Qələndər Məmmədli
Bəşəri dəyərlərdən danışıb həmişə rasionallığı müdafiə edərkən, birdən haşiyədən kənara çıxmağım özümə də qəribə gəlir. Elə yaşım yoxdur, amma yazıya oturanda da özümü qocalıq dövründə Mihrimah Sultana aşiq olub, için-için bu həsrətə boğulan Mimar Sinan kimi hiss elədim. Adam bir yaşdan sonra, özünü yenidən uşaq kimi, gənc kimi hiss etmək istəyəndə Flora Kərimova zümzümə edir beyninin dərinliklərində: “Bu Qatarın Dalınca Baxma”. Çünki, getdi ömür qatarı və sən artıq sadəcə əsərlərinə gizlədərək yaşada bilərsən bu sevgini. Necə ki, Mimar Sinan 21 Mart Günü İstanbulun 2 yaxasında 2 Məscidin üstündə ayla günəşi bir araya gətirdi. (Mihri-Günəş, Mah-Ay, 21 Mart isə xanımın ad günüdür.)
Əliş Dayının səsini eşitdim, deyir: “Çox zilə çıxma!” Biz də bəmdən davam edək. Sevginin lirikasına ayaq uyduraraq, bir az da dərinlərə enək. Boğulmarıq ki, qəhər dənizində? Hansı nöqteyi-nəzərdən yanaşırsan yanaş, ağılla tuta biləcəyin bir şey deyil eşq, koordinasiyası, uyumu, uyğunluğu da yoxdur. Boşluqların dolmadığı dünyada, boşluqlara boşluq əlavə edib, tamamlamağı başqasına həvalə etməkdir. Ağıl işi də deyil, iztirabın beləsi. Ağlın səsinə senzura tətbiq edib qəlb evinin dərinliklərindəki zindana saldıranda, ruhunun eləmək istədiyi inqilabın da qabağına sədd çəkilir bir anlıq. Bircə beynin sağ yarımkürəsi qalır, bir də sən. Salam beyin müəllim, gözlərin aydın olsun. Haqqın ən sadiq qulunu, atdın zindanlara...
Mənbələrə baxanda, insanın boşluqla imtahanı əzəli və əbədi olduğunu görmək mümkündür. Bu öz yerində. Fəqət qismət elə gətirir ki, birdən başqa bir şey çıxır ortalığa, üstünə qalanır bu dağların. Başı qarlı dağlar kimi, darıxmaqlı boşluqlar yaranır. Təkrarlanır beynində yadına düşənlər: “Bir də var, İt kimi darıxmaq. İtin necə darıxdığını heç düşünmürsən də. “Sağollaşıb gedirsən, it kimi darıxıram” (Cəlil belə deyirdi).
Gözləntilərin yüksək olur, necə eləsən də, gözləmədən dura bilmirsən. Hərçənd, Özdemir Asaf gözləmədiyini desə də, arxasından, ölümün səssizliyi çökmüş olmasındandır bəlkə də, inanmağımız gəlmir. Gözləmək də ayıb deyil. Axı niyə də olsun ki? Tahir olmaq ayıbdırmı? Və ya Zöhrə olmaq? Ortaya çıxan şərtlərdə, gözümüzə görünən odur ki, almanı sevsən də alma səni sevmir. Heç sevmək məcburiyyəti də yoxdur.
Xoşbəxt olmağı bacarana da can qurbandır. Canı ki, cananı üçün sevənin cananını sevməsi ilə başlayır hər şey. Yaşamaqla başlayır və yaşamağı bacarmaqla, ki, bu özü də ciddi işdir, zarafatı yoxdur. Sevginin insana gətirdiyi acizlik onun son tutacaq nöqtəsi olanda, ətrafındakı hər kəsi qəminə kədərinə ortaq edib, onunla yas tutmasını istəyəndə fərqinə varmalıdır ki, zaman sonsuz bir xətt şəklində, qar çovğununda yaranan uçqunun qarşısına keçəni udması kimi irəliləyir. Bəşər övladı bu müddətdə hüznə qarşı müəyyən bir immunitet qazanır - arsızlaşır.
Əşşi.. Boş verin ey bunları. Heç elm və texnologiya çağında da aşiq olunarmı? Onlar hamısı boşluqdan, boşluq atıblar özlərinə. Yaşayın, yeyin için, kef edin. “Xaladilnikləriniz” də ağzınacan dolsun. Lap maşınlarınız da olsun, evləriniz də olsun. Betər olun. Pula da pul deməyin, yeni bir söz tapar qardaşınız sizin üçün. Özü də ən “firminniy”sindən. Məntiqinizlə, ağlınızla qazanın bütün uğurları. Çıxın ən böyük pillələrə. Sonra da, sonra da.... Sonra daaaa....
Həmişə işıqların altında durun, həmişə qələbəlikdə dayanın... Nəbadə.... Nəbadə qaranlığa keçib tək qalasınız. Uşaq vaxtı “xoxandan” qorxan insanlar, böyüyəndə də qaçır qaranlıqdan. Bu uşaqlıq travmasından deyil bu dəfə qorxduqları isə özləridir, xatirələridir. İtirəcək şeyi çoxaldıqca, insanın dili qısalır. İtirəcək şeyi çoxaldıqca qorxuları artır. İtiriləcək şeyi çoxaldıqca böyüyür adam.
Təkmilləşmə getdikcə, insan irəliyə getmir sadəcə, həm də nə qədər geridə qaldığını anlayır. Mutasiya da hər zaman müsbət nəticə doğurmalıdır deyə dəqiq qayda yoxdur. Sevginin də qəlibi, formatı, xüsusiyyəti dəyişir, mutasiyaya uğrayır. Kafkavari bir metamorfoz keçirəni də olur, Züleyxavari bir zirvəyə çıxaranı da. Sevgini qavramaq üçün də tutqac yoxdur ki, deyək al bunu istifadə elə, qəlbin yanmasın. Sədi xəbərdarlıq edir ki, sevgiyə gedənin qanadı yanar. Mövlanə də deyir ki, Sevgiyə getmirsə qanad nəyə yarayır? İnsanın da qanadı, qəlbi olduğundan, nə dediklərini uzun-uzadı yazmaq söz israfıdır. Yanaraq çıxarmalıyıq qaranlıqları aydınlığa. Sevginin inqilabı da, təkmilliyi də bəşəriyyətlə mütənasibdir. Heç Sapienslə Neandertal bir olarmı?
Qaranlıqdan qorxursanmı? Qorxunun üstünə gedəcək gücün yoxdurmu? Bu gün cəsarət eləyə bilmədikləriniz, neçə il sonranın Kamikadzesini yaratmırmı? Xoşbəxt kişinin xoşbəxt arvadını görəndə... Məğrur baxışı ilə qarşına keçib, sahib olduğu hər şeylə, deyəndə ki, sənə elə gəlir. İtirilmiş zamana heyfsilənəcəksən, yoxsa, təslim olub susduğuna. Susanda sıra sənə gəlir, axı. Fələyin qızıl qaydasıdır bu.
Qısılıb küncə, ayları saymaqla, bir çox şeyi tapıb coşmaqla, vertikal və horizantal bədbəxtlikdən danışmaqla, boğulmuş bir qəhərlə, gedən bütün səfərindən dönməyən səssiz gəmilərin siqnalından yaranan uğultu ilə boğunuq bir səslə dediyin kimi: “Sevgim ağrıyır...”