Kulis.az Gülbacı Nağdalıyevanın yeni şeirlərini təqdim edir.
Yaşamıram
Yaşamıram bu dünyada,
Uğursuz vaxt keçirirəm.
Gilə-gilə əriyirəm,
İlmə-ilmə kiçilirəm.
Ovunmaz uşaq kimiyəm,
Çətin ki susam, kiriyəm..
Külək vurmuş bir zəmiyəm,
Tərs-köndələn biçilirəm.
Yol nabələd, mənsə naşı,
Yıxılıram addımbaşı...
Düz gəlmir tərəzim, daşım,
Qram-qram ölçülürəm.
Sevincim kəm, dərdlər qoşa,
Varmadım heç nədə başa.
Tanrım, bax, eylə tamaşa,
Gör ki, necə seçilirəm...
Ay Gülbacı, üzülürəm,
Buz baxışdan əzilirəm.
Şərbət olub süzülürəm,
Zəhər kimi içilirəm...
Gəlmişəm
Çəkmə məni imtahana
Tanrıdan keçib gəlmişəm.
Kəfənliyim saf niyyətdən,
Boyuma biçib gəlmişəm.
Sovruldum yaz küləyində,
Nə qaldı ki, ələyimdə?
Nələr varsa taleyimdə,
Bəyənib, seçib gəlmişəm.
Anamın bal laylasına,
Şeir, sənət dünyasına,
"Baş Sarıtel" havasına
Köklənib, uçub gəlmişəm.
Həyatımın hər anında,
Yanılmadım gümanımda.
Haqqı Haqqın mizanında
Tapmışam, ölçüb gəlmişəm.
Yetsə bir gün ömür sona,
Budur sözüm Yaradana:
-Təmiz göndərdin cahana,
Elə də köçüb gəlmişəm.
Bu dünya
Olan - olmazını alıb əlindən
Çalar qismətini daşa bu dünya.
Çıxsan haq yolundan çətin barışa,
Baxmaz gözündəki yaşa bu dünya.
Şeytandan bac alır, tükənməz şəri,
Nizam tərəzisi haqqın məhşəri.
Yox edər bir anda bütün bəşəri,
Verməz bir anını boşa bu dünya.
Laxlasa məhvəri, verməz namını
Zəhərə çevirər şərbət camını.
Ummadığın yerdən töküb qanını,
Tuşlayar oxunu başa bu dünya.
Nahaqdan haqqa yol ölümdən keçər,
Zalımın nəsibi zülümdən keçər.
Gülbacı, bir sual könlümdən keçər:
-Kim görüb bircə yol çaşa bu dünya?!
***
Axırı bir heyif , bir heç uğruna
Vicdanın ipliyi , bağı sökülür.
Baxıb yerlərdəki bu yığhayığa,
Göylərin üzünün suyu tökülür.
Tanrı da çaşqındı yaratdığına,
"Dünya düzəlmir ki, düzəlmir baba!"
***
Yenə fikirlərim pərən-pərəndi,
Yenə gümanlarda "bəlkə..." aradım.
Xal saldılar güvənimə yer-yerdən,
Qırılmadı kor olası inadım.
Heç oldu gözümdə dünyanın varı,
İmanla gedirəm O Haqqa sarı.
"Dostam" deyənlərin yox etibarı,
Yana-yana, dönə-dönə sınadım.
Gülbacı, bir zaman ayılıb gördüm,
Günahkar özüməm, yox özgə dərdim.
Barama qurdu tək əyirib-hördüm,
İpi öz boynuma özüm doladım.
Apardı getdi
Bostan əkdim seltutanda bilmədim
Sellər apardı, getdi.
Çox güvəndim gəncliyimə, zamanla
İllər apardı, getdi.
Nağıllar uydurdum söz dünyasından,
Gec ayıldım xəyallar röyasından.
Qeys "Məcnun" oldu eşq havasından,
Çöllər apardı, getdi.
Gəl, sınağa çəkmə amallarımı,
Gülbacı, istəmə dünya malını.
Dağlar çəkəmməzdi arzularımı,
Yellər apardı, getdi.