Kulis.az Ulucay Akifin “De Byazi və 11 həvarisi” adlı yazısını təqdim edir.
“Bu futbol ki var, çox qəliz məsələdir, həm qəlizdir, həm də ki, vacib!”
Dünən Azərbaycan millisi yenə uduzdu. Bu dəfə 5:0. Sosial şəbəkələrdə yoxam, amma adım kimi əminəm ki, dünəndən hamı bunu müzakirə edir. Yüz faiz əminəm ki, hamı futbolçularımıza lağ edir, hətta təhqir edirlər.
Cümlələri də bilirəm:
“10 milyon adamdan hər şey çıxdı, amma 11 futbolçu çıxmadı”
“Futbol İngiltərədə doğuldu, Braziliyada böyüdü, Azərbaycanda öldü”
“Yalandan o boyda pul xərcləyirlər, bizlik deyil dəəə futbol”
Təhqirlər isə təxminən belədir:
“Kül sizin futbolçu başınıza!”
“Boyunuzu yerə soxum!”
Hələ yumşaqlarını deyirəm.
İndi sizə bir sual vermək istəyirəm.
Mən hər dəfə azərbaycanlıların hansısa qüsurunu, eybini tənqid edəndə, məni az qala çarmıxa çəkmək istəyirsiniz, qanımda erməni qanı axtarırsınız, məni xalq düşməni elan edirsiniz, amma necə olur ki, özünüz futbolçularımızı bu cür rahat tənqid və təhqir edirsiniz? Onlar azərbaycanlı deyillər? Futbolçularımız azərbaycanlı deyil? Niyə təhqir edirsiniz onları? Niyə lağa qoyursunuz? Qanınızda erməni qanı var?
Ümid edirəm ki, sualımın ritorik olduğunu anlayırsınız.
Dediyim odur ki, siz futbolçularımızı tənqid etdiyiniz kimi, mən də sizi tənqid edə bilərəm.
Çünki azərbaycanlılar futbol oynaya bilmədikləri kimi həm də avtobusa minməyi, avtobusdan düşməyi bacarmırlar. Azərbaycanlılar təkcə futbolu yox, həm də metroda düşənə yol verməyi, eskalatorla hərəkət edərkən sağ tərəfdə dayanıb, sol tərəfi keçid üçün boş saxlamağı bacarmırlar. Azərbaycanlılar futbol oynaya bilmədikləri kimi mağazada, ya başqa yerlərdə növbə gözləməyi, sıranı pozmamağı da bacarmırlar. Maşın sürməyi bacarmırlar, piyada keçidində piyadaya yol vermirlər, piyadalar işıqforun işıqlarını gözləyə bilmirlər, piyada keçidi olmayan yerdən yolu keçmək istəyirlər.
Sadalamağa davam edim, ya kifayətdir?
İndi sizə yenə bir sual verim. Bütün bu primitiv, adi şeyləri edə bilməyən adamların arasından 90 dəqiqə fasiləsiz, nizam-intizamla, yorulmadan, səliqəli şəkildə biri-birinə top ötürən, qaçan və qol vura bilən 11 adamın çıxmağını istəyirsiniz?
Özünüz buna inanırsınız?
Sualı yenə təkrarlayıram:
Avtobusa, metroya minib-düşməyi, növbə gözləməyi, sıranı pozmamağı, piyada keçidindən keçməyi, işıqforun işıqlarını gözləməyən adamların arasından azı 11 futbolçunun çıxmağını istəyirsiniz?
Siz elə bilirsiniz ki, futbol elə asan oyundu?
Nizam-intizam, güc, əzm və ən əsası, ağıl, intellekt tələb edən oyundur futbol.
Ağıl və intellekt sözümü qəribçiliyə salmayın.
Əlbəttə ki, Messinin endirdiyi zərbə, ya ötürdüyü pasla bizim oyunçuların zərbə və pası arasındakı əsas fərq ağıl və intellektdir. Söhbət təbii ki futbol ağlı və intellektindən gedir, kitab mütaliəsindən yox.
Əlbəttə ki, Ronaldonun nizam-intizamı, gücü, əzmi ilə bizim oyunçuların nizam-intizamını, gücünü, əzmini müqayisə etmək olmaz.
Bəs bu niyə onlarda var, bizdə yoxdur?
Cavab sadədir: cəmiyyət fərqi, yetişdirilmə fərqi.
Bir ölkənin futbolu yaxşıdırsa, bilin ki, həmin ölkədə normal cəmiyyət var, həmin ölkə inkişaf etmiş, ya da inkişaf etməkdə olan ölkədir. Avropa, ya qeyri-Avropa, fərq etmir.
Misallar çəkim: İngiltərə, Fransa, Almaniya, Hollandiya, İspaniya, Belçika, İtaliya, İsveçrə, Danimarka, Norveç.
Çox nadir Avropa ölkələrində futbol zəifdir: San Marino, Moldova, Malta, Lüksemburq, Lixtenşteyn, Estoniya, Latviya.
Bunlar o ölkələrdir ki, həm əhalisi azdır, həm də hansısa xüsusi inkişafdan danışa biləcəyimiz ölkələr deyillər.
Keçək digər qitələrə.
Asiyada ən yaxşı futbol oynayan ölkələr: Yaponiya, Avstraliya, Cənubi Koreya, Çin.
Ölkələrin adlarına özünüz fikir verin. Yəni narahat olmayın, Pakistanda, Özbəkistanda, Türkmənistanda, Qırğızıstanda, Tacikistanda, Əfqanıstanda da futbol yoxdur.
Həmçinin Qətərdə, Küveytdə də futbol yoxdur. Çünki pulla olmur bu işlər. Pulla düzələn məsələ deyil futbol. Boşuna demirəm, cəmiyyətdən, uşaqların yetişdirilmə formasından, mədəniyyətindən, intellektindən asılıdır bu futbol oyunu.
Afrika ölkələrində də yoxdur düz-əməlli komanda. O Afrika komandaları bir az alababat futbol oynayır ki, onların oyunçuları Avropada doğulub, orda böyüyüb, oranın mədəniyyətini, tərbiyəsini alıb, oranın futbol məktəbini görüb, sonra gedib öz millisində də oynayıb.
Hə, bir də var, istisna sayıla biləcək 1-2 Cənubi Amerika ölkəsi. O ölkələr ki, orada futbol insanların ən böyük eşqinə, yaşam tərzinə çevrilib: Braziliya, Argentina, Uruqvay...
Orada futbol eşqə çevrilib, adamlar uşaqlıqdan futbolla yatır, futbolla qalxır, ona görə orada futbolçu yetişir. Allah da Maradona, Pele, Messi kimi ən böyük istedadları o torpaqlara lütf edir.
Bütün bunların üstünə ancaq pul yeməklə məşğul olan AFFA rəhbərliyini, ölkədə uşaq futbolunun çox bərbad vəziyyətdə olmağını, bölgələrdə isə ümumiyyətlə futbolun məhv edildiyini, komandalara oyunçuların daydayla, ya da rüşvətlə götürüldüyünü də gəlsək, ölkədən niyə 11 futbolçunun çıxmadığı aydın olur.
Hə. Mənim sizi bura yığmaqda məqsədim o idi ki, sizinlə futbol oynamaq çox çətindir. Sizdən futbolçu olmayıb, olmayacaq da.