"Ümidlərin və arzuların buxarlanma xüsusiyyəti var..." - Tanınmış şotland yazıçıdan sitatlar

"Ümidlərin və arzuların buxarlanma xüsusiyyəti var..." - Tanınmış şotland yazıçıdan sitatlar
9 iyun 2026
# 16:00

Bu gün tanınmış şotland yazıçı İen Benksin anım günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Əgər biz doğrudan da bir-birimizi bütün bu "möhtəşəm" hidrogen və neytron bombaları ilə məhv etməyə hazır olacaq qədər qəddar və axmağıqsa, bəlkə də kosmosa boylanıb hansısa yadplanetlilərə zülm etməzdən əvvəl kollektiv şəkildə canımıza qəsd etməyimiz ən xeyirlisidir.

***
Bəzən fikirlərim, elə hisslərim də, bir-biri ilə heç cür razılığa gələ bilmir; vallah, beynim deyil, sanki bütöv bir xalq məclisidir...

***
Ümidlərin və arzuların buxarlanma xüsusiyyəti var.

***
Hər bir həyat bir rəmzdir. Etdiyimiz hər şey, ən azından azca da olsa dəyişdirə biləcəyimiz bir naxışın parçasıdır. Güclülər öz naxışlarını yaradır və başqalarının naxışlarına təsir edirlər; zəiflər isə başqalarının onlar üçün cızdığı yolla gedirlər.

***
Biz dəyər verdiyimiz şeyləri qiymətləndirməyə çalışırıq və bununla da onların dəyərini itiririk.
***
Yaxşı yalançının mükəmməl yaddaşı olmalıdır. Başqalarını barmağına dolamaq üçün onlardan daha ağıllı olmalısan.

***
Pul heç vaxt çox olmur. Pulunu hara xərcləyəcəyini bilməyən insanın pulu həddindən artıq çox deyil, sadəcə təxəyyülü bəsitdir.

***
Ölüm insanı həmişə silkələyir; sənə nə qədər canlı olduğunu, nə qədər həssas, amma hələ ki, bəxtinin gətirdiyini anladır. Yaxın birinin ölümü qısa müddətə də olsa bir az dəli olmaq və normalda bağışlanmaz sayılacaq hərəkətlər etmək üçün yaxşı bəhanədir. Özünü pis aparmaq və buna rəğmən bir qucaq başsağlığı almaq necə də böyük zövqdür!

***
Müharibənin əsl qurbanları əsgərlərdir. Və əsgərin verdiyi ilk qurban elə özüdür, çünki o, canını hələ o amansız döyüşdən çox-çox əvvəl fəda edib...

***
İlahi, kaş kimsə televiziyaya nə qədər nifrət etdiyimi bilsəydi! Ammа ən qorxulusu odur ki, nifrət etdiyim demək olar ki hər şey, bir qayda olaraq, xalq arasında ağlasığmaz dərəcədə populyardır.

***
Dünya sadədir və bu sadəliyində qəddardır. Ardı gəlməyəcək. Paradoksal olsa da, buna inanmaq yaşamağı asanlaşdırır. Biz övladlarımızda, əməllərimizdə və yerdə qalanların yaddaşında davam edirik. Biz öz torpağımızda, öz külümüzdə davam edirik. Daha çoxunu istəmək sadəlövhlük belə deyil, qorxaqlıqdır. Və bu, bir çıxılmaz yıldır. Ölüm — dəyişiklikdir. O, yeni şanslar, yeni vakansiyalar, yeni boşluqlar və şərtlər yaradır. Onun hər şeyi əlimizdən aldığını düşünmək böyük bir səhvdir.

***
Kitabxanalardan yalnız qəddar və axmaq adamlar qorxurlar.

***
Biz bir tənliyik. Kainatın cəbrini və ya hesablamaların nəticələrini inkar edə bilmərik. Hüzur içində, yoxsa isterika ilə, xoşbəxtlikdən, yoxsa çarəsizlikdən öləcəyin — fərq etməz. Hazırlaşsan da, görməzdən gəlsən də — fərq etməz. Çox kiçik bir şey çox böyük məna kəsb edə bilər, amma demək olar ki, qalan hər şey elə də əhəmiyyətli deyil.

***
Piyada gəzmək əyləncə olmaqdan çıxıb bir məcburiyyətə çevriləndə insana nə qədər az zövq verdiyi həqiqətən də heyrətamizdir.

***
Elə məqamlar olur ki, sən məsuliyyətli davrana, yetkin və ağlabatan bir insan kimi rəftar edə bilmirsən; sadəcə o an beyninə batsa, onu da etməyə məcbur olursan.

***
Hələ barıt qabında barıtımız var, hələ hər şey bitməyib.

***
Hər halda, insanı geyiminə görə qarşılayırlar. Geyiminin sənin haqqında çox şey deməsindən ziyada, sən özün geyimin vasitəsilə çox şey ifadə edə bilərsən.

***
Başıma gələn hər şey o an üçün sanki lazımi qədər vaxt aparır, bəs sonralar?.. İlahi, axı bütün bunlar hara yox oldu? Bəzən geriyə baxıb düşünürsən: doğrudanmı bütün bunları mən etmişəm? Başqa vaxt isə fikirləşirsən: yəni bu qədər, vəssalam? Həqiqətənmi çatdırıb edə bildiyim tək şey budur? Biz heç vaxt razı qalmırıq. Hətta bu sözün nə məna verdiyini belə bilmirik.

***
Zamanla Şaxta babaya, sehrbazlara, valideynlərin hər şeyi bildiyinə... və ideal sayılan o coşqun, fədakar, çılğın, nağılvari sevgiyə inanmağı dayandırırsan. Reallıqda isə hər şey seks, xəyanət və boşanma ilə bitir. Bəli, ötəri həvəslər olur, amma elə ilk baxışdan, ilk qoxudan və toxunuşdan alovlanan sevgi?

***
Mən sevilmək deyil, sadəcə bəyənilmək istəyirdim. Sevgi ilə zarafat etmək olmaz. Sevgi insanları şikəst edir, sevgi öldürür.

***
Eybi yox, mən yaraşıqlı ola bilməsəm də — gözəllik yarada bilərəm.

***
Yeri gəlmişkən, ən çirkin cinayətlər elə tarix dərsliklərində yazılıb.

***
Bu ki sadəcə küləkdir, yağışı üzümə çırpan, ya da gözümə dolan siqaret tüstüsünün halqasıdır. Axı sən necə düşünə bildin ki, mən sənə görə ağlayaram? Axı sən necə düşünə bildin ki, mən səni qoyub gedərəm?

***
Elə bir hiss var ki, mən... Yox, hələ qoca deyiləm, amma hadisələr getdikcə daha böyük sürətlə ötüb keçir; çox güman ki, mən sadəcə özümü gənc hiss etməyi dayandırmışam.

***
Bu, bütün ömrüm boyu etdiyim ən ağıllı hərəkətlərdən biri idi. Daha doğrusu, tamamilə dərrakəli davrandığım yeganə məqam idi. Yəqin ki, elə axmaqlığımdan belə etmişdim.

***
Deməli belə, xəstənin vəziyyəti stabildir: o, ölüb.

# 85 dəfə oxunub

Oxşar xəbərlər

"Dildən pərgarsan, nə əcəb parlamentə seçilməmisən?" - Çarlz Dikkensin "Yeni il nəğməsi"ndən bir hissə

"Dildən pərgarsan, nə əcəb parlamentə seçilməmisən?" - Çarlz Dikkensin "Yeni il nəğməsi"ndən bir hissə

10:00 9 iyun 2026
"Yalnız aşiq olandan sonra yaşamağı öyrəndim..." - Jorj Sanddan aforizmlər

"Yalnız aşiq olandan sonra yaşamağı öyrəndim..." - Jorj Sanddan aforizmlər

13:30 8 iyun 2026
"Ümid yeri saydığın adamlara yaxından baxanda..." - Corc Oruellin "1984" əsərindən bir hissə

"Ümid yeri saydığın adamlara yaxından baxanda..." - Corc Oruellin "1984" əsərindən bir hissə

10:00 8 iyun 2026
"Kütlə həqiqəti sevmir..." - "İntellektualların xəyanəti" kitabından sitatlar

"Kütlə həqiqəti sevmir..." - "İntellektualların xəyanəti" kitabından sitatlar

13:00 7 iyun 2026
Təbəssüm - Rey Bredberinin hekayəsi

Təbəssüm - Rey Bredberinin hekayəsi

12:00 5 iyun 2026
Balaca qadın -  Frans Kafkanın novellası

Balaca qadın - Frans Kafkanın novellası

18:45 3 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər