“Brejnevin köməkçisi məndən təcili qəzet istədi”

“Brejnevin köməkçisi məndən təcili qəzet istədi”
22 iyul 2011
# 06:00
Üç il bundan əvvəl “bəsdir” deyib qələmini sonuncu iş yeri “Ülfət” qəzetində qoyub böyük jurnalistikadan getdi. Düz əlli ildən sonra. Əlli il sizə zarafat gəlməsin. SSRİ-nin asıb-kəsən dövrünü də görüb, onun süqutuna da şahidlik edib, müstəqil Azərbaycan mətbuatında çalışmaq da ona nəsib olub. Və belə ağsaqqal həmkarlarımız indi barmaqla sayılacaq qədərdir.

Çox vaxt kölgədə qalan, amma Azərbaycan jurnalistikasının bu köhnə kişilərinin keçdiyi yolu vərəqlədikcə, heyrətlənməyə bilmirsən. İlk yazıları çıxanacan hansı çətinliklərlə rastlaşması, indi bizə adi görünən bir vergül səhvinə görə, böyük bir “ÇP” olubmuş kimi necə tənbeh edilmələri, sovet ideoloji aparatının sərt təpkisi. Və belə bir jurnalistika həyatı keçmiş köhnə kişilərdən indi az qalıb. Onlardan biri də Brejnevdən tutmuş, Çernenkoya qədər şəxslərlə təmasda olmuş, “Pravda” kimi nəhəng bir nəşri təəccübləndirmiş, indi çox qəzetlərin qibtə edəcəyi tirajı qədər tirajı olan bir zavod qəzetinə rəhbərlik etmiş Qardaşəli Teyyubovdur. Bəlkə də bu ad gənc nəslə heç nə deməyəcək. Amma onun jurnalistikada keçdiyi ömür yolu örnək olacaq bir yoldur.


“İlk yazım “Kirpi”də çıxdı, aləm qarışdı”


Yəqin, yazmaq qanında varmış. Deyir, ilk yazısını orta məktəbdə oxuyanda yazıb. Özü də hara-hara o dövrün satirik jurnalı, necə deyərlər qılıncının dalı da, qabağı da kəsən “Kirpi”də dərc olunub.

“Vallah indi yadımdan çıxıb nə barədə idi. Amma bir onu xatırlayıram ki, kəndimizin (qəhrəmanımız Şamaxının Əngəxaran kəndindəndir - S.M.) problemindən yazmışdım. Balaca, indiki qəzet dili ilə desək, min işarə olardı. Həmin yazı çıxan gün kənd bir-birinə dəymişdi. Yazıda adıgedən adamı da cəzalandırdılar”.



“Adi bir bülleten də Moskvanın nəzarətində idi”


Tale Əli müəllimi - gəlin, bundan sonra onu belə adlandıraq, çünki tanıyanlar onu məhz belə çağırırlar - əvvəlcə Bakı Yüngül Sənaye Texnikumuna gətirib çıxarır. Texnikumu bitirəndən sonra təyinatını Bakı Saxsı Qablar zavoduna verirlər. Burda işləyə-işləyə çoxdankı arzusunu reallaşdıra bilir. 1961-ci ildə ADU-nun (indiki BDU - S.M.) jurnalistika fakültəsinə daxil olur. Nəsir İmanquliyev, Nurəddin Babayev, Seyfulla Əliyev, Şirməmməd Hüseynov kimi müəllimlərdən dərs alır. Elə tələbəlik illərində yazıları dövrü mətbuatda dərc olunmağa başlayır. “Pioner” qəzetində, Bakı Şəhər Partiya Komitəsinin nəşri olan “Bakı” qəzetlərində ştatdankənar müxbir kimi yazıları dərc olunur. Bundan sonra tale onu sahə jurnalına, o dövrün ideoloji aparatının “Kənd Tikinti Texniki Bülleteni” adlı jurnala aparıb çıxarır.

“Adı sizə qəribə gəlməsin. Bu bülleten o dövrdə sayılıb-seçilən ideoloji nəşrlərdən sayılırdı. Ümumiyyətlə, o dövrdə adi bir bülleten də Moskvanın nəzarətində idi. Bizim jurnal da bir başa Moskvanın tabeçiliyində idi. Kvartalda bir dəfə nəşr olunurdu. Mən onun Azərbaycan şöbəsinin redaktoru idim” deyir Tale Əli müəllim. Gənc kadr üçün perspektiv vəd edən və birbaşa Moskvanın himayəsində olan bu dərgi gənc Tale Əlini, necə deyərlər, yorurdu. Burda çalışmaqla yenə dövrü mətbuata yazılar yazır.



“Elektrik”dən “Yeni Şirvan”a


Amma elə bir onun alnına yenə sahə qəzeti yazılıbmış. Bu dəfə onu Bakı Elektrik Maşınqayırma zavodunun “Elektrik” qəzetinə baş redaktor təyin edirlər. Burda da bir müddət çalışır.

Və bir gün Şamaxıdan Bakıya, Mərkəzi Komitəyə bir məktub daxil olur. Şamaxı rayon Partiya Komitəsinin birinci katibi Sahib Sayılov Bakıdan rayon qəzeti üçün baş redaktor göndərilməsini xahiş edir. Sən demə, o vaxt Sayılovla Şamaxının “Yeni Şirvan” qəzetinin baş redaktoru arasında münasibət pis olub. O dövrün qaydalarına görə, rayonun baş redaktoru həm də büro üzvü idi.

Sayılov isə rayon partiya komitəsinin bürosunda onunla münaqişədə olan birisini arzulamırdı. Mərkəzi Komitə çox düşünüb daşınmadan əslən Şamaxıdan olan Tale Əlini qəzetə baş redaktor göndərir. Əli müəllim Şamaxıya gəlir Sayılovla söhbət edir, işə başlayır. Amma ailəsi Bakıda, özü burda, necə deyərlər diskomfort ona imkan vermir ki, Şamaxıda qalıb işləsin. Amma partiyanın tapşırığından da çıxmaq mümkün deyildi. Əlac isə tapılır. Bir gün Sayılov Moskvaya qurultaya gedir. O vaxt MK-nın ideloji məsələlər üzrə təmsilçilərindən olan Nəcməddin Əhmədovla görüşür vəziyyəti başa salır. O isə əvəzində “Kommunist” qəzetinin o vaxtkı baş redaktoru Ağababa Rzayevlə danışır ki, Tale Əlini işə götürsün. Amma vəziyyət yenidən qəfil dəyişir. Bu dəfə Əli müəllimə hörmət əlaməti olaraq deyirlər ki, sən kifayət qədər bişmiş, təcrübəli kadrsan, gəl səni “Kirovabad kommunisti” qəzetinə baş redaktor göndərək.

“Şamaxıdan bir təhər canımı qurtarmaq istəyirdim ki, bunlar da məni əvəzinə Kirovabada göndərmək istəyirdilər. (Gülür) Düzdür, perspektivli iş idi, gələcəkdə daha yüksək vəzifələr üçün tramplin idi. Amma uşaqlar kiçik, mən onları Bakıda qoyub hara gedəydim”.

10 min nüsxəlik zavod qəzeti


1974-cü il. Özbəkistan pambıqçıları Moskvaya müraciət edirlər. Birbaşa Brejnevə edilən müraciətdə özbək pambıqçıları baş katibdən xahiş edirlər ki, bəs, səhərdən axşama kimi sosialist iqtisadiyyatını gücləndirmək üçün pambıq əkib becərir, yığırlar. İsti hava şəraitində çalışdıqdan sonra yaxşı dincəlmək istəyirlər. Və guya eşidiblər ki, - təbii ki, bu məktubun Özbəkistanın o vaxtkı birinci katibi Şərəf Rəşidov tərəfindən təşkil edildiyi şübhə doğurmur - SSRİ-də kondisioner zavodu tikilməlidir. Və xahiş edirlər ki, həmin zavod Daşkənddə tikilsin. Amma Rəşidov, necə deyərlər, yerindən tərpənənəcən Azərbaycanın o vaxtkı rəhbəri Heydər Əliyev Brejnevi həmin zavodun Bakıda tikilməsinə razı sala bilir. Və dərhal da tikintiyə start verir.

Ardını Tale Əli danışır:

- Əliyev Brejnevə söz vermişdi ki, il yarıma bu zavodu tikib istifadəyə verəcək. Brejnev əvvəl ona inanmaq istəmir. Amma Mərkəzi Büroda baş katibi inandırırlar ki, bu Əliyevdirsə, bacaracaq. Düz il yarım sonra, 1976-cı ilin payızında Kremlə məruzə edirlər ki, zavod artıq ilk kondisioneri buraxmağa hazırdır. Nəhayət həmin gün gəlib çatdı…

Tale Əlinin dediyinə görə, “çatdı” demək asandır. Həmin gün yəni, dekabrın 16-da Brejnev gələcək deyə bir ay əvvəldən hazırlıq gedirdi. “Brejnev o vaxt hələ qədər də xəstəhal deyildi. Amma etika naminə Əliyev onun qolundan tutmuşdu. Onlar zavodu gəzdilər, konveyerlərlə tanış oldular. İlk kondisioner də konveyerdən çıxdı. Sonra zavodun salonunda iclas keçirildi. Mən isə zavodun qəzetinin baş redaktoru təyin olunmuşdum. Brejnevi həmin səfərdə Çernenko da müşayiət edirdi. Həmin vaxt Brejnev zavodun tikintisinin bu qədər tez bir vaxtda başa çatmasına görə təşəkkür etdi. Ona çatdırdılar ki, zavodun qəzeti də var. Həmin günə həsr olunmuş xüsusi buraxılış hazırlayacağımızı bilən kimi köməkçisini yanına çağırdı. Brejnevin köməkçisi mənə yaxınlaşıb dedi ki, həmin qəzetin nüsxələrini mütləq Kremlə göndərin.

Tədbirdən sonra zavodun direktoru da mənə yaxınlaşıb dedi ki, Heydər Əliyev tapşırıb, qəzet yüksək səviyyədə çıxmalıdır.

Təsəvvür edin, həmin vaxt bizim fotoqraf neçə yüz şəkil çəkmişdi. Birini də yaxına buraxmadılar. Ancaq “Azerinform”un, indiki AzərTAcın şəkillərini yerləşdirdik. 10000 nüsxədə qəzet buraxdıq. Onun beş yüzünü isə fin kağızı deyilən kağızla nəşr edib Kremlə göndərdik. Həmin nömrədə Brejnevin zavoda səfəri geniş işıqlandırılmışdı. Az sonra Kremldən xəbər gəldi ki, qəzet yüksək səviyyədə bəyənilib. Bundan sonra bizə xəbər göndərdilər ki, qəzetin büdcəsini tutun. Tutduq. Təxminən 50 min manat idi. Yadımdadır, hətta “Pravda” qazetindən gəlib maraqlanmışdılar ki, siz bu cür büdcəylə necə qəzet buraxacaqsınız, gəlin sizin təcrübənizi öyrənək.

- Az büdcə idi?

- Əslində, az da demək olmazdı. Amma insafla demək lazımdır ki, kifayət qədər yetərli idi. Təsəvvür edin, mənim baş redaktor kimi əməkhaqqım 160 manat idi. Amma əlavə də alırdım axı? Keyfiyyətə görə, əlavə mükafat, qonorar, hətta elektrik enerjisinə qənaətə görə də mükafat. (Gülür) Bir də görürsən rübdə da mükafat verirdilər. Bax bu arvada (həyat yoldaşını göstərir) hər rübdə bir “paçka” pul gətrirdim. Nəyimə lazım idi…

- (Sözünü kəsirəm) Hörmət-filan?

- Oğlum bu ölkədə bir nəfər deyə bilməz ki, Qardaşəlinin kimdənsə, nəsə umacağı olub. Bu gün sözün həqiqi mənasında əsil jurnalistlər necə güzəran keçirilirlərsə, mən də elə yaşamışam. Yaramazlar, jurnalistikaya ləkə olan ünsürlər hər zaman olub. Qara yaradırlar, onlar.

Maraqlıdır, məhdud bir sahədə, bir zavod qəzeti mövzunu hardan alırdı?

Tale Əli deyir ki, əslində mövzu qıtlığı olmayıb. “O qədər sexlər vardı, əmək qabaqcılları, qonaqlar gəlirdi. Mövzudan çox mövzu vardı. Məsələn, bir fakt deyim. Bir dəfə zavodun baş direktoru məni yanına çağırıb bir siyahı verdi. Dedi ki, zavodun 5 iri sexinin işindən narazıyam. Onlar barədə felyeton yazmaq lazımdır ki, nəticə çıxarsınlar. Yazıb aparıb verdim. Xoşuna gəldi. Amma həmin sex rəisləri tənqiddən nəticə çıxarmadılar. Bir müddət sonra işdən azad edildilər. Bir sözlə, o vaxt tənqidə ciddi fikir verirdilər. Sıradan bir tənqid belə cavabsız qalmırdı. Dərhal reaksiya verirdilər”.


“Ülfət”i biz yaratdıq


Sovetlər birliyi dağılan ərəfədə kondisioner zavodu da artıq can üstə idi. Və bu vaxt Tale Əliyə təklif gəlir. Respublika Həmkarlar İttifaqının “Ülfət” qəzeti nəşrə başlayırdı. Əslində, o, qəzetin qurucularından biri olur. Baş redaktor Zəfər Quliyevlə belə gəlirlər ki, qəzetin ilk sayını 1 may günü çıxarsınlar. 1991-ci il mayın 1-də “Ülfət” qəzeti 80 min tirajla nəşr olunur. Qəhrəmanımız həyatının 17 ilini də “Ülfət”ə həsr edir.



***


İndi özü demişkən, fəxri istirahətdədir. Yayı Əngəxaranda keçirir. Amma dövrü mətbuatı bu dağ kəndindən də izləməkdə davam edir. İnternetlə arası yoxdur. Heç kompüterlə də. Deyir, qəzeti ki əlinə alıb oxumadın, nə ləzzəti? Onu da deyir ki, çox yox üçcə ildir mətbuatdan ayrılıb. Amma işdən gedənəcən onun ki, vərəq, bir də qələm olub. Bir də bir vaxtların yazı makinası. “Bu dediklərimlə işləməyin ayrı ləzzəti vardı. Kompüterdə isə ancaq oyun oynamaq olar” deyib gülür.

Hə, Tale Əli müəllimin bir gileyi də var. Deyir, Mətbuat Şurası gərək qocaman jurnalistləri unutmasın. Mətbuat Günündə onları da yadına salsın. “Jurnalistikada qazanmadığım uğur olmayıb. SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşam. Amma bu gün biz qocaman jurnalistlərin unudulması bizə yer eləyir. Onsuz da çox qalmamışıq. Biz demirik, bizə orden medal, nə bilim pul mükafatı versinlər. Adi bir “SMS”lə, açıqca ilə təbrik etsinlər”.

Bütün hallarda təbriklər Tale Əli müəllim! Bayramınız mübarək!


Səbuhi Məmmədli,

Şamaxı, Əngəxaran
# 1636 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #