Bu gün tanınmış şair, tərcüməçi, esseist Səlim Babullaoğlunun doğum günüdür.
Kulis.az bu münasibətlə müəllifi təbrik edir və onun şeirlərini oxuculara təqdim edir.
Böyükçölün test kitabının ağ yerləri üçün
Qohumluq əsasında yaranan insan birlikləri - qəbilədir.
Azərbaycan - qəbilə qanunlarıyla yaşayan,
idarə olunan demokratik ölkədir.
Pul - əmtəədir, ilkin adıyla sikkədir.
Rüşvət - zəhmətə hikkəli bir şillədir.
Odur ki, ey məmləkət adamları məni dinləyin:
Rüşvət alanda və verəndə onu mütləq zərfə qoyun:
mədəni, estet və zərif olun;
özünüzü tox tutun, pula bulaşdırmayın gözünüzü,
onu özünüzə qarşı şahidlikdən qorumaq olsun bəraətiniz
və daha çox cibləriniz hiss etsin paraların ağırlığını.
Haqqınızda söz dedizdirin, yazı yazdırın,
ya da özünüz yazın: sizi sizdən yaxşı kim tanıyır ki.
Mərkəzi küçələrdə tez-tez gəzməyə çıxın,
özünüzü özünüzə həqiqi şəhərləri kimi hiss etdirin:
yumruq vurun, tir atın, əsas da tez-tez tüpürün -
vətəni suvarmaq ədəbdəndi.
Ölkənin adını heç vaxt düzgün tələffüz etməyin:
o çox gözəldi, gözə gətirərsiz,onu mütləq "azar”layın,
"zər”ini "zır”la zorlayın.
Tərəzidə mütləq aldadın:
narahat olmayın, etalon uzaqda, Londondadı.
Ləhcəylə danışın:
onda siz mütləq qəhrəmansınız, möhtəşəmsiniz:
yalnız məhlənizdə, kəndinizdə -
dünya onsuz da yepyekə Çindi.
Hüququ boş verin, adətləri sevin.
Ənənələr hüququn əsasıdı.
Əsas adamın balası, ata-anasıdı.
Qalanları ya adam ya başqasıdı.
Həyatmı mətndi? Mətnmi həyatdı? -
bunları düşünmədən yaşamaq əlbəttə, asandı.
Odur ki, heç kitab almayın, olanları da cırıb tullayın:
Elxan demişkən, dönər dünyadan dadlıdı
və ucuzdu, əlbəttə ki.
Qətiyyən ciddi musiqi dinləməyin,
dünya onsuz da səs-küylüdü.
Təskinliyiniz quş səsi olsun,
ya da pişik miyoltusu-
yekə maşınlarınızın təkəri altında qalıb öləndə
və əlbəttə, eşitsəniz.
Həmin qadına məktub
Mənə şəkil göndərdin
uzun illərdən sonra,
bəraətçün şəkillər
görən, nə deməliydi?
Hə, elədi, sükutda
gizlənib bütün sözlər.
Gözəldi saçında ağ-
iztirabın sancağı.
Mənimsə köksümdədi
xəyanət qəlpələri.
Şəhvətin köynəyini
təəssüf yeli qurudub.
Birlikdə son günümüz,
yəni, o şəkil, əda
keçmisin yaddaşında
indi çoxdan soluxub.
İndi mən çox düşmüşəm,
sən də cavan deyilsən.
Qırışları gizlətmir
boynundakı yaylığın.
Tənhasan, yeməyini
yəqin yavan yeyirsən.
Gövdəni gəzdirəndə
büdrəyir ayaqların.
O adamlar deyilik,
bir də nə yazım,axı?
Ehtirasın külündə
qaralar üz-gözümüz.
Güzgüdə təskinliyin
gözəlliyin deyilsə,
heç olmasa dadına
yetişsin diriliyin.
Balaca şəhərlərin
çox rahat dünyası var:
üç-dükan, meydança,
klub və qəbristanlıq.
Amma əsas bu deyil,
orda bütün söhbətlər
dünyanın özü qədər
yaman çəkər adamı.
Ömür harda yaşansa
tale orda qonaqdı.
Qonağısa qovmazlar,
bir də adət var axı.
Axşamları tum çırtla,
pəncərədən Aya bax,
Leylanın Məcnununda
son hərf üçün baş sındır.
Ümidlər ilə yama
sabahın cübbəsini.
Dualardan bərk yapış,
təkcə özün üçün yox.
Xatirə güvəsini
təmizlə üst-başından.
İndiysə getməliyəm,
oğlum məktəbdən çıxır.
Cavan bəstəkar dostlarım üçün blüz
Türkər, Tahir, Ayaz, Səid və Bəxtiyar oturmuşuq bir kafedə,
Stəkanda limonlu çay və qəndqabı var süfrədə.
Məmləkətdən danışırıq: qaçır rəngi çayın, mənim və qarsonun.
Başımdakı yenə həmin yad, dumanlı fikirlərdi, onurğamda küt ağrılar,
Kafedə bol qışqırıqlar, "Bura! Bura!” bağırtılar.
Konsertə var. Məmləkətdən danışırıq: nə vaxt çatar bunun sonu.
"Motsart, Şuman, Şopen, Brams, Bethoven, List... ” -
Türkər deyir. - "Nə yaxşı ki, olmayıblar bu ölkənin, bu kafenin
sakini və müştərisi.
Məmləkətdən danışırıq: xoşbəxtliyə gücü çatmır sözün, notun.
Qafiyəyə düşən dərdlər eynək taxmış, frak geymiş adam kimi,
Şirin-şəkər ritmə düşür həyat onda müti-müti.
Məmləkətdən danışırıq: bombardmana nə dəxli var "Hernika”nın, Pikassonun.
"Susuz ikən bir adama su verdimi söylə şeir?”
"Elə mən də musiqini bir yaraya məlhəm olsun- heç görmədim”- Tahir deyir.
Məmləkətdən danışırıq: yeri deyil solfecionun.
Məmləkətdə normal olmaq mümkün deyil, normativlər bayağıdı,
Bu sətirlər yaman oynaq, lap qaytağı sayağıdı.
Məmləkəti düşünürük çala-çala Mendelsonu.
Vazeh gəlir, soruşur ki, nə baş verir və soyunur patosunu.
"Heç nə? dostum, hər şey puçdu, Nikolaydan qalma köhnə patefonu
təqlid edib məmləkətdən danışırıq”. Qaçıb rəngi çayın, onun və qarsonun.
Coratdakı balıqçı uşaqlarına ədəbiyyat dərsi
Gündəlik üzücü işləri, vərdişləri nəzərə almasaq,
bir də doğuşun və qürbun səmtini,
onda heç kim sabahı yaşadığı kimi gözləmir.
Bura gələ-gələ ilk cümlə haqqında düşünürdüm,
Kağız üstündə o təxminən belə ola bilərdi:
adam həmişə danışmaq istəyir,
amma çox vaxt lazımi yerdə
və istədiyi adamların əhatəsində olmur.
Hamı özünə məğlub olur və kölgəsi kimi öz ayağına düşür.
Bunu hiss eləyəndə hirslə ayağını yerə çırpır,
amma kölgələri tapdamaq olmur,
əksinə o bizi təqlid edir, cinləndirir.
Uşaqlar, bir rus filmi vardı: "Kölgələr günorta yox olur”,
başqa cürə desək günəşin zarafatı: əşyalarla və insanla.
Şərqdə insanları kölgəsiz çəkirdilər.
Kim bilir, bəlkə, bunu günəşdən öyrənmişdilər-günortalar.
Bəlkə ölümün həmişə mümkünlüyünə işarəydi bu.
8.15-di. Zaman həmişə işləyir.İliyimizə.
Bir azdan zəng şalınacaq. Hamı zəng gözləyir.
Kitab rəfləri qürur yeri deyil, yalnız əşyadır;
hərçənd qorxudur; amma nahaq.
Fərz edin ki, hamının yüz il yaşamaq imkanı var
və ilk gündən oxumağı bacarırıq.
Gündə bir kitab hesabıyla bu təxminən 36.500 edərdi.
Bir fikirləşin, görün, dünyada nə qədər kitab var?
Odur ki, kitablarla yox, mətləblərlə öyünün.
Ən yaxşısı isə öyünmək yox, böyüməkdir.
Yadda saxlayın: biz həmişə az biləcəyik.
Amma bir kitab da var...onu mütləq oxuyun, höccələyin.
Tale seçmir, bunu bilirsiz, çoxdan deyilib.
O bizə bənd olur, əsl leyli-məcnun hekayətidi bu, birtərəfli.
Beləsinə rusca odnolyub deyirlər.
Nə fərqi var: siçan bir az siçandısa, bir az da farədir.
Sözlər, eh sözlər...
Uşaqlar, elə sözlər var ki, onlar olmasaydı, heç nə dəyişməzdi.
Məsələn, asfalt.
Mən bunu sahilə, yanınıza düşərkən anladım.
Balaca bir çiçək asfaltı deşmişdi,
və beləcə torpağı, həqiqi yolu, əsl sözü nişan vermişdi.
Bir müəllimimiz vardı.
O da hamı kimi həyatın qaynar qazanından buxarlandı.
Bir gün özündə deyildi, nədənsə ürəyini mənə açdı.
Yanına bir qadın gəlibmiş.
"süpür, at, şeytanı ətəyindən” deyibmiş qadına.
Heç kim moizəni sevmir, qadın qəhqəhəylə gülübmüş.
Amma insan cinsini tanımadığı vaxtlarda,
hələ birinci gün adətən ağlayır.
O deyirdi ki, məqsədim qadını qorumaq yox,
ondakı xəbərsiz olduğu təmizliyi hifz etmək idi,
o qadın günahı və istirabı məni qədər tanımırdı, bilmirdi.
Mən bunları sizə niyə danışıram, düzü, bilmirəm?
Müəllimim də belə demişdi mənə.
İşdi, yazıçı olmaq qərarına gəlsəniz,
satira,yumor, ironiya və sarkazm adına
çoxlu yumor və tənə görəcəksiniz.
Bir də paltarını dəyişmiş adamları və dünyanı.
Onda ağlamaq istəyəcəksiniz.
İnamınızı itirməyin.
Və bilin, inam
inamsızlığın gücüylə ölçülməsə də tənzimlənir.
Unutmayın,bütün nəticələr və hesablar
bir ( = 1) qədər doğru deyil.
Bir dediyim indi mənəm,
sabah isə başqa bir hesabdar:
siz, biz,onlar və sairə.
Hər kəsin öz adı var və odur ki,
şəxs əvəzlikləri yazılmasa heç nə dəyişməz.
Baxaq: mən məktəbə gedirəm;
yaxud: məktəbə gedirəm.
İslahata yox, islaha ehtiyac var.
Susursuz...
İcazə verin, mən bu sükutu özüm bildiyim kimi eşidim.
Şəxsi təcrübənin bütünlüklə bölüşülməsinin əleyhinəyəm.
Səmimiyyət deməkdə yox, deməməkdə ən azı alicənabdı.
Hətta yerindəysə sükut səmimidir və o qədər çox şeyi anladır ki.
Məsələn balıqı atalarınızdan soruşun:
balıqları niyə tutdular, öldürdülər. satdılar?
Onların gözü dolacaq və mütləq sizə zillənəcək.
Susacaqlar və bu dərin-doğru izah olacaq.
Unutmayın, həyat reprodiksiya yox, orijinaldır.
Və onu olduğu kimi çoxaltmaq əlbəttə ki, əksiltmədir.
Ömürünüzdə və mətndə israf etməyin onu.
Muzeylərə məqsədli getməyin.
Xalqın dövlətə cehizidir muzeylər...
Əslində başqa şey demək istəyirdim...
İşdi, muzeyə, sərgiyə yolunuz düşsə,
qarışıq, anlaşılmaz, axmaq bir rəsmin önündə
vəcd dolu adamları görsəniz-
bu vaxt vacib görünüşlü,qolları çarpaz müəllif gülümsəyəcək-
o rəssama bir vərəq kağız və qələm uzadın qəfil,
xahiş edin ki, həmin rəsmi bir neçə cümlə ilə izah etsin,
əgər bacarmasa-adətən belə olur,
bilin ki, gördüyünüz səhnə daha böyük əsərdi.
Eynən sizin qumsaldakı yalın və dərin ayaq izləriniz kimi.
İnanıram ki, hardasa ilahi kitab adına belə bir cümləyə rast gələcəksiniz:
"O səmanı, yeri və dənizi yaratdı. Bunun gözəl olduğunu anladı.”
Oxusanız bilin ki, bunu adam yazıb.
Anlamaq, bütün hallarıyla, xüsusən də sonradan- bu insanın keyfiyyətidi.
Hə, uşaqlar, heç kim sabahı yaşadığı kimi gözləmir,
və yanınıza gələndə özümlə
üz qabığında qızıl balıqla qocanın rəsmi olan
bir kitab götürmək istəyirdim.
Amma qorxdum.
Fikirləşdim ki, balıq sizin dənizə atlanıb üzüb gedər.
Qoca isə qarşınızdadır.
O.B. və Ə.S.yə
Əgər keçmiş keçmişdə qalıbsa,
bəs, o niyə sabahın kandarında ilişib qalıb?
Belə çıxır ki, yeni olan yeni deyilmiş
və hələ heç kim gələcəyin badəsini acqarına içməyibmiş;
demək, ömür tale südünü doyunca əmibmiş.
Qoca qarısının ölümündən həmən sonra
qapı ağzındakı güzgünü onun böyük rəsmi ilə dəyişdi.
Axır vaxtlar yaxşı eşitmirdi,açarları çoxaltdı,
uşaqlarına payladı, həm də istədi ki, övladları
hər dəfə ata evinə gələndə birinci analarını görsünlər,
onunla ehtiramla salamlaşıb görüşsünlər.
Rəsmin tozunu alanda xatırladı ki,
çoxadandı bu evə heç kim gəlmir,
"yəqin işi çoxdu uşaqların, onları qınama” deyə pıçıldadı,
qadını gözlərini görməsin deyə
adəti üzrə başını kənara çevirmək istəyəndə,
əlindəki quru əskinin bir cüt damcını
canına necə çəkdiyini hiss etmədi.
Salama
Yazmaq da yazmamaq tək
dostum, elə taledi.
Tale deyilsə demək
ya yoxdu, ya zayedi.
Düşsən- enişdi dağlar,
qalxsan- dostum, yoxuşdu.
Bağlananda qapılar-
bacalar da çıxışdı.
On eləsə üç üçüm,
1 də demək özünsən.
Hər kəs özünün bü(s)tü,
qonub çiyinlərinə.
Vaxt yıxar hər heykəli,
gizlədər qara torpaq.
Üstdən pərgar dillərin
yellər əsər qaçaraq.
Şükür, hələ yaşanır
Həyat ay-ay və il-il.
Ömrümüz xırdalanır
yollarda ləpir-ləpir.
Salam olsun bu sabah
qoy, Səlimdən Sarvana.
Bəndəni sevən Allah
bəs edər hər karvana.
***
Bilirəm, darıxırsan,
Mən də ki sənin kimi.
Gah özümü söyürəm,
Gah da neynim, iqlimi.
Ömür dediyin ki var
Bir yatımlıq yuxuymuş.
Olanlar elə olur,
Sanki heç vaxt yoxuymuş.
Yenə öz ayaq səsim
Ötürür məni evə.
Sən aç qapını yenə
Üzümə sevə-sevə...
Həmidə xanıma iki şeir
1.
Yolunun üstündə tək ağac olub bitsəm,
kölgəmdə dincələcəksənmi?
Ya qol-budağımı qırıb oduma qızınacaqsanmı?
Yağış olub səpələnsəm
yayın qızmarında
bu səsli-küylü, tozanaqlı şəhərin küçələrinə –
torpağın ətri çıxacaq onda,
ətrimi torpaqdan alıb heyrətlənəcəksənmi?
Ya yağış qəfil haqlasa səni
evə tələsəndə,
islanıb,
peşmanlanıb,
göylərə lənət yağdırıb söylənəcəksənmi?
Cənubda qar
az tapılar,
bir qış axşamı quşbaşı qar olub yağsam,
uşaqları dövrənə alıb qartopu oynayacaqsanmı?
Ya uşaqlardan biri yıxılsa,
ya totuq barmaqları donsa,
de, gülüm, hirsələnəcəksənmi?
Bir axşam ağac olmaq, yağış olmaq, qar olmaq istəsəm,
ölümün yaxasından tutub dillənəcəksənmi?
Ya çıxıb getsəm,
yoldaş olmaqçün mənə başmaqlanacaqsanmı?
Və bir gecə
elə beləcə şeirlər yazıb,
yuxuna haram qatıb,
səni oyadıb
oxusam sənə,
düzünü de, gülüm, xoşlanacaqsanmı?
2 oktyabr, 1997
2.
İndi sükut tez-tez kəsir mənim sözümü,
Əvvəlkitək qan qaynamır indi damarda.
Güzgülərdə qaçırdıram tez-tez gözümü,
Adımı da heç yazmıram tərli divarda.
Qırxı çıxdı bu ömürün, canım sevgilim,
Heç darılma, çarxı hələ, şükür, fırlanır.
Bir sabahı sual etsən: hanı sevgilim?
Görərsən ki, bir meh əsir, çöp dığırlanır.
Bir quş onu dimdiyinə alıb götürər,
Asta-asta qanad çalıb qalxar yuxarı.
O quş onu yuvasında divara hörər,
Qorumaqçün ətcəbala quş balaları.
Dövrənə al nəvələri, sən də əzizlə,
Üzlərində gözümü tap, adımı çağır.
Kədəri qov, gizlə, gülüm, sən məni gözlə,
Bu səfərdən dönər qocan o axşamçağı.
Absurd
Üzümə gülən sevinci,
Başıma daş kimi dəyən qaxıncı,
Öpüşü qoy, olsun axırıncı-
Sevirəm…
Sevirəm bu yolun yolçuluğunu,
Qəm hərifliyini,
Hərifliyin puçluğunu…
Elə evdə oturub dinləsən içini-
Heç hara çıxmasan,
Kədəri,
Qədəri
Vecinə almasan, için üçün
İçin-için
Elə hey ağlasan, ağlasan,
Görəcəksən ki, sən daha maraqlısan…
Təzə söz yazsan,
Onun təzəliyinə inansan,
Sonra da təzə sözlər olmur deyib
Gülsən-ağlasan,
Görəcəksən ki, sən daha maraqlısan…
O qədər maraqlısan ki,
Üzünə gülən sevinci-
Ağlatdığın kədəri,
Başına daş kimi dəyən qaxıncı –
Enməyən qılıncı
Və başqa nələri sevirsən,
Çünki nə əvəlincisən,
Nə axırıncı…
Polkovnikə heç kim yazmır
Rəbiqə üçün
1.
«Polkovnikə heç kim yazmır». O yaman darıxır.
İstidir, bürküdür, kitablar rəfdə yatır.
Uyğurları yenə də qırırlar. Gücsüzdü, əgər desəm ki, çox təəssüf.
Təəssüf, sonadək oxunub bitmir «hərb və sülh».
Hər şey bərkiyib, daşlaşıb. Qəlblər də. Yarpaq belə tərpənmir.
İstidə anlayırsan ki, alovdan daha yaxşı heç kim bilmir
«polad necə bərkidi»? Necə? Harda? Nə vaxt?
İstidir. Axşamdır. Uğultular artır. Adamlar mürgülüysə də sərvaxt;
eyni, əcayib bir dildə pıçıldaşır hamı.
Adamlar çölüylə «tək»disə, içiylə təqlid edir «izdiham»ı.
Çiliklənən stəkan səsiylə dağılır ətrafa körpənin gülüşü,
bu dəfə havadan başlayır körpə «Çingizxan»ın cingiltili yürüşü.
2.
«Polkovnikə heç kim yazmır». «Məktub yetişmədi» ünvanına.
«Barbarları gözləyərkən» zərf qonur giriş qapına:
Borcunuz var. Üstəgəl, üçcə gün də vaxtınız.
Sonra vəhşitək kəsərik. Sönər ocağınız.
İstidir. «Yerli narkoz altındadı hər kəs».
Hamı qabığıyla polis, məmur və çərkəz.
Soyunsaq onları, ayıbsa da, insan(l)ıq, bilinər.
Uniformadan qorxuluymuş vərdişlər və əməllər.
İstidir. «Qar» gözləmək beş ayda puç və əbəs.
«Sağ qalmaq» üçün qaçır hamamda bir kiçik kələz.
Ev sahibinin ayaq səsi yaddan «yad» imiş.
Tavan da göy üzü deyilmiş- anladır «qaçış».
3.
«Yuxunun iziylə» varıb gedib uzaqlığa,
çatmaq istəyirsən gözəl uşaqlığa.
«Uşaqlıq»- ömür səhrasının quzeyidi.
Bağlansa da «məsumluq muzeyidi».
«Polkovnikə heç kim yazmır». Təkcə sən yazırsan.
Niyə sevgi şeiri yazmırsan?- deyə soruşursan.
Sevgi var, şeir var, yazmaq var ikən,
bu donqabel sualda sən, nə görmüsən?
Əziz dostum, mehriban, gözəl bacım, həmkarım.
Qafiyə xətrinə yazsam, yazaram: əfkarım
indi çox qarışıq və çəkir məni keçilmişə.
Məsələn, «min doqquz yüz səksən dördə», beşə.
4.
Onda beş yaşın ancaq olardı.
Bilirəm, hamını sən, hamı səni sevərdi, oxşardı.
Bilirəm, sevgi şeiri nədi, onda heç bilmirdin.
Çöhrənə baxanlar unudurdı bildiyin.
Əminəm, hələ çox şey yazacaqsan.
Şey dediyim – «gözəl şeirlər», hələ çox dadacaqsan.
Əminəm, deyəcəksən, «əlvida, silah», kədər.
Hər şey elə sevgidənmiş…bu qədər…
İstidi. Sözlər quruyur dodaqda.
Ürəyim çat-çat olur otaqda.
«Polkovnikə heç kim yazmır». Rəfdədir.
Çıxır istefaya bütün kitablar və əməllər o tərəfdə.