmək üçün

çıxış yolu tapmış kimi,

qapıları yaratdıq,

evlərin,

həyətlərin,

şəhərlərin,

ölkələrin arasında.

Qəddarlıq etdik biz,

Özümüzü hasara aldıq.

Və heç zaman anlamadıq ki,

Qapının hansı tərəfində dursaq da,

Hər zaman arxasında qalırıq.

Elə də olur, belə də...

Dərd eləmə,

Elə də olur, belə də...

İmzaladığımız sənəd yox,

nə də sövdələşdiyimiz bir kəs.

Elə də olur, belə də...

“Getmərəm” deyənlərdən ayrılığı,

“Gələrəm” deyənlərdən gözləməyi

Öyrənirsən vaxt keçdikcə...

Həyatdı da, fikir vermə...

Elə də olur, belə də,

Bunlara da öyrəşirsən...

Amma bir ümid olur həmişə,

bir ümid sabaha, bir ümid Günəşə.

Çox ümid bağlama ümidə də,

çünki... elə də olur, belə də...

# 3505 dəfə oxunub

Oxşar xəbərlər

Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

18:41 15 dekabr 2025
Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

18:01 15 dekabr 2025
Luvr muzeyinin 400 əməkdaşı tətil elan etdi: İşçilər nədən narazıdır?

Luvr muzeyinin 400 əməkdaşı tətil elan etdi: İşçilər nədən narazıdır?

14:09 15 dekabr 2025
"Gənc yazıçı bir səhvdən qaçıb başqa birinə düşə bilər..." - Yaxşı hekayəni necə yazmaq olar?

"Gənc yazıçı bir səhvdən qaçıb başqa birinə düşə bilər..." - Yaxşı hekayəni necə yazmaq olar?

12:00 15 dekabr 2025
Bitməyən komediyaya sözardı... - Niyə belə etdin, Kamal Abdulla?

Bitməyən komediyaya sözardı... - Niyə belə etdin, Kamal Abdulla?

14:50 13 dekabr 2025
İlk intertekstual türk romanının müəllifi - Oğuz Atayın əsərindəki “Üçbucaq arzu” nədir?

İlk intertekstual türk romanının müəllifi - Oğuz Atayın əsərindəki “Üçbucaq arzu” nədir?

12:30 13 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər