“Şirvan şikəstəsi” üstündə yazılmış roman

“Şirvan şikəstəsi” üstündə yazılmış roman
4 dekabr 2013
# 13:03

Başlamamış bitən səfər, yaxud qadağan işarəsi

Görkəmli yazıçı Mübariz Cəfərlinin bu il “Azərbaycan” jurnalının 5-ci sayında çap edilən “Bağban” romanı onun trilogiyasının sonuncu əsəridir, demək, eyni zamanda tamamlayıcı həlqə rolunu oynayır. Bundan əvvəlki iki romanı (“Bərpaçı” və “Bənna”) oxuyanlar yəqin ki, bu mətnlərdə yuvalanan bədii mətləbin usta şəkildə, həm də elə o bədii mətləbin xarakterinə uyğun şəkildə açılmasının, bu arada sənətkarın bizim nəsrdə az rastlanan, bədii əsəri tam şəkildə bir ovuc içinə yığa bilən incə gedişləri unutmuş deyillər.

Bu üç əsərdə nə var? – texniki baxımdan o var ki, hadisələr adi axarla, adidən adi ritmlə təsvir edilir, onların dinamikasında üst qatda gözlənilməz heç nə baş vermir, ancaq müvəqqəti olaraq. Oxucu “oyuna daxil edildikdən sonra” başa düşür ki, həmin hadisələr əsas fon olmaqla bərabər, həm də sırf təsadüfdür, bu hadisələr baş verməyə də bilərdi, əsas məsələ sənin onların təsadüfiliyinə baş qoşman və beləcə hadisələr sıxlaşdıqca mətləbin (yaxud mətləblərin) ipəkdən süzülürmüş kimi üzə çıxması, insana bildiyi həqiqətləri başqa rakursdan görükdürməkdir.

Bu romanların hər birində adı çəkilən xüsusiyyət – sənətkarlıq manerası müxtəlif doza və biçimdə meydana çıxır, ona görə oxucular bu romanları fərqləndirərkən (kimisi “Bənna”ya, kimisi “Bərpaçı”ya, kimisi də ola bilər ki, “Bağban”a üstünlük versin) onlara bir hadisənin ayrı-ayrı halları, fərqli situasiyalarda meydana çıxa bilən görüntüləri kimi bax bilərlər. Bu üç roman Cəfərlinin yaradıcılığında əvvəllər də qeyd edildiyi kimi yeni mərhələ olsa da, əslində onun bütün əsərlərinin içindən bir narahat əsəb xətti kimi keçən axtarışlarının nəticəsidir.

Ən önəmli cəhətlərdən biri odur ki, bizim çağdaş nəsr təcrübələrindən fərqli olaraq bu mətnlərdə rəngbərəng hadisə selini deyil, hadisəni tədqiq edən yazıçı düşüncəsini görürük. Bu üstündən asanlıqla keçiləsi bir xüsusiyyət, yaxud keyfiyyət deyildir. Əksər yazarlar (söhbət ard-arda yazılan romanlardan gedir) demək, yaxud göstərmək istədiyi mətləbin ətrafında o qədər fırlanırlar ki, sonda özləri də bu cızılan dairənin içinə düşür və nə özünü, nə də əsərini xilas edə bilmir, nəticədə mətn şişir, mətləbi göstərmək naminə edilən al-əlvan təsvirlərin içində boğulur, ona görə də bu irili-xırdalı nəsr mətnləri oxucuda “boğulan rəng“ hissini yaradır.

Keçək əsas mətləbə - söhbət “Bağban” romanından gedir. Əsərdə epiqraf kimi Seyid Əzimin sözləri seçilib: “Bağ içrə gəlib, yarımı əğyar ilə gördüm.” Mətndə hifz edilən düşüncə qatında əsas təkrarlanan rədif “Şirvan şikəstəsi”nin “neynək...” sözüdür. Bu, əslində məqamdır, bədii əsərin poetik sistemində üç şəxsi birləşdirən, yaxud daha dəqiqi – bir nəfəri üç şəxsə bölən çox mürəkkəb və ziddiyyətli bir məqamdır. Müəllif sövq-təbii, şüuraltı duyduğu, fəhm etdiyi nəsnəni əlacı yerdən-göydən üzülən insanın səsləndirdiyi mahnı ilə ifadə etməyə çalışır.

Fəhm edilən şey – sirdir, həyatın, gerçəkliyin, yaxud bütün bunları yaradıb ərsəyə gətirən tanrının sirri. Müəllif təsvirlə hadisə, mətləblə həqiqət, mətnlə mətndənkənar gerçəklik arasındakı elə bir hissəni seçir ki, dünyaya baxışın qurtaracağı, son nöqtəsi olsun. Bax, məhz bu son nöqtədən (sərhəd vəziyyətindən) bütün gerçəklik, bütün hadisələr çözülür; nöqtənin, məqamın seçilməsi əsasdır, bu məqam o qədər vizual, o qədər görünən olmalıdır ki, ordan baxanda ən müxtəlif insanları, onların könül sirlərini birləşdirən duyğular əzbərdən oxunsun.

Qəhrəmanlardan biri digər şəxsi gördükdə “mən səni hardasa görmüşəm, səni mən yüzdə yüz tanıyıram, ancaq...” deməsi, yaxud xəyalından keçirməsi əslində o məqamdan “görünən” sirrin açarlarından biridir. Bu məqamda qeyd etmək lap yerinə düşər ki, Cəfərli nəsrinə açar-mətnlərxasdır və bu təkcə onun oxuduğu, bəhrələndiyi mənbələrlə deyil, həm də və daha çox yazıçı fəhmi ilə bağlıdır. Yuxarıda xatırlatdığımız nöqtə və ya məqam –sirli bir düyündür (bütün görünmə effektinə baxmayaraq-!), Famili mətndə deyildiyi, yaxud xatırlandığı kimi (bəlkə də...) ruh tutub, bu məqsədlə dostu, çalışdığı biznes sahəsində müdiri Mehmanın yanına aparır. İçəri girən kimi ani olaraq o ruhları yenə görmüş kimi olur. Bu otaqdakı detallar başqa məkanlarda, məsələn qatarda yol gedərkən bir daha təkrarlanır. Mehmanın, bu falçının (o dünya ilə bu dünya arasında elçinin) otağındakı narahat divanla bağlı vaqeə qatarda da xatırlanır. Mehmanın uşaqlıqdan tanıdığı Əbəyə bənzəməsi, qatarda yol yoldaşının Mehmana oxşaması – bu dünyada eyni günah işlədən üç şəxsin mətnin dərinliklərindən gələn oxşarlıq işarələri, yenə də həmin o nöqtədən və ya məqamdan şüalanmaqla, mətnin anlamaq mənasında açıq kitab olduğuna işarə edir.

Bu məqamda Cəfərlinin “Bağban” romanının başqa bir janr özəlliyini xatırlatmaq yerinə düşərdi. Əsərin alt janrı yuxudur, yuxunun sirli-sehrli metaforaları, ilk baxışdan anlaşılmaz, amma əslində həyat qədər müəmmalı gedişlərlə süslənib. Əbə anadangəlmə lal doğulub, qəssab oğludur, atasının yanında çalışır. Bu dünyada bir kimsəylə bir kəlmə kəsməyən bu lalın içində dəhşətli sirlər gizlənib. Danışa bilməsə də, heç kəsə müyəssər olmayan qabiliyyətin sahibidir – başqalarının yuxusuna girir, orda gəzdikdə gəzir, ancaq seyrçi qismində.

Danışa bilməyən adam yuxuda bu dünyanın alt qatdakı, insanların ürəklərindəki çirkin qatını görür və cinayət işləyir. Lal yuxusuna reallıqdan daha çox inanır. Bunun niyə belə olması mətndə bir-birindən müəyyən məsafədə dayanıb müəyyən tənasüb yaradan işarələrdədir. İnsanın yuxu görüb özündən çıxması, qəzəbləndiyi insanı baltalaması dəhşətdir Ancaq bu adam başqalarına bənzəmir. Elə yuxusu da. Ancaq bir gün, daha doğrusu, bağdaykən Famili dincəlmək qərarına gəlir və ani olaraq yuxu tutur onu. Yuxusuna Əbə gəlir.

“Əbə?”

“Hə, mənəm”

“Xəbərin varmı ki, mən tez-tez səni xatırlayıram?”

“Xəbərim olmasaydı, yanına gəlməzdim”.

“Axı sən... danışa bilmirsən.... Hardan bilirsən ki, sənə Əbə deyirdim ürəyimdə? Hardan bilirsən ki, uşaqlıqda sənnən qorxurdum? Hardan bilirsən ki, illər ötüşdü, amma mən qorxudan xilas ola bilmədim? Bəlkə ömrüm boyu səni buna görə axtarmışam ki, içimdəki qorxu-hürküdən birdəfəlik xilas olum?...”

“Düzdü, mən danışa bilmirəm, anadan lal doğulmuşam, ancaq yaxşı eşidirəm. lap əvvəldən adamlar mənə sirr açmaqdan çəkinməyiblər. Belə baxanda baş açmaq çətindi ki, lallıq xeyirliyədi, ya ziyana...”

Məsələ burasındadır ki, Əbə - lallıq bədii mətn boyu fırlanan bir metaforadır, ancaq həm də ayrı-ayrı sifətlərdə peyda olan gizlinlərin üzə çıxmasıdır. Mətndə bu mənada elə cizgilər var ki, bir anlığa əsərin bütün mübhəm nöqtələrini bir araya düyür, sir açılhaaçılda birdən daha da düyün düşür. Əsərin son səhnələrinin birində, Famil Mehmanın verdiyi duanı (yuxuda gördüyü ruhun daşıyıcısına məktubu...) torpağa basdırarkən qəribə hadisə baş verir.

Yulğunluqlara yaxın məsafədə, qəbirdən on iki metr aralıda torpağı ucu şiş daşla qazarkən, qalxmaq istədikdə düz gözlərinin içinə baxan ilanla rastlaşır. Bu hadisə bütün mübhəmləri anlamaq üçün açardır. Anlamadığın, yaxına düşməkdən (başa düşməkdən) qaçdığın günah, üzünü çevirdiyin şeylər gün gəlir qarşına çıxır. Və bu anda bu dünyadan qaçmaqdan başqa əlac qalmaz.

Mətn şərti şəkildə bir neçə passaja bölünə, seçilib-fərqləndirilə bilər. Bir passajdan digərinə keçid mətnin, poetik sistemin təlqin etdiyi sirri yadda saxlamağı vurğulayır, əks təqdirdə roman oxunsa da anlaşılmayan işarələr yığını kimi bir şey olardı. Sonuncu passaj – bağ hissəsi (ən maraqlı, ən dramatik və şübhəsiz ki, mətləbin düyününün açılmağa doğru meylləndiyi hissə) xüsusi maraq oyadan dinamizmlə başlayır. Bu hissəyə biz şərti olaraq “roman içində roman” da deyə bilərik. Mətndə bir dəfə adı çəkilən, yaxud təsvir edilən hadisə son pasajda bir də xatırlanır, başqa bir biçimdə insanın qarşısına çıxır. Əbə ilə bağlı metafora (lallıq...) son hissədə cəngərliklə bağlı məqamda önə çıxır. “... O yol sənlik deyil... Aşağıda pillələr də qurtarır, qalırsan vəhşi təbiətlə, cəngəlliklə təkbətək... Bilirsən nə qədər adan yox olub orda? Nə ölüsü tapılıb, nə dirisi... Ordan geri qayıtmaq hər kəsə nəsib olmur... Qayıdanlar da lal olurlar, gördüklərini danışa bilmirlər, yaddaşlarını itirənlər də olur. Ona görə də pillələr quratarn yerdə yekə bir qadağan işarəsi qoyulub.”

Beləliklə səfər başa çatır. Ancaq fikrimizcə, səfər başlamamış bitir.

“... Mən isə durduğum yerdəcə mıxlanıb qaldım. Birdən-birə gözümün qabağına qaranlıq çökdü. O ağımtıl yarıqaranlığın içindən bazarda göy-göyərti satan Əbənin yorğun sifəti sezilirdi. Əvvəlcə dumanlı, güclə, get-gedə açıq-aşkar... Onun rəngi qarışmış yorğun, kədərli gözləri düz gözümün içinə baxırdı. Gözümün önündəkinin dodaqları tərpənirdi, ağzı yumulub-açılırdı. Deyəsən, o mənə nə isə demək istəyirdi, məni nədənsə xəbərdarlıq eləmək fikrinə düşmüşdü, qulağıma qərib, indiyəcən heç vaxt eşitmədiyim səslər gəlirdi. Heyf ki, mən onu anlaya bilmirdim, sözdən daha çox uzun-uzadı qurultu ilə incə, qorxaq, çəkingən civiltiyəbənzər səslərin qarışığından yarananı oxumaq müşkül məsələ idi. Fəhmən mənə elə gəlirdi ki, Əbənin anlatmaq istədiklərini başa düşsəm bu yolçuluqdan əl çəkib heç şəhərə girməmişdən, daha doğrusu, vağzaldan çıxmamışdan birbaşa geri qayıdaram....”

# 2594 dəfə oxunub

Müəllifin son yazıları

# # #