Xarici filmlərin çoxluğu, səhv titrlər, dublyaj problemi... - Kinoteatrlarımız niyə bu vəziyyətdədir?

Xarici filmlərin çoxluğu, səhv titrlər, dublyaj problemi... -  Kinoteatrlarımız niyə bu vəziyyətdədir?
9 iyun 2026
# 13:00

Azərbaycanın kino məkanı uzun illərdir ki, mədəniyyət sferamızın ən həssas və mübahisəli mövzularından birini – ana dilində keyfiyyətli kontent çatışmazlığı problemini yaşayır. Kinoteatrlarda Azərbaycan dilində dublyaj olunmuş filmlərin barmaqla sayılacaq qədər az olması, yerli kino istehsalının intellektual və bədii baxımdan tamaşaçı tələbatını tam ödəyə bilməməsi və mövcud xarici filmlərdəki altyazı (titr) tərcüməsinin səviyyəsi qənaətbəxş deyil.

Kulis.az olaraq bu problemin görünməyən tərəflərini, rəsmi qurumların və özəl sektorun yanaşmasını təhlil edərək, məsələyə birtərəfli tənqidlə deyil, həm də köklü səbəbləri və çıxış yollarını araşdıran bir baxış bucağı gətirməyə çalışdıq.

Mövzu ilə bağlı sorğumuza cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib ki, Nazirlik tərəfindən kinoteatrlar şəbəkəsində dövlət dilinin tətbiqi vəziyyətinin monitorinqi və mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər həyata keçirilir:

“Bu xüsusda, ölkə ərazisində fəaliyyət göstərən kinoteatr rəhbərliklərinə xarici filmlərin nümayişi zamanı Azərbaycan dilində dublyaj və ya subtitrlərdən istifadənin təmin edilməsinə dair zəruri tapşırıqlar verilmişdir. Hazırda milli kino bazarında ana dilinin mövqeyinin gücləndirilməsi və qanunvericiliyin tələblərinə tam əməl olunması üçün kompleks tədbirlər davam etdirilməkdədir”.

Şübhəsiz ki, rəsmi tənzimləyici qurumun bu istiqamətdə qanunverici bazanı rəhbər tutaraq tapşırıqlar verməsi vacib idarəçilik addımıdır. Lakin jurnalist baxışı və tamaşaçı reallığı bizə onu diktə edir ki, kağız üzərindəki bu tapşırıqlar və "kompleks tədbirlər" təəssüf ki, praktikada hələ də gözlənilən fundamental dönüşü yarada bilmir. Məsələyə rəsmi cavabların şablon çərçivəsindən deyil, real icra mexanizmləri prizmasından yanaşdıqda aydın olur ki, sadəcə inzibati göstərişlərlə bazarın iqtisadi və mədəni reallıqlarını dəyişmək kifayət deyil. Bu cür ümumi formullar problemin struktur xarakterini aradan qaldırmır, sadəcə onun həllini zamana yayır. Zaman da ki...

Digər tərəfdən, ölkənin ən böyük kinoteatr şəbəkələrindən biri olan "Park Cinema"nın rəsmi açıqlamaları da məsələnin iqtisadi tərəflərini və distribütor asılılığını ortaya qoyur.

"Park Cinema" şəbəkəsi qanunvericiliyin tələbinə uyğun olaraq bütün filmlərin altyazı ilə təmin edildiyini bildirsə də, prosesin texniki tərəfinə diqqət çəkir: filmlər birbaşa studiya və distribütorlar tərəfindən tərcümə olunub onlara təqdim edilir, kinoteatr isə sadəcə nümayişçi platformadır:

“Bizə dublyajlı filmlər təqdim olunduğu təqdirdə, həmin ekran işləri mütləq yayımlanır. Azərbaycan qanunvericiliyinə əsasən, bütün filmlər altyazılı nümayiş olunmalıdır. Ona görə də heç bir film altyazısız nümayiş olunmur. Filmlər birbaşa studiya tərəfindən tərcümə olunur, bizə təqdim edilir, biz də nümayiş etdiririk".

"CineMastercard" isə açıqlamasında mövcud repertuarın statistikasına diqqət çəkərək Azərbaycan dilindəki kontentin onlar üçün prioritet təşkil etdiyini vurğulayıb. Şəbəkədən verilən məlumata görə, hazırda nümayiş olunan 18 filmdən 7-si tamaşaçılara Azərbaycan dilində təqdim olunur.

Bununla yanaşı, fərqli tamaşaçı seqmentlərinin tələbatını ödəmək və seçim imkanlarını genişləndirmək məqsədilə repertuarda türk, ingilis və rus dillərində də filmlər yer alır.

"CineMastercard"dan son dövrlərdəki uğurlu dublyaj təcrübələri də qeyd edilib:

"Azərbaycan dilində filmlərin repertuarda yer almasına xüsusi önəm verilir. Yaxın zamanda nümayiş etdirdiyimiz “Paddington 3” və “Stiçhed. Şirin Xoxan” filmlərinin peşəkar Azərbaycan dilli dublyaj versiyaları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan dilində kino məzmununun inkişafı və tamaşaçılara daha geniş seçim imkanlarının təqdim edilməsi bizim üçün prioritet istiqamətlərdən biridir".

Bu yanaşmalar və açıqlamalar özlüyündə məntiqi görünsə də, ekran qarşısındakı tamaşaçının dil qaydalarına uyğun gəlməyən, bəzən hərfi və süni tərcümə edilmiş altyazılarla qarşılaşması reallığını dəyişmir. Eləcə də "CineMastercard"ın repertuarındakı 18 filmdən 7-sinin Azərbaycan dilində olmasını uğurlu statistika kimi təqdim etməsi, eyni zamanda "Paddington 3" və "Stitched. Şirin Xoxan" kimi layihələrin peşəkar dublyajının tamaşaçılar tərəfindən maraqla qarşılandığını vurğulaması faktı sübut edir ki, ana dilində keyfiyyətli məzmuna real və böyük tələbat var. Lakin bu cür uğurlu dublyaj nümunələrinin davamlı xarakter daşımaması, bazarın böyük hissəsinin hələ də xarici dillərdəki seansların hegemonluğunda qalması problemin hələ də dərində olduğunun göstəricisidir.

Düşünürük ki, bu problemin kökünü daha dərində – qlobal və lokal iqtisadi faktorların vəhdətində axtarmalıyıq.

Birincisi, Hollivud və digər böyük xarici kino studiyaları Azərbaycan bazarını kiçik və gəlirsiz hesab etdikləri üçün bura birbaşa böyük büdcəli rəsmi dublyaj paketləri ayırmırlar. Region üzrə distribütor mərkəzləri çox vaxt filmləri rus və ya türk dillərində hazır formada təqdim edir.

İkincisi, yerli kinoteatrlar kommersiya qurumlarıdır və onlar tamaşaçı axınını təmin etmək üçün hazır, populyar dilli kontentə üstünlük verirlər.

Üçüncüsü isə, yerli kino sənayemizin zəifliyi səbəbindən kinoteatrlar yerli istehsalla repertuar doldura bilmirlər; çəkilən filmlərin əksəriyyəti isə bədii dərinliyi olmayan bəsit komediyalardan ibarətdir ki, bu da kinonun intellektual missiyasını arxa plana keçirir. Altyazıların səviyyəsinin aşağı olması isə peşəkar tərcüməçi və redaktor korpusunun bu prosesə cəlb edilməməsi, həmçinin ciddi keyfiyyət nəzarətinin olmaması ilə bağlıdır.

Bu düyünü açmaq və vəziyyəti kökündən dəyişmək üçün həm dövlət qurumlarının, həm də özəl sektorun birgə addımlarına – dövlət-özəl tərəfdaşlığı modelinə ehtiyac var.

İlk növbədə, Mədəniyyət Nazirliyi sadəcə tapşırıq verən orqan rolundan çıxış etməməli, xarici filmlərin Azərbaycan dilinə peşəkar dublyajı və keyfiyyətli subtitrlərlə təmin olunması üçün distribütorlara və kinoteatrlara dövlət tərəfindən subsidiyalar və ya vergi güzəştləri nəzərdə tutan təşviq mexanizmləri hazırlamalıdır. Eyni zamanda, nümayiş olunan filmlərin dil və tərcümə səviyyəsini yoxlamaq üçün Dilçilik İnstitutu və peşəkar kino mütəxəssislərindən ibarət müstəqil Ekspert Şurası yaradılmalıdır. Yerli kino istehsalının stimullaşdırılması üçün isə milli kino fondları vasitəsilə müxtəlif janrlarda (dram, tarixi, elmi-kütləvi) filmlərin çəkilişinə qrantlar ayrılmalı, gənc rejissorlara yaşıl işıq yandırılmalıdır.

Kino sadəcə bir əyləncə və ya biznes sahəsi deyil, o, milli kimliyin, dilin və mədəniyyətin qorunub gələcək nəsillərə ötürülməsində ən güclü ideoloji vasitədir. Bu vasitədən düzgün istifadə etmək isə bütün tərəflərdən formal hesabatlılıq deyil, milli təəssübkeşlik və peşəkar yanaşma tələb edir.

# 100 dəfə oxunub

Oxşar xəbərlər

"Dəfinələr adası"  yenidən çəkiləcək

"Dəfinələr adası" yenidən çəkiləcək

12:10 9 iyun 2026
Stallonenin kult filmi əsasında serial çəkiləcək

Stallonenin kult filmi əsasında serial çəkiləcək

11:09 8 iyun 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:40 8 iyun 2026
Məşhur aktrisa filmlərə çəkilməməyinin səbəbini açıqladı

Məşhur aktrisa filmlərə çəkilməməyinin səbəbini açıqladı

15:00 6 iyun 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:37 6 iyun 2026
Keyt Uinslet 14 yaşlı pərəstişkarı ilə əlaqə saxladı

Keyt Uinslet 14 yaşlı pərəstişkarı ilə əlaqə saxladı

17:30 5 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər