Hindistan kinosu beynəlxalq prokatda mühüm uğura imza atıb. “Ramayana: Rise of a Legend” filmi Böyük Britaniya və İrlandiya kinoteatrlarında nümayişə başladığı ilk həftəsonu birinci yerə yüksəlib. Bu, Hindistan istehsalı olan film üçün həmin bazarın tarixində ilk belə nəticədir.
Kulis.az xəbər verir ki, filmin ilkin nümayişlər də daxil olmaqla ümumi gəliri 2,2 milyon funt sterlinqə çatıb.
Adi cümə-bazar nümayişlərinin gəliri isə 1,7 milyon funt sterlinq təşkil edib. Bununla ekran əsəri əvvəlki illərdə bu bazarda yüksək nəticə göstərmiş digər hind filmlərini də geridə qoyub.
Nitesh Tivarinin rejissorluğu ilə çəkilən filmdə Ramanın obrazını Ranbir Kapur canlandırır. Ekran əsərində Yəş və Sai Pallavi də rol alıblar. Hindistan mədəniyyətinin ən mühüm epik mətnlərindən biri olan “Ramayana”nın yeni kino versiyası böyük miqyaslı istehsalı, vizual effektləri və mifoloji süjeti ilə diqqət çəkir.
Filmin layihəsi iki hissəli kino franşizası kimi hazırlanıb. İstehsalın ümumi büdcəsinin təxminən 420 milyon dollar olduğu bildirilir. İkinci hissənin 2028-ci ilin oktyabrında nümayişi nəzərdə tutulur. Britaniya bazarındakı ilk nəticə filmin beynəlxalq auditoriya qarşısında da böyük kommersiya potensialına malik olduğunu göstərir.