Tarixi həqiqət, yoxsa Hollivud şablonları? - Amerika imperializminin pərdəarxası

Tarixi həqiqət, yoxsa Hollivud şablonları? - Amerika imperializminin pərdəarxası
10 noyabr 2026
# 10:00

Bu gün məşhur alman əsilli amerikalı kinorejissor Roland Emmerixin doğum günüdür.

Kulis.az onun “Vətənpərvər” (“The Patriot”) filmi haqqında Sadiq İsmayılın tərcüməsində kinoşünas Rocer Ebertin yazısını təqdim edir.



“Vətənpərvər” filmi İstiqlal müharibəsi fonunda pasifizmin mənasızlığını müdafiə edən dramatik bir əhvalatdan bəhs edir. Ekran əsəri ruhlandırıcı və əyləncəlidir, xərclədiyiniz vaxta və pula tamamilə dəyir; lakin daxilində dərin düşüncəyə və ya tənqidi təhlilə sinə gərə biləcək tək bir konseptual ideya belə yoxdur.



Filmdə britaniyalılar ya nəzakətli dendilər, ya da sadist monstrlar kimi təsvir olunur; amerikalılar isə iki kateqoriyaya bölünür: cəsur və ya daha cəsur. Bu dövrün tarixinə ciddi maraq göstərənlər ekran əsərini sadəcə bir cizgi filmi kimi qarşılayacaq, yay aylarında baxılan döyüş filmləri ilə böyüyən tamaşaçılar isə onu əksər kino nümunələrindən daha maraqlı və stimullaşdırıcı hesab edəcəklər.



Mel Gibson güclü və təsirli oyunu ilə yeddi uşaq atası olan Benjamin Martin adlı dul kişi obrazında çıxış edir. O, Fransa və Hindistan müharibələrində kifayət qədər qan görüb və öz daxili aləmi haqqında öyrəndiyi dəhşətlərdən qorxub. Bu səbəbdən Martin Kral Corcla saziş bağlamağı məsləhət görür. Köhnə silahdaşı ondan prinsipləri haqqında soruşduqda, o belə cavab verir:

“Mən valideynəm. Prinsiplərə sahib olmaq imkanım yoxdur”.

Lakin qəddar britaniyalı polkovnik Uilyam Tavinqton Martinin böyük oğlu Qabriyeli həbs edib edama aparanda – bundan əvvəl isə onun digər oğlunu sırf kef üçün güllələyib evini yandırdıqdan sonra – Martin prinsiplərinə əl gəzdirəsi olur.



Martinin öz evində hər iki tərəfin yaralılarına tibbi yardım göstərdiyini nəzərə alsaq, polkovnikin bu davranışı həddindən artıq amansız görünür və uzunmüddətli perspektivdə britaniyalılara baha başa gəlir. Çünki Martin az qala təkbaşına onların məğlubiyyətini planlaşdırmağa başlayır. Şübhəsiz ki, o dövrdə daha az qəddar olan bir çox britaniyalı zabit olub, lakin onların heç biri ssenarinin əsas məqsədinə xidmət etməzdi. Məqsəd isə kədər, qəzəb və intiqam hissindən özünü itirən Martinin necə "dəliyə" çevrildiyini göstərməkdir.



Növbəti səhnə filmin ən narahatedici hissəsidir. Martin və oğulları meşədə gizlənərək Tavinqtona və onun əsgərlərinə tələ qururlar; sonda bu qarşıdurma əlbəyaxa döyüşə çevrilir. Qabriyel azad edilir, kiçik uşaqlar isə ilk dəfə qanla tanış olurlar (“Mən onları öldürdüyümə sevinirəm!” – balacalardan biri qışqırır. “Mən sevinirəm!”). Filmdəki qırğın səhnələri “Shaft” kimi filmlərdəki kütləvi qətllərdən daha güclü emosional təsir bağışlayır; Qorxmuş və kifayət qədər hazırlaşmamış ayrı-ayrı əsgərlər öz həyatları uğrunda döyüşürlər, müasir döyüş filmlərindəki qurbanlar isə tir oyunlarında ortaya çıxan hədəfləri xatırladır.

Müharibənin əsas tarixi fiqurları (Corc Vaşinqton, Kral Corc) kadrarxasında qalırlar. Baxmayaraq ki, biz müharibənin “nəzakətli” aparılmasını təbliğ edən və Tavinqtonu qəddarlığına görə məzəmmət edən britaniyalı lider General Kornuolislə tanış oluruq. Buna baxmayaraq, amerikalılar “dürüst döyüşməkdən” imtina edib (yəni səliqəli sıralarla güllə yağışına doğru irəliləməyib) britaniyalılara qarşı "vur-qaç" partizan taktikasına əl atanda, Kornuolis şər polkovnikə Martini (artıq “Kabus” ləqəbi ilə əfsanələşmiş personajı) məhv etmək üçün bütün qəddar vasitələrdən istifadə etməyə icazə verir.



Ekran əsərinin döyüş səhnələri iki cürdür – sarsıdıcı və inanılmaz. Filmin əvvəlindəki iki döyüş evlərin yuxarı pəncərələrindən görünən açıq sahələrdə baş verir; beləliklə, tamaşaçılar bu döyüş üçün ən yaxşı "kadr bucağına" sahib olur və hadisələri canlı şərh edə bilirlər. Şübhəsiz ki, inqilab döyüşləri məhz həmin otlaqlarda aparılırdı, lakin Benjamin Martin uşaqlarının pəncərə qarşısında dayanmasına icazə verərdimi, yoxsa onları anbarda gizlənməyə məcbur edərdi? Filmdəki "əsl" döyüşlər isə insan və atlar üçün yorucu bir sınaqdır; əsgərlər atəş altında irəliləyir, sağ qalanlar isə yaxın məsafəli qanlı döyüş üçün süngülərini taxırlar. Bu səhnələr anarxik və mərhəmətsiz görünür, eyni zamanda qatı rəqiblərin gec-tez üz-üzə gələcəyini diktə edən kino adətinə hörmətlə yanaşır. Səhnələr rejissor Roland Emmerix tərəfindən ustalıqla səhnələşdirilib; o, eyni dərəcədə dəhşətli döyüş kadrları ilə seçilən “Saving Private Ryan” filminin ssenari müəllifi Robert Rodatın mətni əsasında işləyib.

Hollivud kinematoqrafiyası son dövrlərdə kadrda bir-iki afro-amerikalı qəhrəmana yer vermək üçün əlindən gələni edir. “U-571” filmində ABŞ Hərbi Dəniz Qüvvələrinin seqreqasiyaya məruz qalmış sualtı qayığında qaradərili dənizçi üçün balaca bir rol tapılmışdı (o, yeməkxana xidmətçisi idi). Bu filmdə isə ağ dənizçilərlə (hətta ona nifrət edənlərlə belə) çiyin-çiyinə döyüşən qara kölə obrazı var, çünki General Vaşinqton bir il döyüşəcək bütün kölələrə azadlıq vəd edib. Çox gözəl, bəs niyə bu personaja sadəcə azadlığına neçə gün qaldığını sayan alçaldıcı bir obyekt kimi baxmaq əvəzinə, ona dolğun dialoqlar və gerçək bir rol verib işi axıra çatdırmırsınız? Keçmiş kölə nəhayət, sonda ardıcıl iki tam cümlə danışanda Martinin oğlundan sitat gətirir: “Qabriyel dedi ki, əgər müharibəni qazansaq, yeni bir dünya qura bilərik. Biz elə buradaca, sizin evinizdən başlaya bilərik”. Əlbəttə... Niyə elə öz evinizdən başlamırsınız?



Film gərginliyi azaltmaq üçün yüngül komik epizodlar (Martinin əl işi olan stulların onun altında tez-tez qırılması) və romantik bir xətt təqdim edir (Qabriyel vətənpərvər nitqi ilə diqqətini çəkən cəsur müstəmləkəçi qızı Annaya aşiq olur). Annanın atası hər şeyi səhv başa düşən kar bir adamdır. Qabriyel Annaya məktub yazmaq üçün icazə istədikdə, qoca əvvəlcə əsəbiləşir, sonra deyir: “Aha... Ona yazmaq! Əlbəttə, yaza bilərsən”. Görəsən, o, Qabriyelin nə soruşduğunu düşünürdü? Yeri gəlmişkən, mərhum arvadının bacısına “Burada otura bilərəmmi?” deyən Benjamin Martin üçün də qadın mühiti tapılır. Qadının cavabı mənim də iştirak etdiyim nümayişdə gülüşlə qarşılandı: “Bura azad ölkədir, ya da azad olacaq”.


Bu və digər epizodlar (həqiqətən də ölməmiş "ölü adam" səhnəsi daxil olmaqla) birbaşa olaraq zamansız şablonlar anbarından “Vətənpərvər” filminə gətirilib. Onlar filmin dərin iddialarının olmadığını büruzə verir. Əsər əsasən tarixi pərdə geyindirilmiş bir yay döyüş filmi olmaq istəyir və bu baxımdan öz məqsədinə çatır. Mən Gibsonun oyunundakı gücü və inamı, döyüş səhnələrinin əzəmətini və britaniyalı karikaturalarının absurdluğunu bəyəndim. Bunların heç birinin İstiqlal müharibəsinin tarixi reallığı ilə birbaşa əlaqəsi olmasa da, belə böyük büdcə risk altında qalanda başqa necə ola bilərdi ki?


# 44 dəfə oxunub

Oxşar xəbərlər

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

17:29 7 noyabr 2026
Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

10:39 7 noyabr 2026
“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

17:57 6 noyabr 2026
“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

16:58 6 noyabr 2026
“Godzilla”  Yaponiyada tarixi rekord qırdı

“Godzilla” Yaponiyada tarixi rekord qırdı

11:34 6 noyabr 2026
Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər