Türkiyənin İstanbul Universitetində “Korkut Ata” Film Simpoziumu təşkil olunub. Bir neçə gündür İstanbulda davam edən “Korkut Ata” Türk Dünyası Film Festivalı çərçivəsində keçirilən simpoziumda fəlsəfə elmləri doktoru Amaliya Ömərova “Bir milli kinonun tarixi: Azərbaycan kinosunun inkişaf prosesi” mövzusunda məruzə ilə çıxış edib.
Kulis.az xəbər verir ki, məruzədə Azərbaycan kinosunun yarandığı dövrdən müasir mərhələyədək keçdiyi tarixi inkişaf yolu, müxtəlif siyasi və ictimai proseslərin milli kinonun formalaşmasına təsiri, kino sənətində milli kimlik və tarixi yaddaş məsələləri elmi baxımdan təhlil olunub.
Amaliya Ömərova çıxışında xüsusilə “Fətəli xan” filmi üzərində dayanaraq ekran əsərində milli birlik, bərabərlik və həmrəylik ideyalarının necə əks olunduğunu diqqətə çatdırıb. O, filmin bədii məzmununu və ideya istiqamətini təhlil edərək Azərbaycan xalqının dövlətçilik düşüncəsinin və milli birlik arzusunun kino dili vasitəsilə ifadə formalarını izah edib.
Çıxış zamanı İkinci Qarabağ müharibəsinə həsr olunmuş “Dastana döndü” və “44” filmləri ətrafında da fikir mübadiləsi aparılıb. Bu ekran əsərlərinin müharibə yaddaşının qorunması, milli həmrəyliyin ifadəsi, Zəfər tarixinin gələcək nəsillərə ötürülməsi və Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin kino vasitəsilə təqdim olunmasındakı rolu vurğulanıb.