Nə qədər acı olsa da, Seymur haqlıdır – Cavanşir Yusifli yazır...

Nə qədər acı olsa da, Seymur haqlıdır – Cavanşir Yusifli yazır...
14 aprel 2021
# 17:05

Seymurun bəzi hekayələrini oxuyanda, gördüm Seymurun dərdi sadəcə cümlə yazmaq, nasir olmaq, hekayə, roman yazmaq deyil. Elə onun mütaliəsində də o şeylər var. Yəni onun mütaliəsi ilə yazısı birləşəndə ortaya başqa bir Seymur çıxır. Seçim etməyi bacaran, bu seçimə görə çox şeylərdən keçən bir adam. Onun xarakteri daha möhtəşəm şəkildə görsənə bilir.

Cümlə yazmaq, yazı yazmaq kimi şeylər deyil onun dərdi. Mütaliəsi ilə yazısı birləşəndə möhtəşəm şeylər çıxır ortaya. O yazacağı şeylərin içində mətləbləri çox sadə üsulla göstərmək istəyir. Çox sadə üsullara gedib çatmaq da əslində çox qəliz, çox çətin məsələdir. Bir hekayəsi daha var, burda o necə var elə, yəni yuxarıda vurğuladığım kimi görünür, - “Azadlıq nədir?” Diqqət edin : “Mənə elə gəlir ki, heç kim həyatın mənasızlığını mənim qədər dərindən duymayıb. Bütün həyatım, həm keçib gedən, həm də qarşıdakı həyatım mənə mənasız görünür. O şeylər ki, əvvəllər məndə həyəcan, gülüş doğurardı, danışmaq həvəsi oyadardı, indi mən laqeyd bir sükut içində onları süzürəm. Artıq heç bir şey diqqətimi cəlb etmir. Belədir vəziyyət”.

Azərbaycanda yazıçı çoxdu, nəsrə maraq da indiki dövrdə həddindən artıqdır. Cavanlar var, onlar yazırlar, amma yazmağın yollarını bilmirlər. Özünü ifadə etməyin yollarını bilmirlər. İllər keçir, insan yazı, üslub baxımından püxtələşmir, həmişə fırlanıb eyni nöqtənin üstünə gəlir. Nəyi oxumağı və nədən necə təsirlənməyin yollarını bilmirlər. Çünki Azərbaycanda həm ictimai-siyasi, həm digər şərait həddən artıq qəlizdi. Və insanların içərisində onları özlərindən ayıran qalalar inşa edilir, bu prosesi görən adam gedib, yazı stolunun arxasına keçib başqa şeylər yazacaqsa, nə deyim? Hə, qala, bürc, qüllə... Əslində insanlar anlamırlar ki, bu qala onların həbsxanasıdır. Və yazmamaq üçün tikilən, özünü ifadə etməmək üçün tikilən həbsxanalardı.

Müsahibəni diqqətlə oxudum. Xüsusən o marketdə dava salmağını. Seymur hətta özü haqqında özünə sərf etməyən hər şeyi də deyir. Bu, özəl bir nöqtədir. Mən olsaydım, sən olsaydın, bir başqası olsaydı, bu məsələni qabartmazdı. Amma o deyir. Başa düşürsən. Çünki bu yazıçıdır. Bu dayanmadan yaxşı mənada düşünən, yazan bir yazıçıdır. Azərbaycanda elə bir yazıçı yoxdur.

Salman Rüşdi söhbətinin təfərrüatlarına mən toxunmuram. O, çox önəmli bir məsələdir. Təkcə Rüşdi, Markes, Lyosa məsələsini demirəm. Yəni ki, ədəbi aləmdə çaxnaşmaya bənzər şeylər var. Məsəlçün Aqşin də yazılar yazdı. İlqar Əlfioğlu da yazı yazdı. Bu bir göstəricidir ki, kim ədəbiyyatı, başqa sözlə oxuduqlarını, tərcümə etdiklərini necə qiymətləndirir və hansı tərəfdən qiymətləndirir. Mən tərcümə elədiyim bədii əsərə tənqidi yanaşa da bilərəm, mən tərcümə eləmişəm deyə hökmən yaxşı, yaxud şedevr olmalıdırmı? Seymurun nə qədər acı olsa da, kəskin olsa da qiymətləndirməsi son dərəcədə düzgün idi, doğru idi. Seymur həm də onu göstərdi ki, ədəbiyyatın içində yaşayıb, özünü nələrdənsə məhrum edib çox önəmli şeylərə çatmaq, toxunmaq olar. Bəli toxunmaq. Ədəbiyyatda bu toxunmaq məsələsi çox önəmlidi, boşluqlara toxunmaq. Bəziləri o boşluqları doldurmaqla, üstünə gips çəkməklə məşğuldu (“Briliant əl” filmi))))). Elə belə mümkün deyil. Seymurun başına çox pis şeylər gələ də bilər, gəlməyə də bilər, amma təkcə ədəbiyyatla dürüst qalmağı çox şeyin göstəricisidir. Bizim çoxumuz onu bacarmadıq. İnsanların çoxu onu bacarmırlar, süni quraşdırmalara gedirlər.

Həqiqətən də bizim ədəbiyyatda özünü yazmağa, oxumağa bu şəkildə qəddarcasına böyük məhəbbətlə, olmazın məhəbbətlə ədəbiyyata bağlayan ikinci bir adam tanımıram. Bu müsahibədə çox gözəl müsahibədir. Baxmayaraq ki, burda müəyyən qüsurlar da ola bilər. İnsan elə daha çox qüsurlardan hörülmüş məxluqdur. İnsanda pozitiv şeylər çox az olur. Əsas odur ki, o, çox şeylər oxuyub və onlardan nə qədər gözəl nəticələr çıxarıb. Buna sevinmək lazımdır. Bunu indi bizdə daş-qalaq edirlər. Əslində bu bizim camiənin cahilliyidir. Seymurun o müsahibəsi və yazıları da bunu göstərir. Onun illər ərzində bu sadəliyə, dərinliyə çatması adamın təəccübünə səbəb olur. Ki, Seymur bunu bacardı. Kimsə ona Füzuli alınanda soruşmuşdu ki, nə hislər keçirmisən. Çox axmaq sual idi. Füzulidən, Cəbrayıldan olana belə suallar verməzlər. O, da cavab verir ki, heç bir hiss keçirmədim. Heç kəs onu o vaxt anlamadı. Amma indi görürsən özü şərh verəndə nələr deyir. İnsan nə boyda kədərli ola bilərmiş. İnsan nələr dərk edə bilərmiş və onu necə yaşaya bilərmiş. Görürsən bizim əslində sevinməyə, oxumağa, yazmağa çox böyük səbəblərimiz var. Bunun da bir neçəsini həqiqətən də Seymur göstərib. Halal olsun həm sənə, həm ona.

# 4197 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #