Kulis.az Ulucay Akifin yeni şeirlərini təqdim edir.
and olsun masmavi göylərə
ucsuz-bucaqsız dənizlərə
və kimsəsiz adalara
dənizə yağan yağış
səhraya yağanla eynidi
amma bir deyil
ağacların arzusu torpağa
buludların arzusu küləyə
sirr deyil
and olsun quşlara
dilsiz balıqlara
və kimsəsiz adamlara
gündüzlər gecələrə
sevdalar ayrılıqlara
yarpaqlar payıza
mən də sənə
mən də sənə
mən də sənə aşiqəm...
***
məni dərd eləmə
mən çoxdan tanıyıram ayrılıqları
bu sərsəm gecənin qaranlığında
sənə bir sualım var:
gündüz bir ağac gördüm
kölgəsində balta yatan o ağac
xəbərsizdi gələcəkdən, olacaqdan
bəs, balta bilir görəsən?
Proqnoz
p.s. xərçəngin bizdən aldığı
doğmalarımıza ithaf
o, hər səhər qəzetdən
öz bürcüylə yanaşı
xərçəng bürcünün
proqnozunu da oxuyur
amma hələ də bilmir...
qərar verə bilmir ki
xərçəng bürcünə
yaxşı proqnoz verilsə
sevinməlidir, ya yox?
***
bu gün bütün ilkləri xatırladım:
ilk sevgi...
ilk ayrılıq...
ilk siqaret...
gedirsənsə
yubanmadan
dayanmadan get
heç vaxt sevmədim Bakını
özün yaxşı bilirsən
yaxşı bilirsən yalanlarımı
sənə “qorxma” deyə bilmirəm, bağışla
qorx üstümüzə hücum çəkən bu həyatdan
indi biz
sevgisiz
ayaqları, əlləriyalın adamlarıq
heç olmasa gözlərinin işığını itirmə, nolar
yaza bilmədiyim bütün gözəl sözlər
saçlarından öpsün deyə
yaza bilmədiyim bütün şeirləri
sənə ithaf etdim
neçə Peyğəmbər göndərildi dünyaya
dodaqlarım dualardan ayrı düşəli?
neçə yalançı öpüşə qonaq oldum
dodaqlarım dodaqlarından ayrı düşəli?
yadıma düşür
çobanyastığı ləçəklərini “sevir, sevir, sevir...”
deyib qopardığımız günlər
indi məndən uzaqda
laaap uzaqlarda bir yerdə
əllərin hansı nəğməni oxuyur şəhərə?
Revolver
səni sevsəydim orta əsrdə
mütləq bir at belində
cəng meydanında
sıyırıb qılıncımı qınından
şığıyardım düşmən üstünə
sənin uğrunda
ya da belimdə "Revolver"
bir duel meydanında
başı dik atılmış on addımdan sonra
cəld tərpənsəm də düşməndən
çıxarıb silahımı
atəş açardım havaya
son addımdan sonra
Sual
bu sehrli gecələr, bu bəyaz gecələr
bizə öyrədir ki, günəş batmır
biz ondan üz döndəririk
bir paket siqaret
bir şüşə çaxır və mən
Nevanın sahilindən
sənə salam göndəririk
ya Rəbb
sevdiyim bütün adamlarda
Səni axtardım
bəs Sən məni
kimdə axtaracaqsan?!