Ruhun dirilişi və insan ləyaqətinin qayıdışı - Günah yalnız bir nəfərin boynundadırmı?

Ruhun dirilişi və insan ləyaqətinin qayıdışı - Günah yalnız bir nəfərin boynundadırmı?
7 iyun 2026
# 10:00

Kulis.az Gülər Natiq İsaqın "Ruhun dirilişi və insan ləyaqətinin qayıdışı" yazısını təqdim edir.

Lev Tolstoyun “Dirilmə” romanı və Fəxri Uğurlunun təhlili üzərinə düşüncələr

"Dirilmə"ni yenidən oxumağa başlayanda ağlımdan keçən ilk cümlə bu olmuşdu: görəsən, Dostinin - Fyodor Dostoyevskinin "Cinayət və Cəza"sından sonra düşdüyüm o ağır ovqatdan çıxa biləcəyəmmi? Günlərlə içində dolaşdığım, çıxış yolu tapa bilmədiyim həmin ruh halı məni yenidən özümə qaytaracaqmı? Yoxsa hələ bir müddət də ruhunu itirmiş adam kimi yaşayacağam?

"Cinayət və Cəza”dan sonra məni ayaqda saxlayan obrazlardan biri İlya Petroviç olmuşdu. Bəzən epizodik görünən, bəzən isə əsas qəhrəmanların kölgəsini belə üstələyən bu polis zabiti hadisələrin fövqündə dayanaraq öz xidmətini sona qədər aparırdı. Romanı bitirdikdən sonra da onu uzun müddət unuda bilməmişdim.

Mənim üçün İlya Petroviç Raskolnikovun peşmanlıqla dolu həyatının zirzəmisində gizlənən, arabir başını qaldırıb dar pəncərədən işığa baxan bir ümid nişanəsi idi. Maraqlıdır ki, Dostoyevski bu obraz vasitəsilə çox incə bir psixoloji gediş qurmuşdu.

“Barıt kraliçası” ləqəbi ilə tanınan, tez əsəbiləşən, rütbəsinə və nüfuzuna bağlı görünən, amma daxilində öz mövqeyindən narahatlıq daşıyan İlya Petroviç oxucunun hissləri üzərində qəribə hakimiyyət qura bilirdi. Çünki o da Raskolnikov kimi insanları kateqoriyalara bölmək və hakimiyyət hissi ilə maraqlanırdı. Sadəcə bunu fəlsəfi nəzəriyyə səviyyəsində deyil, bürokratik müstəvidə həyata keçirirdi. Dostoyevski onun simasında Raskolnikova və eyni zamanda oxucuya Napoleon olmaq istəyən insanın dövlət aparatındakı kiçik, komik və aqressiv əksini göstərirdi. Və bəzən məni güldürürdü.

Bir sözlə, "Cinayət və Cəza"nın içində itib qalan, günlərlə nə yeyib-içdiyini belə hiss etməyən bir oxucunun yolu sonra Tolstoyun "Dirilmə"sinə düşdü. Elə bil, iki böyük rus dahisinin yaratdığı mənəvi dəhlizlərin birindən çıxıb o birinə daxil olurdum. "Dirilmə" mənim üçün sadəcə yeni bir roman deyildi; o, uzun müddət qaranlıqda qalmış düşüncələrin işığa çıxmaq cəhdi idi.

Bu yazını qələmə almağa başlayanda romanın hələ orta hissələrində idim. Həmin günlərdə Fəxri Uğurlunun "Dirilmə" haqqında yazısı da diqqətimi çəkmişdi. Oxucu təəssüratlarım, romanın doğurduğu düşüncələr və müəllimimin müşahidələri bir nöqtədə kəsişərək məni bu mətnə gətirdi.

Bəzən böyük əsərlərə yenidən qayıtmağın səbəbi elə həmin əsər haqqında yazılmış güclü bir yazı olur. Bəzən də bir müəllimin illərin mütaliəsindən, düşüncəsindən və yaradıcılıq təcrübəsindən süzülüb gələn məqaləsi. O məqalə əsərin qapısını yenidən açır, insanı tanıdığını zənn etdiyi mətnə başqa bir gözlə baxmağa məcbur edir...

Azərbaycanın tanınmış yazıçısı və ədəbi tənqidçisi Fəxri Uğurlunun Lev Tolstoyun "Dirilmə" romanına həsr etdiyi "Vücudunun məzarından qalxan ruh" adlı geniş təhlil yazısını oxuyarkən mənim də ağlıma ilk gələn fikir bu oldu.

Onun yazısı təkcə bir romanın məzmununu nəql etmir. Müəllif Tolstoyun mənəvi dünyasına enir, onun yaradıcılıq təkamülünü izləyir, "Dirilmə"ni isə böyük yazıçının ömür boyu axtardığı həqiqətin bədii ifadəsi kimi təqdim edir. Xüsusilə Tolstoy və Dostoyevski yaradıcılığı arasında qurulan paralellər, vicdan, günah və mənəvi yenilənmə haqqında düşüncələr oxucunu əsərə yenidən qayıtmağa sövq edir.

"Dirilmə" eybi zamanda dünya ədəbiyyatında da ən çox müzakirə olunan romanlardan biri olub. Romen Rollan onu Tolstoyun mənəvi və bədii vəsiyyəti adlandırırdı. Dmitri Merejkovski bu əsərdə yazıçının sənətkardan çox peyğəmbərə çevrildiyini yazırdı. Vladimir Nabokov isə romanın bədii qüdrətinə heyran qalsa da, bəzi yerlərdə müəllifin moizəçi tonunu tənqid edirdi.
Lakin bütün fərqli yanaşmaların ortaq nöqtəsi birdir: "Dirilmə" insan vicdanı haqqında yazılmış ən mühüm romanlardan biridir.

Lev Tolstoyun „Dirilmə” romanı həm də onun yaradıcılığının son mərhələsinin zirvəsi və cəmiyyətə, kilsəyə, dövlət sisteminə vurduğu ən ağır mənəvi zərbə idi. „Hərb və Sülh” və „Anna Karenina” ilə müqayisədə bu roman daha kəskin, daha tənqidi və daha publisistik ruh daşıyır.
Həm dünya ədəbiyyatşünaslığında, həm də Azərbaycan ədəbi düşüncəsində „Dirilmə” sadəcə bədii əsər kimi deyil, insan vicdanının, sosial ədalətin və mənəvi oyanışın böyük manifesti kimi qəbul olunub...

Fəxri Uğurlunun təhlilində diqqətimi ən çox çəkən məqamlardan biri "Dirilmə" romanının adının məhz mənəvi oyanışla əlaqələndirilməsi oldu. Doğrudan da, Tolstoyun romanını oxuyarkən ilk baxışda hər şey Nexlyudovun vicdan əzabı və onun keçdiyi mənəvi yol üzərində qurulmuş kimi görünür. Məhkəmə zalında illər əvvəl həyatını alt-üst etdiyi Katyuşa Maslova ilə üz-üzə gələn knyazın daxilində başlayan sarsıntı təkcə bir insanın peşmanlığı deyil, bütöv bir həyat fəlsəfəsinin çökməsidir.

Ancaq romanı yenidən düşündükcə məndə başqa bir sual yaranır: doğrudanmı "Dirilmə" yalnız Nexlyudovun hekayəsidir? Məncə, yox.
Tolstoyun ən böyük uğurlarından biri budur ki, o, əsərin formal mərkəzinə Nexlyudovu qoysa da, mənəvi ağırlığı çox vaxt Katyuşanın çiyinlərinə yükləyir. Romanı oxuyarkən mənə elə gəlirdi ki, Nexlyudov öz vicdanını axtarır, Katyuşa isə öz ləyaqətini. Bu iki axtarış zahirdə bir-birinə bənzəsə də, mahiyyətcə fərqlidir.
Nexlyudov itirdiyi mənəvi bütövlüyü geri qaytarmaq istəyir. O, günahının qarşısında dayanır və onu etiraf etməyə çalışır. Katyuşa isə öz günahının deyil, başqalarının ona qarşı törətdiyi haqsızlıqların yükünü daşıyır. Buna görə də onların dirilişi eyni nöqtədən başlamır.

Fəxri Uğurlu yazır ki, insanı məhv edən ruhun bədəndən uzaq düşməsidir. Bu fikir romanın əsas ideyalarından birini çox dəqiq ifadə edir. Ancaq mənə görə Tolstoy burada başqa bir həqiqəti də göstərir: bəzən insanın ruhunu öldürən onun öz günahları deyil, cəmiyyətin ona qarşı etdiyi haqsızlıqlar olur.
Katyuşa Maslova belə bir taleyin daşıyıcısıdır. O, əvvəlcə bir kişinin ehtirasının qurbanına çevrilir. Sonra cəmiyyət onu rədd edir. Daha sonra isə qanunun və məhkəmənin laqeydliyi ilə üzləşir. Onun həyat yolu boyunca qarşısına çıxan sistemlərin hamısı onu qorumaq əvəzinə bir az da dərinliyə itələyir.

Buna baxmayaraq, Tolstoy Katyuşanı sınmış bir insan kimi göstərmir. Bəli, o yaralanıb, sərtləşib. Bəli, o artıq əvvəlki saf kənd qızı deyil. Amma o, daxildən məhv olmayıb.

Romanın ən təsirli məqamlarından biri də budur ki, Nexlyudovun tövbəsi qarşısında Katyuşa dərhal yumşalmır. O, bağışlamağı ucuzlaşdırmır. O, keçmişin ağrısını bir neçə göz yaşına dəyişmir.
"Sən bu dünyada mənim bədənimlə həzz aldın, o dünyada da mənim sayəmdə ruhunu xilas etmək istəyirsən".

Bu sözlər yalnız incimiş bir qadının etirazı deyil. Bu, insan ləyaqətinin müdafiəsidir. Məhz buna görə mən Katyuşanı romanın ən güclü obrazlarından biri hesab edirəm. O, Nexlyudovun vicdanının dirilməsi üçün yaradılmış vasitə deyil. O, öz taleyi, öz ağrısı və öz seçimi olan müstəqil bir şəxsiyyətdir.

Tolstoyun böyüklüyü də burada görünür. O, oxucunu yalnız günahkarın peşmanlığı ilə maraqlandırmır. O, bizi zərər çəkmiş insanın susqun ləyaqəti ilə də üz-üzə qoyur.

Fəxri Uğurlunun təhlilində diqqətimi çəkən başqa bir mühüm məqam isə Tolstoyla Dostoyevski arasında qurduğu mənəvi körpü oldu. Əslində, dünya ədəbiyyatında bu iki nəhəng ad çox zaman qarşılaşdırılır. Biri insan ruhunun qaranlıq labirintlərinə enən, o biri isə insan vicdanının işığını axtaran yazıçı kimi təqdim edilir. Lakin "Dirilmə" haqqında düşünərkən anlayırsan ki, onların yolları ayrı-ayrı istiqamətlərdən başlasa da, gəlib eyni mənəvi qapıya çıxır.

Dostoyevskinin Raskolnikovu da, Tolstoyun Nexlyudovu da öz daxillərində məhkəmə qarşısına çıxarılmış insanlardır. Onların hər ikisi qanunun hökmündən daha ağır olan vicdan hökmünü yaşayırlar. Fəqət burada mühüm bir fərq var.
Raskolnikov günah işlədib və öz günahının yükü altında əzilir. Nexlyudov isə uzun illər boyu unutduğunu düşündüyü bir günahla üzləşir. Onun faciəsi təkcə etdiyi pislik deyil. Onun faciəsi odur ki, cəmiyyət həmin pisliyi normal hesab edir. Aristokrat mühitində bir qulluqçu qızın taleyini məhv etmək böyük əxlaqi sarsıntı doğurmur. Hamı həyatına davam edir. Hamı bunu adi hadisə kimi qarşılayır.

Tolstoyun qəzəbi də məhz buradan başlayır. Romanı oxuduqca hiss olunur ki, yazıçını yalnız ayrı-ayrı insanların səhvləri yox, bütöv bir sistem narahat edir. Məhkəmələr, həbsxanalar, aristokrat salonları, bürokratik idarələr, hətta dini institutlar belə onun baxışında insanın ruhunu xilas edən yox, çox zaman onu əzən mexanizmlərə çevrilmişdir.
Bu baxımdan "Dirilmə" təkcə bir insanın tövbəsi haqqında roman deyil. Bu, həm də vicdanını itirmiş cəmiyyət haqqında romandır.

Tolstoy oxucunun diqqətini bir insanın günahından daha çox, həmin günahın mümkün olduğu mühitə yönəldir. O soruşur: əgər bir Katyuşa Maslova bu qədər asanlıqla məhv edilə bilirsə, günah yalnız bir nəfərin boynundadırmı? Bu sualın cavabı roman boyunca açıq şəkildə verilməsə də, hər səhifədə hiss olunur.
Məhz buna görə "Dirilmə" bu gün də köhnəlmir. Aradan yüz ildən artıq vaxt keçsə də, insanın insan üzərində qurduğu ədalətsizliklər, güc münasibətləri, sosial təbəqələşmə, mənəvi laqeydlik hələ də dünyanın müxtəlif yerlərində yaşayır.

Romanın müasirliyi də buradadır. Çünki Tolstoy yalnız öz dövrünü yazmırdı. O, insanı yazırdı. İnsan isə əsrlər keçsə də, öz əsas sualları ilə dəyişmir.

Mənə görə, "Dirilmə"nin ən böyük gücü də elə bundadır. Tolstoy burada nə mükəmməl qəhrəman yaradır, nə də mütləq günahkar. O, insanın daxilində eyni vaxtda həm işığın, həm qaranlığın yaşadığını göstərir. Nexlyudov nə müqəddəsdir, nə də tamamilə pozulmuş biridir. Katyuşa nə yalnız qurbandır, nə də yalnız qəhrəman. Onların hər ikisi yaralanmış insanlardır.

Və bəlkə də romanın ən böyük həqiqəti budur ki, dirilmək heç vaxt keçmişi silmək deyil. Dirilmək insanın öz həqiqətindən qaçmağı dayandırmasıdır.
Fəxri Uğurlunun "Vücudunun məzarından qalxan ruh" adlı yazısını oxuyarkən məndə yaranan əsas təəssürat da məhz bu oldu. Müəllif "Dirilmə"ni yalnız süjet, obraz və ya ideya səviyyəsində təhlil etmir. O, Tolstoyun əsərinə insanın mənəvi tarixinin bir parçası kimi yanaşır. Romanın sonunda Dostoyevski və Tolstoy yaradıcılığı arasında qurduğu paralel də təsadüfi deyil. Hər iki yazıçı fərqli yollarla olsa da, insanın öz daxilinə qayıdışını axtarır.

Bəlkə də buna görə böyük ədəbiyyat heç vaxt yalnız keçmişdən danışmır. O, hər dəfə oxucunun qarşısına bir güzgü qoyur. "Dirilmə" də belə əsərlərdəndir. Bu romanı bitirəndən sonra insan Tolstoy haqqında yox, ilk növbədə özü haqqında düşünməyə başlayır. Və bəlkə də hər bir həqiqi diriliş məhz elə həmin anda başlayır.

25.05 - 04.06.2026

# 175 dəfə oxunub

Oxşar xəbərlər

"Bazar ədəbiyyatının ortabab tənqidçisinin mövqeyi və əxlaqı..."- Orxan Pamuku niyə tənqid edə bilmirlər?

"Bazar ədəbiyyatının ortabab tənqidçisinin mövqeyi və əxlaqı..."- Orxan Pamuku niyə tənqid edə bilmirlər?

10:00 7 iyun 2026
Anarın ən müəmmalı əsəri - “Əlaqə”də gizlənən fəlsəfə

Anarın ən müəmmalı əsəri - “Əlaqə”də gizlənən fəlsəfə

12:00 6 iyun 2026
"Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur?

"Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur?

14:50 3 iyun 2026
Unudulmuş Nobel mükafatçısı - O, reenkarnasiya haqqında hansı şah əsəri yazıb?

Unudulmuş Nobel mükafatçısı - O, reenkarnasiya haqqında hansı şah əsəri yazıb?

17:05 2 iyun 2026
Seymur Baycanın və Günel Mövludun yerinə utanıram

Seymur Baycanın və Günel Mövludun yerinə utanıram

13:00 2 iyun 2026
"Ağlaya-ağlaya əlyazmalarımı yandırırdım..." - Anna Zegers ölüm düşərgəsi haqqında nə yazmışdı?

"Ağlaya-ağlaya əlyazmalarımı yandırırdım..." - Anna Zegers ölüm düşərgəsi haqqında nə yazmışdı?

13:30 1 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər