Son illərin ən böyük serial qalmaqallarından biri yenidən məhkəmə gündəminə qayıdıb.
Kulis.az xəbər verir ki, “Baby Reindeer” serialındakı Marta obrazının real prototipi olduğunu iddia edən Fiona Harvi “Netflix”ə qarşı qaldırdığı böhtan iddiasını yenilənmiş sənədlərlə davam etdirir.
Harvi 2024-cü ildə başladığı məhkəmə prosesində serialda özünün həqiqətə uyğun olmayan şəkildə təqdim edildiyini bildirib. O, layihədəki hadisələrin şəxsi həyatına və nüfuzuna ciddi zərər vurduğunu iddia edir. Təzələnmiş şikayət ərizəsi əvvəlki sənəddən 20 səhifə uzundur və yeni faktları əhatə edir.
Harvinin tələb etdiyi təzminat 150 milyon dollardan artıqdır. İş əvvəlcə 2025-ci ilin mayında məhkəməyə çıxmalı idi, lakin “Netflix”in apellyasiya müraciətindən sonra proses dayanmışdı.
Xatırladaq ki, “Baby Reindeer” yayımlandığı vaxtdan etibarən həqiqi hadisələrin ekranlaşdırılması, şəxsi həyatın toxunulmazlığı və bədii azadlığın sərhədləri ilə bağlı geniş müzakirələrə səbəb olmuşdu. Yeni məhkəmə mərhələsi serialın müəllifləri və yayım platforması üçün ciddi hüquqi sınaq ola bilər.